525.Az

Azərbaycan diasporu Litvanın ikili standart siyasətinə qarşı


 

Azərbaycan diasporu Litvanın ikili standart siyasətinə qarşı<b style="color:red"></b>

Bu il avqust ayının 11- də Litvanın  nüfuzlu media vasitələrindən olan www.balsas.lt xəbərlər portalında "Qarabağda yenidən güclənən atəşlərin arxasında Moskvanın maraq savaşı görünür..." başlığı müsahibəm yerləşdirilmişdi.

Litvaca işıq üzü görmüş müsahibəni "Litva-Azərbaycan" Assosiasiyası İdarə Heyətinin üzvü, tanınmış publisist, siyasi şərhçi və Litva televiziyasında müəllif proqramının aparıcısı Tomas Çivas götürmüşdü. Müsahibədə Ermənistan dövlətinin işğalçı siyasətinə aid, eləcə də Ermənistan- Azərbaycan münasibətləri və Qarabağ münaqişəsinə dair bir sıra açıqlamalar və geosiyasi amillərlə yanaşı, sözügedən kontekstdə Litva Seymində vaxtaşırı atılan qeyri-konstruktiv addımlar və bəzi Litva rəsmilərinin açıqca ermənipərəst mövqe tutmaları ilə bağlı məsələlər də qaldırılmışdı. Deyilənlərə əyani misal olaraq Litva Respublikası Seyminin 10 may 2012-ci il tarixli iclasının gündəminə salınmış "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması barədə" Rezolyusiya layihəsinin millət vəkilləri tərəfindən rədd edilməsi, 2013-cü ilin mart ayında Seymdə "Dağlıq Qarabağla parlament dostluq qrupu"nun yaradılması, 2013-cü ilin avqust ayında ermənipərəst Litva diplomatlarının Qarabağ münaqişəsi ilə bağlı internetdə yayılan gizli telefon danışıqları və sairə bu kimi faktlar ictimaiyyətin diqqətinə çatdırılmış, belə yönümlü fəaliyyətin qeyri-konstruktiv səciyyəsi və siyasi zərəri açıqlanmışdı.

Dağlıq Qarabağ probleminin həllində Litvanın bəzi rəsmi dairələrinin Azərbaycana qarşı ikili standartlar nümayiş etdirməsi məsələsi  sözügedən müsahibədə ilk dəfə olaraq açıq şəkildə gündəmə gətirilmiş və faktlarla əsaslandırılmış formada ölkənin ictimai diskursunda müzakirəyə çıxarılmışdı. Müsahibədə birmənalı şəkildə işarə olunmuşdu ki, Litva dövləti Avropa Birliyinin və NATO hərbi alyansının üzvü olaraq Qərb ölkələri tərəfindən Ukrayna olayları ilə bağlı hazırda Rusiyaya qarşı tətbiq edilən siyasi və iqtisadi sanksiyalara fəal surətdə dəstək verməsinə baxmayaraq Ermənistanla ikitərəfli hərbi əməkdaşlıq əlaqələrini gücləndirməkdə davam edir. Hərçənd ki, NATO hərbi bloku xeyli müddətdir Rusiyanı işğalçı əməllərinə görə qeyri-dost dövlət kimi dəyərləndirir və onunla hərbi əməkdaşlıq sahəsindəki münasibətlərdə əsaslı dəyişikliklər edir. Ermənistan isə qeyri-müstəqil bir ölkə kimi uzun illərdir təcavüzkar Rusiyanın əlaltısı və geosiyasi müttəfiqi olaraq hərəkət edir. Belə olan vəziyyətdə Litvanın Ermənistana hərbi sahədə əməli dəstək verməsi ən azından təəccüb doğurur və təzadlı hisslər oyadır. Bu fikirlər və ümumiləşdirmələr sözügedən müsahibədə konkret formada ehtiva olunmuşdu.

