525.Az

Ədəbi düşüncələrdə, xatirələrdə közərən həmişəyaşar ömür


 

Ədəbi düşüncələrdə, xatirələrdə közərən həmişəyaşar ömür<b style="color:red"></b>

Cəmiyyət həyatında qazanılan uğurlarların ən ümdəsi, onun milli-mənəvi dəyərlərə söykənməsidir. Bu dəyərlərin yeniləşən həyatımıza təsirində ədəbiyyatın, zaman-zaman yetişən ziyalıların rolu böyükdür. Ustad yazıçılarımız da öz əsərlərində Azərbaycan həyatını, onun mentallığını, milli-mənəvi xüsusiyyətlərinin daşıyıcısı olan insanların xarakterik obrazlarını yaratmışlar. Belə yazıçılardan biri, Azərbaycan ədəbi-ictimai fikir tariximizdə özünəməxsus yeri olan yazıçı, ədəbiyyatşünas alim, pedaqoq Mir Cəlal Paşayevin fədakar xidmətləri yazıb-yaratdıqlarının timsalında özünün əbədiyaşarlığını qazanmışdır. Yaxın günlərdə filologiya elmləri doktoru, professor Teymur Əhmədovun müəllif-tərtibçiliyilə, böyük ömrün yollarını tam yeni istiqamətdən işıqlandırdığı II cilddə “Mir Cəlal” kitabı ədəbi ictimaiyyətə təqdim olunmuşdur.

İş elə gətirib ki, Teymur Əhmədovun bu mövzuda tərtib etdiyi bir sıra əsərləri, “Nəriman Nərimanov”, “Səməd Vurğun”, “Süleyman Rüstəm”, “Xəlil Rza Ulutürk” kitablarıyla tanış olmuşam. Onun 2012-ci ildə nəşr etdirdiyi “Zəlimxan Yaqub” foto-albomunu da şairin avtoqrafı ilə alandan sonra vərəqləmiş, diqqətlə nəzərdən keçirmişdim. Kitabın mükəmməl bir süjet ətrafında əsl ədəbiyyat, mədəniyyət nümunəsi olduğu, ayrı-ayrı foto-mətnlər barədə təəssüratlarımı təhlil-təqdir edərək geniş bir məqalə ilə mətbuatda çıxış etmişdim. “Zəlimxan Yaqub” foto-albomunda bir sıra ciddi, yaradıcı prinsiplərin gözlənilməsi, “ilin ədəbi hadisəsi” olması da Teymur müəllimin bu sahədə zəngin təcrübəyə malikliyindən irəli gəlmişdir. Düşünürdüm ki, eyni mövzuda, yəni bir neçə ədəbi şəxsiyyətin həyat və yaradıcılığından bəhs edən belə kitablardan sonra sonuncuda (axarıncı) özünəxaslığı tapmaq çətin olacaq. Burda oxşarlıqdan qaçmaq sadəcə mümkün olmayacaq. Amma “Zəlimxan Yaqub” foto-albomundan necə heyrətlənmişdimsə, “Mir Cəlal”la tanış olanda burda duyduğum bənzərsizlik, yenilik bütünlükdə düşüncəmi sardı. Bu mütəfəkkir yazıçının, ədəbiyyatşünas alimin, milli xarakterli hekayələr, romanlar müəllifinin belə bir formada təqdim olunması Azərbaycan ədəbiyyatı tarixinin yeni, həm də parlaq bir səhifəsidir.

T.Əhmədov burda əsərin müəllifi və tərtib edəni kimi bir sıra yeniliklərə, ilkinlərə imza atmışdır. İnanıram ki, kitabı sadəcə vərəqləyən hər kəs də onun əvvəlki işlərilə müqayisədə fərqi görərkən mənimlə razılaşacaq. Amma bu kitabı sadəcə foto-albom adlandırmaq da ən azından insafsızlıq olardı. Gələcək nəslə, yaradıcı gəncliyə örnək olacaq “Mir Cəlal”a böyük ömrün monoqrafiyası, salnaməsi, epopeyası deməklə yanaşı, kitab nəşrində ideya-məzmunu, nəfis tərtibatı, poliqrafiq icrası, möhtəşəmliyilə göz oxşayan ikicildliyi əbədiyaşar ömrün tarixi də adlandırmaq olar. 

