525.Az

Bu gün “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyi qeyd edilir


 

Bu gün “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyi qeyd edilir<b style="color:red"></b>

Bu gün Azərbaycan ölkənin yeni neft strategiyasının bünövrəsi sayılan “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyini qeyd edir.

“APA-Economics”in məlumatına görə, bu beynəlxalq saziş 1994-cü il sentyabrın 20-də Heydər Əliyevin təşəbbüsü ilə imzalanıb.
 
Əhəmiyyətinə görə “Əsrin müqaviləsi” Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənilməsini nəzərdə tutur. Heydər Əliyevin sərəncamı ilə 2001-ci ildən 20 Sentyabr Azərbaycan neftçilərinin peşə bayramı günü kimi qeyd olunur.
 
“Əsrin müqaviləsi” ilkin olaraq 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 şirkət (“Amoko”, BP, “McDermott”, “Unocal”, ARDNŞ, “LUKoil”, “Statoil”, “Exxon”, TPAO, “Penzoil”, “Itochu”, “Ramko”, “Delta”) tərəfindən imzalanıb. Sonradan iştirakçıların sırasında baş verən dəyişikliklər nəticəsində hazırda müqavilədə BP (34,14%), “Chevron” (10,28%), ARDNŞ (10,00%), “Inpex” (10,00%), “Statoil” (8,56%), “ExxonMobil” (8,00%), TPAO (6,75%), “Devon Energy” (5,63%), “Itochu” (3,92%), “Hess” (2,72%) şirkətləri iştirak edir.
 
Qeyd edək ki, AÇG-də BP (operator – 35,8%), ARDNŞ (11,6%), “Chevron” (11,3%), “İnpex” (11%), “Statoil” (8,6%), “ExxonMobile” (8%), TPAO (6,8%), “İtochu” (4,3%), “ONGC Videsh Limited” (OVL) (2,7%) iştirak payları təşkil edir.
 
“Əsrin müqaviləsi”nin imzalanmasından 3 il sonra, 1997-ci il noyabrın 12-də müqavilə çərçivəsində ilk neft çıxarılıb. İlk neftin ixracı üçün 1997-ci il oktyabrın 25-dən Bakı-Novorossiysk (Rusiya) kəməri istifadəyə verilib və neft dünya bazarına şimal marşrutu ilə çıxarılıb.

Neft hasilatının artması və alternativ marşrutlara tələbat fonunda neftin nəqli üçün ikinci istiqamət kimi Gürcüstanın Qara dənizdəki Supsa limanı seçilib. Artıq 1999-cu il aprelin 17-dən etibarən Azərbaycan neftinin Bakı-Supsa kəməri ilə nəqlinə başlanıb. Bu marşrutun ən böyük üstünlüyü Azərbaycan neftinin dünya bazarına təmiz halda - “Azeri Light” markası ilə çıxarılması olub.

Ölkədə neft hasilatının ildə 45-50 mln. tona çatacağı ilə bağlı planlar, eləcə də Qazaxıstan və Türkmənistanın öz neft ehtiyatlarını Azərbaycan vasitəsi ilə nəql etməsi perspektivi nəzərə alınaraq Əsas İxrac Kəməri ideyasının reallaşdırılmasına başlanıb. Və 2002-ci ilin sentyabrında Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərinin təməli qoyulub. Azərbaycan neftinin Aralıq dənizi sahillərindəki Ceyhan limanına nəqli üçün nəzərdə tutulan, uzunluğu 1 769 km, buraxılış gücü ildə 50 mln. ton olan kəmərin tikintisi bir neçə il davam edib və 2006-cı il mayın 28-də ilk neft Ceyhan limanına çatıb.

Gündəlik ötürmə gücü hazırda 1,2 mln. barel olan BTC-nin səhmdarları BP (30,1%), “AzBTC” (25,00%), “Chevron” (8,90%), “Statoil” (8,71%), TPAO (6,53%), “ENİ” (5,00%), “Total” (5,00%), “Itochu” (3,40%), “Inpex” (2,50%), “ConokoPhillips” (2,50%) və “Hess” (2,36%) şirkətləridir.
 
