525.Az

Ömrün görüşə bilmədiyimiz birinci yayı


 

Ömrün görüşə bilmədiyimiz birinci yayı<b style="color:red"></b>

Artıq neçə ildir yay aylarını Yessentukidə keçirib Bakıya qayıdanda məni qarşılamağa gələn  kürəkənim Samirə elə hava limanında ilk sualım bu olur:

 – Bizi itirib axtaran olmayıb?

 – Tofiq abi zəng eləmişdi, səni soruşurdu, Samir deyir.

  Baqaj, keçid prosedurlarından sonra maşına əyləşib baş yola çıxır və “Bakcell” bağlantısının bərpa olunmasını gözləyirəm. Bağlantı alınan kimi ona zəng vururam: “Salam abi”. Bir az duruxur, sonra səsimi tanıyan kimi: “salam, deyir. Xoş gəlibsən bəy əfəndi, həmişə evdə-eşikdə”.

 –Necəsən, abi, uşaqlar, nəvələr necədir?

 –Yaxşıyıq, qurban olum, yaxşıyıq...

  İlahi, həmin cod və şaqraq səs... 40-50 il bundan əvvəl necəydisə, indi də elədir. Bir qram dəyişib-eləməyib. Cavan vaxtı dilində “qurban olum” ifadəsi yox idi, yaşa dolandan sonra bu sözü işlətməyə başladı. Cavan vaxtı o kiməsə nəinki “qurban olum” deyər, əksinə, çənəsinin altına bir kimsə düşsə onu həmin cod, şaqraq səs və cığal öcəşmələri ilə axıra qədər qovardı. Bizdən yaşlı olduğundan, ya nədəndi, ondan bir azda çəkinərdik. Başqa bir məsələ də onun o vaxtlar dəmir yolu stansiyasının yaxınlığında, Mir Bəşir Qasımov küçəsində kirayələdiyi bir ev var idi ki, biz bazar günləri Tofiqin bişirdiyi dadlı-ləzzətli mərci şorbasının qonaqlığına təşrif aparardıq. Amma mən onu lap birinci dəfə gördüyüm günü yaxşı xatırlayıram. İndiki İstiqlaliyyət küçəsindəki “Narxozun”binası o vaxt Universitet binası idi. Binanın birinci mərtəbəsində, yeməkxanaya gedən tərəfdə foye var idi. Bİz tez-tez həmin foyeyə toplaşıb söhbətləşər, nəsə boş-boş mübahisələr edərdik. Birinci, ya ikinci kursda oxuyurduq. Bir dəfə mən, həmin qızğın mübahisələrdən birinin üstünə çıxdım. İki əlinin ikisi də şalvar cibində, geyindiyi gödək plaşın kəmərini möhkəm düyünləmiş bir oğlan universitetdə yaxşı tanıdığımız, hələ orta məktəbdə ikən Nəbi Xəzridən “Uğurlu yol” alan Səyavuş Sərxanlı ilə mübahisə edirdi. Səyavuş-klassik şeir formalarının üstünlüklərindən danışır, tərəf-müqabilini Azərbaycan şeiri üçün bu yolun məqbul olduğuna inandırmaq istəyirdi. Aşıq Alıdan, Ələsgərdən misralar deyirdi. Tanımadığım oğlan isə bunların “boş şey” olduğunu, sərbəst şeirin hecanı, qafiyəni, standart vəznləri vurub sıradan çıxaracağını bildirir, yeri gəldikcə o da tez-tez Nazim Hikmətin, Rəsul Rzanın adını çəkirdi. Mübahisə gedir və tanımadığım oğlan tədricən üstünlüyü ələ alırdı. Buna başlıca səbəb onun o cod, şaqraq səsindəki üstünlükləri idi. Səyavuş ətrafından keçənlərin diqqətini cəlb etməsin deyə nə qədər asta-sakit danışırdısa, bu oğlan ətrafı-filanı vecinə almayıb səsinin tonunu bir az da qaldırırdı. Çox keçmədi Səyavuş əlini yelləyib uzaqlaşdı. Mən, maraqla bu oğlanın kim olduğunu soruşanda o, “nə bilim Tofiq Abdinovdu, kimdi” dedi. Başa düşdüm ki, “ədəbi imkanları” bizə nisbətən bir az artıq olan Səyavuş Sərxanlı mübahisədə uduzmuş tərəf kimi pərtliyini gizlədə bilmir.