“Mir Cəlal əslində bir xatirə kitabıdır. Həyat yolu, ədəbi-ictimai fəaliyyəti böyük olan bir insan haqqında xatirə kitabını hazırlamaq, ona olan ümumxalq sevgisini bir araya gətirmək həm çətin, həm də çox məsuliyyətlidir. Mir Cəlalın ədəbi ömrünün fiziki yoxluğundan bir qərinədən də çox vaxt ötdükdən sonra yeni və maraqlı üslubda təqdim olunması müəllif-tərtibçinin hər iki cildin ideya-məzmununa, məqsədinə apaydın təfəkkürlə yanaşması onun müəllif məsuliyyəti, tərtibçi cəfakeşliyini bütünlükdə ortaya qoyur. Elə fəslə girişində nəzərə çatdırdığı yığcam, dolğun fikirləri insanı rahat düşünməyə, Mir Cəlalın ədəbi şəxsiyyətinə həssaslıqla yanaşmağa səfərbər edir. Elmin, ədəbiyyatın münəvvərləri tərəfindən Mir Cəlalın həyatı, yaradıcılıq yolu, ayrı-ayrı əsərlərinin tədqiqilə yenidən tanış olmağın özü bir növ yaddaşa qayıdışdır.

Mir Cəlal həyatın burulğanlarında bərkdən-boşdan çıxmış, ətrafında baş verən hadisələrə ayıq yazıçı müşahidələrilə yanaşmış, əsərlərində yaratdığı silsilə xarakterləri, ədəbi dəyəri əsərlərinə gətirmişdir. Xalq ruhunun, həyatının ictimai-mənəvi problemlərini açmağa çalışmışdır.

Bəlkə də bir qədər təmtəraqlı və pafoslu səslənən bunaqədərki fikirlərin (əslində hər kəsin görüb-duyacağı) ardınca ikicildliyin yeniliklərlə dolu məziyyətlərindən bəhs etməyi məqsədə müvafiq bilirəm.

Zənnimcə, ilk söz olaraq “Mir Cəlal” ikicildliyinin struktur, forma və quruluşunun özəlliyinə diqqət yönəltmək doğru olar. Üç fəsildən ibarət olan birinci cildin mövzusu belədir: “Həyatı, mühiti, ədəbi, elmi və pedaqoji fəaliyyəti”. Adından da göründüyü kimi, burada Mir Cəlalın ömürlüyünü, irsini işıqlandıran mükəmməl baxışlar elmi-ədəbi ictimaiyyətə təqdim olunur. Həm də bu istiqamətdə hazırlanan kitablardan fərqli olaraq mövzu yeni formada, maraqlı fəsillər boyunca işıqlandırılır. Burda həm müəllif, həm də Mir Cəlal ocağının varisləri tərəfindən fəsillərə keçidi, yaxud ilk foto-mətnləri ömrün məxsusi, həssas məqamlarını, tutiya anlarını sözügedəcək fəsillərin proloqu da adlandırmaq olar. “Ədəbi-nəzəri düşüncələr” fəslinə bələdçilik məqsədilə müəllif-tərtibçi “gənclik dövründə yazıb-yaratdı”ğı əsərlərilə mətbuata gələn M.Cəlalın ilk yaradıcılıq nümunələrinin – şeir, oçerk, məqalə və hekayələrinin, yaradıcılığın böyük yoluna çıxardığı bütünlükdə əsərlərinin həyatın özündən gələn səslər kimi yaddaşlara köçdüyünü diqqətə çatdırır. “Ədəbi-nəzəri düşüncələr” Mir Cəlalın ədəbiyyata gətirdiyi çoxlu sayda xarakterik obrazlarla zəngin olan irsinə sənətkar baxışlarının mükəmməl təcəssümüdür. Məqalə müəllifləri də onun çağdaşı, müasirləri, zamanında bu yaradıcılıq yolunu izləyən, nəzəri baxışlarından keçirən dilçi, ədəbiyyatşünas, yazıçı, şair, pedaqoqdur. Bu yazıların əksəriyyətində qeyd olunduğu kimi, yazıçının əsərləri sovet dövrünün basmaqəlib ideyaları ruhunda deyil, məhz Azərbaycan həyatına, milli düşüncəyə, təfəkkürə söykəndiyindən əbədiyaşarlıq qazanmışdır. Bu səbəbdən də yazıçının elmi-ədəbi fəaliyyətinin hələ bundan sonra da tədqiqat, araşdırma obyekti olan irsinin ictimai həyatımıza qüvvətli təsiri danılmazdır. M.Arifin “Yazıçı və alim”indən başlamış bütün məqalələr çağdaşları, müasirləri tərəfindən zərgər incəliyinəcən işlənmişdir. İstər yazıçının bədii əsərlərində, istərsə də elmi-nəzəri görüşlərində qaldırdığı problemlərin həlli yolları, nəsrimizdə, ədəbiyyatşünaslıq elmimizdə milli-ictimai ağrılarımıza ciddi münasibəti layiqincə qiymətləndirilmişdir.

