525.Az

Nazirlik əlillər üçün mənzil məsələsinə aydınlıq gətirdi


 

Nazirlik əlillər üçün mənzil məsələsinə aydınlıq gətirdi<b style="color:red"></b> Əhali ilə keçirilən görüşlərdə, eləcə də nazirliyə ünvanlanan bir sıra müraciətlərdə əlilliyi olan ayrı-ayrı şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən mənzillə təmin olunması məsələsi əksini tapır. 

Nazirlikdən Lent.az-a verilən məlumata görə, bununla bağlı olaraq nazirlik vətəndaşların diqqətinə çatdırır ki, müvafiq qanunvericilik aktlarında ƏƏSMN-nin sifarişi əsasında inşa olunan mənzillər ümumi səbəblərdən əlilliyi olan şəxslər üçün deyil, yalnız Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar fiziki sağlamlıqlarını itirmiş vətəndaşlar və şəhid ailələri üçün nəzərdə tutulub. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarında da ƏƏSMN tərəfindən məhz Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillərin inşa etdirilməsi konkret şəkildə öz əksini tapıb. Ümumi səbəbdən əlilliyi olan vətəndaşlar mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ilə bağlı müvafiq rayon (şəhər) İcra Hakimiyyətlərinə (İH) müraciət edə bilərlər.

Digər tərəfdən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar fiziki sağlamlıqlarını itirmiş vətəndaşlar və şəhid ailələrinin yaşayış sahəsinə ehtiyacı olan şəxslər qismində növbəyə götürülməsi ƏƏSMN tərəfindən deyil, aidiyyatı rayon (şəhər) İH-ləri tərəfindən həyata keçirilir. ƏƏSMN inşa edilmiş mənzillərin bölgüsünü  rayon (şəhər) İH-lərinin təqdim etdikləri həmin növbəlilik siyahıları əsasında aparır. Qeyd olunan mənzil növbəliliyi siyahıları bu sahədə şəffaflığın və ictimai nəzarətin təmin olunması məqsədilə ƏƏSMN-nin rəsmi internet saytında (www.mlspp.gov.az) “Fəaliyyət və xidmətlər” bölməsinin “Mənzillə təminat” altbölümündə ictimaiyyətə təqdim olunur. Bu bölmədə artıq mənzillə təmin olunmuş əlil və şəhid ailələrinin də siyahıları yerləşdirilib.
2014-cü il yanvar ayının 1-dək yerli icra hakimiyyəti orqanlarında növbəyə dayanmış 5731 nəfər şəxs və şəhid ailəsi 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin ediləcək.  

Qeyd edək ki, 2014-cü ilədək bu kateqoriyadan olan 4278 əlil və şəhid ailəsi mənzillə təmin edilib. Cari ilin ötən dövründə bu kateqoriyadan olan şəxslərə 172 mənzil təqdim olunub.
 
 





02.09.2014    çap et  çap et