525.Az

Çörək almağa pulum çatdı, amma...


 

Çörək almağa pulum çatdı, amma...<b style="color:red"></b> Orta məktəbdə səhv öyrədiblər, ana. İnana bilərsən, elə deyilmiş. O şeirlər, inşalar- vətən sevgisi.

Mənim bir gün vətəni sevməyə gücüm çatmadı. Peyğəmbər düz deyirdi, vətəni sevmək imandandır.

“McDonalds” lar, “Bentley” maşın salonları, “Dolce-Gabbana” paltarlar, amerikan, ingilis, çinli müdirlər...

Kəbəmi bütlər alıb, dizlərimi sinəmə sıxıb küçədə oturmuşam, bax, o bahalı restoranın önündə dilənən qarı kimi. Sanki Allaha əl açdım, ovuclarıma qəpik qoydular. Çörək almağa pulum çatdı, amma Vətəni sevməyə imanım çatmadı, ana.

Mən indi vətəndən ötrü darıxıram. Bəlkə də darıxmaq sevməkdən daha müqəddəsdir. Bilirəm, zamanın harasındasa Mədinədə bir peyğəmbər- Həzrət Məhəmməd darıxıb Məkkədən ötəri.

Bilirəm, nə vaxtsa bir azərbaycanlı- Məhəmməd Əmin darıxıb Ankarada- boz şəhərdə.

Oğlun Türkiyə də təkcə tarix, siyasət yox, darıxmaq öyrənir, ana, vətəndən ötrü darıxmaq!

Məsələn, burada içini düyü ilə doldurduqları bibəri bəh-bəhlə yeyirlər. Mənimsə badımcan dolmasından ötrü burnumun ucu göynəyir. Türk qardaşlarımız künəfə, qazandibi tatlılarını sevirlər. Ah, şəkərbura, paxlava olaydı, deyirəm. Samovar çayı içərdim mürəbbəylə.

Məsələn, gecənin bir yarısı yuxum qaçır, ürəyim dəli kimi Azərbaycan dilində danışmaq istəyir. Telefonu əlimə alıb nömrələrə baxıram. Filankəs tez yatır, amma filan dostum oyaq olar. Zəng edirəm:

“Nətərsən, qağa?”

Mən Ankarada Qarabağ kanalında balıq tutmaqdan, Şəhidlər Xiyabanında küləyi dinlənməkdən ötrü darıxıram.

Yox, sən qətiyyən pis olma mənə görə, əzizim. Mən artıq darıxmağa alışmışam. Xaricdə vətən üçün, vətəndə də Qarabağ üçün darıxıram, axı.

Sən mənə görə heç üzülmə, ana. Bilirsən, bəlkə də sevməkdən daha gözəldir darıxmaq. Çünki darıxanda  ümid edə bilirsən. Ümid edirsən ki, sən qovuşanda hər şey əla olacaq. Qovuşanda yenidən, daha gözəl sevə biləcəksən.
 





02.09.2014    çap et  çap et