Bəzən cəmiyyətdə belə bir fikir də səslənir ki, yazıçını, alimi öz ailəsindən çox özgələr daha yaxşı tanıyır, dərk edirlər. Mən bu kitabda Mir Cəlal yaradıcılığının geniş təhlil və tədqiqini ortaya qoyan övladlarının, nəvələrinin xatirələri, sanballı yazılarıyla tanış olanda yazıçının sağlığında bu xoşbəxtliyi yaşadığını duydum. Filologiya elmləri doktoru, professor Nərgiz Paşayevanın “Yazıçı və zaman” məqaləsində ədibin mühitinə, yaradıcı ömrünə bunca əhatəli yanaşması insanda böyük təəssürat doğurur. Bu yaradıcılıq yolunu belə dolğun, sanballı bir təqdimatla gözlərimiz qarşısında canlandırdığına görə nəvəsi Nərgiz xanıma minnətdar olmaya bilmirsən. Burda XX əsrin əvvəllərindən başlamış Azərbaycan ədəbiyyatı və mədəniyyətinin yeni məzmun və formayla inkişafı prosesi, “Firudin bəy Köçərlidən sonra Azərbaycan ədəbiyyatı tarixini yazanlardan biri” olan Mir Cəlalın mükəmməl bir ədəbiyyat tarixi yaratdığını zənginlik və özəlliklə xarakterizə etməsi onun Azərbaycan ədəbiyyatındakı mövqeyinə yeni çalarlar, ştrixlər əlavə etmişdir. Bu təqdimat şəxsi alüdəçilik hissindən uzaq, ədəbiyyat tariximizin qanunauyğunluqları prinsipinə, tutarlı və çoxçeşidli nümunələrə söykənmişdir.

Bu fəsildə toplanmış məqalələrin hər birində Mir Cəlalın elmi-ədəbi düşüncələri, əsərlərindəki müasir insan, onun  arzuları, keçmiş kəndin ağrıları, problemləri, qəhrəmanların maddi-mənəvi, mədəni geriliklərlə savaşı, çarpışması sərf-nəzər olunur. Mir Cəlalın bütün yaradıcılığı boyu bir sıra ictimai problemləri qaldıran, onları ciddi, həm də satirik üslubda tənqid edən, bütün bu çatışmazlıqları kəsib atmağa qadir olan əsərləri böyük maraqla izlənilir. Bu məqalələrin hər birinin üzərində ayrıca dayanmadan, təhlil-tədqiqatlara, təəssüratlara, bütünlükdə ədəbi-nəzəri düşüncələrə yekun olaraq deməliyəm ki, yazıçının yüksək dəyərlərə malik xarakterik cəhətləri, təbiiliyi, mərdliyi, vətənpərvərliyi, həyatsevərliyini ifadə edən “ədəbi-nəzəri düşüncələr”i ədibin bütövlükdə irsinin öyrənilməsində səhih və mükəmməl mənbə hesab etmək olar. Bu gün bunları bir toplum halında yaddaşlarda yenidən göyərtmək elə Mir Cəlalın sənət dünyasını dərindən öyrənmək, ondan faydalanmaq deməkdir.