Sonra biz onunla Sabir adına kitabxanadakı şeir dərnəyində yaxından tanış olduq. Elə ilk tanışlığımızdan aramızda isti münasibət yarandı. Tofiq Abdin Salyan rayonunun Qırmızıkənd kəndində anadan olsa da, özünü oralı hesab etmirdi. Onun atası, ya babası Ərdəbildən köçüb əvvəlcə Cəlilabadda məskunlaşmış, sonra Qırmızıkəndə gəlmişdilər. Mənim də babalarım ərdəbilli idi. Yaxınlıq məsələsinin bir tərəfi bu, başqa tərəfi isə Tofiqlə mübahisəyə girişməməyim, əgər belə hal yaranarsa, tez bir zamanda təslim olub “ağ bayraq” qaldırmağım idi. Tofiq mübahisələrdən udmuş tərəf kimi çıxmağı xoşlayırdı. Dərnək üzvləri arasında “xüsusi imtiyazlar” əldə etməyi də bu höcətliyinin nəticəsi idi. Kim şeir oxuyurdusa, dərnək rəhbəri Ağacavad Əlizadə əvvəlcə bir neçə gənc şairin fikrini öyrənir, ən axırda Tofiq Abdinin “möhtərəm” rəyinə qulaq asıb son söz deyirdi. Bu son sözdə təbii ki, Tofiqin rəyi əsas rol oynayırdı. Yadımdadır ki, Salyandan olan Ağacavad Əlizadə Tofiqin təklifi ilə digər salyanlı şair Əliağa Kürçaylının kitabxanada yaradıcılıq gecəsini təşkil elədi və məruzə də Tofiq Abdinə etibar olundu.

Xülasə, mənim Tofiq Abdinlə mübahisəyə girişməməyim etiraf edim ki, ilk növbədə mənim özümə sərf eləyirdi. Çünki kitabxanada şeirləri təriflənən gənc şairlərin siyahısında mənim də adım var idi, hansı ki, Tofiqin bu və ya digər mənfi rəyi bu siyahıları ləğv eləmək imkanlarını daima özündə saxlayırdı.

Mir Bəşir Qasımov küçəsində kirayələdiyi ev balaca, isti bir otaqdan ibarət idi. İsa İsmayılzadə, Abbas Abdulla ilə həmin evdə tanış olmuşdum. Universitetdən tanıdığım Mövlud Süleymanlı, dərnəklərdən tanıdığım Vidadi Paşayev, Vidadi Məmmədovla bu evdə tez-tez görüşürdük. Bazar günündə isə mərci şorbasının qonaqlığına Seyran Səxavətlə yollanırdıq. Tofiq Abdin son dərəcə yüksək qonaqpərvərliklə balaca evin qapısını üzümüzə açırdı. Əldən-ayaqdan gedirdi. Şorbanı yarımçıq içəndə irad tutur, bizim aramızda ən yaxşı geyinən, savadlı, yüksək intellekt sahibi Vidadi Paşayevi misal gətirir, onun şorbanı necə ləzzətlə, axıra kimi içdiyini təsvir eləyirdi. Bunun mənası o idi ki, Vidadi o işi görürsə, siz nə karəsiniz, görməyəsiniz. Tofiqin evində özündən başqa deyəsən burada daimi yaşayan Tanrıqulu ilə də tanış olmuşduq. Qısaca “Tanqo” çağırırdılar. Jurnalistikada oxuyurdu. Qaraqabaq adam idi. Siqareti siqaretin oduna yandırıb ən çox İsa ilə şahmat oynayardı. Xeyli sonralar bildik ki, Tofiqin evində nəsə bir gizli siyasi dərnək də fəaliyyət göstərirmiş. Tofiq nisbətən cavan dostlarından, məsələn, məndən dərnək məsələsini gizli saxlayıb.Dərnəyin əsas təşkilatçısı Tanqo imiş. Ya bizi ona qatmaq istəməyib, ya da ağzıbütövlüyümüzə inanmayıblar.

