525.Az

Təzə katib - Pərvin yazır


 

Təzə katib - <b style="color:red">Pərvin yazır</b>

İlqar Fəhmi Azərbaycan Yazıçılar Birliyinin katibi seçildi. Bu xəbər son vaxtların mətbuat xəbərləri içində ən işıqlısıdı. Yəqin İlqarın özündən, daha çox da sözündən gəlir bu işıq. Məncə, bu təkcə İlqarın yox, onun ətrafında olan, AYB layihələrində, tədbirlərində fəal iştirak edən gəncliyin qələbəsidi. İlk öncə ona görə ki, İlqar gəncdi, ikincisi isə ... İlqar cavan deyil və məncə, heç vaxt da olmayıb. Əksinə, həmişə “ağsaqqal” olub. Və bu mənada İlqar Fəhminin uğuru həm də müdirkliyin, təmkinin, zəhmətkeşliyin təntənəsidi.
İlqarı gözə gətirməkdən qorxmasaydım, onun son zamanlarda imza atdığı bütün uğurlarından söz açardım.

Ancaq hər halda çalışacam bir təhər, sakit-sakit, az qala eşidilməyəcək tonla danışım bunlardan. Elə İlqarın özü kimi.

Yəqin İlqar Fəhminin bütün yaşıdlarından əsas fərqi də elə budu: o heç vaxt qışqırmır, uğurlarını aləmə car çəkmir, sakitcə işiylə məşğuldu, sevinəndə də sakitcə sevinir, roman yazanda elə səssiz yazır, paxıllarının ruhu da incimir, qəzəllərini elə aramla qələmə alır, əruzun kefi kökəlir, ssenariləri elə həzin-həzin işləyir, rejissorların canına yağ kimi yayılır. Doğrusu, bütün bunları haçan edir, necə vaxt tapır, bilmirəm. İlqarı şəxsən tanıyanların hamısı, təkrar edirəm hamısı mənim bu fikrimi təsdiq edər, onunla Yazıçılar Birliyində nə zaman üz-üzə gəlib halını soruşsan, cavabı eyni olacaq: “belə də qaçırıq ora-bura, birtəhər yaşayırıq”, “balacanın məktəbiylə məşğulam”, “elə indi həkimdən gəlirəm, nəsə nasazam”, “heç nəyi çatdırmıram”, “vaxtım olsa, filan işləri də görərdim”... Bu üslubda siyahını nə qədər istəsən, uzatmaq olar. Özü də bütün bunları həmişəki yarıyuxulu, həzin ahəngində elə deyir, az qalırsan yaylıq götürüb bu böyük istdedadın əlimizdən getməsinə ağlayasan. Bir az qorxursan da, yəni o gözəl qəzəllərin, qeyri-adi romanların ardı gəlməyəcək?! Müəllif məişət problemləri, mühit qəlizlikləri içində bitib tükənəcək? 
...Amma! Elə səhərisi gün emeylini açıb İlqar Fəhmi ünvanından məktub görsən, təəccüblənmə. Altında da utana-utana – “bağışla vaxtını alıram, amma təzə pyesimdi, imkanın olsa, oxuyub fikrini deyərsən...” – yazır. Düşünürsən İlqardı da, yenə gecə yuxusuz olanda ağlına nəsə gəlib, yeni əsər yazıb, amma oxuduqca  ciddi, maraqlı, peşəkar işdən, daha çox da müəllifin təvazökarlığından heyrətlənirsən. Yaxın günlərin birində də rejissor Bəhram Osmanovun bu əsəri bəyənməsini, quruluş verməyə hazırlaşmasını eşidib sevinirsən. Deməli məişət bu dəfə də uduzdu. İki gün sonra saytlarda İlqarın satirik üslubda hekayəsini, üç gün keçmiş yutubda öz səsiylə oxuduğu təzə lirik qəzəlini görsən, yenə  təəccüblənmə. İlqar işləyir! Boş danışmır, özünü öymür, görmədiyi işlərdən, yazmadığı əsərlərdən ağız dolusu müsahibələr verib “məndən yoxdu” – demir. Elə ona görə də ən müxtəlif adamların, sənətkarların diqqət mərkəzində olan yazıçıdı.

