525.Az

Ferquson hadisələri: ABŞ siyasi-ideoloji sisteminin qırılma nöqtəsi?


 

Ferquson hadisələri: ABŞ siyasi-ideoloji sisteminin qırılma nöqtəsi?<b style="color:red"></b>

Missuri ştatının bu şəhəri son bir neçə günə qədər iqtisadi problemləri ilə fərqlənirdi. 2000-ci ildən bu yana burada əmək haqları 30% azalıb. Şəhərdə istehsal müəssisələri azdır. Əksəriyyəti fəaliyyətini dayandırıb.

İndi əsasən "Emerson Electric" şirkəti işləyir. Onun hesabına şəhərdə vəziyyət sabitləşməkdə idi. Lakin ağdərili polis Derren Uilsonun zənci Maykl Braunu küçədə təqib zamanı qətlə yetirməsi Ferqusonu bir daha dünyaya xatırlatdı. Bu dəfə iqtisadi deyil, kriminal sahədə ciddi problemlərin olduğunu göstərdi. Məsələyə daha geniş miqyasda yanaşan ekspertlər onu bütövlükdə Amerikanın siyasi və ideoloji sisteminin qüsurları kontekstində təhlil edirlər. Bu cür yanaşmaya əsas vardır.

Qaradərili gəncə atılan 6 güllə: ABŞ siyasi sistemi silkələnir

Amerikada insan haqlarının qorunması ilə bağlı problemlər varmış. Dünyaya azadlıq və demokratiya dərsi keçməyə çalışan bu ölkədə irqi ayrı-seçkilik mövcuddur. Missuri ştatının Ferquson şəhərində son bir neçə gündə baş verən hadisələr bunu bir daha təsdiq edir.

Avqustun 10-da mağazadan soyğunçuluq etməkdə günahlandırılan qaradərili gənc polis tərəfindən açılan atəşlə qətlə yetirilib. 18 yaşlı Maykl Brauna 6 güllə vurulub. Çox keçmədən şəhəri etiraz aksiyaları bürüyüb. Buna qarşı ABŞ hökuməti milli qvardiyanı çıxarıb. Maraqlıdır ki, Amerika cəmiyyəti və bütün dünya qətl hadisəsini müzakirə etdiyi bir zamanda, başqa bir polis silahı etirazçıya tuşlayıb onu öldürəcəyi ilə hədələyib, hətta təhqiramiz ifadələr də işlədib. Öz həmkarları belə həmin qanun keşikçisinin hərəkətini qəbuledilməz adlandırıblar.

Missuri ştatının qubernatoru Cey Nikson əhaliyə müraciətində deyib: "...Bu, sınaqdır. Bütün dünya bizə baxır". C.Nikson şəhərdə bir günlük fövqəladə vəziyyət elan etmişdi.

Hadisədən dərhal sonra ölkənin bir sıra sosioloji tədqiqat mərkəzləri insanların rəyini öyrəniblər. Amerikalılar qaradərili oğlanın qətlə yetirilməsinə vahid mövqe nümayiş etdirməyiblər. Ağdərililərin əksəriyyəti polisin hərəkətinə haqq qazandırıb. Afrika mənşəli amerikanlar isə əks fikirdədirlər. "Pew Research" şirkətinin keçirdiyi sorğuya görə, ağdərililərin 37%-i baş verənlərdə irqi ayrı-seçkilik görür, qaraların isə 80%-i əmindir ki, Maykl qaradərili olduğuna görə sorğu-sual edilmədən amansızlıqla öldürülüb.

Vətəndaşların təhqiqatın ədalətli aparılacağına inamı irqi mənsubluğa görə dəyişir. Ağların 52%-i Amerika məhkəməsinə inanır, qaraların isə yalnız 18%-i istintaqın obyektiv olacağını düşünür.

