525.Az

“Sən həmişə mənimləsən”in Avropa premyerası


 

“Sən həmişə mənimləsən”in Avropa premyerası    <b style="color:red"></b> Böyük Britaniyanın paytaxtı Londonda Azərbaycanın Xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın Avropa premyerası keçirilir.

Tamaşa görkəmli nasir və dramaturq, “Şöhrət” ordenli ədibimiz İlyas Əfəndiyevin anadan olmasının 100 illik yubileyinə həsr olunub. Tamaşa Londonda fəaliyyət göstərən Aloff Teatrının təşkilatçılığı ilə ilk dəfə olaraq ingilis dilində nümayiş etdirilir. Britaniyalı aktyorlar tərəfindən ifa olunan tamaşanın quruluşçu rejissoru Filiz Özcan, tərcüməçisi Aloff Teatrının prodüseri Sənan Əliyevdir.

İlk dəfə 1964-cü ildə səhnələşdirilən tamaşanın rezonansları bu gün də müasir dövrün tələbləri ilə səsləşir.

Özünün incə təhlilində pyes həyatın müxtəlif mərhələlərində sevginin necə müxtəlif formalar aldığını və dünyanın buna reaksiyasını göstərir. Tamaşanın təşkili və pyesin səhnələşdirilməsi haqqında  məlumat verən əsərin tərcüməçisi Sənan Əliyev hazırlıq prosesinin uğurlu keçdiyini bildirib. İlyas Əfəndiyevin əsərlərinin xarici auditoriya tərəfindən sevildiyini vurğulayan S.Əliyev, pyesin Londonda səhnələşdirilməsinin mədəniyyətimizin təbliği baxımından əhəmiyyətini qeyd edib.

Tamaşa sentyabrın 27-dək nümayiş etdiriləcək. “Sən həmişə mənimləsən” pyesi əsasında hazırlanmış tamaşanın Avropa premyerasının uğuru bir daha təsdiqləyir ki, İlyas Əfəndiyevin zəngin ədəbi irsi Azərbaycan ədəbiyyatında yeni mərhələnin təşəkkülünə böyük təsir göstərib.

Danılmaz faktdır ki, Azərbaycanda milli teatrın, teatr səhnəmizin müasir simasının formalaşmasında İlyas Əfəndiyev dramaturgiyasının özünəməxsus yeri var. Onun ədəbiyyatımızda, mədəniyyətmizdə oynadığı mühüm rol dövlət tərəfindən hər zaman yüksək qiymətləndirilib və ədibin xatirəsi daima əziz tutulub.

Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə yazıçının xatirəsi əbədiləşdirilib, İçərişəhərdəki küçələrdən birinə və nüfuzlu “Elitar” Gimnaziyaya İlyas Əfəndiyevin adı verilib. “Sən həmişə mənimləsən”in uğurla keçən London tamaşası İlyas Əfəndiyev irsinin öz aktuallığını təkcə Azərbaycanda deyil, dünya miqyasında da qoruyub saxladığının aydın təzahürüdür.  

S.ABDULLAYEVA
 





20.09.2014    çap et  çap et