525.Az

"Bir balaca araşdırma aparsaq, Azərbaycanda hamı bir-birinə qohum çıxar"


 

Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi Fikrət Qocanın "525"ə müsahibəsi

"Bir balaca araşdırma aparsaq, Azərbaycanda hamı bir-birinə qohum çıxar"<b style="color:red"></b>

- Fikrət müəllim, son vaxtlar yas toy mərasimləri məsələsi Azərbaycan cəmiyyətində geniş ciddi şəkildə müzakirə olunur. Əksəriyyət yas toy mərasimlərinin mövcud durumundan narazılıq edir, şikayətlənir, bu məsələnin hansısa formada tənzimlənməsini istəyir. Ancaq o da var ki, son həftələr bəzi yerli icra qurumları bələdiyyələr tərəfindən bu yöndə aparılan tənzimləmə işləri insanlar tərəfindən birmənalı qarşılanmır. Bunu qəbul edənlər var, etməyənlər ... Bəs Siz özünüz bu məsələ ilə bağlı fikirdəsiniz?

- Biz dünyada tək yaşamırıq, ətraf mühit, dünya var. toy da, yas da tək bizdə deyil. Amma bir məsələ var ki, Qərb ölkələri, elə Şərqin özündə bu mərasimləri görməmişlik kimi keçirmirlər. Yadımdadır, bir neçə il öncə Fransadan bir nəfər Azərbaycana gəlmişdi, o, Bakıda küçəyə çıxarkən görür ki, siqnal çala-çala, haray-həşirlə bir maşın dəstəsi yolu keçib gedir. Ətrafdakılardan soruşur ki, bu məsələdir? Cavab verirlər ki, həmin maşın dəstəsi toy evinə gəlin aparır. O, ölkəmizdən gedəndən sonra yazmışdı ki, Azərbaycanda qız tapanda sevinirlər, onu hay-həşirlə aparırlar.  Belə olmaz, bu, biabırçılıqdır. Hər şey əndazəsində olmalıdır, gərək heç kim başqasına gözdağı verməsin.

Yaxud, yasa gedirsən, araqdan, çaxırdan başqa süfrəyə hər şey düzürlər. Buna deyəsən, indi? Axı, elə həmin yas yerlərinin böyründə ac uşaqlar var. Onların gözünün qabağında süfrə aşıb-daşır, ehsan tökülüb-gedir, bərəkət korlanır. Bunlar  qəbulolunmazdır. Çünki elə şeylər var ki, bunlar insanın vicdanına aiddir. İnsan gərək özü belə məsələləri tənzimləsin. Bəyəm sənə yuxarıdan deməlidirlər ki, qonşuna gözdağı vermə? Gəlirlər yasa, yas yiyəsinin halına acıyan adamlar ona təskinlik verirlər, ağlayırlar, yəni, əslində hərə öz dərdinə ağlayır, ağlamayanlar da gəlirlər düzəltməyə, alış-veriş söhbətlərini etməyə, sonra da çıxıb dağılışıb-gedirlər. Ancaq yas yiyəsi çox zaman görürsən ki, öz ölüsünü ağlamaqdan daha çox yas məclisinin hayında olur, borca-xərcə düşür, sonra da balaları qalır ac, çörəksiz... Bunlar çox ciddi məsələlərdir. Bunlar əslində hər kəsin vicdanı ilə tənzimlənməlidir. Bizim ziyalılığımız buna çatmalıdır. Ziyalılıq təkcə oxumaqla deyil ki? Vallah, bizim kəndlərdə elə çobanlar var ki, alimdən ağıllıdır, ziyalıdır, hiss edir, başqasının dərdini duyur, özünü ziyalı hesab edən başqa bir adam yas məclisində özünü dartanda o öz oturuşu-duruşu ilə onun kimilərə dərs verir.