O, şəxsi həyatından tutmuş yaradıcılığına kimi təpədən-dırnağa orijinal adam idi. Qeyri-standart geyiminə ömrünün axırına kimi  sədaqətli qaldı; cins şalvar, dama-dama köynək, nazik, yaxud qalın gödəkçə, krassovka... Qaməti şax, yerişi iti. Səsinin tonu da yuxarıda ərz elədiyimiz kimi şaqraq, cingiltili. Ürəyindən keçəni adamın üzünə deyirdi. Ancaq bu orijinallıq ona heç də hər yerdə xeyir gətirməmişdi. Özü söhbət eləyirdi. Anar atası Rəsul Rzadan gənc istedadlı şair Tofiq Abdinə Ensiklopediyada bir iş verməsini xahiş edir. Yaradıcılığına dərin hörməti olan, onu dünyada özünə ustad sayan gənc şair fikirləşir ki, Rəsul Rzanın hüzurunda özünü nə qədər orijinal aparsa, bu, yalnız işin xeyrinə olar. Deyirdi, ustadın uzun, zəhmli kabinetinə daxil olub becit addımlarla ona yaxınlaşdım. Əllərim cibimdə ayaq üstə dayandım ki, cəsarətimi, orijinallığımı görüb Rəsul müəllimin ürəyində mənə rəğbət yaranacaq, yaxşı qarşılanacam. Amma belə olmadı, ustad mənə tərs-tərs baxıb “əllərini cibindən çıxart” dedi. Get, nəsə fikirləşib çağırtdırarlar”.

Tofiq kor-peşiman kabinetdən çıxır və onun Ensiklopediyada iş məsələsi alınmır.  Amma o, işə girir. Anar “Qobustan” jurnalında Tofiq Abdini şöbə müdiri vəzifəsinə gətirir. Və burada, “Qobustan” da gənc şairin publisistik istedadı üzə çıxır, yaradıcılıq imkanları genişlənir. Tezliklə Azərbaycan jurnalistikasına geniş oxucu kütləsi tərəfindən sevilən, mütəxəssislər tərəfindən yüksək qiymətləndirilən bir imza daxil olur.

Tofiq Abdin publisistikamıza yeni nəfəs gətirmiş qələm sahibidir.  Ən maraqlısı bu idi ki, 70-ci illərdə, Sovet dövründə yaranmış jurnalistikanın əski ənənələrindən bacarıqla imtina edən qələm sahibləri arasında mənim fikrimcə ikisi daha tez  nəzərə çarpdı; Tofiq Abdinlə Səyavuş Sərxanlı... Onlar sanki neçə illər qabaq universitet foyesində başladıqları yaradıcılıq mübahisəsini indi başqa müstəvidə- Qələm və İstedad yarışında davam etdirirdilər. Nəhayət biz-jurnalistikada çalışanlar Sovet dövrü oçerklərinin robot ömrü yaşayan qəhrəmanları əvəzinə başqalarını görə bildik. Öz xarakteri, öz dərd-səri, sevinci, toyu-düyünü, həyat büdrəmələri, çətinlikləri, iztirabları olan insanlar gəldi publisistikaya. Bu qəhrəmanlar açıq danışdılar, real hadisələrə fəal müdaxilə etdilər, çərçivədən, şablondan kənara çıxdılar. Tofiq Abdinin, Səyavuş Sərxanlının, bir az sonra Məmməd Orucun, Azər Abdullanın və başqalarının Sovet dövrünün basmaqəlib publisistikasına müdaxiləsi bu qəhrəmanlarla yadda qaldı. Teatrşünas-jurnalist kimi Tofiq Abdin görkəmli sənət adamlarından-teatr və incəsənət xadimlərindən yazılar yazırdı. Onun ilk müsahibə və oçerklər toplusu – “Etüd” 1969–cu ildə çap olundu və dərhal publisistikamızda əsl hadisəyə çevrildi.

Rejimin ciddi dövründə belə bir cəsarətli kitab buraxdırmaq çətin məsələ idi, nə yaxşı ki, həmin kitabdakı yazıları ilk öncə “Qobustan”ın baş redaktoru Anar senzorların dar keçidlərindən keçirib öz dərgisində çap etdirmişdi. Anar yazarlara qoruq-qadağa qoymurdu, özü daha yaxşılarını yazır, redaksiya əməkdaşlarını da cəsarətli yazılar yazmağa ruhlandırırdı. Mübaliğəsiz deyirəm Tofiqin “Bəlkə bir də görüşdük”, “Günlər Bəşirsiz keçir”, “Dövlət çevrilişi”, “Onların dünəni” və başqa kitabları Azərbaycan jurnalistikasının şedevrləridir.

