525.Az

Tallinin Vaşinqtona inamı reallığa uyğundurmu?


 

Tallinin Vaşinqtona inamı reallığa uyğundurmu?<b style="color:red"></b>

ABŞ prezidenti Barak Obamanın Estoniyaya səfərinə dünya KİV-i böyük maraq göstərdi. Xüsusilə, Baltikyanı ölkələrdə Amerika rəhbərinin çıxışından razı qaldıqları məlum oldu. Burada Obama region dövlətlərinin təhlükəsizliyinin təmininə söz vermişdi.

Bu hadisənin NATO-nun Uels sammitindən əvvəl baş verməsi ayrıca əhəmiyyət daşıyırdı. Ekspertlər bu prosesləri bir-biri ilə əlaqələndirirlər. Lakin məsələyə daha geniş müstəvidə diqqət yetirdikdə, bir sıra suallar meydana çıxır. Eyni zamanda, tarixi təcrübəni də unutmaq olmaz. Bu mənada, ABŞ dövlət başçısının Estoniya səfərinin mümkün geosiyasi nəticələri üzərində düşünməyə ehtiyac yaranır.

Təhlükəsizliyə təminat: Obamaya olan etibar

Ukraynanın şərqində vəziyyətin gərgin olaraq qalması Şərqi Avropa ölkələrini qorxudur. Onlar təhlükəsizliklərinə tam təminat verilməməsindən narahatdırlar. Bütövlükdə məsələ Qərbin müxtəlif təhdidlərə nə dərəcədə hazır olması ilə əlaqəlidir. Vəziyyətin bu həddə çatmasında son dövrlərdə ABŞ-ın xarici siyasətində müşahidə edilən zəifliklər ciddi rol oynayıb. Vaşinqtona olan əvvəlki etibarın azaldığı açıq hiss edilir.

Ekspertlər məsələnin bu tərəfinə daha çox vurğu edirlər. Amerika rəsmilərini bu xeyli qayğılandırır. Hətta bəzi KİV orqanları prezident Barak Obamaya qarşı sərt ifadələr də işlətməyə başlayıb. Bütün bunlara görə ABŞ dövlət başçısının NATO sammiti öncəsi Estoniyaya səfər etməsinin ciddi əsasları var idi. B.Obama Tallində demək olar ki, dünyanın marağına səbəb olan fikirlər ifadə etdi (bax: В странах Балтии вдохновлены речью Обамы в Таллине / "Deutsche Welle", 4 sentyabr 2014).

Estoniyanın xarici işlər naziri Urmas Paet Amerika prezidentinin çıxışını "təhlükəsizlik nöqteyi-nəzərindən bizim üçün (Baltikyanı ölkələr nəzərdə tutur – Newtimes.az) çox vacib siqnal" kimi qiymətləndirib. Onun sözlərinə görə, B.Obama açıq deyib ki, NATO-ya üzv olan ölkələr bərabərdirlər: "Ölkənin böyük və ya kiçik olmasından asılı olmayaraq, alyansa üzv dövlətlərin təhlükəsizılik səviyyələri eynidir" (bax: əvvəlki mənbəyə).

ABŞ prezidenti daha dərinə gedərək Baltikyanı ölkələrin müstəqilliyinin təminatçısının NATO olduğunu xüsusi vurğulayıb. O deyib: "Siz NATO ilə bir yerdə olduğunuz dövrdə müstəqilliyinizi itirməyəcəksiniz" (bax: əvvəlki mənbəyə). Ekspertlərin sözlərinə görə, bu fikirdə söhbət təkcə təhlükəsizlik məsələsindən getmir. Burada birincisi, qlobal geosiyasətdə NATO-nun rolundan bəhs olunur; ikincisi, bu təşkilatın genişlənmə strategiyasının əsaslı olduğuna işarə edilir.

Hər iki aspekt müasir mərhələdə Qərb üçün olduqca vacib amillərlə bağlıdır. NATO-nun qlobal miqyasda yerinə yetirəcəyi funksiyalar tam aydın deyil. Çünki dünyada bu hərbi alyansdan başqa güclü hərbi ittifaq yoxdur. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) NATO ilə müqayisədə çox zəifdir.