Dünyanın Ferquson hadisələrinə münasibəti də çox maraqlıdır. Demək olar ki, Avropa İttifaqı ölkələrinin hamısı baş verənləri qınayıb. Britaniyanın "The Guardian", "Daily Mail" və "The Telegraph" kimi nəşrləri hadisələri "irqi faciə" olaraq qiymətləndiriblər. Almaniyanın "Zeit Online", "Frankfurter Allgemeine Zeitung", "Spiegel Online" və başqa nəşrləri, Fransanın "Le Figaro" qəzeti, Çinin "Sinxua" informasiya agentliyi, Türkiyə, Rusiya, Kanada mətbuatı da hadisələri təqribən eyni cür qiymətləndiriblər. Onlar ABŞ-ın siyasi sisteminin qüsurlarını, polisin konkret situasiyalarda obyektiv davranmadığını vurğulayıblar.

BMT-nin baş katibi Pan Gi Mun rəsmi Vaşinqtonu insanların dinc toplaşmaq haqqını tanımağa və nümayişçilərlə beynəlxalq standartlar çərçivəsində davranmağa çağırıb. Məsələ bundan ibarətdir ki, polis 30-dan artıq etirazçını həbs edib.

Başqasının ittihamı: əvvəlcə özünə bax!

İlk baxışdan bir insanın qətlə yetirilməsindən sonra proseslərin bu dərəcədə qabardılması qeyri-təbii görünə bilər. Lakin bu, müasir dünya üçün tamamilə başa düşülən haldır. Çünki, birincisi, Amerikanın özü müxtəlif regionlarda ən xırda hadisələrə belə öz meyarları əsasında qiymət verir. O, ölkələri insan haqlarına əməl etməməkdə günahlandırır, sanksiyalar tətbiq edir. İkincisi, bütövlükdə hər bir insanın həyatı dəyərlidir. İrqindən asılı olmayaraq bütün insanların yaşamaq hüququ var. Bu səbəbdən zənci oğlanın da qətlə yetirilməsi yolverilməzdir.

Həmin bağlılıqda Ferquson hadisələri ABŞ-ın siyasi sistemindəki qüsurları aşkar edir. Barak Obama kimi qaradərili vətəndaşın prezident seçilməsinə yol açan demokratiya adi vətəndaşı küçədə qoruya bilmir. Bu, ciddi ziddiyyətdir. B.Obamanın dövlət başçı olması faktını küçədəki qətl heçə endirir. Belə təəssürat yaranır ki, qaradərili adamın prezident seçilməsi daha çox siyasi-ideoloji gedişdir. Gerçəklikdə isə Amerika cəmiyyətindəki problemlərin kökü daha dərindədir. Onlar hələ də öz həllini tapmayıb.

Bu aspektdə Amerika cəmiyyətinin qütbləşməkdə olduğunu söyləyə bilərik. İrqi ayrı-seçkilik iqtisadi və hüquqi problemlərin fonunda dərinləşir. Belə bir gedişat ölkəni həlli çox çətin olan vəziyyətdə qoya bilər. Siyasi cəhətdən də Vaşinqton dərs aldı. Başqa dövlətlərin daxili işlərinə qarışmağın nə dərəcədə əsassız olduğu bir daha aydınlaşdı. Hər bir ölkənin öz milli xüsusiyyəti vardır və bu, mütləq nəzərə alınmalıdır.

Türkiyədə "Gəzi parkı" hadisələrində hakimiyyəti müxtəlif məsələlərdə ittiham edən Vaşinqton, bir polisə görə küçələrə minlərlə milli qvardiyaçı çıxardı. Onlar nümayişçilərə qarşı zor tətbiq edir, gözyaşardıcı qazdan istifadə edir, kütləvi həbslər aparırlar. Çində hər hansı kiçik kriminal hadisədən Qərb böyük faciə yaratmağa çalışır. Azərbaycanda cinayət törətmiş insanların belə həbsinə etiraz edir.

Ermənistan Azərbaycana qarşı hərbi təxribatlar törədir, əsgərlərimiz şəhid olur, ancaq buna Vaşinqton elə bir reaksiya vermir. Təcavüzkara qarşı addım atmır. Bir erməni təxribatçısının Azərbaycanda öz əcəli ilə ölməsinə görə isə, bəyanat verib narahatlığını bildirir.