Amma özü çətin həyat yaşadı. Türkiyədə – Konsulluğumuzda kiçik məmur vəzifəsindən vətənə özü ilə bir az pul gətirmişdi. Həmin pulla Qara Qarayev metrosu həndəvərində, 9 mərtəbəli binanın 9–cu mərtəbəsindəki 3 otaqlı mənzilini alababat təmir elətdirdi. Oğul evləndirib, qız köçürtdü. Sağ olsun köhnə dostlar, Tofiq Abdin şəxsiyyətinin, yaradıcılığının qədir-qiymətini bilənlər. Yazıçılar Birliyi az məvaciblə olsa da onu işsiz qoymadı. Mənə həmişə iki adamdan – Aqil Abbasla Rəşad Məciddən razılıq eləyib. Bu iki qələm sahibi, iki əla redaktor Tofiqə xüsusi qayğı, diqqət, ehtiram göstərirdilər. “Ədalət” və  “525-ci qəzet” Tofiq Abdinə xüsusi səhifələr ayırmışdı. Ona imkanları daxilində qonorar verirdilər. Tofiq ömrünün sonuna kimi bu qəzetlərlə əməkdaşlıq elədi. Əməkdar Mədəniyyət İşçisi fəxri adı alanda onu təbrik elədim. Dedi, məni yox, Rəşadı təbrik elə, onun xidmətidir, yuxarıda məsələ qaldırıb, buna nail olub.

Gərək ki, Tofiqin 65 yaşı tamam olan ərəfədə Aqil Abbasın ondan götürdüyü müsahibəni oxumuşdum. Tofiq Aqilə razılığını bildirir, deyir ki, sağ olun mənim yazılarımı dərc edirsiniz. Əvəzində Aqil “sən sağ ol deyir, sağ ol ki, bizə yazı verirsən” .

Yaxşı qiymətdir, daha yüksək qiymətlərə layiq idi. Mən inanıram ki, ya Aqil Abbas, ya   Rəşad Məcid bir az yüksək vəzifələr tutsaydılar, Tofiq Abdini məsələn, universitetlərdən birindəki jurnalistika fakultəsinə bir yaxşı işə göndərərdilər. Tofiq Abdin zəngin jurnalist həyatı yaşamışdı. Azərbaycan incəsənətinin dahi şəxsiyyətləri ilə görüşüb onlardan müsahibələr almışdı, türk ədəbiyyatına, poeziyasına məqalələr həsr etmiş, tədqiqatlar, araşdırmalar aparmışdı. Azərbaycan realist publisistikasının əsasını qoyanlardan biri idi. Çoxillik və çox sahəli yaradıcılığından, saysız-hesabsız yazılarından nümunələr gətirmək olar- onlardan birini – “Oralarda kimlər var” layihəsini xatırlamaq kifayətdir. Tofiq əsl ziyalı xeyirxahlığı və fədakarlığı ilə ədəbi aləmin diqqət və qayğısından kənarda qalan, bu və ya digər səbəbdən ədəbiyyatda uğur qazana bilməyən, öz istedadı və yarımçıq ədəbi fəaliyyəti ilə baş-başa verib taleyindən küsən, yaxud həyatın olacaqlarına boyun əyən neçə qələm sahibini yaxından-uzaqdan, mərkəzdən-əyalətdən, (oralardan-buralardan) tapıb onlara səhifə həsr elədi, onlara ruh yüksəkliyi, yaradıcılıq eşqi verməyə çalışdı.

Zəngin jurnalistika təcrübəsini gənc öyrəncilərə töhfə verə bilərdi. Ali məktəb auditoriyalarında oxuyacağı mühazirələrin əhəmiyyət dairəsi şəxsən mənə xeyli geniş görünür. Xarici ölkələrdə Tofiq kimiləri gündüz çıraqla axtarırlar. Bunlar olmadı. Tofiq Abdin beş-on manat qonorar naminə ömrünü bilgisayar qarşısında başa vurdu.

Bakıya getməzdən bir gün əvvəl ona zəng vurub harada, necə görüşəcəyimizi soruşardım. Bir dəfə kefinin kök vaxtı idi. Zəng vuranda “əla, dedi, sabah saat 12-də səni Qara Qarayev metrosunun yanında restoran var, “Praqa” restoranı, orada gözləyəcəyəm”. “Praqa”, “Restoran”-bir az təəccübləndim, “abi, dedim, nə bəd xərclik edirsən”. “Gələrsən, baxarıq, görək neynirik” dedi.

