525.Az

Yazıçılar Birliyində Adil Cəmilin 60 illik yubileyi qeyd edilib


 

Yazıçılar Birliyində Adil Cəmilin 60 illik yubileyi qeyd edilib<b style="color:red"></b>

Ötən gün Yazıçılar Birliyində şair Adil Cəmilin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid açıb yubilyarın çoxşaxəli fəaliyyətindən danışıb:  "İstedadlı şair Adil Cəmilin yaradıcılığı təkcə poeziya ilə məhdudlaşmır. O tərcüməçilik, publisistik,  ədəbiyyatşünaslıq elmi fəaliyyətlə məşğul olaraq dolğun bir ömür yaşayıb. Amma Adilə baxanda onun 60 yaşı olduğuna inanmaq olmur. Adil Cəmilin doğulub böyüdüyü torpaq Azərbaycan ədəbiyyatına ölməz söz ustaları bəxş eləyib. Adil Cəmil öz əsərləri, kitabları ilə sələflərinin davamçısı olduğunu sübuta yetirib".

AYB-nin sədri, Xalq yazıçısı Anar Adil Cəmili çox istedadlı, vətənpərvər şair kimi xarakterizə edib: "Onun yaradıcılığında Vətən, torpaq sevgisi, yurd həsrəti üstünlük təşkil edir".

Professor Şirindil Alışanlı Adil Cəmili bütün ömrü boyu ədəbiyyatla, ədəbi proseslə bağlı olan yaradıcı insan kimi səciyyələndirib: "Adil Cəmil haqqında yazılan məqalələrə təkrar nəzər salanda baxdım ki, Adil Cəmilin 50 yaşı haqqında o vaxt "Ədəbiyyat qəzeti"ndə təbrik yazmışam. Birdən-birə diksindim ki, 10 il tez gəldi keçdi? Dünən Adilin bütün kitablarını qarşıma yığıb yenidən göz gəzdirdim. Adil Cəmil poeziyamız, ədəbiyyatımız onun təbliği üçün, folklorumuzun tədqiqi istiqamətində, türk xalqlarının dastan ənənələri "Manas"ın araşdırılması yönündə böyük işlər həyata keçirib. Adil Cəmil ürəkgenişliyi ilə həmkarları, ilk qələm təcrübələrini bölüşən gənc yazarlar haqqında da yazıb, onları çox yüksək səviyyədə dəyərləndirib".

Professor Vaqif Yusifli deyib ki, Adil Cəmilin ilk şeiri "Bahar" 1970-ci ildə "Mingəçevir işıqları" qəzetində dərc edilib. İlk şeirlər kitabı "İşıqlar, pərvanələr" isə 1980-ci ildə "Yazıçı" nəşriyyatında işıq üzü görüb. "İşıqlar, pərvanələr", "Gündoğandan günbatana", "Aylı gecə nağılı" Adil Cəmilin bir-birinə yaxın illərdə  (1980-1984) çap olunan üç şeir kitabıdır. Bu kitablardakı şeirlərin əksəriyyəti yetmişinci illərdə qələmə alınıb. Ona görə Adil Cəmili heç bir tərəddüd eləmədən "yetmişincilər" ədəbi nəslinə aid edirik. Çünki Adil Cəmilin bir şair kimi özünü dərk etməsi, formalaşması məhz yetmişinci illərdən başlanır".

Tənqidçi yubilyarın bütün yaradıcılığı boyu aşıq şeirinin, xalq poeziyasının ruhuna sadiq qaldığını, amma eyni zamanda, sərbəst şeirə müraciət edir, heca şeirində deyə bilmədiklərini sərbəstdə ifadə etdiyini vurğulayıb.

Professor Qəzənfər Paşayev Adil Cəmilin yaradıcılığı haqqında danışaraq daha çox mətbu fəaliyyətini, jurnalistliyini önə çəkib onu mətbuatımızda öz dəsti-xətti olan publisist kimi dəyərləndirib. 

S.MÜRVƏTQIZI

 





16.10.2014    çap et  çap et