“Müasirlərinin xatirələrində” sənətkarın elmi-ədəbi yaradıcılığının və şəxsiyyətinin xarakterik detallarla açılması, öyrənilməsi yüksək dəyərlərə tapınır. Bu yazılarda M.Cəlalı böyük sevgi, minnətdarlıq hissilə xatırladan, mənəvi-əxlaqi dəyərlərini üzə çıxaran elə fikirlər var ki, hansı birinə diqqət etsən səni duyğulandırır. Nəriman Həsənzadənin xatirəsində belə bir cümlə var: “Mir Cəlal işığı çox sevirdi. Evə gələn kimi bütün çil-çırağı yandırardı”. Bu, zahirən bir insanın həyatda vərdiş etdiyi sadə hərəkətini xatırladır. Başqa bir tərəfdən, bunun həyatında əksini, M.Cəlalın özünün işıqlı insan olduğunu, ictimai əhəmiyyətli hadisələrə qəlbinin işığı ilə nəzər salmasını, yazıçının yaşam düsturu da adlandırmaq olar.

“Ədəbi-nəzəri düşüncələr” yazıçının həyat hadisələrini ədəbi əsərlərdə işləmə prinsipini, xarakterik obrazlar yaratmaq ustalığını ədəbiyyatşünaslıqda tədqiqat obyekti kimi nəzərə çatdırırsa, “Müasirlərinin xatirəsində” onun insani keyfiyyətləri, humanistliyi, xeyirxahlığı, alicənablığı, insansevərliyi təqdim olunur. Hər iki fəsildəki yazılar bir-birini ideya-məqsəd birliyi, fikir ardıcıllığı ilə tamamlayır. Bu yazıların məcmusunda yazıçının böyük həyat təcrübəsi, müşahidələri öyrənilir, ədəbi məhsullarına qədirdanlıqla yanaşmalar önə çəkilir.  Gözümüzün qarşısında həyatı dərindən öyrənən, onun sərt üzündən dərs alan, ağrı-acısında formalaşan, mətnləşən Mir Cəlal qəhrəmanlarının obrazı canlanır.

Mir Cəlalın ədəbiyyata, elmə mərdanə gəlişi haqqında yazılan bütün məqalələrdə həmişəyaşar fikirlər ifadə olunmuşdur. Yaradıcılığında səlis və cəlbedici təhkiyənin, zəngin və maraqlı süjetlərin, bədii detalların, güclü təsvir vasitələrinin, mənəvi-əxlaqi dəyərlərin, milli-bəşəri ideyaların, doğurduğu nəzəri düşüncələrin bir arada olması əsərlərinin bütün zamanlar üçün müasirliyini, aktuallığını göstərir. Xalq şairi Mirvarid Dilbazi çox dəqiq ifadə etmişdir: “Mən Mir Cəlal Paşayevi üç zirvənin fatehi kimi xatırlayıram: alim, pedaqoq, yazıçı. Mir Cəlal müəllim fəth etdiyi çox çətin elm zirvəsində müzəffər fateh kimi dayandı, mütəfəkkir alim kimi tanındı”. Zatən bütün yazılar məhz bu vəzifələrin üzərində kök salmış, qol-budaq atmış, şaxələnmişdir.