Toylara gəlincə, görürsən ki, adamı çox yığırlar, çox çağırırlar, var ki, çox pul gətirsinlər. Yaxşı, bəs, kasıbın məclisinə pulu kim gətirəcək? Kasıb, imkansız insanları heç başa düşmək olmur... Toy gərək mütləq şadlıq evində olsun? Evində, həyətində elə ... Toya xərclədiyin, tökdüyün pulun əvəzində elə Avropada olduğu kimi, həmin pulu gənclərə ver, qoy bir ay gedib xaricdə gəzsinlər, dincəlsinlər... Mən özüm toylara tez-tez gedirəm, Allah mübarək eləsin, xoşbəxt olsunlar, ancaq oradan çıxandan sonra 3-4 gün qulaqlarım heç eşitmir. Musiqinin səsini qaldırırlar zilə, səs dolur içəri, gurhagur başlayır... Məclisdə ağız deyəni qulaq eşitmir, danışanlar da həmin səsi üstələmək üçün məcbur olurlar qışqıra-qışqıra danışmağa, nəticədə boğazları tutulur, səsləri batır. O qışqırmaq özü artıq xərc kimidir. Yəni, bu baxımdan, gərək biz özümüz-özümüzü tərbiyələndirək.

Bunu qanunla tənzimləmək, deyim vallah, mümkün deyil. Ancaq indi gör məsələ yerə gəlib çatıb ki, az qala bununla bağlı qanun qəbul etsinlər. Axı, 1-ci Pyotrun vaxtı deyil ki, saqqal vergisi qoyulsun, kimsə məcbur olub saqqalını qırxdırsın. Bu, başqa dövrdür, indi 21-ci əsrdir, gərək elə davranasan ki, qonşun səndən nümunə götürə.

- Bəzən belə fikirlər səslənir ki, gərək bu cür məsələlərdə tanınmış ziyalılar, nüfuzlu insanlar özləri nümunə göstərsinlər, nümunə, örnək ortaya qoysunlar...

- Qardaş, mən başqalarını deyə bilmərəm, atam da rəhmətə gedib, anam da dünyasını dəyişib. Eyni zamanda, 4 övladımın dördü evlənib, ailə qurub. Bir adam barmağını qatlasın desin ki, qardaş-bacıdan, qohum-əqrəbadan başqa mən kimisə toya çağırmışam, demişəm ki, qızıma ya oğluma toy edirəm, sən gəl... Ümumiyyətlə, qız toyu etməmişəm, toy bir dənə olar. İndi həm oğlan toyu edirlər, həm qıza ayrı toy edirlər. bilim vallah. Bəlkə bu onların fikrincə, yaxşıdır, amma gərək həmin adamlar dönüb bir qonşularına da baxsınlar. Çünki həmişə bilməlisən ki, sən çörək yeyəndə, qonşuluğunda kimsə ac ola bilər. Bunu düşünsən, onda hər şey qaydasına düşər. Bu ona bənzəyir ki, ailədə 3 nəfərdilər, amma hər birinin altında maşını var. Bu, görməmişlikdən başqa bir şey deyil. Yaxud, kimlərsə özünü göstərmək istəyir ki, onun on dənə maşını var, onun maşını daha bahalıdır, hamı desin ki, filankəs bahalı maşın sürür. Maşın yol üçündür, yolu getmək üçündür, hər ailəyə bir maşın bəs edir. İndi bu da həmin şeyə oxşayır. Hər kəsin qonağı olur, hətta, xaricdən gələn tanışın varsa, o gəlib burada aşıb-daşan süfrəyə baxır, ancaq yediyi çörək onun canına yatmır. Ancaq hələ bir istəyirsən ki, o səni tərifləsin. O isə öz-özünə deyir, bunlar görəsən, vəhşidirlər-nədirlər, niyə bu qədər ruzini bərəkətsiz edirlər? Amma onlar bu məsələyə belə qiymət verirlər ki, buna pul xərclənib, bunun arxasında pul var, pulu bu qədər sağa-sola səpələmək olmaz, yəni, bu pulu cırıb atmaq kimi bir şeydir. Ancaq başqa ölkələrdə, elə qardaş Türkiyədə belə deyil, orada heç aşıb-daşan məclis görərsiz? Mümkün deyil, onlar israfçılıq etməyə qıymırlar. Türkiyədə yasda ümumiyyətlə, çörək yemirlər. Bəzən yeməyi özləri ilə yas yerinə gətirirlər. Əvvəllər bizdə beləydi, bu bir ənənə idi. Yasa gələnlər hərə bir şey gətirərdi. İndi isə az qala kiməsə görk edirik, özümüzü göstəririk. Biz gərək dərdə düşək ki, birləşək, bir məxrəcə gələk? Mən həmişə demişəm, 1990- ilin 20 Yanvarında Azərbaycan övladları qırılanda, şəhid olanda 40 gün Azərbaycanda oğurluq olmadı. Yəni, istədiyimiz vaxt biz bir ola bilirik, birləşə bilirik, hamımız bir nöqtəyə vururuq.

