525.Az

Ədəbiyyatımızda “Don Xuan” mövzusu


 

Ədəbiyyatımızda “Don Xuan” mövzusu<b style="color:red"></b>

Özünəməxsus yazı üslubu, janr xüsusiyyəti, təhkiyə üsulu olan Qaraçuxa (Elçin Hüseynbəyli) ədəbiyyatımızın 90-cılar ədəbi nəslinə mənsubdur. Hərçənd bu bölgü ilə Qaraçuxanın razılaşıb-razılaşmayacağından əmin deyiləm. Çünki 60-cılar, 80-cilər adlanan ədəbi nəsil mövcud olsa da, 90-cılar ədəbi nəsli ifadəsinə rast gəlməmişəm. Amma onu da qeyd edim ki, 80-cilərin heç biri 60-cıların səviyyəsini ötüb keçə bilməsə də, 90-cılar, xüsusən də Qaraçuxa 80-ciləri çoxdan ötüb keçə bilib. Elə bu özəlliklə də bədii nəsrimizi bir sıra gözəl əsərlərlə zənginləşdirmişdir. Onun yaradıcılığında tarixi mövzuda yazdığı “On üçüncü həvari-141-ci Don Juan”  romanı xüsusilə fərqlənir.

 

Öncəliklə qeyd edək ki, roman janrı bir nəsr nümunəsi kimi daha çox bədii təxəyyül məhsulu olsa da,  tarixi romanlarda bu, istisnalıq təşkil edir. Belə düşünürəm ki, tarixi romanlarda daha çox tarixilik gözlənilməlidir. O anlamda ki, tarixi bilməyən oxucu hər hansı bir tarixi bədii əsərdə hansı hadisənin tarixi fakt, hansının təxəyyül  olmasının fərqinə varmaz. Əsərin mövzusu 1598-ci ildə I Şah Abbas tərəfindən Osmanlı imperiyasına qarşı müttəfiq axtarmaq məqsədi ilə Avropaya göndərilmiş elçiliyin iflasa uğraması və İspaniyada ada qalaraq bir daha vətənə dönməmiş Oruc bəy Bayatın həyat və fəaliyyətindən bəhs edir. Əsərin əsas süjet xətti bu iki hadisənin üzərində qurulub. Müəllif əsər boyu bu iki məsələnin cavablarını axtarmağa səy edir.

 

Roman yazılana qədər adını yalnız tarix kitablarından tanıdığımız Oruc bəy İspaniyada diplomatik fəaliyyətlə yanaşı və çoxlarının güman etdiyi kimi yalnız eşq macəraları ilə məşğul olmamış) 1604-cü ildə ispan dilində  4 hissədən ibarət olan ”DE DON İVAN DE PERSİA” (İranlı Don Xuanın əlaqələri) adlı kitab yazıb nəşr etdirir. O.Əfəndiyev və A.Fərzəliyev tərəfindən rus dilinə tərcümə olunmuş bu əsərdə Səfəvi dövləti, qızılbaş tayfaları, əmirlər və şahzadələr arasında hakimiyyət uğrunda gedən mübarizədən, hətta daxili saray çəkişmələrinə qədər bəhs olunur. Onu da qeyd edək ki, əsər bu gün Səfəvilər tarixini öyrənmək baxımından qiymətli mənbə sayıla bilər. 

 