“Əbədiyaşar ümumxalq sevgisi” müxtəlif ünvanlardan öz işığını saçır. 100 illik yubileyilə bağlı respublikanın bir sıra ali məktəblərində keçirilən maraqlı tədbirlərdən alınmış foto-fraqmentlər və onları açan, canlandıran mətnlər fəsil boyu böyük maraqla və sevgiylə izlənilir. Xüsusən də “Gəncədən keçən yollar”ı işıqlandıran yaşantılar insanı kövrəldir. Bizi xəyalən ustad yazıçının gənclik illərinə aparır, həyatının Gəncə dövrü ilə tanış edir. Əndəlib kəndindən Gəncəyə gedən yolun üstündəki Xudafərin körpüsünun əksi – tarixin isti, kədərli səhifəsi mülayim bir meh kimi gözümüzü oxşayır. 100 illik yubiley görüşlərini müşayiət edən, yaddaşımıza sanki canlı olan həyat fraqmentləri kimi köçən bütün fotolardan aydın görünür ki, Gəncədə xalqın ziyalı oğluna böyük el məhəbbətinin işığı parlaqdır. Tədbirlərdə xalqla, oxucularla görüşdən əxz olunan fotoların maraqlı bir ideya məcmusunda sıralanması onun sanki təhlil-tədqiqini ifadə edən əhatəli mətnlərlə müşayiət olunur. Maraqlı olan da budur ki, o görüşlər, tədbirlər sanki gözümüzün qarşısında canlanır. Bu təbii ki, o görüşlərin yaddaşımıza söz-söz, şəkil-şəkil köçməsinin fərqli üslubda ifadəsidir. Burda doğmalarının gəncəlilərlə isti görüşləri, ev muzeyində olması, böyük bir salonda keçirilən yubiley tədbirində ayrı-ayrı məqamların isti görüntüləri yazıçının yazıb-yaratdıqlarına, işıqlı xatirəsinə əsl ümumxalq sevgisinin əbədiyaşarlıq nümunəsidir. Bu fotolar bizi həm də həzin və şirin, bir qədər də həsrətli xatırlamalarıyla kövrəldir. Bu xatirə kitabının əhatə etdiyi söz-fikir məcmusu, tarixi fotolar böyük ömrün yollarına düşən solmaz-itməz naxışlar kimidir. O fotolar da, onları müşayiət edən mətnlər də təbii ki, Mir Cəlalın elmi-ədəbi fəaliyyətinə söykənir.

Kitabın II cildi “Mir Cəlal: Ömrün mənalı anları” adlanır. Yazıçı ömrünün mənalı anları deyəndə təbii ki, orda böyük, unikal olan yaşantılar başa düşülür. Mir Cəlal kimi ziyalının, ədəbi şəxsiyyətin belə anlarına nəzər yetirməyimiz, kitabdan da duyduğumuz kimi, ondan öyrənəcəyimiz, görüb-götürəcəyimiz və ömrümüzün həyat manifestinə çevirəcəyimiz qədər geniş bir proqramdan bəhrələnməyimiz deməkdir. Burda da müəllif-tərtibçi I cilddə olduğu kimi özünün araşdırma materiallarını IV fəsildə qruplaşdırmışdır. Maraqlı bölümlərlə müşayiət olunan fikir karvanı “Fotosənədlər, əlyazmalar, epistolyar irs” ideyası altında işlənmişdir. Bu qədər bənzərsiz, fərqli bir qruplaşmaya və üsluba əsaslanan ikinci cildi də zövqlə və heyranlıqla vərəqləyirəm. Bu cild Nərgiz xanım Paşayevanın kitaba yığcam, həm də düşüncəmizi tarıma çəkən bir bələdçi sözü ilə açılır. Bu dəyərli fikirlərin məntiqi davamı olaraq, Mir Cəlal Paşayevin 2008-ci ildə Parisdə, YUNESKO-nun iqamətgahında 100 illik yubileyi münasibətilə keçirilmiş möhtəşəm tədbirdən alınan dəyərli fotolar işıqlandırılmışdır. YUNESKO-nun baş direktoru Koişiro Matsuura və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çıxışları, Mir Cəlalın həyat və yaradıcılığından bəhs edən filmin nümayişi, “Könül dolusu musiqi” adlı konsert proqramının nümayişi və mərasim iştirakçılarının bunları heyranlıqla izləməsi, bir azərbaycanlı kimi bizi qürurlandırır.

“Ömrün mənalı anları” təravətli, qiymətli, əziz və dəyərli olan həyatın, bu həyatı yada salan zəngin təəssüratların, tarixi əhəmiyyətli məlumatların təsiri, əksi ilə süslənib. Böyük ömür epopeya tipli romanlar kimi insanı öz cazibəsinə alır, gözdolusu görmədən, bu tarixi epopeyanı oxuyub başa çıxmadan səni ayrılmağa qoymur. Axı, bu ədəbi ömrü gözümüz qarşısında canlandıran, bizi həzin, duyğulu xatirələrlə baş-başa qoyan fotosənədləri, əlyazmaları, epistolyar irsi ilk dəfə olaraq belə bir tamlıq, bütövlükdə gözümüzün qabağında sərgiləyən, ruhən özünə bağlayan nümunələrə yaxın olmağı və həyat yollarında onlardan böyük dəyərlər əxz etməyi kim istəməz?