Rejissorların məmnuniyyətlə axtarıb tapdığı, birgə işləmək istədiyi ssenaristdi, rəhbərliyin inamla önə çəkdiyi cavan kadrdı, Universitet proqramlarına əsərləri daxil edilmiş ən gənc nasirdi.

Elə dünən İlqar Fəhminin katib təyin olunmasını biləndə qəribə bir nostalji bürüdü içimi. Gənc Ədiblər Məktəbi, AYB-yə təzə-təzə ayaq açdığımız zamanlar yadıma düşdü. Hələ o vaxtlardan İlqar özü də az qala yaşıdımız olsa da, Rəşad Məcidlə bərabər çalışıb vuruşurdu. Bizlərə nəsə öyrətməyə, yeni əsərlər yazmağa həvəsləndirməyə, təzə kitabları oxutmağa çalışırdı. Onda səhv eləmirəmsə, İlqar Xəzər Universitetinin Yaradıcılıq fakültəsində dərs deyirdi və GƏM-ə bəzi gəncləri də ordan cəlb etmişdi. Elə rəhmətlik dostumuz, istedadlı həmkarımız Zərdüşt Şəfi də İlqarın “tapıntısı” idi. Zərdüşt ona ömrünün sonuna kimi “müəllim” deyə müraciət elədi. Doğrudan da İlqar Fəhmi xarakterində qəribə bir müəllimlik də var. Yadımdadı ki, o vaxtlar İlqar “Ulduz” jurnalının şöbə müdiri idi və biz gənclər onun tüstülü-dumanlı, tütün qoxulu, bir az da yazıçı pintiliyindən xəbər verən, səliqəsiz otağında yığışıb ədəbiyyat söhbətləri edər, daha doğrusu başı araxçınlı qəzəlxanı dinləyərdik. Doğrusu, o günlərdən elə çox vaxt keçməyib 5-6 il nədi ki?! Amma nədənsə bu illər ərzində həyat o qədər dinamik keçib ki, adama elə gəlir, min il ötüb o dövrdən və xiffət çəkmək üçün də kifayət qədər uzaqdadı o günlərimiz. Hə, elə o “qədim zamanlarda” İlqar modernist, postmodernist, nə bilim daha nə “ist” ruhunda köklənmiş yaşıdlarına klassik ədəbiyyatı, şərq musiqisini, əruzu, qəzəli, Füzulini sevdirirdi. Amma bu qədər Şərqə, kökünə, genlərinə bağlı adamın Pelevin, Sorokin, Nabokov oxumasını, bütün müasir Avropa ədəbiyyatından, Qərb ənənələrindən, kinodan, teatrdan xəbərdar olmasını görəndə yaxşı mənada qibtə eləmişdim. O, Şərq miniatürlarından da danışa bilər, fransız impressionizmindən də...  Və bütün bu zəngin biliklərin arxasında sadəcə istedadın yox, həm də zəhmətin durduğunu açıq-aydın hiss eləmək olar.

İlqarın bir çox yazılarında, əsasən də qəzəllərində  gecə ovqatı var. Az qala səsi tutulur onun əsərlərinin; xırıltılı səslə danışır qəhrəmanları, yorğunluq yağır üz-gözlərindən... Hamısı gecə yazmaqdandı, gözünün yuxusunu ağ kağızlara sıxmaqdandı, səsin yatmalı olduğu zaman öz-özüylə danışmaqdandı. Gündüz dediyi işlərlə məşğul olur, ona görə - balacanın məktəbi, həkim, tədbir və s.