Əsərlə tanışlıqdan məlum olur ki,  I Şah Abbas hakimiyyətə gəldiyi ilk gündən Osmanlı imperiyası ilə gəngi-cidaya başlayır və Səfəvi xanədanını möhkəmləndirmək üçün  Avropa dövlətlərinin dəstəyini qazanmağa çalışır. Tam bu əsnada türk dilini çox gözəl bilən, özünü Şotland kralı Ceymsin doğma əmisi oğlu kimi və səkkiz Avropa dövlətinin elçisi kimi qələmə verən Ser Antoni Şerlin adlı bir fırıldaqçı şahın yanına gəlir, Şaha Osmanlılara qarşı Avropa dövlətlərinin ittifaqını təklif edir və öz məqsədinə nail olur. Beləliklə də “yalançı tamahkarı aldadır”. Şah Avropa ölkələrinə geniş tərkibdə bir nümayəndəlik göndərir. Lakin I Şah Abbas başa düşə bilmirdi ki, Avropa dövlətləri o qədər sadəlöhv deyildilər ki, türk dövlətlərinin birini zəiflədib digərinin güclü olmasına imkan yaratsınlar. Onların hədəfi bütövlükdə türk dünyası idi.  Qızılbaşlar sünnü osmanlılara qarşı nəinki xaçpərəstlərlə, buddistlərlə belə ittifaqa girməyə razı idilər. Onlar, özlərilə bir dinə, bir Allaha sitayiş edən, Məhəmməd peyğəmbərə beyət edən din  qardaşları osmanlıları kafir adlandırırdılar. Roma katolik papasına göndərdiyi məktubunda Şah Abbas yazırdı: “Dinimiz ayrı olsa da düşmənlərimiz birdir. Ümid edirik ki, əməkdaşlığa uzanan əlimizi tutacaq və köməyinizi əsirgəməyəcəksiniz”. Avropa dövlət başçılarına yazdığı məktublarında isə o, daha irəli gedərək yazırdı: “ Xristian ölkələri arasındakı ixtilaflar Səfəvi dövlətini sarsıdır və şah ümid edir ki, bütün bunlara son veriləcək, xristianlar səylərini Ali-Osmana qarşı yönəldəcək. Səfəvi dövləti isə öz növbəsində Qərbdən 150 minlik qazi və 60 min nəfərlik qorçu ilə düşmənə sarsıdıcı zərbə endirəcək.  Bu müttəfiqlik sayəsində xristianlar Səfəvi dövlətinin bütün ərazisində azad ticarət edə, kilsələr tikə bilərlər”.

 

Romanı oxuyarkən aydınlaşır ki, Şahın təklifi Avropa dövlət başçıları tərəfindən maraqla qarşılanır, amma heç kim konkret tədbir görmək istəmir. Fikir verək, müsəlmanları kafir adlandırıb xristianları onlara qarşı səlib yürüşünə çağıran və beləliklə də yüz minlərlə müsəlmanın ölümünə səbəb olan papalar bircə nəfər katolikin-Şahın hədiyyələrini oğurlayıb satan, fırıldaqçı ser Şerlinin ölümünə razı olmur, hətta onu himayə edir.

 

Əsərdə müəllif Oruc bəyin öz dinindən dönüb katolikliyi qəbul etməsinin bir neçə səbəbini göstərir. Səfəvilər vəd etdikləri kimi xalqı xoşbəxt edə bilmədilər, əksinə, saysız fəlakətlərə düçar etdilər. Şiəliyi hakimiyyətə gəlmək üçün əllərində bayraq edən Səfəvilər islamın başına sözün həqiqi mənasında oyun açmışdılar. Onlara görə şiələr lazım olan məqamda  hətta “təqiyə” edə (müvəqqəti olaraq özgə dini qəbul edə) bilərdilər. Oruc bəyin də öz dinindən üz döndərməsi bir “təqiyə” imiş və müəllifin fikrincə “şah təqiyə etməyi Avropa saray dairələrinə daha çox yaxınlaşması üçün özü Oruc bəyə özü tapşırmışdı”.

 

Oruc bəyin öz dinindən dönməsinin başqa səbəbləri də vardı. Şah Abbas hakimiyyətə gəldiyi ilk günlərdə böyük qardaşı Həmzə Mirzənin və anası Xeyransınin-Mehdi Ülyanın qətlini bəhanə edərək 22 qızılbaş əmirini qətl elətdirməklə say-seçmə qızılbaş igidlərini məhv etmişdi, paytaxtı İsfahana köçürmüşdü, dindaşları və türk qardaşları olan osmanlıları kafir adlandırmışdı, Şah Abbasın da mənsub olduğu Səfəvilər peyğəmbərimizin dostlarına, sevimli xanımına lənət yağdırırdılar. Bütün bunlar onun öz dinindən imtinası və vətəninə dönməməsi üçün kifayət qədər səbəb ola bilərdi. Hansı qızılbaş əmiri bir gün bu qaniçən manyak şahın əmri ilə qətl olunmayacağına əmin ola bilərdi? Bir gün xırda bir qüsur üstündə Oruc bəy özü də edam oluna bilərdi. Amma hələlik o şahın yaxın adamı kimi böyük elçiliyin tərkibinə daxil edilmişdi və hətta elçiliyin birinci katibi idi.

