525.Az

“Heç bir qüvvə Azərbaycandakı mövcud sabitliyi poza bilməz”


 

Yeni Azərbaycan Partiyasından olan (YAP) millət vəkili Hüseynbala Mirələmovun “525”ə müsahibəsi

“Heç bir qüvvə Azərbaycandakı mövcud sabitliyi poza bilməz” <b style="color:red"></b>

– Hüseynbala müəllim, ölkədəki ictimai-siyasi durumu necə qiymətləndirirsiniz? Qarşıdan növbəti bələdiyyə seçkiləri gəlir. Amma nədənsə seçkilərlə bağlı cəmiyyətdə, xüsusilə, siyasi kəsimdə fəallıq hiss olunmur. Bu nə ilə bağlıdır?

– Ölkədəki ictimai-siyasi ab-havanı çox müsbət qiymətləndirirəm. Azərbaycanda artıq neçə illərdir ki, sabitlik, əmin-amanlıq hökm sürür, dinamik inkişaf davam edir, Azərbaycan növbəti uğurlara imza atır, beynəlxalq aləmdə öz yerini, çəkisini, nüfuzunu gündən-günə artırır, həmçinin, iqtisadi tərəqqi, çiçəklənmə mövcuddur. Yəni, hər şey öz qaydasındadır, öz yolu ilə gedir. Narahatçılıq üçün heç bir əsas görmürəm.

Seçki məsələsinə gəlincə, yay, istirahət mövsümü olduğu üçün sizin də qeyd etdiyiniz kimi, cəmiyyətdə siyasi fəallıq bir o qədər müşahidə olunmur, həm də ki, seçkilərə vaxt var. Hesab edirəm ki, seçkilərlə bağlı qarşıdan gələn aylarda – təxminən sentyabr-oktyabr aylarında gözlənilən siyasi canlanma, fəallıq müşahidə olunacaq. Üçüncüsü isə hakim partiya olan YAP hər zaman seçkilərə hazır vəziyyətdədir. YAP bir an olsun belə, seçki hazırlıqlarına ara vermir, qeyri-fəallıq nümayiş etdirmir. Bildiyiniz kimi, Azərbaycanda 3 il dalbadal seçkilər – prezident, bələdiyyə və parlament seçkiləri keçirilir. Təxminən bir il öncə ölkəmizdə növbəti prezident seçkiləri keçirildi və alternativ əsaslarla keçirilən bu seçki yarışmasında da indiki dövlət başçısı cənab İlham Əliyev yenidən Azərbaycan xalqının mütləq əksəriyyətinin səsini qazanaraq yenidən prezidenti seçildi. Bizi son seçkilərdən elə də böyük bir zaman ayırmır və qeyd etdiyim kimi, növbəti bələdiyyə seçkiləri dövrü yaxınlaşdıqca, ölkədə siyasi fəallığın artacağına, siyasi canlanmanın baş verəcəyinə özünüz də şahid olacaqsınız. Bir sözlə, seçkilər necə lazımdırsa, o cür də vaxtında, zamanında və ən əsası Azərbaycan seçicisinin iradəsinə uyğun şəkildə keçiriləcək.

– Bəs, müxalifət niyə bələdiyyə seçkilərinə bu qədər etinasız, biganə yanaşır? Onlar niyə fəallıq göstərmirlər?

– Müxalifətin, xüsusilə, onun radikal qanadının seçkilərə, xüsusilə, bələdiyyə seçkilərinə bu qədər etinasız yanaşmasının elə də qəliz səbəbi yoxdur. Çünki müxalifət, daha çox da onun radikal kəsimi artıq yox dərəcəsindədir. Həm də onlar axı, fəal olub neyləyəcəklər ki? Heç edə bilməzlər və edə də bilməyəcəklər. Biz əslində hakim partiya olaraq ölkədə sağlam, konstruktiv müxalifətin olmasında daha çox maraqlıyıq. Amma biz gedib müxalifəti gücləndirəsi, onun nüfuzunu, sosial bazasını artırası deyilik ki? Bu, onların öz işidir. Müxalifətin radikal, qeyri-konstruktiv kəsiminin 1993-cü ildən bu yana sosial bazasının getdikcə daralmasının, onun getdikcə nüfuzdan düşməsinin başlıca və birmənalı səbəbkarı da elə həmin müxalifətin özüdür, onun 21 ildən bəri apardığı yarıtmaz siyasətinin, fəaliyyətinin nəticəsidir. Artıq Azərbaycan cəmiyyəti, xüsusilə, 2003 və 2005-ci il seçkilərindən sonra, radikal müxalifətə birmənalı yox deyib, onu dəstəkdən məhrum edib. Xalqımız artıq ötən əsrin 80-ci illərinin sonları, 90-cı illərinin əvvəllərinin xalqı deyil. Azərbaycan xalqı ötən 20-21 il ərzində siyasi cəhətdən xeyli müdrikləşib, yetkinləşib, o, daha quru vədlərə, populist bəyanatlara inanmır, yaxşı ilə pisi ayırd edə bilir. Müxalifət, xüsusilə, radikallar özləri də çox gözəl anlayır ki, seçkilərə qatılsalar belə, yenə uğursuzluqla üzləşəcəklər. Ona görə də seçkilərə bu qədər etinasız yanaşırlar. Bu da onların öz işidir və öz problemidir. Biz onların işinə, seçiminə, qərarlarına qarışa, müdaxilə edə bilmərik.

Builki bələdiyyə seçkiləri də son 21 ildə keçirilən digər seçkilər kimi azad, ədalətli, demokratik və şəffaf şəkildə baş tutacaq. Hakim partiya olan YAP bu seçkilərdə növbəti dəfə qələbə qazanacaq. Buna heç kimin şübhəsi olmasın.