Mir Cəlalla Püstə xanımın böyük mənalara sığan ömrü, birgə həyatlarının saf meyvələri olan övladlarının kökə, nəslə gətirdikləri başucalığı, cəmiyyətdəki mövqeləri Mir Cəlal müəllimin mədəniyyətinin, mənəvi-əxlaqi zənginliyinin fiziki və mənəvi varislərinin həyatında davam etdirilməsi, yaşamasıdır.

“Ömrün mənalı anları” fəsli ağsaqqal, nurani bir insanın şəklindən başlayaraq, 17 yaşından son günlərinə qədər mənalı keçən həyatına, ictimai və əmək fəaliyyətinə işıq salır. Ədibin gəncliyi, yeni həyat uğrunda çarpışmaları, arzuları, bütün bunların əsərlərində təcəssümü özünün məntiqi ifadəsinə tapınır. Klassik irsimizə göstərdiyi qədirdanlığı, ədəbiyyat tariximizin araşdırılması, bütün bunların  timsalında mənalı, faydalı bir ömür yaşaması həm də fotoların  fonunda yeni, maraqlı bir formada təqdim olunmuşdur. Burda müasirlərinin Mir Cəlal şəxsiyyətinə ehtiramından doğulan sətirlər fotoları dolğunluqla təqdim edir. Bu şəkillər yazıçı-alimin ictimai-ədəbi mühit içərisində yaşadığı ömrü gözlərimiz önündə canlandırır, həm də onu əhatə edən ziyalılarla yaşanmış ömrə bir tarixi ekskurs təsiri bağışlayır. Kimlər gəldi, kimlər keçdi bu ömürdən... İllər, qərinələr ötdükcə fotolar tarixiləşir və özlüyündə böyük dəyərlər yaşadır. O fotolar münəvvər insanların, görkəmli ziyalıların, ədəbi şəxsiyyətlərin həyatının nişanəsidirsə, o zaman bu tarixi dəyərlərin nə qədər qiymətli olduğunu daha dərindən anlayaq gərək.  

“Həyatımda yaratdığım ən böyük əsərim – ailəmdir” fəslində bir nümunə sayılacaq fikri böyük, həm də çox mənalarda ifadə edən Mir Cəlalın ailə sərvəti Azərbaycan ailəsinin malik olduğu mənəvi-əxlaqi dəyərləri özündə ehtiva edir. Kökü Mir Cəlal və Püstə xanım olan bu ailə haqqında yüz eşidib-bilsək də, onu fotolardan, incə məqamları, övlad-valideyn bağlılığını açan mətnlərdən oxumaq daha təsirlidir. Maraqlıdır ki, onun ilk səhifələri hər ikisinin portret fotolarından sonra Püstə xanımın həyat tarixçəsilə davam etdirilir. Bu da ikicildliyin məram və məqsədinə köklənmiş ideyanın bir maraqlı əksidir. Ailə əsərinin obrazları kökün mənəvi dəyərlərini yaşadan ağıllı, cəsarətli övladlardır. Taleyin xoş bir məqamında qoşalaşan ömrün içində bu kök barlı-bəhərli ağac kimi qol-budaq atdı, böyüdü. Bu qol-budağın hər biri özlüyündə kökün nəcibliyini, əxlaqını, mənəvi varidatını hifz edərək ailənin şərəfini uca tutmağı bacardı.

“Mir Cəlalın əsərlərinin səhnə həyatı”. Burda tərcümə və təbdil etdiyi, həm də özünün əsərlərinin səhnə həyatına dair, elm-sənət adamlarının, aktyorların, sənətşünasların xatirəsindən qısa fikirlər, eləcə də afişaların fotoları da yer alıb.

“Şəxsi arxivindən əlyazmalar”da bu nümunələrin yer alması da kamil bir ömrün daim yaradıcılıq axtarışlarında olduğunun bir başqa istiqamətdən görünməsidir. Elmi rəy və ədəbi qeydlərdən götürülmüş bu nümunələr onun çoxşaxəli yaradıcılığının bir qolu kimi bizdə böyük təəssürat oyatdı. Elə haqqında rəy, fikir söylədiyi şəxsiyyətlərin adlarına göz yetirəndə Mir Cəlal yaradıcılığının diapozonu da insanı düşündürməyə bilmir.