 

Oruc bəyi şahdan incik salan, öz dinindən döndərən (öz dininə sərt münasibət bəsləyən) daha bir səbəb isə şahın qızılbaşlara olan sonrakı münasibəti idi. Müəllif qeyd edir ki, “Oruc bəy kitabında əsl xristian kimi danışırdı, o, ümid edirdi ki, digər müsəlmanlar da onun özü və yoldaşları kimi hərəkət edəcək, dünyanın ən müfəssəl və doğru dini olan katolikliyə üz tutacaqdır”.

 

Əsərdən oxuyuruq: “İrana hakim olan Səfəvi hökmdarları belə hesab edirdilər ki, Azərbaycan türklərinin işi döyüşməkdir, at belində olmaqdır, onların əlində qələm yox, qılınc olmalıdır. Ona görə də Oruc Bayat avropalılar üçün anlaşıqlı olsun deyə özünü iranlı adlandırıb.“Persiya”sözünü iranlı kimi oxumaq lazımdır. İran bizim tarixi vətənimizdir. İndi də orda 30 milyon Azərbaycan türkü yaşayır”.

 

Qaraçuxada  insanın qibtə edə biləcəyi (bu gün üçün (və bütün zamanlar üçün) çox yüksək qiymətləndirilə bilən) bir yazıçı məsuliyyəti var. Düşünürəm ki, o, illər keçsə də yazdığı hər bir cümlə üçün hesabat verməyə hazırdır. Həmin prinsipə bu əsərində də əməl edən yazıçı “Oruc bəyin həyatını ipə düzmək üçün” təkcə onun həyatı ilə bağı tarixi mənbələri araşdırmaqla kifayətlənməmiş, Oruc bəyin doğulub böydüyü indiki İran adlı bir məmləkətə getmiş mümkün olan arxivləri araşdırmışdır. Və beləliklə də geniş dünyagörüşə malik bir diplomat, şair, rəssam və igidliyi ilə İspaniyanı heyrətləndirə biləcək bir insan obrazı yaradır. O, əsər boyu oxucuları Səfəvilər tarixi ilə bağlı bilgiləndirir. Səfəvilərin saray intriqalarına, I Şah Abbasdan əvvəlki hərc-mərclik, xüsusilə də Həmzə Mirzə kimi bir sərkərdənin “boğazının bir dılğır erməninin ülgücünə tuş gəlməsinə” acıyır. Bir birini əvəz edən saray  faciələri haqqında yazır: “Fələk amansız bir şeydir, hər kəsin qapısının ağzında pusquda dayanıb, əlinə bəhanə verənlərə qan uddurur”...

 

Bəs niyə Oruc bəyi böyük elçiliyin tərkibinə daxil edib ona bu elçiliyin birinci katibliyini etibar edilmişdi? Qaraçuxa bunun bir neçə səbəbini qeyd edir. Oruc bəyin atası Sultanəli bəy Şah I Təhmasibin çox yaxın adamı idi. Şah ən məsuliyyətli tapşırıqları ona etibar edərdi. Şah I Abbasın edam etdirdiyi qızılbaş əmirləri içərisində Bayat tayfasından heç kəs yox idi. Şah bu tayfaya etibar edir, inanırdı. Elə səfirliyin başçısı Hüseynqulu bəy də Bayat qəbiləsindən idi.

 

Bunun daha bir səbəbini isə də müəllif,  Oruc bəyin ispan dilini bilməsi ilə bağlayır. Oruc bəyin atası Hüseynəli bəyə rast gələnədək ispan qızı Himenanın əhvalatı romanın təsirli epizodlarındandır. Bu qadın əri Sultanəli bəy döyüşlərdə olduğu müddətdə balaca Oruc bəyə ispan dilini, nəğmələrini və nağıllarını öyrədirdi. Avropaya qədəm qoyduğu ilk gündən Oruc bəy, ona heç də yabançı olmayan (artıq tanış olan)  Avropa həyat tərzinə alışır və bu həyatın Səfəvilərdən çox-çox üstün olduğunun elə ilk gündən fərqinə varır. Qızılbaşlar məmləkətindən fərqli olaraq burada saray çəkişmələri yoxdur, öz dindaşlarını kafir adlandırmırlar, doğmalarını qətl elətdirmirlər. Heç bir xristian dövləti öz dindaşlarına qarşı başqa dinə məxsus olan ölkələrlə ittifaqa can atmır (  bu, iki avropa dövlətinin müharibəsi yox, əsl vətəndaş müharibəsi olardı). Burada insanlar daha çox azaddırlar. O, ilk dəfə Avropada başa düşür  ki, “Şərqlilər qızılı altlarına yığıb saxlayanda, qara torpağa basdıranda, qərblilər onu silaha, texnikaya xərcləyirdilər”.

