525.Az

Nazirlik müsabiqə elan edib


 

Nazirlik müsabiqə elan edib<b style="color:red"></b>

Elektron Hökumət Portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi “Azərbaycanda “Elektron hökumət” mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda publisistik məqalə və video süjet müsabiqəsi elan edib.

“Mənim E-hökum@im” adı altında “Ən yaxşı məqalə” və “Ən yaxşı video material” olmaqla  2 (iki) nominasiya üzrə nəzərdə tutulmuş müsabiqənin məqsədi dövlət orqanlarının təqdim etdiyi elektron xidmətləri geniş kütləyə çatdırmaq, elektron hökumət portalının (e-gov.az) populyarlığını artırmaqdır.

Nazirlikdən Modern.az-a bildirilib ki, müsabiqə aşağıdakı mövzuları əhatə etməlidir:

-Elektron Hökumət nədir?
-Elektron Hökumət portalına nə üçün  ehtiyacımız var?
-Ölkənizdə Elektron Hökumət necə fəaliyyət göstərir?
 -Elektron Hökumətin cəmiyyət üçün faydaları.

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:

- Materialların ümumən mövzunu, konkret olaraq nəzərdə tutulan istiqaməti dolğun əhatə etmə səviyyəsi;
- Faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti;
- İfadə vasitələrinin zənginliyi;
- Oxucu üçün informasiyalılıq dərəcəsi;
- Qabaqcıl dünya təcrübəsi ilə müqayisə;

 Müsabiqənin  tələbləri:

1.Müsabiqədə jurnalistlərlə yanaşı, elmi işçilər, mütəxəssislər və elektron hökumətlə maraqlanan 18 yaşından yuxarı şəxslər iştirak edə bilər.

2. Müsabiqədə iştirak etmək istəyənlər ilk növbədə  www.e-gov.az portalında qeydiyyatdan keçməli, məqalələri və ya video materialları göndərərkən qeydiyyat nömrəsini e-məktuba əlavə etməlidir. Qeydiyyat 2014-cü il noyabrın  10- dək aparılacaq.

3.Hər iştirakçı müsabiqəyə yalnız bir yazı və bir video süjet  təqdim edə bilər.

4.Yazı həftədə ən azı bir dəfə dərc olunan mətbu orqanda və ya informasiya saytında dərc edilməlidir.

5. Hazırlanan video materiallar isə müsabiqəyə təqdim olunana qədər heç bir  KİV-də  nümayiş olunmamalıdır.

6. Video 1 -5 dəqiqəlik olmalıdır.

7.Məqalə 8000 -14000 simvol həcmində olmalıdır.  

8.  Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur;  

9. Hər bir məqalə və süjet də  “Elektron hökumət” portalının ünvanının (www.e-gov.az) göstərilməsi əsas şərtlərdəndir.

10. Qiymətləndirmə zamanı iştirakçının  “Elektron hökumət” portalından istifadə fəallığını, bu sahədə mövcud olan materiallara, xarici mənbələrə istinadları nəzərə alınacaqdır.

9. Müsabiqə üçün yazılmış məqalələr və video süjetlər bu ünvana göndərilməlidir - [email protected].

Müsabiqə hansı mərhələlərdən ibarətdir?

Müsabiqə  “Ən yaxşı məqalə” və “Ən yaxşı video material” olmaqla  2 (iki) nominasiya üzrə  oktyabrın 3-dən, noyabrın 10-u tarixinə qədər keçiriləcək.  İştirakçılar məqaləsini müəyyən qəzet, jurnal və ya elektron KİV-də dərc etdirməli, məqalə və süjetin  internet ünvanını Təşkilat Komitəsinə ([email protected].) göndərməlidir. Məqalələrin dərc olunma tarixi qeydiyyat tarixindən sonrakı tarixə uyğun olmalıdır. Yazı və videolar RYTN tərəfindən müəyyən edilmiş peşəkar münsiflər tərəfindən qiymətləndiriləcək. Müsabiqənin nəticələri “Elektron hökumət” portalında dərc olunacaq.

 





01.10.2014    çap et  çap et