525.Az

Misra-misra, sətir-sətir açılan Şair dünyası


 

Misra-misra, sətir-sətir açılan Şair dünyası <b style="color:red"></b>

Çingiz Cəfərli şair kimi bir qayda olaraq poetik nəfəs verdiyi hadisələri içəridən , daxilən yaşayır. Odur ki, onun bədii fikir, söz dünyası misradan-misraya , şeirdən-şeirə cilalanmaqla oxucu qəlbində özünə yer tapa bilir. Bunun  isə başlıca səbəbi ondadır ki, o, hər bir sözü , bədii ifadəni, fikri ürəyinin isti kürəsində bişirməklə özünün söz dünyasına rəngi ilə solmayan ilmə- ilmə naxışlar vurur. Ç. Cəfərlinin işıq üzü görən “Xatirələrdə yaşayan ömür” ( Bakı. Gənclik 2014) sayca şairin ikinci kitabıdır. Onun ikinci kitabı əvvəlkindən mövzu, ideya baxımından fərqlənir. Bu  da ondan irəli gəlir ki, o, bir şair kimi ruhən içəridən yaşadığı hadisələrin mahiyyətinə diqqətlə yanaşır, ona isti nəfəs verməyi bacarır. Ç.Cəfərlinin şeirləri ehtiva dairəsinə görə yaxşı mənada tez – tez dəyişir ki, bu da istər şeirlərinə , istərsə də poemalarına bir ləngərli oxunaqlıq gətirir.

Kitabda “ Şairin poetik dünyası” adlı oxunaqlı, məzmunlu ön söz yazan Nazim Əlioğlu  Ç.Cəfərlinin janrına , mövzu və ideyasına görə qəlb oxşayan əsərlərini xəlbirdən keçirib yaxşı mənada ələyir.

Kitabda müxtəlif bölmələrdə mövzusuna görə diqqəti çəkən, janrına görə fərqlənən  hər bir şeir , poema , hekayə, xatirə  və deyimlərində vətəndaş şairin rəng dünyasının müxtəlif incə çalarlarını aydınlığı ilə görə bilərik. Bu mənada şairin rənglər dünyasındakı vətənpərvərlik hissi bədii təcəssümü, özüəməxsusluğu ilə daha çox seçilir və yadda qalır. Onun bilavasitə mayası vətənpərvərliklə yoğrulan şeirlərində vətənə sonsuz məhəbbət , onun hər zəfərinə olan ehtiram poetik şairanə bir dillə vəsf olunur.

Neçə dahilərin, ulu ustadın,
Ulu zirvələrdən çağrılan adın,
Çatladır bağını düşmənin, yadın.
Bol sərvət diyarı, cümlə cahanım
Sənsən ana yurdum, Azərbaycanım.
(“Azərbaycanım”)

Vətənin özü kimi Onun əyilməz vüqarı , qoç igidlərin  məskəni , oylağı olan dağlarını bütün əzəməti ilə obrazlaşdıran şair onu ecazkar məhəbbətlə tərənnüm etməyi bacarır.

Yaşıl meşələrin bəzəkdir sənə ,
Rəng verir çəmənlər gözəlliyinə,
Ceyranlar gəzişir düzündə yenə,
Elimin vüqarı , qüruru dağlar.
(“Dağlar”)

Ç. Cəfərli incə, həssas qəlbli şair kimi vətəninə və onun hər bir guşəsinə qəlbən bağlı olub düşünüb-daşınan bir insandır. Onun şərq musiqisinin konservatoriyası sayılan ulu Qarabağın bənzərsiz gözəli olan Şuşaya həsr etdiyi şeir hər şeyi yerində onu bütün mahiyyəti və mənası ilə duyan şairin rahat olmayan dünyasından xəbər verir. Bu elə bir dünyadır ki, bu gün intizar səssiz-səmirsiz boğulur.

Muğam beşiyisən, segah səsisən,
Neçə müğənninin xoş nəfəsisən,
Gözəllik dühası, gül həvəsisən,
Səni sevənlərə pir olan Şuşa,
Yağılar gözünə tir olan Şuşa.
(“Şuşa”)

Ç. Cəfərlinin həyatı şeirlərində vətənə, onun torpağına, el ağsaqqallarına dərin hörmət və ehtiram var. Onun şeirlərində bir qaya olaraq torpaqlarımızın bütövlüyü uğrunda  canını qurban verən şəhidlərimiz ürək yanğısı ilə vəsf olunur. Belə şəhidlərimizdən biri də Müşfiq Cəfərovdur. El məhəbbətini, vətən sevgisini qəlbində, ürəyində gəzdirən Müşfiq taleli Müşfiq sözün həqiqi mənasında özünə ölməzlik qazandı. Özünü ölümsüzlüyi ilə

