525.Az

İlham Əliyev: "Son hadisələr Ermənistanda ciddi təşviş yaradıb"


 

İlham Əliyev: "Son hadisələr Ermənistanda ciddi təşviş yaradıb"<b style="color:red"></b>

Avqustun 28-də Beyləqana səfəri zamanı rayonda yeni inşa olunmuş Gənclər  Mərkəzinin açılışında iştirak edən prezident İlham Əliyev burada rayonun gəncləri və ictimaiyyət nümayəndələri ilə görüşüb.

525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısı görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud vəziyyətdən də danışıb.

Prezident İlham Əliyev işğalçı dövlətin atəşkəsi pozması nəticəsində düşmənə layiqli cavab verilməsinin Ermənistanda ciddi təşviş yaratdığını vurğulayıb. O bildirib ki, son hadisələr Ermənistandan əhalinin öz ölkəsini tərk etmək prosesini sürətləndirib.

İlham Əliyev Azərbaycanın öz ərazi bütövlüyünü tezliklə bərpa edəcəyinə əminliyini vurğulayıb, milli-mənəvi dəyərlərin qorunmasında, vətənpərvərlik ruhunda tərbiyənin gücləndirilməsində gənclər qarşısında duran vəzifələrdən söz açıb.

Prezident İlham Əliyev avqustun 28-də Füzuli rayonuna da gedərək Horadiz tikiş fabrikinin açılışında iştirak edib. Dövlət başçısının diqqətinə çatdırılıb ki, fabrikdə işçilərin fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb, müasir texnika və dəzgahların quraşdırılması keyfiyyətli məhsul istehsalına geniş imkanlar açır.

Fabrikdə ilkin dövrdə məktəbli formalarının və hərbçi geyimlərinin istehsalı həyata keçiriləcək. Məhsullar daxili bazara yönəldiləcək. Təxmini hesablamalara görə, müəssisənin ilkin mərhələdə illik dövriyyəsi 2 milyon manat təşkil edəcək. Fabrikdə açılan yeni iş yerlərinin sayı hazırda 100-ə çatır. Yaxın gələcəkdə bu rəqəmin bir qədər də artırılması diqqət mərkəzindədir.

Həmin gün İlham Əliyev Horadiz şəhərində Bayraq Meydanında yaradılan şəraitlə tanış olub, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 2 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

 





29.08.2014    çap et  çap et