Litva tərəfindən sözügedən istiqamətdə ikili standartlar tətbiq edilməsi məsələsinin təfsilatları ilə daha yaxından tanış olmaq üçün qeyd etmək vacibdir ki, Litvanın Ermənistanla ikitərəfli hərbi əməkdaşlıq əlaqələri bu dövlətlər arasında 24 iyun 2002-ci ildə imzalanmış saziş əsasında həyata keçirilir. Bu sazişin imzalanmasından sonra ötən müddət ərzində Litvanın milli təhlükəsizlik durumu və geosiyasi vəziyyəti tamamilə başqa qlobal müstəviyə keçib. Litva 29 mart 2004-cü ildə NATO alyansına, 1 may 2004-cü ildə isə Avropa Birliyinə üzv qəbul olundu. Buna baxmayaraq 24 iyun 2012-ci ildə Litva Respublikasının müdafiə naziri Rasa Yuknyaviçenenin Yerevana rəsmi səfəri zamanı Litva ilə Ermənistan müdafiə nazirlikləri arasında ikitərəfli hərbi əməkdaşlıq haqqında yenilənmiş saziş imzalandı. 2004-cü ilin sentyabrın 8- də Ermənistanla Litva arasında erməni hərbçilərinin Litva Hərbi Akademiyasında təhsil alması barədə Vilnüsdə ikitərəfli müqavilə imzalanıb. Həmin müqaviləyə əsasən Ermənistan hərbçiləri Litva tərəfindən ayrılmış vəsait hesabına bu ilin sentyabrından başlayaraq Litvanın ali hərbi məktəblərində təhsil alırlar. Bununla yanaşı, erməni hərbi həkimləri 2008-ci ildən etibarən Litvanın ali hərbi tibb kurslarında oxuyurlar, erməni müdavimləri isə 2010-cu ildən bəri Litva  ordusunun hərbi məktəblərində təlimatçı kurslarında təlim keçirlər. Bütün bu təhsil və təlim kursları Litva dövlətinin büdcəsi hesabına yerinə yetirilir. Ölkələrin ikitərəfli hərbi əməkdaşlıq sazişi tərəflərin hər il razılaşdırıb imzaladıqları konkret plan üzrə həyata keçirilir. Göstərilən sazişlərə əsasən Litva Ermənistan sülhməramlı batalyonlarının yaradılması işində, Ermənistanda serjant və zabit kadrları hazırlayan təhsil sisteminin yenidən qurulması sahəsində məsləhətçi qismində çıxış edir. Litva özünün hərbi müdafiə konsepsiyasının formalaşdırılması sahəsində əldə etdiyi təcrübəni Ermənistanla bölüşür və Ermənistan hərbçilərini birgə hərbi təlimlərdə iştirak etmək üçün Litvaya dəvət edir. Litva və Ermənistan kibernetik təhlükəsizlik, internet hücumlarından müdafiə məsələləri, insan resurslarının idarə edilməsi, enerji təhlükəsizliyi və digər sahələrdə də əməkdaşlıq edir.

Litva Ermənistanla həm də çoxtərəfli əlaqələr formatında hərbi sahədə əməkdaşlıq edir. Litva Ermənistanın NATO ilə fərdi partnyorluq proqramının həyata keçirilməsinə əməli dəstək verir, həmçinin Ermənistanın hərbi hazırlıq və müdafiə sisteminin NATO standartlarına uyğun şəkildə qurulması işi üzrə NATO alyansının rəhbərliyi altında fəaliyyət göstərən ekspertlər qrupunda çalışır.

Doğrudur, Litva Ermənistanla yanaşı bir sıra digər dövlətlərlə də ikitərəfli hərbi əməkdaşlıq barədə sazişlər bağlayıb. Məsələn, 2000-ci ildə Ukrayna ilə, 2001-ci ildə Gürcüstan və Belarusla, 2002-ci ildə Özbəkistan və Azərbaycanla, 2006-cı ildə Moldova ilə, 2008-ci ildə Qırğızıstan və Qazaxıstanla, eləcə də daha bir neçə ölkə ilə belə müqavilələr imzalanıb. Lakin əsas məsələ burasındadır ki, Ermənistandan fərqli olaraq indi sadaladığımız ölkələr təcavüzkar siyasət yürütmürlər və qonşu dövlətin ərazilərini işğal etməyiblər.