Yaşatdı arzusun kamallarında,
Azadlıq dühasın amallarında ,
İgidlik zirvəsin damarlarında,
Elimin mərd oğlu, şəhidim Müşfiqim.
(“Müşfiqim”)

Elin, obanın bütün zamanlarda el ağsaqqalına həmişə ehtiyacı olur və olacaq. Ona görə ki, el ağsaqqalı xalqımızın həmişə güvənc yeri olmaqla ona isti nəöfəsinöə sığınmışıq. Odur ki, şairin ağsaqqala həyatın “ dadı, mənası” adlandırmasında mənən haqqı var. Çünki o elin, obanın düşünən beynidi.

Həyatın mənası, dadı sizsiniz,
Gəncliyin  şərəfli adı sizsiniz, 
Sönən ocaqların odu sizsiniz,
Ellər ağsaqqalı, sözü qocalar,
Sizə hörmət edən özü ucalar.
(“Qocalar”)

Dünyanın əzəli əşrəfi olan insan. Onun haqqında ibrətamiz sözlər söylənilmiş və bu gün də söylənilir. Bu baxımdan Çingiz insan və onun mənəvi dünyasına içəridən öz prizmasından baxır. O, bu zaman bir şair kimi insan “mən”inin lay qatlarına enməyə çalışır, onun sirli-soraqlı dünyasının ağlı-qaralı notlarına ürəyinin işığını salır.

Gəl uyma dünyanın malına insan,
Vermə öz canını varına qurban,
Olar ki, nəfsin aldadar səni,
Verərsən əlindən etdiklərini.
(“İnsan”)

Ç. Cəfərlinin şeir yaradıcılığı öz mövzu ,ideya diapazonuna görə rəngarəngdir. Bu rəngarənglik onun şeirlərinə bir oxunaqlıq, xoş ovqat gətirib. Bu ovqatı Çingizin ata, ana, övlad haqqında yazdığı şeirlərində aydınlığı ilə görmək olar. Onun bu mövzuda yazdığı şeirlərində həssas qəlbli, narahat ürəkli şairin söz təşnəsinin, dünyasının məqamlarının ağır, ləngərli yükünü görürük. Ataya, anaya, övlada olan sonsuz ehtiram və məhəbbət şairin şeirlərinin mayasını, cövhərini təşkil edir.

Yaxşı bala ad olur,
Dönükləri yad olur,
Ağıllısı dad olur,
Ata, ana, sevinir,
Fərəhlərin xoş dinir.
(“Övlad”)

Ümumiyyətlə, sevgi kimi ali hissə bir şair kimi öz dünyasından baxır və onu içəridən yaşamalı olur. Çingizin məhəbbətə dair şeirləri onun sirli-soraqlı dünyasının səhifələrini sanki bir-bir vərəqləyir. Sevib-sevilməyən qəlbi sənsizlik dərdi ilə içəridən qovrulub yanan, yuxulardakı xoş görüşü xatırladıqca sevgi adlı ağır yük onu mənən sıxır, təlatümlü anlar keçirməyə məcbur edir. Bu da təbiidir. Bu baxımdan “Gəldik görüşə” , “Əlim də yetmir” , “Küskün olmuşam” , “Tutdun ucuz məhəbbəti” kimi şeirlərində sevgiyə ürəkağrıdan rakursdan baxır və ona heç də xoş olmayan poetik bir ovqat verir.

Dərd oldu sənsizlik günbəgün mənə.
Gözlərim axtardı, tək səni yenə,
Gecələr yuxularım çəkildi ərşə,
Yalnız röyalarda gəldik görüşə.
(“Gəldik görüşə”) 

Süzgün baxışlarla ötdün yanımdan,
Olmalıdı marağın tənha halımdan,
Bu nazlı gedişin, bu ədan nədi?
Elə bil canımı aldı canımdan.

Kitabdakı məhəbbətə aid şeirlərin bir qismində sevginin xoş rayihəsi duyulur. Sevgi sevən insana onun həyat yoluna yaşıl işıq yandırmaqla ona böyük inam bəxş edir. Sanki ona qol-qanad verir. “Gələndə” şeirində olduğu kimi.

Bağda çiçək sevindi,
Bülbül budaqda dindi,
Göydən gözəllik endi,
Sən yanıma gələndə.

Ç. Cəfərlinin yaradıcılığında epik növün bir janrı olan poemaya yer verməsi onun bir şair kimi uğuru hesab etmək olar. Bu baxımdan “Ana həsrəti” poeması mövzu və ideya baxımından olduqca aktualdır. Tənha həyat yaşayan ananın oğlu qardaşı haqqında faciə notları ilə yüklənən təəssüratları ananı daxilən silkələyir.