Bu kimi müqayisələr Ferquson hadisələrinin təsadüfi olmadığını göstərir. Konkret olaraq, ABŞ-ın siyasi-ideoloji sistemində nöqsanlar artır. Ölkəni idarə edənlərin qeyri-obyektiv hərəkətləri öz təsirini daxili mühitdə daha qabarıq şəkildə göstərməyə başlayıb. Onu demək lazımdır ki, əvvəllər də Amerikada Ferquson hadisəsinə bənzər olaylar olurdu. 1964-cü il Uolts üsyanını, 1967-ci il Detroyt hadisələrini, 1992-ci ildə Los-Ancelesdə baş verənləri xatırlatmaq kifayətdir Bunların hər birində irqi ayrı-seçkilik rol oynayıb. Belə çıxır ki, ötən müddət ərzində Amerika həmin məsələdə elə də ciddi irəliləyiş etməyib.

Bunlar hansı məqamlardan xəbər verir? ABŞ ilk növbədə öz daxili problemlərinə diqqətini artırmalı, başqa ölkələrin daxilində problemlər yaratmaqdan əl çəkməlidir. Çünki Amerikanın özünün iqtisadi çətinlikləri sosial ziddiyyətləri dərinləşdirir. Son illər bu ölkədə baş verən ağır kriminal hadisələr proseslərin daha gərgin bir səviyyəyə qalxa bildiyini göstərir.

İndi bir sıra siyasi və informasiya texnoloqları diqqətləri Barak Obamaya yönəltməyə çalışırlar. Burada müəyyən dərəcədə həqiqət ola bilər. Lakin məsələnin yalnız B.Obamanın şəxsiyyəti ilə məhdudlaşdığını düşünmək doğru olmazdı. Çünki söhbət ümumən ABŞ-ın siyasi sistemindən, idarəetmə mexanizmlərindən və cəmiyyətdə tolerantlıqdan gedir. Amerika cəmiyyətinin bu həyat sahələrinin hər birindəki qüsurları göz qabağındadır.

Yeri gəlmişkən, tolerantlıq məsələsində Azərbaycandan öyrənilməli çox şeylər vardır. Dövlət bu istiqamətdə çox ciddi işlər görür. Azərbaycanda irqi ayrı-seçkilikdən söhbət belə gedə bilməz. Polis bu amilə görə kimsəni nəinki güllələməz, hətta incitməz belə. İrqi və dini mənsubluğa görə baş verən hüquq pozuntusuna hakimiyyət çox sərt reaksiya verir, dərhal günahkar cəzalandırılır.

ABŞ-da isə qaradərili gənci qətlə yetirən polisin həbs olunub-olunmayacağı hələ məlum deyil. Hələlik rəsmi dairələr susur. Ölkənin baş prokurorunun hadisə yerinə getməsi də bu məsələdə vəziyyəti dəyişməyib. Müqayisə üçün deyək ki, Türkiyədə polisin vətəndaşa qarşı hər hansı ifrat hərəkətinə dərhal reaksiya verilir. Bəzən hətta belə təəssürat yaranır ki, qardaş ölkədə polis cinayətkar qarşısında müdafiəsizdir.

Bir sıra böyük dövlətlərin Ferquson hadisələrindən ABŞ-ın geosiyasi nüfuzuna qarşı istifadə edəcəyini proqnozlaşdırmaq olar. Bunu normal hesab etmək olar. Lakin əsas məsələ həmin ölkələrin özlərinin irqi mənsubluğa fərq qoyub-qoymamalarındadır. Bizcə, məsələnin bu tərəfi üzərində düşünməyə dəyər. Məsələn, Dağlıq Qarabağ və ətraf rayonlardan didərgin salınmış azərbaycanlıların haqlarının təmin edilməsi sahəsində böyük dövlətlər hansı konkret addımlar atıblar?

Newtimes.az

 





02.09.2014    çap et  çap et