 

Qaraçuxa Oruc bəyin keçdiyi İsfahandan Təbrizə, Gəncəyə, Xəzər sahillərinə, Manqışlaq adasına, Nijni -Novqoroda, Moskvaya, Almaniyaya yoldakı diplomatik görüşlər, macəralar haqqında məlumat vermir, əsas diqqəti onun İspaniyadakı fəaliyyətinə yönəldir. Əsərin bir tarixi roman olaraq üstünlüyü ondadır ki, müəllif səyahət etdiyi hər iki ölkənin (İran, İspaniya) istər keçmiş, istər indiki tarixi, həyat tərzi haqqında məlumat verir, “oynaşlığın da qayda ilə edildiyi”  Avropa həyat tərzinin üstünlükləri ilə yanaşı çürüklüyünü də göstərir.  Biz əsərdən “yeni dünyadan-Amerikadan gətirilən var dövlət hesabına varlanan feodal İspaniyası haqqında,  İspaniyanın da daxil olduğu “Müqəddəs Liqa”nın Osmanlıları məğlub etməsi haqqında bilgi alırıq. Kral II Filip Müqəddəs Roma imperiyasının imperatoru titulunu belə ələ keçirmişdi. II Filip haqqında yazırlar ki, “onun mülklərində heç vaxt günəş batmır”. İndi isə İspaniyanın əvvəlki qüdrətindən əsər-əlamət qalmayıb. Qaraçuxa bunu Donya Luizanın dilindən belə ifadə edir: “Bu, ilk baxışdan belədir, əziz qraf, əslində İspaniya çürüyüb və onun bariz nümunəsi ingilislərlə döyüşdür. İspaniya armadası məhv oldu. Amma Filipin başı eyş-işrətə qarışıb, hətta iş o yerə çatıb ki, fransızlar İspaniyaya meydan oxuyur”.  Lakin İspaniya kralı III Filip aciz və bacarıqsız olsa Avropa ölkələrinin krallarından biri kimi  türk müsəlman dünyasına münasibəti dəyişməz olaraq qalır. O, Səfəvi elçilərinin təklifini maraqla qarşılamış cavabında “Səfəvi şahının dostluğa uzanan əlini sıxır və onu bağrıma basıram”-demişdi.

 

Oruc bəyin öz dinini dəyişməsinin bir səbəbini açıq-saçıq, sarı saçlı Avropa qızları ilə bağlasaq zənn edirəm yanılmarıq. Avropa qadınlarının bir türk-müsəlmana ilk baxışdan vurulduqları kimi, bir müsəlman kişisinin də çılğın avropalı qadınlarına vurulması tamamilə təbiidir. Birdə ki, bu, tarixdə yeganə hal deyil ki. Bəs müsəlman-türk hökmdarlarının başlarına gələn bəlaların səbəbkarı bu sarısaçlılar deyildimi? Qəzəl şairləri meyi-meyxanəni ibadətdən üstün hesab etdikləri kimi müsəlman kişilərin də bəziləri avropalı qızları din-imanlarından üstün hesab edir.

 

Bəs, “Osmanlı sultanları avropalı qadınları özlərinə həvəslə arvad edərək, bu qadınların və onlardan olan uşaqların ucbatında Aralıq dənizi hövzəsini və Ərəbistanı itirmədilərmi?” (Qaraçuxa) Müəllif daha sonra yazır ki, Kraliça “Marqarita Avstriyalı Oruc bəyə qaraçılar özgə atına, sələmçi pula, dərzi parçaya, qartal dovşana baxan kimi baxırdı”.

 

Amma bir məsələ yəqindir ki, Oruc bəyin İspaniyaya gəlişinə qədər onun vətənə bir daha dönə bilməməsi üçün kifayət qədər əsas vardı. Şah tərəfində Avropa ölkə başçılarına göndərilən hədiyyələrin ser Antoni tərəfindən mənimsənilməsi, elçiliyin bir neçə üzvünün katolikliyi qəbul etməsi artıq bu missiyanın iflasa uğramasından xəbər verirdi. Onu vətəndə rüsvayçı ölüm gözləyirdi. Avropada daimi yaşamaq üçün isə katolikliyi qəbul etmək mütləq idi. Özü də rekonkistanın yüz əvvəl başa çatdığı İspaniyada.

