525.Az

Valideynlər Təhsil İdarəsindən avtobus istədilər


 

Valideynlər Təhsil İdarəsindən avtobus istədilər<b style="color:red"></b> Bakı Şəhəri üzrə Təhsil İdarəsi yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı məktəblərdə müəllim və valideynlərin qəbulunu keçirməyə artıq başlayıb.

İdarənin ictimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, ilk səyyar qəbul bu gün Nəsimi və Qaradağ rayonları üzrə keçirilib. Nəsimi rayonu üzrə 1 saylı məktəbdə keçirilən səyyar qəbulda 1, 8, 16, 44, 46, 133 saylı məktəblərin və 6 №-li Uşaq Gənclər Güləş Məktəbi, 25 №-li Uşaq Yaradıcılıq Mərkəzi, 46 №-li  Məktəbdənkənar Tərbiyə işi Mərkəzinin müəllim və valideynlərinin müraciətləri dinlənilib.
 
Qaradağ rayonu üzrə 319 saylı məktəbdə keçirilən səyyar qəbula isə Sahil qəsəbəsində yerləşən 228, 253, 273, 319, Ümid qəsəbəsində yerləşən 294, Sənqaçal qəsəbəsində yerləşən 222 saylı məktəblərin və 19 № li Uşaq – Gənclər İdman Məktəbinin müəllim və valideynləri müraciət ediblər.
 
Nəsimi və Qaradağ rayonlarında hər birində 25 olmaqla 50 müraciət qəbul edilib. Əsas müraciətlər məktəblərin istilik sistemi, bufetlerdə isti yeməklərin verilməsi, ibtidai siniflərin dərs proqramının yüngülləşdirilməsi, məktəblərdə mühafizə sisteminin yaxşılaşdırılması, şagirdlərin məktəblərə gedib gəlməsi üçün avtobusların təşkili, məktəblərin bir növbəli sistemə keçməsi, əlavə korpusların tikilməsi və təmirə ehtiyacı olan məktəblərin təmir edilməsi ilə bağlı olub.
 
Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ - nin rəhbər şəxsləri tərəfindən diqqətlə dinlənilib və İdarənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.
 





20.09.2014    çap et  çap et