525.Az

"Ən böyük arzum çalışdığım müxbir bürosunu Xankəndinə köçürməkdir"


 

Tanınmış telereportyor Sənan Həsənoğlunun müsahibəsi

"Ən böyük arzum çalışdığım müxbir bürosunu Xankəndinə köçürməkdir"<b style="color:red"></b>

- Öncə, yubileyin münasibəti ilə təbrik edirəm!

- Çox sağ olun! Düzü, 40 yaşımı qeyd etmək istəsəm , Aqil Abbas qoymadı. Dedi ki, 40 yaşı qeyd etməzlər, düşər-düşməzi olar. Mən onsuz heç bir addım atmıram.

- Səbəb nədir ?

- 18 yaşımda Ağdərədə döyüşürdüm. O vaxtlar Azərbaycanın görkəmli adamları, ziyalıları döyüş bölgələrinə gəlirdilər. Hamısı əsgərlərə mənəvi maddi dayaq dururdu. Aqil Abbas da döyüş yerlərinə gəlib həm qəzetində məqalələr yazırdı, həm dostlarının verdiyi pulları əsgərlərə paylayırdı. Bəzən adamların gözünü oğurlayıb özü döyüşürdü.

Ağdərə geri alınanda oraya ilk gələn Aqil Abbas olub. Həmin döyüşlərdə mən iştirak edirdim. Ağır yaralanmışdım. Məni Aqil Abbas axtarıb tapdı. Barmağındakı üzüyü çıxarıb mənə verdi. Dedi ki, al, Məmməd Arazın üzüyüdür, sənə bağışlayıram. Həmin üzüyü mənə verilən böyük mükafat kimi qəbul etdim. O vaxtdan bu günə qədər bu  üzüyü əziz bir yadigar kimi barmağımda gəzdirirəm. Sonralar üzüyü görən qızlar subay olsam da, elə zənn edirdilər ki, evliyəm...

Aqil müəllim məni özüylə apardı, müalicə etdirdi, sağaldım. Oxudum, təhsil aldım, yanında işlədim, sonra ayrıldıq. Rusiyada müxtəlif qəzetlərin müxbiri kimi fəaliyyət göstərdim, orada bir çox mətbu orqanla əməkdaşlıq etdim. Bir müddət sonra vətənə döndüm. 2003- ildən televiziya yaradıcılığı ilə məşğul olmağa başladım. "Space" kanalının Qarabağ müxbiri, ATV-nin Aran bölgəsinin müxbiri vəzifələrində çalışdım. Bir müddət isə Türkiyənin "Kanal-D" televiziyasında işləməli oldum.

Artıq 3 ildir, AzTV-nin Qarabağ müxbir bürosunun rəhbəriyəm.

- Görünür, jurnalistikanı təsadüfən seçmisən.

- Xeyr. Mənim birinci ixtisasım mühəndislikdir. Mühəndis kimi az işləmişəm, bir az tikintidə çalışmışam, fəhləlik eləmişəm. Ara-sıra qəzetlər üçün yazılar da yazırdım.

Ancaq jurnalistlika peşəsinə marağım lap uşaq yaşlarından yaranıb. 3- sinifdə oxuyanda divar qəzetinin redaktoru olmuşam. Hətta şeir yazmaq istəmişəm. Lakin başa düşdüm ki, şeir yazmaq mənlik deyil... Bir müddət hekayələr yazırdım. İndi birinci Qarabağ müharibəsində başıma gələnləri qələmə alıram. "Səkkiz saat əsirlikdə"adlı kitab yazmışam, hələlik çapa verməmişəm.

Bəzi dostlar məni Qarabağ müharibəsi mövzusunda çəkilən filimlərə məsləhətçi kimi dəvət edirlər. Mən onların dəvətini həvəslə qəbul edirəm, ancaq adımın yazılmasını istəmirəm.

- Ailənizdə kimsə yaradıcılıqla məşğul olubmu?

- Konkret ad çəkə bilmərəm. Gözümü açıb evimizdə çoxlu kitab görmüşəm. Atamın kitab oxumağa böyük marağı olub. Onun o qədər kitabı vardı ki, onları sayıb qurtara bilmirdim. Məni yaradıcılığa bu kitablar həvəsləndirib. Hesablamağı atamın  kitablarını saya-saya öyrənmişəm. Üçüncü sinifdə oxuyanda artıq "Vicdan susanda" romanını mütaliə etmişdim. 7-ci sinifdə yoldaşlarım "Min bir gecə nağılları"ndan danışanda onlara gülürdüm. Çünki o nağılları çoxdan oxuyub başa vurmuşdum... Ona görə uşaqlar həmişə deyərdilər ki, Sənan yaşından çox irəli gedib. Odur ki, bəziləri mənə paxıllıq edirdilər. Həyatda ən çox paxıllıqdan zəhləm gedir.

Çox gənc olmağıma baxmayaraq, respublikanın nüfuzlu şəxslərindən sayılan Aqil Abbasın yanında işləməyim çoxlarına qəribə gəlirdi. Deyirdilər ki, o gedib belə yerə necə çıxa bilib?

- Hiss olunur ki, həyatında Aqil Abbasın  təsiri böyükdür.