Belə çıxır ki, bir növ Qərbin cəza maşınını xatırladan NATO-nun varlığı, əslində, dünya boyunca hərbi gərginliyi artırır. B.Obamanın Tallində söylədiyi fikirlər isə bu təəssüratı alt-üst edir. Çünki burada Şimal Atlantika Alyansı müstəqilliyini əldə etmiş və ya ona can atan hər bir dövlətin təhlükəsizliyinin təminatçısı kimi qələmə verilir.

B.Obamanın vurğuladığı ikinci məqam birincisi ilə sıx bağlıdır. NATO Şərqə doğru genişlənmə strategiyasını addım-addım həyata keçirir. Son məlumatlara görə, təşkilat Şərqi Avropa ölkələrində 5 yeni hərbi baza yaratmaq qərarına gəlib (bax: Новые базы НАТО появятся в Польше и странах Балтии / "Deutsche Welle", 1 sentyabr 2014). Belə görünür ki, Ukraynada baş verən hadisələr alyansa müəyyən mənada şans verir. Bununla da NATO birbaşa Rusiya sərhədlərinə çıxış əldə etmiş olur. Moskva bu gedişata etirazını artıq bildirib.

Bunlara əsasən ekspertlər belə bir qənaətə gəlirlər ki, B.Obamanın Estoniya səfərində əsas məqsəd yeni hərbi bazalar yaratmağın tam məntiqli olduğunu nümayiş etdirmək olmuşdur. Bu müstəvidə Ukraynanın şərqində gərginliyin saxlanmasının xüsusi məqsədə qulluq etdiyi qeyd olunur. Hər bir halda ABŞ prezidenti Tallində Qərbin yeni müstəqil dövlətlərin xilaskarı obrazını yarada bildi.

Tarixi unutqanlıq: təcrübə nəyi göstərir?

Lakin bir sıra ekspertlər məsələnin başqa tərəfinə diqqət çəkirlər. Onlar B.Obamanın Baltikyanı ölkələrin Vaşinqtona daha yaxın olmasını istədiyini vurğulayır, bu mənada Latviya, Litva və Estoniyanın Avropa İttifaqına deyil, Amerikaya yaxınlaşmasının müəyyən fəsadlar verə biləcəyini düşünürlər. Belə ki, məsələn, ekspertlər Aİ-nin daxilində parçalanmaların dərinləşə biləcəyini proqnozlaşdırırlar. Məsələn, rusiyalı ekspert Sergey Rekeda deyir: "Brüsseldən çox Vaşinqtona üz tutmuş Baltikyanı ölkələr Avropa İttifaqının "cismi"ndə mövcud olan ciddi siyasi çatları dərinləşdirəcəkdir" (bax: Сергей Рекеда. Обама в Эстонии: первый шаг к базам НАТО в Восточной Европе / "Российский совет по международным делам", 2 sentyabr 2014).

ABŞ-ın "Bloomberg" nəşri isə B.Obamanın Estoniyaya səfərini "Putinə xəbərdarlıq" kimi qiymətləndirib (bax: Angela Greiling Keane, Phil Mattingly. Obama to Deliver Warning to Putin on NATO’s Frontier / "Bloomberg.com", 2 sentyabr 2014). Bununla Qərbin Ukrayna hadisələrindən həyəcanlandığı və qəti hərəkətlərə keçdiyi bildirilir. Bu fikir ABŞ-ın Şərqi Avropada yaranmış vəziyyətdən öz maraqlarına uyğun istifadə etdiyini göstərir. NATO daxilində bunun nə kimi nəticələrə səbəb olacağı bəlli deyil.

Amerika prezidentinin Estoniyada verdiyi vədlər qlobal geosiyasət baxımından ciddi proseslərin getdiyini göstərir. Hər şeydən əvvəl, ABŞ dünyadakı nüfuzunu bərpa etməyə çalışır. Lakin onun təkbaşına hərəkət etmək niyyəti də yoxdur. Vaşinqton Brüssellə birgə hərəkət edir. Bu, Amerikanın təkbaşına liderlikdən imtina etməsi demək deyil.

