525.Az

Nurəngiz Günün şeirləri


 

Nurəngiz Günün <b style="color:red">şeirləri</b>

ÜRƏYİMİ EŞİT, DÜNYA

 

Dünya çiyinlərimdə,

çiynim dünyadan ağır

endirdim başımı çiynimin üstə

gördüm qollarım yoxdur.

İki qolum - iki budaq.

İki qolum ikisi dirəndilər göy üzünə.

Baxdım bədən torpaq üstə,

iki qolum ikisi

üzür keçir göy üzündən.

 

Ürəyimi eşit, dünya!

Qollarım hövl eyləmiş,

Torpaq iki haçadır,

Körpu heyrət içində,

Məftillər qocalıbdır,

gör haçandır

iki yol arasında

qollar naçar qalıbdır!

Dünya! Mənə həyan ol,

Göyləri səksəndirmə,

qollarım yol gedəsidir,

Onu həsrət uçurub,

qollarıma ana ol,

qollarım yorulubdur,

qollarımı ovundur!

 

Dünya, mənə yiyə dur!

O sahilə... baxınca

ürəyim suya dönür,

Bədən qolsuz çırpınır,

yerə-göyə sığınmır,

Dağlar boy vermir mənə,

barı Allah göyündə

qollarıma yol eylə!

 

Dünya, özün cavab ver!

Mənim bədənsiz qollarım

gül-çiçək çələngini

görən necə tutacaq?

Dönüb bir cüt quş olunca

ağarıb göy üzündə

bədənsiz necə uçacaq?

Ömrü darda, başı qalda,

o təklənən torpağımı...

görən, havax, hansı üzlə

hansı təşviş içində...

necə, cür qucacaq?!...

 

OX, XUDAVƏNDİN DİVANƏ MƏXLUQU!

 

Qayıtma, qartal, qayıtma!

Qayıtma, qoca qartal, qayıtma!

O qaya daha səninki deyil!

Artıq orda

sənin çətirli yuvanda

çil-çil... ala qarğalar

yumurtalar qoydular.

Qayıtma, qoca qartal,qayıtma!

Pərişan olarsan.

Axı yuvan indi orda -

dağınıq... məşum!..

...Ox, Xudavəndin divanə məxluqu,

Asimanda bir zaman

Vıyıldayan ən hündür havalı!

Yox, qayıtma! Dərd verər sarsıntı.

Axı sənin çəpərsiz o Qaya Məskənini

Özəlləşdirdi artıq qarıltılar hasarı!-

...Bəli, bəli, başdan-başa vahimədir,

Qar-qardan savayı qandıqları

olmayan həyat bihudələri!

...Oy, qartal!

Qayalar füsunu!

Elə məhzun zillənmə! Binəva!..

Yoxdur daha sənin o Ulu Yuvan!

Ağlatma!..

Ağlatma qoca qartal!..

Ağlatma...


NİYƏ
GƏLDİM?

 

Nilufərlər solan çağı

Mən bu gölə niyə gəldim?

Niyə axı bura gəldim?

Gəlmişdimsə niyə gəlib

Niyə getdim?

Ah, bilən yoxdur

bağrım başı nədən belə

bölük-bölük?

Nədən axı qəmgin olur

Könül belə o göl sarı?

Bəs üçün çıxdım getdim

Nilufərlər solan çağı?


14
aprel, 2014

 

APAR MƏNİ, APAR

 

Mən gedirəm axar çaya deyəm ki,

Mənim sadiq yarım ol,

Al məni qoynuna,

apar get.

 

Mən gedirəm axar çaya deyəm ki,

Mən burda darıxıram, ögey kimiyəm sanki.

Apar məni uzaqdakı məcrana,

Ört üstümü çınqıl-mərcanlarınla,

Apar, get.

Könül yaman sıxılır...

 

Apar get, ən dərin dəryaçana

O sözü ...pıçılda sən ona.

De ki, asimanla aranızda qalacaq

Mənim  sənə sonuncu dediklərim.

 

Apar get...

Apar, apar,

Yadlardan yorulmuşam, aşiyan ol,

Sərinlik istəyir can...

Apar, məni apar!

Daha könül qəhr edir.

Apar, apar!

Axar çay...

 

MƏNƏ SOYUQDUR, GÜNƏŞ...

 

Günəş!.. Mənə soyuqdur

Axı mən qütbə gedən tək gəminin

məzlum mənzərəsinə dözümsüz oluram.

Axı üşüyürəm mən hərdən

azad qanad yoluna atəş açan

zalım ovçu üzündən.

