525.Az

Strasburqda Ermənistana sərt ittihamlar


 

Strasburqda Ermənistana sərt ittihamlar<b style="color:red"></b>

Avropa Şurası Parlament Assambleyasının 30 sentyabr iclasında danışan Azərbaycan nümayəndə heyətinin üzvü Rövşən Rzayev deyib ki, qurum Avropada sabitliyin və təhlükəsizliyin qorunması ilə bağlı qərarlar, qətnamələr qəbul edir, amma onların yerinə yetirilməsi üçün xüsusi mexanizm yoxdur.

Deputat Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli məqsədilə alt komitənin yaradıldığını xatırladıb, bu strukturun fəaliyyətinin canlandırılması istiqamətində addımların atılmadığını vurğulayıb:
 
“Bu məsələdə nəticə əldə edilməməsində əsas məsuliyyət alt komitənin fəaliyyət göstərməməsini istəməyən Ermənistan nümayəndə heyətinin üzərinə düşür. Təəccüblüdür ki, Avropa Şurası Parlament Assambleyası Dağlıq Qarabağ münaqişəsinə dair 2005-ci ildə qəbul etdiyi 1416 saylı qətnamənin yerinə yetirilməsi istiqamətində son bir il ərzində praktik addımlar atmır. Bu da münaqişə zonasında vəziyyətin getdikcə gərginləşməsinə səbəb olur. Cəbhə bölgəsində atəşkəs rejiminin tez-tez pozulması dinc mülki insanların həyatlarına son qoyulması, girov və əsir götürülməsi ilə nəticələnir”.

Azərbaycanlı deputat həmkarlarını Dağlıq Qarabağ münaqişəsi ilə bağlı alt komitənin fəaliyyətinin bərpasına kömək etməyə çağırıb: “Dağlıq Qarabağda tezliklə sülhün bərqərar olmasına məhz birgə səylərimizlə nail ola bilərik”.

AzərTAc-ın məlumatına görə, payız sessiyasının ikinci iş günündə “Neonasizm təzahürlərinə qarşı əks tədbirlər” mövzulu müzakirələrdə iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Ermənistanda neonasizmin yeni qorxulu nümunəyə çevrildiyini bildirib:
 
“İndi AŞPA üzvü olan Ermənistan sovetlər dövründə çoxmillətli bir ölkə idi. Lakin 1980-ci illərin sonlarından Ermənistanda etnik təmizləmə prosesləri başlandı. 1988-1989-cu illərdə 300 mindən artıq azərbaycanlı Ermənistandan, tarixən yaşadıqları ərazilərdən zorla çıxarıldı. Bundan əvvəl də Ermənistandan azərbaycanlıların XX əsrdə 3 böyük deportasiyası baş vermişdi. Bu sonuncu təmizləmə nəticəsində Ermənistanda bir nəfər belə azərbaycanlı qalmadı. Sonra bu siyasət digər formalarda Ermənistanda yaşayan başqa xalqlara tətbiq edildi. Ruslar, yəhudilər, yunanlar, kürdlər və digər milli azlıqlar tədricən ölkədən kənarlaşdırıldı. Və indi Ermənistan monoetnik bir ölkəyə çevrilib və bu baxımdan da Avropa Şurasındakı heç bir normal ölkəyə bənzəməyən unikal bir üzvdür. Bütün dünyada sərhədlərin açıldığı, ölkələrin, xalqların bir biri ilə qaynayıb-qarışdığı bir dövrdə belə xətt yürütmək, bunu dövlət siyasəti olaraq gerçəkləşdirmək rasizmin də, nasizmin də bariz nümunəsi deyilmi?”

Rövşən Rzayev çıxışında deyib ki, ksenefobiya və ermənilərin azərbaycanlılara qarşı millətçilik ideologiyası Ermənistanın dövlət siyasəti səviyyəsinə qaldırılıb:
 
“Bunun sübutu kimi Ermənistanın sabiq prezidenti Pobert Kəçaryanın səsləndirdiyi “azərbaycanlıların ermənilərlə birgə yaşayışının genetik mümkünsüzlüyü” barədə səsləndirdiyi fikri misal gətirmək olar.

Azərbaycan tərəfi dəfələrlə Dağlıq Qarabağın erməni və Azərbaycan icmaları arasında sülh danışıqlarının, beynəlxalq vasitəçilərin köməyi ilə mədəniyyətlərarası dialoqun aparılması təklifi ilə çıxış edib. Dağlıq Qarabağın azərbaycanlı icması Şuşada XVIII əsrə aid məscidin bərpası ilə bağlı bütün ermənilərin katolikosu ll Qareginə müraciət edib. Amma təəssüflər olsun ki, bu sülh təşəbbüsü digərləri kimi cavabsız qalıb”.

Azərbaycan parlament nümayəndə heyətinin digər üzvü Qənirə Paşayeva isə çıxışında deyib ki, Ermənistan nümayəndə heyətinin bəzi üzvləri Azərbaycanla bağlı həqiqəti əks etdirməyən, yalan informasiyalar səsləndirirlər:
 
“Əgər siz Azərbaycana gəlsəniz ölkəmizdə yaşayan və Azərbaycan vətəndaşı olan ermənilərlə görüşə bilərsiniz. Amma Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb, onların hamısı zorla öz evindən qovulub. Azərbaycanda erməni kilsəsinə toxunulmayıb, amma Ermənistanda azərbaycanlılara məxsus bütün məscidlər, dini, tarixi, mədəni abidələr, hətta qəbiristanlıqlar belə dağıdılıb. Ermənilər son vaxtlarda əsir götürdükləri azərbaycanlılar - Həsən Həsənov, Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı bütün beynəlxalq normaları pozaraq insanlıqdan kənar vəhşiliklər törədiblər. Həsən Həsənov vəhşicəsinə qətlə yetirilib, Şahbaz Quliyev və Dilqəm Əsgərova isə işgəncələr davam edir. AŞPA bu məsələyə özünün sərt münasibətini göstərməli və onların azadlığı üçün addımlar atmalıdır”.

 





01.10.2014    çap et  çap et