Digər əhəmiyyətli məqam NATO-nun daha geniş geosiyasi məkanda söz sahibi olmaq planları ilə əlaqəlidir. Artıq Şərqi Avropada 5 yeni hərbi bazanın yaradılması ideyası ortaya atılıb. Bundan sonra Cənubi Qafqazda da buna bənzər proqramlar həyata keçirmək niyyəti yarana bilər. Adətən, belə hallarda regionda gərginlik yüksəlib. Bu səbəbdən münaqişələrin alovlandırılacağını istisna etmək düzgün olmazdı. Ermənistan bölgədə daim pozucu addımlar atıb. S.Sarkisyanın son günlər söylədiyi ziddiyyətli fikirlər onun psixoloji durumunun normal olmadığını göstərir.

Ermənistanın dövlət başçısının NATO-nun Uels sammitindən qayıtdıqdan sonra öz partiya nümayəndələrini yığaraq Azərbaycanın uğurlarından danışması və tərəfdarlarından fəallıq tələb etməsi təsadüfi görünmür. Təcrübə göstərir ki, İrəvan əsas olaraq təxribat və terror vasitələrindən istifadə edir. Ermənistan rəhbərliyi istənilən şantaja, hərbi təxribatlara gedə bilər. Bundan böyük dövlətlərin faydalana bilməsi gözlənilən haldır.

NATO-nun Uels sammitində təşkilatın Gürcüstanla daha sıx əməkdaşlıq etmək istəyinin ifadəsi Ermənistanı məyus edib. Şimali Atlantika Alyansı Tbilisiyə hərbi yardımları çoxaltdığı təqdirdə İrəvan daha çox narahatlıq keçirəcəkdir. Artıq indidən erməni mətbuatı NATO, Türkiyə, Gürcüstan və Azərbaycanla bağlı reallığa uyğun olmayan cəfəng fikirlərlə dolu yazılar dərc edir. Ermənistan özünü açıq-aşkar regionun təhlükəsizliyini təhdid edən ölkə kimi aparır.

Göründüyü kimi, Barak Obamanın Estoniya səfəri zamanı verdiyi vədlərdən Baltikyanı dövlətlərin sevincək olması tezdir. Rusiyanın birbaşa sərhədləri yaxınlığında hərbi bazaların yerləşdirilməsi ilə hansısa dövlətlərin təhlükəsizliyinə daha çox təminatın yarandığını iddia etmək risklidir. Müasir mərhələdə hərbi güc yolu ilə davamlı və təsirli geosiyasi nəticə əldə etmək çox çətindir. Şübhəsiz ki, Rusiya və Çin də analoji addımlar atacaqlar. Moskva və Pekinin fəallaşması ilə Avrasiyada gərginlik daha da arta bilər.

Böyük güclərin anlaşa bilməməsi bütövlükdə dünya üçün təhlükədir. Bunu mütəxəssislər daim vurğulayırlar. B.Obamanın Estoniya səfərindən sonra NATO-nun Uels sammitində sərt qərarların qəbul edilməsi elə də ümidverici təsir bağışlamır. Hər halda, gərginliyin azalması əvəzinə onun arta biləcəyini proqnozlaşdırmaq olar.

Amerika dünyanın güclü dövləti kimi böyük vədlər verə bilər. O cümlədən, Baltikyanı ölkələrə hərbi yardım da göstərə bilər. NATO-nun genişlənməsi istiqamətində konkret addımların atılması da mümkündür. Ancaq acı bir təcrübə var ki, bu da bütün bunların milyonlarla insanın həlak olmasının qarşısını ala bilməməsidir. İraq, Əfqanıstan, Suriya... siyahı uzundur. Barak Obamanın Tallindəki nitqi də məsələnin bu tərəfinə aydınlıq gətirmədi.

Newtimes.az

 





18.09.2014    çap et  çap et