525.Az

“ Anar dramaturgiyasında psixologizm” adlı kitab nəşr edilib


 

“ Anar dramaturgiyasında psixologizm” adlı kitab nəşr edilib<b style="color:red"></b>

Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Təranə Əzimovanın “ Anar dramaturgiyasında psixologizm” adlı kitabı işıq üzü görüb.

Kitab ADPU-nun nəşriyyatında çapdan çıxıb, elmi redaktoru və ön sözünün müəllifi, professor Himalay Ənvər oğlu Qasımovdur.

Qeyd edək ki, namizədlik dissertasiyasında Xalq yazıçısı Anarın yaradıcılığını araşdıran Təranə Əzimova bu mövzuda bir neçə dəyərli məqalənin ( “ Anarın bədii nəsri”, “ Anar dramaturgiyasının problematikası”, Anarın “ Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanında aparıcı qəhrəmanların ömür yolu və yazıçı mövqeyi və.s) müəllifidir. Haqqında söz açdığımız kitabdada tədqiqatçı yazıçının dramaturgiyasına bir neçə baxış bucağından nəzər salır.

Filologiya üzrə elmlər doktoru, professor Himalay Qasımov kitaba yazdığı ön sözdə qeyd edir:

“Mürəkkəb situasiyalardan keçərək tarixləşən, büllurlaşan və sonucda Anarın dramaturji stixiyasına öz möhürünü vuran psixologizmin incəliklərinə kifayət qədər bələd olan Təranə Əzimova bu araşdırması ilə elmi-nəzəri düşüncə çevrəsinin genişliyini də nümayiş etdirmiş olur.
 
Çağdaş elmi ədəbiyyatşünaslıq düşüncəsindən boy göstərən bu kitabın çapının eyni zamanda universitetlərin filologiya fakültələrinin  tələbələri üçün faydalı olacağına əminəm. Həm də ona görə ki, böyük Azərbaycan yazıçısı Anarın dramaturgiyasında psixologizm bütün mümkün rakursları ilə məhz bu araşdırmada incələnir”

Kitabın sonunda Təranə Əzimovanın apardığı araşdırmada istifadə etdiyi yüzdən çox elmi və bədii mənbə göstərilib.

 





22.09.2014    çap et  çap et