525.Az

Qubadlı rayonunun işğalının 21-ci ildönümüylə əlaqədar tədbir keçirilib


 

Qubadlı rayonunun işğalının 21-ci ildönümüylə əlaqədar tədbir keçirilib<b style="color:red"></b>

Bu gün Qubadlı rayonunun işğalının 21-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, rayon ictimaiyyəti, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanını ziyarət ediblər. Sonra tədbir Sumqayıt şəhərində yerləşən Olimpiya İdman Kompleksində davam etdirilib. Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyətinin başçısı M.İsaqov rayonun işğalı, məcburi köçkün həyatı yaşamağa məcbur olan rayon sakinlərinin sosial-iqtisadi problemlərinin həlli istiqamətində görülən işlərdən danışıb: “21 ildir ki, məcburi köçkün həyatı yaşasa da, qubadlılılar hər gün Qubadlı həsrəti ilə yaşayır. Nə üçün BMT Təhlükəsizlik Şurası, Avropa Şurası və digər beynəlxalq strukturlar bu vəziyyətə biganədir? Nə üçün BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi yerinə yetirilmir? Gürcüstan və Ukraynaya münasibətdə bir cür, Azərbaycana münasibətdə tamam fərqli mövqe ortaya qoyulur. Biz əminik ki, prezident İlham Əliyevin apardığı siyasət nəticəsində torpaqlarımız azad olunacaq”.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov torpaqlarımızın işğalını daimi kədər içərisində yad etməyin düzgün olmadığını bildirib. Bu gün keçirilən tədbirin formatının fərqli olduğunu deyən Ə.Həsənov Qubadlının mədəni-tarixi abidələrindən danışıb. Onun sözlərinə görə, Qubadlı Azərbaycana Qaçaq Nəbi, Həcər, görkəmli ziyalılar, Valeh Bərşadlı kimi general bəxş edib: “149 Milli Qəhrəmanın 9 nəfəri Qubadlı sakinidir. Bu, rayon əhalisinin düşmənlə kifayət qədər döyüşdüyünü göstərir”.

Qubadlı rayon sakinlərindən dövlət orqanlarına çox az sayda şikayət daxil olduğunu nəzərə çatdıran Ə.Həsənov bunu icra orqanlarının rayon əhalisinə diqqət və qayğısı ilə əlaqədar olduğunu qeyd edib: “Qaçqın və məcburi köçkünlərlə bağlı Azərbaycanın birinci xanımı Mehriban Əliyeva böyük işlər görüb. Mehriban Əliyeva gördüyü işlərlə dünya ölkələrində birinci xanımlara gözəl örrnəklər verib”.

Ə.Həsənov Azərbaycan prezidenti İlham Əliyevin düşmənin işğal olunmuş torpaqlarımızdan çıxaracağına əmin olduqlarını vurğulayıb: “Prezidentimiz mütləq buna nail olacaq. Dövlət başçısı Avropa Şurasında son çıxışında bütün Avropanın iç üzünü açdı. Bunu heç bir prezident edə bilməzdi”.

Tədbir məktəblilərin paradı və idmançıların çıxışları ilə davam etdirilib. Milli Qəhrəman Əliyar Əliyev adına idman klubunun güləşçiləri öz məharətlərini göstəriblər. Vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

 





29.08.2014    çap et  çap et