... Günəşim! Tez-tez röyalarımdasan!

Bir dəfə xəyalımda

səninlə öpüşəndə,

qucaqlaşıb demişdim:

Məhvəşim! Atəşim! Sahib dur!..

Məşum toxunur hər şey.

Çək məni, apar məni.

Apar, apar!......

Yerdə mənə yaman soyuqdur, Günəş!

 

ƏNDƏLÜZ BÜLBÜLLƏRİMİ XATIRLADIM

 

Ötmə bülbül, boynun yaman yorulur,

Ötmə, sən Allah, ötmə,

Gizlənqaç oynama sən mənimlə,

sitəm olur sinəmə.


lll


Bülbül
, gəl, gəl otur yanımda

Gəl bir az da oxu sən -

Oxu!.....

Oxu, yadıma salım dünyanı.


lll


Bülbül
, dön gəl, ölərəm.

Mən axı bir zaman

ən gözəl cəhcəhli

əndəlüz bülbüllərimi dinlədim.


lll


Naz
eləmə, oxu sən,

bir günlük aldat məni,

aldat mənim  bu intizar könlümü.

Elə bilim ki yenə o gözəllik çənində,

əndəlüz bülbüllərimin

füsunu içindəyəm...


2014

 

OY, QƏLBİM, KƏDƏR MÜLKÜM!

 

...Əl çəkməyir

ləngər döyən lal sükut,

qısılıb məhəccərə.

Öndə mənim üçün

vədəsi şirintəhər...

yeni əsarət toxuyur.

Fəraqın ağrı

bu!

Bürünüb canımıza.

Oy, qəlbim, kədər mülküm!

Öldürəcək lal sükut

bir gecə

bizim ikimizi ...

 

XƏYALƏT

 

...Axşamüstüdür indi,

Qaya daşına əyləşib

Bayaqdan fikirləşirəm;

Niyə mənim sirdaşım

Elə yalnız öz bağrım?..

niyə axı baharın gözəl çağı

əhval belə dağınıq?..


11
may, 2013

 

QÜRBƏT NAĞILI BİLDİM

 

Qürbət nağılı bildim,

yaş parlayan an ilə

dan yerinə millənən

bir laməkan ah arası

sabit duran sükutu.

 

Həmdəm bir ağrı bildim,

ağaran toran ilə

mükəddər simlər arası

tək uçan leylək lələklərinin

fağır qağıltılarını.

 

NEYSANDIR

 

Neysandır...

Baharın ehsanıdır,

qoy yağsın!

çıppıldasın kollarda,

sakit etsin

yalqız kahaları da,

dualarda bulunsun onlar da.

...Mən belə, qiblə bilim

yağmuru,

Burdan heç tərpənməyim!..

Qoy yağsın...

 

DÜNYA ÇIXIB YADIMDAN

 

Tanrım, bağışla məni,

dünya çıxıb yadımdan.

Heç bilmirəm səma harda, yer harda?

İnsanlar hardadır, mən harda?

Təkcə İsa Məsihin

Çaharmıx edamında o saralan çöhrəsi

Asılıb eyvanımdan, çökür  bəbəklərimə,

Çəkilmir xəyalımdan.

Bir ki, zavallının

"canım ölümcül dərəcə kədərlidir"-naləsi!

Nisgil təbili döyür mənim

mütəəssir... qulaqlarımda...

 

ƏCƏBA

 

Günəşi qıpqırmızı su içində

yola saldı gözlərim.

Əcəba, daha nəyin bəhsini

vuracaqmış mənimçin

Günəşdən sonrakı

arı vızıltıları?

Nəyi anladacaqmış

qürubda boş qalmış

su kimi...

sərab kimi

bu ıssız qərib çöl?

Əcəba?

 

QÜBBƏDƏ ŞAHANƏ SÜZÜRSƏN, ŞAHİN QUŞ

 

Qübbədə

şahanə süzürsən, şahin quş?

Bir az yerə yovuq ,

leysan var buludlarda, göyçəyim,

sellənər...aşıb-daşıb, əzə bilər...

Mənim isə heyfim gəlir

şahanə uçuşuna,

həm mən

sənə qəlbən aludə,

Şahin quş!

Sənə dair bir şərqim bunu deyir.

Eşitsən, şadman olarsan,

bir az yerə yovuq ,

Unudaq böyük əziyyətləri!

                        Şahin quş!..

O şərqini birlikdə dinləyək...


7
iyul, 2014

 





19.09.2014    çap et  çap et