– Bələdiyyələrin səlahiyyətləri bir millət vəkili olaraq sizi qane edirmi? Təkcə müxalifət yox, hakim partiyadan olan əksər deputatlar da bələdiyyələrin daha səmərəli fəaliyyət göstərməsi üçün onların səlahiyyətlərinin artırılması məsələsini tez-tez gündəmə gətirirlər...

– Azərbaycanda bələdiyyə institutunun tarixi o qədər də qədim deyil. Azərbaycanda bələdiyyə sistemi cəmi 15 il öncə, 1999-cu ildə yaradılmağa başlanıb və demək olar ki, yerli özünüidarəetmə orqanları hələ də formalaşma dövrünü yaşamayır. Bu proses hələ tam başa çatmayıb. Ötən illər ərzində Azərbaycanda bələdiyyə institutunun daha da formalaşması istiqamətində böyük addımlar atılıb və atılır. Bələdiyyələrin fəaliyyəti ilə bağlı parlament tərəfindən bir sıra qanunlar qəbul olunub və ya mövcud qanunlara dəfələrlə əsaslı, köklü dəyişikliklər edilib. Bununla yanaşı, dövlət tərəfindən dəfələrlə bələdiyyələrin fəaliyyətinin gücləndirilməsi yönündə maliyyə dəstəyi göstərilib və göstərilir. Düzdür, bütün bu atılan addımların, görülən işlərin fonunda bəzən bələdiyyələrin fəaliyyətindən narazılıqlar səslənir, onlar əsaslı-əsassız ittiham olunur, bunlarda da müəyyən həqiqət payı var, amma bununla belə, ədalət naminə deməliyik ki, bələdiyyə institutu Azərbaycanda artıq oturuşmaqdadır. Hesab edirəm ki, bələdiyyələrin öz fəaliyyətlərini dövrün tələblərinə uyğun şəkildə qurmaları üçün yetərincə səlahiyyətləri olsa da, onların qarşıdan gələn seçkilərə kimi səlahiyyətlərinin daha da genişləndirilməsi istiqamətində növbəti bəzi addımlar atılmalıdır və ya atılsa, daha məqsədəmüvafiq olar. Bələdiyyələrin səlahiyyətlərinin artırılması ilə yanaşı, bələdiyyələrin, bələdiyyə üzvlərinin sayı da azaldılmalı, həmçinin, bir çox ölkələrdə, o cümlədən, qardaş Türkiyədə olduğu kimi, bizdə də bələdiyyə sədrləri seçkili olmalıdır, onlar seçki yolu ilə seçilməlidirlər. Bir sözlə, Azərbaycanda bələdiyyə institunun, yerli demokratiyanın sözün əsl-həqiqi mənasında oturuşması üçün hamı öz səyini ortaya qoymalıdır.

– Hüseynbala müəllim, gələn il parlament seçkiləri ilidir. Necə hesab edirsiniz, bu seçkilər ərəfəsində ölkəmizdə dünyada baş verən məlum və gərgin proseslər fonunda hansısa ssenarilərə yenidən cəhdlər edilə bilərmi?

– Heç kimə sirr deyil ki, belə cəhdlər həmişə olub, bu gün də var və gələcəkdə də ola bilər. Ancaq burada əsas odur ki, Azərbaycan cəmiyyəti, Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti birlikdə həmişə bu cür cəhdlərin qarşısını qətiyyətlə alıb, həmin cəhdləri anındaca dəf edib və əgər növbəti dəfə də bu yöndə cəhdlər olarsa, onların da qarşısını alacaq. Çünki indiki Azərbaycan dövləti, Azərbaycan xalqı yuxarıda da dediyim kimi, ötən əsrin 80-90-cı illərinin Azərbaycanı, dövləti və xalqı deyib. Azərbaycan dövləti ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra özünün əsl tərəqqisinə, inkişafına nail ola bilib. Məhz onun əsasını qoyduğu kurs, strategiya, siyasi xətt üzərində inamla irəliyə doğru irəliləyən Azərbaycan dövləti son 11 il ərzində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi sayəsində daha sıçrayışlı və dinamik inkişafa qovuşub. Bu gün dünya Azərbaycanın sözü, rəyi, mövqeyi, çəkisi ilə hesablaşır. Bu gün Azərbaycan dünyanın ən nüfuzlu tədbirlərinə evsahibliyi edir. Elə son iki –üç ayı götürək. Azərbaycanda ATƏT və Avropa Şurası Parlament Assamblyelarının illik yay sessiyasının və iclasının keçirilməsi ölkəmizin dünyada, Avropada necə böyük önəm daşıdığını əyani şəkildə sübut edir. Həmçinin, cəmi bir ildən sonra Azərbaycan Avropanın tarixində ilk dəfə keçiriləcək Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Bunlar sıradan olan adi məsələlər deyil. Bunlar Azərbaycan inkişafının, tərəqqisinin göstəricisidir. Ona görə bundan sonra kimlərsə, hansısa məkrli qüvvələrsə yenidən Azərbaycanda vəziyyəti gərginləşdirməyə səylər göstərəcəklərsə, əvvəllər olduğu kimi, növbəti dəfə heç nəyə nail ola bilməyəcəklər, növbəti dəfə fiaskoya uğrayacaqlar. Heç bir qüvvə Azərbaycandakı mövcud sabitliyi poza bilməz. Buna müdrik, qədirbilən Azərbaycan xalqı, Azərbaycan cəmiyyəti və Azərbaycan dövləti imkan verməz.

Kamil HƏMZƏOĞLU

 





01.09.2014    çap et  çap et