525.Az

“Azərbaycan”ın avqust sayı çapdan çıxıb


 

“Azərbaycan”ın avqust sayı çapdan çıxıb<b style="color:red"></b>

Bugünlərdə “Azərbaycan” jurnalının 8-ci sayı nəşr edilib. Jurnal ənənəvi “Poeziya” bölümü ilə açılır. Rubrikada Fikrət Qoca,   Elşən Əzim, Aqşin Evrən, Aybəniz Əliyar, Qədiməli Əhməd, Eldar Səfa və Ramazan Səməroğlunun şeirləri təqdim edilib.

Vahid Qazinin “Çholqala 1992” romanı və Məmməd Orucun “Atəşkəs yallısı” povesti jurnalın “Nəsr” bölümündə oxucuların ixtiyarına verilib.

“Xatirələr, duyğular” rubrikasında Əlövsət Bəşirlinin “Susmuş çayın mahnıları” xatirə-povesti yer alıb.

Aslan Kənanın təqdimatında Hüseyn Arifin şeirləri jurnalın bu sayında çap edilib: “Hüseyn Arifin şeirləri özü kimi sadə, sadə olduğu qədər də düşündürücüdür. İlk baxışdan insana elə gəlir ki, hər bir şəxs bu misraları yazmağa qadirdir. Lakin unutmaq olmaz ki, H.Arifin misraları hər hansı söz yığımı ilə yaranmamışdır. Onun misraları ana südü kimi pak, bulaq suyu kimi durudur. Mən dəfələrlə şairin şeirə necə kökləndiyinin şahidi olmuşam. Belə anlarında o, heç kimi, heç nəyi “görmür”, heç nəyi düşünmək belə istəmirdi. Hüseyn Arif bir tərəfdən, təbiətin yaratdığı gözəlliyi sevinc dolu təsvir edirsə, digər tərəfdən insanları onu qorumağa çağırır:

“Gəlin, təbiəti biz də düşünək,

O özü hər şeyi düşünən kimi”.

Hüseyn Kürdoğlunun 80 illik yubileyi münasibətilə yubilyarın şeirləri ilə yanaşı, Günay Qarayeva və Südabə Ağabalayevanın  şairə həsr olunmuş məqalələri dərc edilib. G. Qarayevanın “Vətəndə Vətən gəzən şair” yazısında yubilyarın həyat və yaradıcılığından ətraflı bəhs edib: “...H. Kürdoğlu poeziyası ilk baxışda ənənə üzərində qurulan poeziyadır. İlk şeir kitablarında daha çox xalq şeirinin qoşma, gəraylı, bayatı, təcnis və digər formaları üstünlük təşkil edir, sonralar isə klassik şeirin qəzəl janrında da qələmini sınayıb və qətiyyətlə demək mümkündür ki, hər iki mənbədən bacarıqla bəhrələnən şairin yaradıcılığında xalq şeirinin özəllikləri sona qədər üstünlüyünü qoruyub saxlayır. Şairin poeziyasında əsas 3 xətt, 3 istiqamət diqqəti cəlb edir: təbiət, tarix, folklor. Bu poeziya üç istiqamətin harmoniyasından, vəhdətindən yaranıb. Xalqın təbiətini, tarixini, adət-ənənəsini, qəhrəman keçmişini, dünənini, yaddaşını poeziya dilinə çevirən şair bu üç istiqamətin birgə vəhdəti ilə oxucu ilə canlı ünsiyyətdə dünənlə bu günümüz, bu günümüzlə gələcəyimiz arasında mənəvi bağlar qurur...”.  

Südabə Ağabalayeva “Gördüyün mən deyiləm” məqaləsində Şirindil Alışanlı ilə H.Kürdoğlunun yaradıcılığı barəsində söhbətini yazıb: “Hüseyn Kürdoğlunun tale yazısı bütün yaradıcılığı ilə qədimliyi, arxada qalmış böyük bir zamanı müasirliyin və sabahın ədəbi yaddaşına yazmaqdı. Və bu ağır elçilik yükünü Hüseyn Kürdoğlu təbin-hər kəsə nəsib olmayan təbin-istedadın və tərtəmiz Azərbaycan türkcəsinin hesabına asanlıqla çəkirdi. Bu karvanın yolçuluğu hələ çox çəkəcək”.

Jurnalın ənənəvi “Yeni tərcümələr” rubrikasında Vladimir Punun “Tərsaxan” hekayəsi verilib.

Nərgiz Nuriyevanın müəllifi olduğu “Bədii portretdə zamanın həqiqətləri” yazısında S.Borodin və İ. Muğannanın tarixi romanlarında yaradılan obrazlar müqayisəli şəkildə təhlil olunub: “Beləliklə, hər iki yazıçı ədəbi qəhrəmanların portret-obrazları vasitəsilə dövrün, həyatın, hadisənin xarakterik sahələrinə müdaxilə edərək obrazları müəyyən bir ideya ətrafında birləşdirir. Bu əsərlərin süjet xəttində mühüm yer tutan bu təsvirlər hadisənin daxili-psixoloji məzmununu ifadə edir. Bununla həm S.Borodin, həm də İ. Muğanna yalnız obrazın portretini tamamlamaqla qalmır, həm də konkret tarixi mühitin, mənəvi-əxlaqi gerçəkliyin, eləcə də zamanın və dövrün portretini yaratmış olurlar”.

Professor Vaqif Yusifli  “Səsdən sözə, sözdən şeirə, şeirdən poeziyaya” yazısında şairlər Elşən Əzim və Hüseyn Bağıroğlunun yeni kitabları haqqında düşüncələrini qələmə alıb: “ “İllərin o tayı” Elşən Əzimin üçüncü şeirlər kitabıdır. Şeirləri oxuyuram və ilk növbədə, bu şeirlərdəki fikir, məna düzümünü izləyirəm. Bütünlükdə bu şeirləri Ömür və Vaxt haqqında etüdlər adlandırmaq olar. Elşən Əzimin şeirlərində Sözlə kifayət qədər sərbəst hərəkət etmək iddiası, sözü metaforik düşüncə tərzinin “oyununa” çəkmək meyili açıq-aydın duyulur və deyərdim ki, bu, çox zaman uğurlu da alınır.

Hüseyn Bağıroğlunun “Başımda qar olur, ayağımda yaz” kitabındakı şeirlərdə ürəyinin insanlara açan duyğusal bir qəlb sahibinin çırpıntılarını hiss etdik. O, sevgidən də, həyatın təzadlı olaylarından da, dünyanın qəribə, bəzən başaçılmaz sirlərindən yazanda da mümkün qədər çalışır ki, fikrini orijinal şəkildə ifadə edə bilsin. Hüseynin şeirləri yaşamaq, var olmaq, sevmək-sevilmək yanğısından doğur və biz arzu edərdik ki, bu yanğı bir az da şiddətlənsin...”

Jurnalın “Kitab rəfi”ndə İsa Muğanna, Buludxan Xəlilov,  Pərvin, Qalib Şəfahət, Əminə Tuncay, Mahir Qabiloğlu, Afaq Şıxlı, Azad Qaradərəli, Yasin Xəlil, Musa Quluzadə, Həsrət və digər müəlliflərin yeni nəşr olunmuş kitabları haqqında annotasiyalar öz əksini tapıb.

S.MÜRVƏTQIZI

 





01.09.2014    çap et  çap et