525.Az

Yazıçılar Birliyində Fazil Hüsnü Dağlarca anılıb - Fotoreportaj


 

Yazıçılar Birliyində Fazil Hüsnü Dağlarca anılıb - <b style="color:red">Fotoreportaj</b>

Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda böyük türk şairi Fazil Hüsnü Dağlarcanın 100 illik yubileyi qeyd edilib.

Tədbiri giriş sözüylə açan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Dağlarcanın keçdiyi yaradıcılıq yolu, ədəbiyyata və həyata baxışı, onun poeziyasına olan sevgi haqda söhbət açıb:

"Fazil Hüsnü Dağlarca ilə son görüşüm 10 il bundan əvvəl İstanbulda Atatürk Mərkəzində keçirilən 90 illik yubileyində olub. Onunla söhbət əsnasında Azərbaycana sevgilərini dilə gətirdi. Yeniliklərlə maraqlandı.  Yubiley çox təntənəli keçdi. Fazil bəyin şeirləri səhnədən deyildikcə ardını salonda oturanlar tamaşaçılar davam etdirirdi. Tədbirdən sonra Çingiz Bektaşla şairin evində də olduq. Ədəbiyyat, Nazim Hikmət, Azərbaycan və Azərbaycan ədəbiyyatı barədə xeyli söhbətləşdik. Dağlarcanın xatirəsi bizimçün həmişə əzizdir. Elə bunun göstəricisidir ki, Azərbaycanda onun seçilmiş əsərlərini kitab şəklində çap etdirdik, ön sözü də mən yazdım".

Anar tanınmış türkoloq, Azərbaycan Yazıçılar Birliyi Moskva filialının rəhbəri Tofiq Məliklinin "Fazil Hüsnü Dağlarca dühasının tənhalığı" adlı araşdırma qələmə aldığını deyərək, bu əsəri "İki dövlət - bir millət" deyiminin ədəbiyyata da şamil olunması yolunda mühüm addım kimi qiymətləndirib.

Şair haqqında elmi araşdırma müəllifi olan professor Tofiq Məlikli deyib ki, Fazil Hüsnü Dağlarcayla tanışlığı 40 il əvvəl başlanıb:
 
"Bu müddət ərzində onunla görüşlərimiz, söhbətlərimizdən əlavə məktublaşmalarımız olub. Bütün bunlar onu həm şair, həm ictimai xadim, həm də böyük dilçi alim kimi səciyyələndirməyimə kömək edib. Fazil Hüsnü Dağlarca həmişə öz sözünü deyən, mövqeyini açıq şəkildə ortaya qoyan bir insan olub. Bu, şairin əsərlərində, şeirlərində aydın görünür. Metafizik düşüncəyə söykənən "Uşaq və Allah" kitabı buna misaldır. Dağlarca Türkiyəni, ümumilikdə türklüyü, türk dilini çox sevirdi. Həmişə türklüyün təbliğinə çalışıb, vətənpərvərlik ruhunu diri saxlamaq üçün əlindən gələni edib. Müasir Türkiyənin yeni ədəbi dilinin formalaşmasında Dağlarcanın rolu danılmazdır".

Millət vəkili Qənirə Paşayeva yubilyarın şairlikdən başqa dəyərli ziyalı və tarixçi olduğunu qeyd edib:
 
"Fazil bəy böyük şair olmaqla yanaşı dəyərli ziyalı, tarixi dərindən bilən bir insan olub. Dünya tarixi və ədəbiyyatına incəliklərinə qədər bələd idi. Azərbaycanın böyük şairlərini, mütəfəkkirlərini yaxından tanıyırdı.
Bu gün Türkiyə və Azərbaycan arasında mədəniyyət və ədəbiyyat sahəsində ən çox ehtiyac duyulan məsələ hər iki dövlətin böyük ziyalılarını yaxından tanıtmaqdır. Buna görə də Yazıçılar Birliyinə böyük təşəkkür düşür".

Daha sonra söz alan Türkiyənin Azərbaycandakı səfirliyinin ikinci katibi Abdulla Tüylü, Dağlarcanın gələcəyə yön verəcək qədər böyük şair olduğunu önə çəkib:
 
"Fazil bəy şeirləri ilə türk millətinin, türk dünyasının kompasıdır. Gedəcəyimiz yolu, yetməli olduğumuz məqsədi göstərib. Həyatı boyunca, "Vətən, millət, dil, tarix, keçmiş və gələcək" deyib. Bizə aşılamaq istəyib ki, millət vətəninə, dilinə, keçmişinə, tarixinə hörmət etməzsə, sahib çıxmazsa, gələcəyi də olmaz.

Dilini itirən millət hər şeyini itirmiş deməkdir. Fazil Hüsnü Dağlarca dərindən araşdırılması və gənclərə təbliğ edilməsi vacib olan bir şairdir".

Yazıçı və türkoloq Aqşin Babayev pedaqoji fəaliyyətində  Dağlarcaya böyük önəm verdiyini, gənclərə, tələbələrə onun millət sevgisini aşılamağa çalışdığını bildirib.

Türkiyə səfirliyinin mədəniyyət müşaviri Seyid Əhməd Arslan Yazıçılar Birliyinin ümumilikdə türk dünyası ədəbiyyatına göstərdiyi diqqətdən məmnunluqla danışıb:

"Sevindirici haldır ki, Yazıçılar Birliyi, şəxsən Anar müəllim, burda iştirak edən hörmətli yazıçılar, ziyalılarımız təkcə Azərbaycanla kifayətlənmir, bütövlükdə türk dünyası ədəbiyyatını diqqətdə saxlayır. Fazil Hüsnü Dağlarcanın 100 illik yubileyinin keçirilməsi, hörmətli türkoloq Tofiq Məliklinin Dağlarca barədə araşdırma kitabı buna bariz nümunədir. Anar müəllimin Türk Dünyası Yazıçılar Birliyinin başqanı seçilməsi də təsadüf sayılmamalıdır. Bir türk şairinin Azərbaycanda anılması sevincini yaşatdığınıza görə hamınıza təşəkkür edirəm.

Dağlarca vətəninə, millətinə, xüsusən dilinə vurğun bir ziyalı idi. Əksər şeirlərində Osmanlı imperiyasının son dövrləri, yeni Türkiyənin yaranması, o vaxta xas sıxıntılar əsas götürülərək vətənin, millətin və dilin necə qiymətli olması vurğulanır. Keçmişə sayqı duyan, gələcəyini keçmişə nəzərən quran bir dövlətin həmişə inkişafda olacağı qabardılır. Bu baxımdan Dağlarca təkcə Türkiyə üçün deyil, türk dünyası üçün də çox qiymətli ziyalı və şairdir.

Şair, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu Fazil Hüsnü Dağlarcanın şəxsiyyətinin və poeziyasının önəmini vurğulayıb. O, Tofiq Məliklinin kitabının ədəbi əlaqələr baxımından böyük dəyər kəsb etdiyini bildirib.

Şair Abbas Abdulla da Dağlarca yaradıcılığından rəğbətlə söz açıb.

Cavid ŞÜKÜROV

 





16.10.2014    çap et  çap et