Səhərisi gün deyilən vaxtda “Praqa” restoranını tapdım, böyür-başına göz gəzdirdim, abi orada yox idi. Birdən haradansa səsi gəldi:

– Pah atonnan, mən restoran dedim, sən də inandın.

“Praqa”nın yanında gəzə-gəzə kafe kimi kasıb bir yerə apardı məni. “Bizim restoranımız buradır, dedi, yaxşı qutab verirlər”. Mən ağzımı açıb “Praqa” demişdim ki, sözümü kəsdi:

– Səməd Vurğun təpəni dağa oxşada bilir, biz qəlyanaltıxananı restorana oxşada bilmirik?

Oturduq. Bir azdan onun daimi stol yoldaşları – Akif Qəhrəmanlı, Aslan Qəhrəmanlı, Nemət Veysəlli, daha başqaları da gəldilər. Həqiqətən yaxşı qutab verirdilər. Əla məclis alındı və həmin heyətlə belə məclislər təkrar olundu. Ən çox işlədiyi Tərcümə Mərkəzində ikinci mərtəbədəki kabinetində görüşürdük. Vaxtında işə gəlir, kabinetin qapısını açır, kondisioneri işə salır və əlini qəfədana aparırdı.

– Səhər-səhər yol gəlibsən, sənə bir çay dəmləyim.

Başlayırdım xahiş eləməyə:

– Abi, burda adamın ürəyi sıxılır, düşək təmiz havaya, “525”lə üzbəüzdəki çayxanaya.

 Xətrimi istədiyindən etiraz eləmirdi. Və həmin çayxanada onun son illər ölüm haqqında xeyli fəlsəfi fikirlərini dinləməli olmuşdum. Qarşı səkidən ora-bura tələsən adamları göstərib deyirdi: “Bu adamları görürsən? Fikirləşəndə ki, əlli ildən sonra onlardan bircəciyi də sağ qalmayacaq, adam dəli olur”.

Başqa vaxt: “Adam ölümqabağı nəynənsə məşğul olmalıdır ki, darıxmasın”. “Mən fikirləşirəm ki, ən yaxşısı ibadətdir, o dünyaya hazırlaşmaqda bundan da yaxşı yol görmürəm” – deyir və hiss edirdim ki, darıxır, səbəbini də bilirdim. Yaxınlarda ağır xəstəlik keçirdiyindən sağlamlığına etibarı azalmışdı. Bir az sonra ikilikdə Bilgəh sanatoriyasında dincələrkən onun darıxdığını daha aydın gördüm. Putyovkanı o tapmışdı, ikimiz bir odada qalırdıq. Soyuducuya hər şey, o cümlədən növbənöv içkilər yığmışdıq. Dənizin sahili, hava əla... Əslində hər şey yaxşı olmalı idi. Odada stol açıb deyirdim, abi, burda ikimizik, əlimizə-ayağımıza dolaşan yoxdur. Əməlli-başlı oturaq, cavanlığı-filanı yada salaq.

Əvvəl razılaşırdı. Sonra özünün içki həddi başa çatanda nəisə bəhanə eliyib aradan çıxır, məclis alınmırdı. Bunlar darıxmağın nəticəsi idi. Birdə görürdün xanımına adi şeylərdən ötrü dönə-dönə zəng eləyir, bir az əvvəl verdiyi məsləhəti təkrarlayırdı. Dəhşətli dərəcədə ailəcanlı adam idi, evdən-eşikdən, övladdan sarı daimi nigarançılıq hissi canına hopmuşdu.

 Tofiq abinin ölümünü mənə “Respublika” qəzetinin şöbə müdiri, iş yoldaşım Elxan Hüseynbəyli dedi. İnanmadım. O şux yerişin, şaqraq, cod səsin, yeni dəb geyim-keçim sahibinin hələ xeyli yaşayacağına məndə əminlik var idi. Telefonuna zəng elədim, Gülnaz xanım cavab verdi:

– Kimdir?

– Mənəm, Tofiqdir, dedim. Eşitmişəm...

– Düz eşidibsən.

Telefon qapandı. Vəssalam.

...

Hava limanından Baş yola keçdik. Telefona baxdım, “Bakcell”in bağlantısı bərpa olunmuşdu. Samir dinmirdi, ikimiz də susurduq.      

 





01.09.2014    çap et  çap et