 

Şahın missiyasının həyata keçirilməməsində Oruc bəy bu elçiliyin birinci katibi kimi bilavasitə məsuliyyət daşıyırdı.  Üstəlik sonrakı hadisələr də –Hüseynəli bəyi öldürməsi onun vətənə olan yolunu həmişəlik  bağlamışdı. O, özü də bunu dərk edirdi. Vətənə dönəcəksə tayfası ondan üz döndərər, qana susamış şah tərəfindən edam edilə bilərdi.

 

 Lakin ona üzüağlıq gətirən səbəblər də çox idi. Döyüşçü qızılbaş paltarını İspaniyada şərəflə gəzdirməsi, onun taktikası ilə Ostender qalasının fəthi, yaralı olduğu halda bir qızcığazı ölümdən xilas etməsi, üsyançı niderlandlılara qarşı göstərdiyi igidliyə görə kral tərəfindən mükafatlandırılması və b. onun İspaniyadakı şərəfli həyatından xəbər verir.   Onun mərd, mübariz olması təhlükədən qorxmaması, insanlara münasibəti, şərqliləri vəhşi bilən avropalılar üçün əsl örnək sayıla bilərdi. Bir zamanlar səlibçilər də şərqə mədəniyyət apardıqlarını düşünürdülər. Amma yeməkdən qabaq əllərini yumağı türk müsəlmanlardan öyrəndilər.

 

Oruc bəyin şəninə İspaniyada yazılmış yeddi sonetdə o, “kübar görkəmli, sıx qalın saçlı, Neptun sayaq vüqarlı, görəndə Apollunun utana-utana gözünü döydüyü, dinməz-söyləməz, əzab çəkən, ötüb keçən illərin yeyib tükətdiyi” bir insan kimi təsvir olunur.

 

Oruc bəy dinini dəyişib Avropa həyat tərzini qəbul etsə də milli qeyrət hissini itirməmişdi.Əsəri oxuyarkan onun Migel Servantesin türk həyat tərzini ələ salan “Sultanın sevimli hərəmi” komediyasında “türklərin və müsəlmanların yalançı, alverçi, yalançı və tamahkar” kimi təhqir olunmalarından təsirlənir, əzab çəkir. Elə isə bəs niyə o, ata babalarının dini olan İslama ən kəskin münasibət bəsləyirdi. Oruc bəy kitabında yazırdı: “Mənim babalarım və ulu babalarım saxta etiqada qulluq eləyirdilər, mən də həmin şəraitdə Məhəmmədin yalançı sektasına mənsub olan şəraitdə böyümüşəm, çox-çox uzaqlarda, İspaniyadan, bu kitabı yazdığım Valyadolid şəhərindən üç min lyö məsafədə yerləşən bir ölkədə, əqidəsiz xanın hökmü altında olan məmləkətdə yaşamışam”.

 

İndi, Qaraçuxanın “On üçüncü həvari-141-ci Don Juan” romanını oxuyandan sonra qəti olaraq aydınlaşır ki, bu sözlər öz vətəninə, Şahına, dininə sonsuz sadiq olan, hətta katolikliyi qəbul elyəndən sonra belə gizli şəkildə İslama etiqadını davam etdirən, hər gecə Quran oxuyan  Oruc bəyin iradəsindən asılı olmayaraq da onun əsərinə daxil edilmişdir. Yoxsa ata-babaları müsəlman olan Oruc bəy İslamı bütpərəstliklə iudaizmin yalançı sektası” heab etməzdi. Əslində Oruc bəyin “DE İVAN DE PERSİA” əsəri üç hissədən ibarət idi. Yalnız yuxarıdakı səbəbi nəzərə alaraq da o, əsərin dördüncü hissəsini yazmağa məcbur olmuş, lakin çap etdirməmiş, əlyazma şəklində və bir məktubla oğluna göndərmişdi.

 

Öncə də dediyim kimi bu romanı ilə Qaraçuxa ədəbiyyatımızı zənginləşdirib. Əsərin ötən illər ərzində necə təsir bağışladığını elə Qaraçuxanın özü demiş “mötəbər, ağıllı, nadan, dargöz, mehriban, amansız oxucu” müəyyənləşdirəcək.

 

Yeqzar CƏFƏRLİ
 





01.09.2014    çap et  çap et