525.Az

Yazılmamış məktubun poetik fraqmentləri


 

Yazılmamış məktubun poetik fraqmentləri<b style="color:red"></b>

Bu yaxınlarda, "525-ci qəzet" (4 oktyabr 2014- il) dəyərli şair Tofiq Hüseynin silsilə şeirlərini oxudum bu kövrək ruhlu qələm sahibinin səmimiyyətdən yogrulmuş poeziyasına bir daha heyran oldum. Şair ön söz əvəzində " Bu şeirləri... çox da böyük olmayan oxucu auditoriyama - bacı qardaşlarıma bağışlayıram" , yazır sevinirəm ki, illər uzunu bu auditoriyada Tofiq Hüseyn yaradıcılığını maraqla, son dərəcə diqqətlə izləyənlərdən biri mən olmuşam. Hərçənd Tofiqin şeirləri artıq hər hansı bir kiçik auditoriyanın  sərhədlərini çoxdan aşıb,  bu şeirlər geniş oxucu rəğbəti qazanıb. Bu deyimi gəlin sadəcə olaraq şairin yeni təvazökarlıq çaları kimi qiymətləndirək.

Bəli yeni, maraqlı görüş. Hər şey ondan başladı ki, şair köhnə bir tanışına məktub yazmaq istədi. Fəqət yaza bilmədi. Niyə?

 

Məktub yazmaq istədim,

Öyrənməkçün havanı.

Heyif tapa bilmədim

Yaşadığın ünvanı.

 

Kompüter, mobil telefonlar əsrində məktub yazmaq bir az arxaikləşib. Lakin şair bu epostolyar formadan məharətlə istifadə edərək  vətəndaş mövqeyindən ictimai bəlalara işıq salır. Əslində məktub yazılsaydı istənilən poetik effekt verilməzdi. Çünki "Hava" söhbətindən yaralara məlhəm olmazdı. Əcəba çağdaş dünyamızda Əlahəzrət Zaman yaraları sağaltmır, yaralarla, itkilərlə barışmaqla yaşamağı öyrədir. Hətta ölülərin içində belə..

 

Orda bir ölü görsən

Mən boyda, mən biçimdə.

Soruşarsan, neynirsən

Ölülərin içində.

 

Son nida, son akkord heç zaman ölməyən ümid..

Bu zülmət dünya nədir,

Ölülərin vətəni!

Yaxşı ki bu zülmətdə

Tapmaq olur itəni.

 

Tofiq Hüseynin bu yeni şeirlərini oxuyub düşündükcə onun özəl statusuna bir daha əmin olursan. Çünki onun sadəcə poetik istedadı yox, adamlıq, insanlıq istedadı kövrək misralardan boy atır, şeirlərin əksəriyyəti şairin yazmaq istədiyi məktubun ayrı-ayrı fraqmentlərini xatırladır. Bu baxımdan ironiya xəfif sarkazmla yazılmış " var, yox kapitan..." şeiri bir şair - vətəndaş harayıdır..

 

var, yox, kapitan,

De dəniz yerindəmi?

Orda - gəmilər

Dayazda, dərindəmi?

 

Biz dənizi görmürük

Dəniz qala içində.

Yəqin xəstə balıqlar

Qalıb bəla içində.

 

Fövrən düşünürsən: Görəsən, digər Xəzər sahili ölkələrdə dəniz bu gündədir, yoxsa ancaq bizdə belədir?

 

Biz dənizə baxırıq

Qala böyrü qapıdan.

İşin - gücün necədir,

var, yox, kapitan...

 

Aman Tanrım! Ölmədik bunu da gördük. Hasara alınmış dəniz barədə səhih məlumatları gəmi kapitanlarından almaq olacaqmış qismətimiz. Şeir həssas kövrək şair fəryadının abıra bürünmüş poetik etirazı kimi son dərəcə orijinal təsir bağışlayır.

Bu qarımaqarışıq dünyada insan öz ömrünü yaşamaq istəyir yaşamalıdır. Fəqət imkan verirlərmi? Ətraf nadanlarla, xəbislərlə, zibillərlə dolu olanda adamin ürəyinə toxunarlar, hələ o yana da keçərlər:

 

Neçə acı kəlmə,tikanlı kəlmə

Böyrümdən-başımdan ox olub keçir.

Evdə arvadıyla sözü çəp gələn

Mənim ürəyimə toxunub keçir.

 

Məzmunca ən hüznlü şeirlərdən biri olan "Mənim ürəyimə toxunur hamı" şeirində şair öz günahlarını tapa bilməməyinin mənəvi əziyyətini çəkir:

 

Ürəkdə ağlayır, üzdə gülürəm,

Mənim ürəyimə toxunur hamı.

itirmişəmsə tapa bilirəm,

Mən tapa bilmirəm öz günahımı.

 

Bu günahlar dünyasında öz günahını tapmaq o qədər asan deyil. Aləm qarışır bir-birinə. Bunun  ağrı-acısını isə bir şair ürəyinin çəkməsi təbiidir. Müxtəlif həyat olayları ilə zəngin bu şeirdə şair kədərin sevinclə savaşında nələrin baş verdiyinə öz xarakterinə uyğun münasibət bildirir, hər cür basmaqəlib ifadədən, pafosdan uzaq misralarla qəlbinin mübhəm sirlərini oxucu ilə bölüşür.

"İlan", "Zibil", "Qandal vurun əlimə", "Ətraf" şeirləri öz ritorik sualları deyim tərzinə görə Tofiq Hüseynin iddiasız poeziyasına xas olan sanki bir portret cizgiləridir.

 

Əlim cibinə girmir,

Köhnə dəbimdən küsüb.

Əlimi dindirməyin,

Əlim cibimdən küsüb.

 

Məncə, əlavə şərhə ehtiyac yoxdur. Çağdaş dünyamızın hər birimizə tanış notlarıdır, ictimailəşmiş yaşam tərzidir.

Şair sanki öz mübhəm sirlərini, ürəyini oxucuya açır. Lakin "qara qutu" hələ tam açılmayıb. İnşallah, növbəti şeirlərində yeni, poetik açıqlamaların şahidi ola bilərik. Çünki böyük sevgilərlə yaşayan şair özü demişkən:

 

Üfüq yerindəsə, dan yerindəsə,

Ürək yerindəsə, can yerindəsə,

Damarlar dolaşan qan yerindəsə

Mənə bu sevgini çox görmə, Allah.

 

Şair Tofiq Hüseynin poetik dünyasının bütün sirlərini, rəngarəng hiss duyğularını açmaq, onu geniş təhlil etmək fikrindən uzağam. Sadəcə olaraq onun poetik dünyasının bəzi konturlarına işıq salmaq istədim. Tanıdığım şairdir. Geniş təhlilə, təmənnalı, yaxud təmənnasız, lap elə obyektiv tənqidə iddialı deyil. İllər uzunu şair Sabir Rüstəmxanlı demişkən, öz axarı ilə sakitcə axıb gedir. Yolu açıq olsun.


Şahid
ƏFƏNDİYEV

 





15.10.2014    çap et  çap et