525.Az

Dünyanın qapıları


 

Dünyanın qapıları <b style="color:red"></b>

Dünyanın qapısı hayandadı görəsən, neçədi görəsən, necədi görəsən? Böyük Füzuli birini bilirdi; bu kədər qapısıydı, bu ölümə açılan qapıydı və o qədər alçaq idi ki, belini əyməliydin dünya evinin bu qapısından keçməyə... Neçə yüz il idi ki, söz adamları dünyanın ancaq bir qapısını – Füzuli qapısını tanıyırdı. Lap elə dəqiq elmlərdə olduğu kimi qəfil və gözlənilməz oldu. Dünyanın başqa bir qapısı da varmış. Və bu qapını gör neçə yüz il sonra bir az bəstəboy, bir az qaradinməz, lakin ürəyi işıqlı sevgilərlə dolu olan, hələ ki, böyüklüyünü çoxlarının etiraf edə bilmədiyi Ələkbər Salahzadə tanıtdı, lap dəqiqi “kəşf elədi”. Nyutonla  Eynşteyn + Lütfizadəni xatırladan bir məqamdı...

 

...Bu qapı işıqlı həyəcanla dolu; gələcəyə, uçduqca uça bildiyin sonsuzluqlara, dünyanın ölümsüzlüyünə açılırdı... Və şair bu qapını hamıya tanıtdı və ya hamıya dünyaya açılan öz qapısını tanıtdı...

 

... Onda bir qız dayanmışdı dünyanın qapısında...

 

Heç bir izahata ehtiyac yoxdur. Sadə və böyük həqiqət...

 

...Hamı bu dünyaya Ələkbər Salahzadə qapısından girib Məhəmməd Füzuli qapısından çıxır.


lll

 

Bu gün

dünən olacaq,  

mən qaldığım günlərdən

bir səs belə dönməyəcək.

 

Bu misralar 1969-cu ildə yazılıb. Şairin cavan vaxtlarında. Sadə adi həqiqətin daxili kədərli bir lirizmlə dolu ifadəsi.., həm də daxilində, adamın canına yayılan bu kədərin içərisində həll olunmuş ümid dolu ifadəsi... Amma yox. Dünyada yeganə bir səs var ki, o həmişə qayıdır. Bu böyük şairlərin sözə çevrilmiş səsidir... Elə bu kədərli misraların içərisindəki ümid də budur... Lap minilliklərin o tayından da qayıdan səs...

  

lll

 

1962-ci ildə yazılıb;

 

...Nə qədər qələm çalan

Əsrin ortalarında.

Əsrin havası çatmır

Şeirin ortalarında,

Nəsrin ortalarında...

 

O vaxtdan çox şey dəyişib, çox şey.., bircə bu misraların əsəbi və böyük həqiqətindən savayı..

lll

 

Ələkbər Salahzadə hələ çoxlarının dərk etmədiyi şairdir.

 

 – Şairlərin şairidir.

 

 – Ədəbi tənqidin gücü çatmayan şairdir.

 

– Meyar idi, indi o meyar yoxdur.

 

– Dərk edənlərin azlığı ucbatından əsl qiymətini vaxtında almayan şairdir.

 

Bunları nüfuzlu söz adamları deyiblər...

 

Amma vaxt keçir...Özü demişkən (onda cəmi 20 yaşındaydı):

 

 

...Vaxt keçir,

                        vaxt keçir

Yağış daş döyəndə də,

Yaltaq baş əyəndə də...

 

lll

 

Nəsə babat bir şey yazmaq istəyirdim. Amma alınmadı. Böyük şairin sambalı qarşısında alınmadı.

 

lll

 

İş ki, belə gətirdi bu yerdə mən bu şəxsin nə qədər təmiz, təmənnasız olduğu barədə bu günlərdə eşitdiyim bir əhvalatı danışım.

 

Televiziyada onun haqqında veriliş gedirdi. Şairin yeniyetməlik dostlarındanıydı danışan (yazıda heç kəsin adını çəkmədiyimdən onun da adını çəkmirəm, inciməz).

 

Bu qələm əhlinin həmişə ağıla gəlməyən qəribə söhbətləri olur. Deyir ki, bir gün bir neçə nəfər qələm adamı oturmuşduq “mənəm deyən” restoranların birində. Qab-qaşıq düzülmüşdü. Bunların arasındakı büllur fujerlər öz təmizliyi ilə adamı heyran qoyurdu. Birdən dostlardan biri bir fujeri əlinə götürüb çox diqqətlə baxdı və gözlənilməz sual verdi:

 

– Görəsən bu büllurun təmizliyini nə ilə müqayisə etmək olar?

 

Hamı susub fikrə getdi... Birdən başqa bir dost sevincək dedi: tapdım, ancaq Ələkbər Salahzadə ilə...  
 





01.09.2014    çap et  çap et