525.Az

"Bəzən icra hakimiyyətləri məktəblərə obyekt kimi baxırlar"


 

"Bəzən icra hakimiyyətləri məktəblərə obyekt kimi baxırlar"<b style="color:red"></b> Azərbaycanda təhsil sahəsində baş verən yeniliklər bu sahədə ixtisaslaşan ekspertlər arasında da müzakirələrin artmasına səbəb olub.
 
Lent.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sabiq sədri, professor, təhsil üzrə ekspert Şahlar Əsgərov son bir il ərzində təhsil sahəsində həyata keçirilən islahatların Azərbaycanın təhsil sistemində əhəmiyyətli irəliləyişlərə səbəb olacağına əminliyini bildirib.

İlk öncə müəllimlərin işə qəbulu prosesinə toxunan ekspert müəllimlərin seçim prosesindəki şəffaflığın vacib məsələlərdən biri olduğunu qeyd edib.

“Bu proses daimi olmalıdır. Müəllim seçilmişlər arasından olmalıdır ki, şagirdlərə keyfiyyətli dərs keçə bilsin. Öyrədən biliyinə, bacarığına, peşəsinə və uşaqlara sevgisinə görə seçilməlidir. Avropa pedaqoqlarından biri deyir ki, uşağı sevmədən ona heç nə öyrədə bilməzsən”. Ş. Əsgərovun sözlərinə görə, müəllimlərin imtahan vasitəsi ilə vakant yerlərə işə qəbulu tezliklə müsbət nəticəsini göstərəcək.

Ekspertin fikrincə, müəllimlərin iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına onların dərs yükünün artırılması da müsbət təsir edəcək:
 
"Məktəb müəllim üçün tam iş yeri olmalıdır. Əgər dərs yükü artarsa, pedaqoq günün yarısını məktəbdə keçirəcək. Bu isə məktəb mühitini saflaşdırar, müəllim-şagird təmasını artırar, müəllimlərin öz peşəsinə münasibətini yaxşılaşdırar. Biri var müəllim 1 saat məktəbdə ola, biri də var günün böyük hissəsi. Müəllim nə qədər uzun müddət məktəbdə olarsa, peşəkarlıq səviyyəsi də o qədər artar. Bu mənada hesab edirəm ki, müəllimlərin dərs saatlarının artırılması çox əhəmiyyətlidir”.

Ş. Əsgərovun fikrincə, bir müəllimə düşən şagirdlərinin sayının artması da müəllimlərin maaşının yüksəlməsinə gətirib çıxaracaq.

“Müəllimlərin sayı azaldıqca, onların maaşı da artır. Şagirdlərin sayı artırılmaqla müəllimlərin sayı azalır və həmin müəllimlərin əmək haqqı artırılır. Fənnin öhdəsindən gələ bilməyən müəllimlər isə aşağı vəzifəyə (məsələn laborant) keçiriləcək”.

Məktəbin idarə edilməsi sahəsindəki yeniliklərə də münasibət bildirən Ş. Əsgərov bildirib ki, bu məsələyə konsepsual baxmaq lazımdır.

“MDB məkanında məktəblərin idarə edilməsi dəyərincə qiymətləndirilmir.

Amerikalı mütəxəssislərdən biri idarəetməni 20-ci əsrin ixtirası hesab edir. Təhsilə yeni idarəetmə sistemi gəlirsə, bu, öz effektini verəcək. Çünki köhnə idarəetmə özünü doğrultmadı”.

Professorun sözlərinə görə, məktəb direktorlarının pedaqoq olması şərt deyil:

“Direktor menecer ixtisasına da sahib ola bilər. Amma direktor müavinləri pedaqoq olmalıdır. Məktəbi idarə edən şəxslərin iqtisadi müstəqilliyi də təmin edilməlidir. Sevinirəm ki, bu günlərdə Bakıda 14 məktəbə yeni direktor təyin olunub. Mənim bildiyimə görə, həmin direktorlar heç bir kənar müdaxilə olmadan, düzgün əsaslarla təyin olunub. Bu, bizim təhsilimizdə yaxşı ənənə olacaq. İnsanlar biləcək ki, təhsil sosial lift kimi işləyir”.

Şahlar Əsgərov prezident İlham Əliyevin sərəncamı ilə regional təhsil idarələrin yaradılmasını təhsil sistemində irəliyə doğru əhəmiyyətli addım hesab edir.
 
“Bəzən icra hakimiyyətləri məktəblərə obyekt kimi baxırlar. Regional idarəetmə qurumlarının yaradılması isə təhsil sistemini icra hakimiyyətlərinin subyektiv münasibətlərindən xilas edəcək”.

Dərslik sahəsindəki yeniliklərə gəlincə, ekspert bunları bildirib:
 
“Dərsliklər vasitəsi ilə şagirdləri idarə etmək və onları müasir dövrün ən savadlı gəncinə çevirmək olar. Yəni, hər şeyin başında dərslik dayanır. Gələcəyin ideyaları bu gün dərsliklərdə öz əksini tapmalıdır”.

Professor Azərbaycanda məktəblərin rasionallaşdırmasını da müsbət qiymətləndirib:

“Xaricdə hər xırda kənddə məktəb açmırlar. Məktəb etalon olmalıdır və ona qarşı olan bütün tələbləri yerinə yetirilməlidir. Məktəblərin rasionallaşdırılması hədsiz dərəcədə vacibdir. Kiçik bir kənddə bir məktəbin olmasına ehtiyac yoxdur. Həmin şagirdlər avtobuslar ayrılmaqla, digər iri məktəblərə aparıla bilər”.

Həmsöhbətimiz onu da vurğuladı ki, Təhsil Nazirliyində media strategiyasının düzgün qurulması da sevindiricidir:

“Əvvəllər biz nazirlikdə heç kimin yadına düşmürdük, son bir il yarımda təhsil ekspertləri ilə nazirlik tez-tez əlaqə saxlayır. Bu da idarəetməyə ictimai çalar gətirir”.
 





17.09.2014    çap et  çap et