Tənhalıq qoca, kimsəsiz ananı sanki məngənə arasına qoyub sıxır. Başqa ocağa sığınan gözünün ağı-qarası olan yeganə oğlu, qonşuda, necə deyərlər lap qulağının dibində yaşayan qardaşı da xəstə anaya biganəlik , laqeydlik göstərir. Qoca dilənçidəki heysiyyət hissi doğma oğul və qardaşdan qat-qat güclüdür. Gecənin qaranlığında xəstə ananın amansız ölümünü qohum, qonşulara çatdıran qoca dilənçinin keçirdiyi mənəvi həyəcan və sarsıntılar poemada təbii səslənir.

Çingiz poemada məcazlardan məqsədli şəkildə istifadə etməklə ana obrazının xarakterini bütün incəlikləri ilə aça bilir.

Ç. Cəfərlinin ikinci “Xəstə qoca” poemasının mövzu baxımından “Ana həsrəti” poemasına müəyyən  mənada yaxınlığı var. Fərq orasındadır ki, poemanın finalı xoş sonluqla bitir. Belə ki, xəstə qoca həkimin müalicəsinə baxmayaraq o, son günlərini yaşayırdı. Birdən – birə hər şey dəyişdi. Nəvəsi Əhmədağanı yanında görən qocanın gözlərində bir işıq parladı, ona- qocaya sanki ikinci həyat verildi.

Yaxşı ki, tez gəldi doğma nəvəsi,
Qohuma, qonşuya artdı həvəsi,
Hiss etdi “gəncləşib” olub şux cavan,
Gələcək gününə varmış bir yanan.
Yamanca sevindi bu qoca xəstə,
Bilmədi neyləsin xoş bir həvəsdə,
Qoşuldu nəvəyə getdi evinə,
İnandı bu gündən gələcəyinə.

Ç. Cəfərlinin hekayə janrına müraciət etməsi heç də təsadüfü deyil. Özünü bir daha bu janrda sınayan Çingiz bir nasir kimi hekayələrindəki hadisə və əhvalatları duyub yaşamalı olub. Onun “ Dağ da dözməz bu dərdə” hekayəsi mövzu baxımından bu günümüzlə səsləşir. Öz doğma ata- baba yurdundan köçkün düşmüş Nurməhəmməd kişinin  daxilindən gələn harayı oxucunu mənən silkələyir. Halal torpağımızı mənimsəyən nankor ermənilərin iç üzünü açıb belə ifşa edir. “Düzü, əvvəllər də bir təhər idilər bu quldurlar. Kimisi qorxaq, kimisə də ikiüzlü,  boşboğaz, yaltaq və bic. Elə ki, işləri düşdü olurdular dost, kirvə. Ara deyib olurdular qır-saqqız. Bizə də nə var ki, inanırdıq hamıya. Özümüz kimi bilirik çoxlarını. Sonra da çəkirik bəlasını, qalırıq yaman günə. “( səh. 87) Müəllif hekayədə bədii ifadə vasitələrindən, xüsusilə mübaliğədən yerində istifadə edərək Nurməhəmməd kişinin vətənlə, torpaqla bağlı ağrılı dünyasının lay qatlarını açır.

Çingizin “Təsadüfün həqiqəti” hekayəsində Habilin oğlunu görmək üçün uzaq bir ölkəyə ailəsi ilə gəlməsi və oradan aldığı təəssüratlar öz əksini tapır. Əsər hekayədən çox oçerk təsiri bağışlayır.

Müəllifin Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş Müşfiq Cəfərov haqqındakı xatirəsini düşünmədən oxumaq mümkün deyil. Onun Müşfiqin belə ağır, sonu faciə ilə bitən  döyüşə getməsinin səbəbini ürəkağrıdan şairanə bir dillə təsvir etməsi Vətənə, anaya, torpağa, millətə bağlı olmasında görürdü.

Kitaba oxunaqlılığ gətirən səbəblərdən biri də Ç. Cəfərlinin uğurla qələmə aldığı deyimləridir. Aforizm təsiri bağışlayan bu deyimlərdən vətəni şərtləndirən amillər də var.

Ç.Cəfərlinin “Xatirələrdə yaşayan ömür” kitabı bir daha onu göstərir ki,  o, istər şeir və poemalarında, istərsə də hekayələrində müəyyən uğur qazanıb . İnanırıq ki, bu uğurun davamı olacaq.

Teyyub MƏNSİMOĞLU

 





01.09.2014    çap et  çap et