- Mən bu gün həyatda qazandıqlarıma görə Aqil müəllimə borcluyam. Dostları, hətta məni onun oğlu hesab edirlər. Rəşad Məcid, Yusif Rzayev mənə Aqil Abbasın mənəvi övladı kimi baxır. Mən Aqil Abbasla fəxr edirəm. Çünki onunla birlikdə döyüşmüşəm. Aqil müəllim cəbhəyə başqa jurnalistlər kimi gəlmirdi, əlinə avtomat alıb döyüşürdü. Bir dəfə Vəngdə o qədər yaralı daşımışdı ki, üst-başı tamam qan içində idi. Hətta 1992-ci ilin yayında ermənilər Çıldıranda başı  yaralı daşımağa, döyüşə qarışmış Aqil Abbası əsir götürmək istəyirdilər...

- Qarabağ kimi bir bölgənin reportyoru olmaq çətinlik törətmir ki?

- Hazırkı şəraitə görə Qarabağ ən gərgin bölgə hesab olunur. Lakin çətinliklər məni qorxutmur. Əksinə özümü fəlakət nöqtələrində, döyüş gedən ərazilərdə olarkən daha rahat sərbəst hiss edirəm. Mən bir az da təlatümləri sevən adamam. Elə ki, asudəlik olur, darıxıram. Elə zənn edirəm ki, qılıncı qırılmış  cəngavərəm. İndi , əvvəllər digər kütləvi informasiya vasitələrində çalışanda da ərizə verib dünyanın ən qaynar nöqtələrinə - Suriyaya, Livana, İsrailə, Əfqanıstana göndərilməyimi xahiş edirdim. Lakin hər dəfə uşaqların balacadır, deyib icazə verməyiblər.

Amma Rusiyada işlədiyim vaxt Balkanlarda olmuşam. Balkan müharibəsi zamanı ORT-nin əməkdaşı mərhum Etibar Babayevlə dünyanın bir sıra məşhur agentlikləri üçün foto- reportyorluq edirdim. Etibar Babayevlə Bosniya Hersoqovinada da birgə fəaliyyət göstərmişik. Şübhəsiz, xeyli sayda Avropa Şərq ölkələrində olmağım da peşə hazırlığıma ciddi təsir göstərib.

- Hazırkı işindən razısanmı?

- Mənim üçün jurnalistika ilə Qarabağ üzrə bölgə müxbirliyi fərqli şeydir. Biz təlatümlərin içərisindəyik. Bununla belə, maraqlı olması baxımdan öz işimdən razıyam. Əgər tapşırılan işin öhdəsindən gəlirəmsə, deməli, xoşbəxtəm...

 -Övladlarının arasında jurnalist peşəsinə maraq göstərən varmı?

- Bir qızım ali məktəbdə təhsil alır, digər qızım 11-ci sinifdə oxuyur, oğlum Həsən isə 8-ci sinif şagirdidir. Həsənə həm atamın, həm dayımın adını qoymuşam.

Hələ ki, uşaqların heç birində jurnalistikaya maraq hiss etməmişəm. Bunu gələcək göstərəcək. Özləri istədikləri sənəti seçsələr, daha ürəyimcə olar.

- Gələcək planların, istəyin nədir?

- Zənnimcə, dövlət strukturunda işləyənlərin, baş redaktorun planları olur. Ədəbiyyat adamlarının, reportyorun, jurnalistin isə planı olmur. Ancaq qəlbimdə çox arzu var. Ən böyük arzum, istəyim çalışdığım bu büronu Ağcabədidən Xankəndinə köçürməkdir. Gecə-gündüz bu haqda düşünürəm. Hətta necə köçəcəyimi təsəvvür edirəm. Möhkəm inanıram ki, möhtərəm  prezidentimiz, cənab İlham Əliyevin apardığı uğurlu daxili xarici siyasət sayəsində bu tezliklə baş tutacaq. Mən orada işləyəcəm. Orada işimiz  başqa cür olacaq. Oraları tikəcəyik, abadlaşdıracağıq. Mən Xankəndidə, Ağdərədə aparılan abadlıq-quruculuq işlərindən reportajlar hazırlayacağam. Xocavənddə, Ağdərədə, Xankəndində, Ağdamda salınmış Heydər Əliyev adına parkları çəkəcək yaxud Xocalı aeroportu yenidən qurulduqdan sonra onun açılışına gələn cənab prezidentin səfərini işıqlandıracağam. Bax, mənim planlarım bunlardan ibarətdir.

Mən onları çox aydın görürəm. Artıq ehtiyat materiallarımı da hazırlamışam. Ağdamla, Laçınla əlaqədar çoxlu yazı yazmışam.

Əminəm ki, Qarabağ torpaqları tezliklə düşmən tapdağından xilas olunacaq. Daha Azərbaycan əvvəlki Azərbaycan deyil. Onun səsi hər yerdə eşidilir, qərarları ilə hamı hesablaşır. Bütün dünya bilir ki, Azərbaycan torpaqları işğal altındadır,onun işi haqq işidir. Odur ki, hər an cənab prezidentin əmrini gözləyirik. Mən əsgərəm,bir əsgər kimi onun əmrini yerinə yetirməyə həmişə hazıram!

Yəhya PAŞAZADƏ

 





18.09.2014    çap et  çap et