- Necə hesab edirsiniz, bu yöndə qanunun qəbuluna ehtiyac varmı? Sizcə, mərasimlərlə bağlı qanun qəbul olunsa, onun müsbət təsiri olacaqmı?

- Çalışmaq lazımdır ki, hər şey öz-özünü tərbiyələndirməklə həll olunsun. Hər kəsin, hər bir cəmiyyətin, hər bir ailənin, hər bir qohum-qonşunun da öz tərbiyə mühiti var. Görürsən, qanun düz olmayanda onun yanından keçib gedirlər. Biz azərbaycanlıyıq, cəmi 9 milyonuq. Çinin elə qəsəbəsi var ki, elə əhalisinin sayı 9 milyondur. Ancaq burada azlıq-çoxluq fərq etmir, bizim tərbiyəli olmağa imkanımız var. Bu gün bir balaca araşdırma aparılsa, Azərbaycanda hamı bir-birinə qohum çıxar. Yəni, demək istəyirəm ki, biz belə məsələlərdə bir yerə, bir nöqtəyə vurmalıyıq. Buna qanun lazım?

Yenə deyirəm, 20 Yanvarda necə birləşmişdiksə, bu gün elə etməliyik, yoxsa, hərəmiz bir tərəfə dartmamalıyıq. Ancaq çox təəssüf ki, belə olmur. Bir az eynimiz açılan, kefimiz kökələn kimi qonşunu yaddan çıxarırıq. Qonşuda yas düşür, maqnitofonun səsini qaldırırıq. Düşünmürük ki, o da sənin əzizin rəhmətə gedəndə maqnitofonunun səsini bir az da yuxarı qaldıracaq.

- Yeri gəlmişkən, yuxarıda ziyalılıq məsələsinə toxundunuz. Sizcə, geniş anlamda ziyalılıq nədir, ziyalı kimdir? Diplomlu olmaq ziyalı, ziyalılıq deməkdirmi? Ziyalı kimə yaxın olmalıdır - iqtidara, yoxsa, müxalifətə?

- Ziyalı Azərbaycana yaxın adamdır. Əgər kimsə 5 dənə ağac əkibsə, daşı-daş üstünə qoyub abidə ucaldıbsa, bax, bu ziyalıdır. 3 yetim uşağı oxudursa yaxud, heç olmasa, birinə kömək edirsə, bu, özü böyük ziyalılıqdır. Yoxsa, hər partiya özünə yaxın olan adamı ancaq ziyalı hesab edirsə, bu, düzgün deyil. Ziyalı, ziyalılıq belə olmur. Azərbaycana canı-dildən qulluq edən adam ziyalıdır. Çünki bu Vətən bizimdir. Bu vətənsiz biz heç nəyik. Bu Vətən heç bir partiyanın deyil. Bütün partiyalar, insanlar hamısı bu vətənindir. Biz hamımız axırda bu torpağın altında yatacağıq, ruhunuz bu torpağa qovuşacaq. Bizim bundan başqa yatan yerimiz yoxdur. Ona görə hər birimiz vətənimizə qulluq etməliyik.

Ziyalılıq başa düşməkdir. Mən demirəm ki, mən ziyalıyam. Mən sadəcə, bacardığım qədər, öz gücümlə, öz varlığımla bu torpağa qulluq etməyə çalışıram. Məni başa düşməyənə dinmirəm, ta o yerə kimi ki, təhqir edəndə məcbur oluram cavab verməyə. Görünür, o da belə düşünür, o da belə bir adamdır. Atalar məsəli var, hər kəndin bir dəlisi olar. Yəni, belə şeylərə gərək hamımız dözümlü olaq. Ziyalı, ziyalılıq həm dözümlü, səbirli olmaq deməkdir. Yoxsa, mən ziyalıyam, qonşum isə axmaq adamdır, deyənin özü elə axmaqdır.

Kamil HƏMZƏOĞLU

 





18.09.2014    çap et  çap et