Ermənistanın müdafiə naziri Seyran Ohanyan son dəfə ötən ilin aprelində Litvada rəsmi səfərdə olub. Erməni naziri o zaman Vilnüsdə Litvanın müdafiə naziri Yuozas Olekas ilə görüşərək həm ikitərəfli hərbi əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi, həm də Ermənistanın NATO və Avropa Birliyi ilə partnyorluq münasibətlərinin inkişaf etdirilməsi ilə bağlı mühüm məsələləri müzakirə edib, regionlarda təhlükəsizliyin durumu və Ermənistanın beynəlxalq hərbi əməliyyatlara qoşulması barədə fikir mübadiləsi aparıb.  Səfər çərçivəsində Seyran Ohanyan Vilnüsdə general Yonas Jemaytis adına Litva Hərbi Akademiyanın rəhbərliyi ilə də görüşüb. Bu Akademiyada sözügedən ikitərəfli hərbi əməkdaşlıq əlaqələri çərçivəsində 2013-cü ilədək Ermənistan ordusunun 25 zabiti təhsil alıb, 14 hərbçisi isə qərargah zabitlərinin hazırlanması üzrə təlim kurslarını bitirib. O zaman Litva və Ermənistanın müdafiə nazirləri Ermənistan hərbçilərinə Litvada hərbi təhsil almaq üçün göstərilən maliyyə yardımının davam etdirilməsi barədə razılığa gəldilər. Litva tərəfi  yaxın gələcəkdə də Ermənistan ordusunun zabit və serjantlarını Litva Hərbi Akademiyasında, Litva ordusunun hərbi məktəbində və Litvanın hərbi tibb xidməti kurslarında təlim almağa dəvət edəcək. Bunlardan əlavə, qərara alınıb ki, Estoniyanın Tartu şəhərində Baltik Müdafiə Kollecində (Baltic Defence College) oxuyan Ermənistan zabitlərinin təhsil haqqlarını bundan sonra da Litva tərəfi ödəyəcək. 

Ermənistanın müdafiə naziri həmin səfər çərçivəsində Litva Respublikasının Seymində oldu. Nazir S.Ohanyan, Ermənistanın Litvadakı səfiri Ara Ayvazyan və onları müşaiyət edən rəsmi şəxslər Seymin vitse-spikeri və Avropa İşləri Komitəsinin sədri Gediminas Kirkilasla, Seymin Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Arturas Paulauskasla, habelə digər millət vəkilləri ilə görüşdülər, geniş fikir mübadiləsi apardılar. Ermənistan müdafiə nazirinin başçılıq etdiyi rəsmi nümayəndə heyəti Litva Parlamentində olarkən burada Seymin "Dağlıq Qarabağla parlament dostluq qrupu"nun üzvləri ilə də görüşdü və "Dağlıq Qarabağ Respublikası" ilə Litva Seymi arasında yaradılmış əlaqələrin inkişaf perspektivlərini və qarşıda duran vəzifələri müzakirə etdilər.

Göstərilən faktlar və təqdim olunmuş ümumiləşdirmələrlə bağlı qeyd etmək istərdik ki, Litva azərbaycanlıları bəzi rəsmi Litva qüvvələri tərəfindən Qarabağ probleminin həllində Azərbaycana qarşı ikili standartların tətbiq edilməsi ilə heç vaxt razılaşmayacaq. Odur ki, Cəmiyyət bundan sonra da sözügedən istiqamətdə davamlı olaraq adekvat tədbirlər görmək və siyasi addımlar atmaq əzmindədir.

 





01.10.2014    çap et  çap et