Həmin ilin iyun ayının 4-də ilk tankerin Ceyhandan yola salınmasından bu günədək BTC vasitəsilə 169 mln. ton (təxminən 1 261 mln. barel) xam neft nəql edilib, neftlə yüklənmiş 1 624 tanker Ceyhandan yola salınıb.

Hazırda BTC boru kəməri ilə Azərbaycandan əsasən AÇG nefti və “Şahdəniz” kondensatı daşınır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur.
 
Neft strategiyası Azərbaycanın qaz potensialını da üzə çıxarıb. Böyük qaz-kondensat ehtiyatlarına malik “Şahdəniz” yatağının işlənməsi Azərbaycanı iri qaz ixracatçısına çevirib. “Şahdəniz”də iştirak payları belədir: BP (operator - 28,8%), ARDNŞ (16,7%), “Statoil” (15,5%), “Total” (10%), “Lukoil” (10%), “Niko” (10%), və TPAO (9%) təşkil edir. Bu faizlərə “Statoil”dan müvafiq olaraq BP və ARDNŞ-nin aldığı iştirak payları daxildir. “Total” “Şahdəniz”dəki 10% iştirak payını TPAO-ya satmağa razılaşıb, hazırda hər iki şirkət bu əməliyyatı yekunlaşdırmaq üzrədir.

Qazın Gürcüstan, Türkiyə və Avropaya nəqli üçün Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) layihəsi reallaşdırılıb, 2004-2006-cı illərdə tikilən kəmər Azərbaycan qazının Türkiyə və Cənubi Avropa ölkələrinə çıxmasına imkan yaradıb. “Cənubi Qafqaz Boru Kəməri” şirkətinin sərmayədarları BP (texniki operator - 28,8%), ARDNŞ (16,7%), “Statoil” (15,5%), “Total” (10%), “Lukoyl” (10%), “Niko” (10%) və TPAO (9%) şirkətləridir. Bu faizlərə “Statoil”dan müvafiq olaraq BP və ARDNŞ-nin aldığı iştirak payları daxildir. “Total” “Şahdəniz”dəki 10% iştirak payını TPAO-ya satmağa razılaşıb. Hazırda hər iki şirkət bu əməliyyatı yekunlaşdırmaq üzrədir.

Ümumilikdə “Əsrin müqaviləsi” sonradan Azərbaycanın digər neft-qaz yataqları üzrə də müqavilələrinin bağlanmasına və nəhəng xarici sərmayələrin Azərbaycana cəlb edilməsinə yol açıb. Belə ki, 1994-2010-cu illər ərzində Azərbaycanın neft-qaz sektoruna 40 mlrd. dollara yaxın sərmayə qoyulub. Bu illərdə xarici neft şirkətləri ilə hasilatın pay bölgüsü tipli 32 saziş imzalanıb. Proqnozlara görə, həmin sazişlər çərçivəsində sərmayə qoyuluşunun həcmi 60 mlrd. dollara çatacaq. Hazırda 15 ölkəni təmsil edən 34 beynəlxalq şirkət quruda və Xəzərin Azərbaycan sektorunda yerləşən 30 yataq üzrə aparılan neft-qaz əməliyyatlarına cəlb olunub.

Neft sektorunun inkişafı, ARDNŞ-ın potensialının artması Azərbaycanın öz yataqlarında daxili imkanlar hesabına axtarış qazma işləri aparmağa imkan verib. Bu işlər nəticəsində təkcə son illərdə Xəzərin Azərbaycan sektorunda iki böyük qaz-kondensat yatağı kəşf olunub. “Ümid” yatağının karbohidrogen ehtiyatları 200 mlrd. kubmetr qaz, 30-40 mln. ton kondensat ehtiyatı, “Abşeron”un karbohidrogen ehtiyatları isə 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat həcmində qiymətləndirilir. Qarşıdakı illərdə “Naxçıvan”, “Babək” və “Şəfəq-Asiman” layihələri üzrə ciddi nəticələrin əldə olunacağı proqnozlaşdırılır.

 





20.09.2014    çap et  çap et