Mir Cəlalın epistolyar irsi də ilk dəfə bu kitabda üzə çıxarılmış, ədəbi ictimaiyyətə təqdim edilmişdir. “Epistolyar irs: ünsiyyətin canlı şahidi” fəslində verilən yazışmalarda nostaljilərə boylanmaq, doğmalığın hərarətli çağlarını duymaq qədər gözəldir, misilsizdir. Burda məni Mir Cəlalın ömür-gün yoldaşı Püstə xanıma uzaq Novosibirskdən yazdığı bir məktubu çox kövrəltdi. Ondan kiçik bir parçanı sitat verməyə bilmirəm: “... Gözüm balalarımızı axtarır. Qulağıma Arifin, Elmiranın səsi gəlir. Elə bilirəm bu saat Əliş səslənəcək, məni çağıracaqdır. Yəqin Hafiz yeriyir. Rəna onu tutub gəzdirir. Ailəmizin xoşbəxt saatları – axşamüstü hamımızın bir yerdə deyib-güldüyümüz yadıma düşür. Deyirəm əsl həyat, əsl səadət odur. Mən bir də o saatlara qovuşmaq, bir də balaları başıma yığıb şən uşaq səsləri şəraitində nahar eləmək, demək-gülmək həsrətilə yaşayıram”. Bu, yazıçının “Həyatımda yaratdığım ən böyük əsərim – ailəmdir”, fikrinin həqiqi ifadəsi, əksidir.

Böyük bir zaman tarixini gözümün önündə canlandıranda fikir verirəm ki, mənim də daxil olduğum nəsil, 1978-ci ilə qədər Mir Cəlalın nə qədər tələbəsi olub, bu mütəfəkkir insan nə qədər vətəndaş, müəllim, alim yetişdirib. Özünün malik olduğu keyfiyyətləri neçə-neçə nəsillərə ötürüb. Onu da görürəm ki, ədəbiyyat tariximizin nə qədər tanınmış simaları varsa, əksəri onun məktəbini keçmiş, ondan dərs almış, onun həyat fəlsəfəsinə bir köynək yaxın olmuşlar. Onların hər birində Mir Cəlal təfəkkürünün işığı var.

Fotolar da özlüyündə böyük bir tarixi yaşadır. Baxdıqca insanı xəyal qanadlarında ömür qatarının içiylə aparır, nələr yada düşmür, xatırlanmır. Çətin, həm də mübarizələr dolu yaşamlar, ictimai hadisələr gözlərinin qarşısından kino-lenti kimi ötüb-keçir. Mir Cəlal adlı ömür də bu fotoların timsalında xatırlanır, araşdırılır, öyrənilir, bir örnək olaraq nəsillərin yaddaşına ötürülür. Burda bir daha xatırlatmaq yerinə düşür ki, bu fotoları tarixinə, fikir-ideya ardıcıllığına görə qruplaşdırmaq tərtibçidən xüsusi həssaslıq, diqqət tələb etmişdir. Axı oxucu əlinə aldığı, nəzər yetirdiyi, izlədiyi belə kitablarda da bitkin və maraqlı olan süjeti görməyə, duymağa maraqlıdır. Şübhəsiz, araşdırılıb üzə çıxarılan böyük bir ədəbi sərvəti tədqiq edərək cilalı, məzmunlu, mədəni dəyərlərin məcmusu səviyyəsində təqdim etmək asan olmamışdır. Müəllif-tərtibçi qeyd etdiyimiz xüsusiyyətləri, vacib şərtləri məsuliyyətlə, bacarıqla ərsəyə gətirib. Təqdim olunmuş böyük ömür yolu əvvəldən axıradək öz nizamı, axarıyla işıqlandırılıb. Cəmi 70 ilə sığan bir ömrün əziyyətləri, ədəbi ictimai fəaliyyəti o qədər böyük və ibrətamizdir ki...  

 





01.09.2014    çap et  çap et