Yazımın bu yerində İlqar Fəhimini “balam” deyib tərifləyən anamdan danışmaq zamanı çatdı. Nədisə anamgilin, atamgilin nəslinin sənət, ədəbiyyat adamlarına münasibəti fərqlidi. Bizim nəsil, yəni 80-ci, 90-cı illərdə doğulanlar  adamın istedadına, yazdığı bir-iki yaxşı əsərə görə yüz səhvini bağışlayar, sənətkardı da, təki gözəl əsərlər yazıb sevindirsin bizi - deyib göz yuma bilərik. Amma valideynlərimiz, böyüklərimiz belə deyillər. Yaxşı əsər, gözəl roman filan kompensasiya deyil onlardan ötrü. Vay o gündən sevdikləri yazıçını həyatda görüb tanıyalar, onun bir saxta işini, səhv hərəkətini müşahidə edələr. Vəssalam! Bundan sonra hər söz düşəndə, məqamı gələndə əsərlərin dəyərini, filanı danmasalar da, “heyif”lər mütləq dilə gələcək.

“Yaxşı yazır, amma gərək belə eləməyəydi də...”  üslubunda danışıb təəssüflənəcəklər. Xüsusən gənclərin qabiliyyət, tərbiyə, böyük-kiçik yeri bilməsi, yaşlıların isə özünü ziyalı kimi aparması bu nəsl oxucular  üçün son dərəcə vacibdi. Ona görə hətta mənə tez-tez elə gəlir ki, kimsə mənim böyüyə ehtiramımdan danışanda valideynlərim daha çox zövq alır, nəinki yazılarımdan. Bu da təbiidi... Belə də olmalıdı!

İlqar Fəhmi də özündən qabaq sözüylə ailəmin sevimlisinə çevrilmişdi. Onun “Bakı tarixindən kollaj” əsərini oxuyub özümüzü, qonşumuzu, nənəmizi tapmışdıq orda, romandakı incə yumoru ailədə tez-tez işlənir, məclislərimizə duz qatırdı. Sonralar Televiziyada “Məclisi Üns”dəki maraqlı çıxışlarıyla evdəki ədəbi söhbətlərimizin müzakirə mövzusuna çevrilirdi.

Amma günlərin bir günü İlqar özü də bilmədən köhnə, qədim, sərt, qəliz bakılı senzurasından, anamın senzurasından uğurla keçdi. Oğlanları anamın çalışdığı məktəbdə oxuyur deyə, tez-tez orda görüşür, ünsiyyətdə olurlar. Və hər dəfə bu uşaqlıqdan zarafatla “despot” adlandırdığım, sərt tərbiyə mexanizmi ilə kələyimizi kəsən qadının İlqarı necə tərifləməsini, qanacağından, mərifətindən danışmasını eşidəndə gülümsəyirəm. Anam neyləsin, axı müasir ədəbi gəncliyin böyük əksəriyyəti “istedadlıyamsa, tərbiyəm olmaya da bilər”, “intellektim varsa, qanacağa ehtiyac da yoxdu” prinsipi ilə yaşayır, amma ən pisi odu ki, sadəcə özüyçün yaşamır, belə yazır, bunu təlqin edir, saytlardan bağırır az qala bu düşüncəsini... Ona görə İlqar Fəhmi kimi istisnalar böyükləri bir tərəfdən sevindirir, digər tərəfdən də qorxudur. Birdən “korlanar”, birdən o da dəyişər deyə.  Ancaq, nədənsə mən əminəm ki, dolu, daxilən zəngin adamın dəyişilməsi, hansısa vəzifədən, uğurdan başının gicəllənməsi mümkün deyil. Uzağı bir-iki gün yuxulu kimi gəzə bilər, tam da dərk eləməz nə baş verdiyini... Bu mənada İlqar üçün təhlükəli nəsə yoxdu, onsuz da həmişə bu haldadı.

İlqar Fəhminin bütün bu sadaladığım üstünlükləri içərisində ən böyük üstünlüyü, qeyri-adiliyi onun yaradıcılığıdı. İndiyə kimi onun şeirlərindən də, film ssenarisindən də yazmışam, “Bakı tarixindən kollaj” əsəri Humay Milli Mükafatı alanda bir əndrəbadi söhbət də eləmişəm onunla, “525-ci qəzet”də çap olunub, “Söhbətlər” kitabıma daxil etmişəm, ona görə nədənsə bu gün Fəhminin “sarı yarpaqlar”ından, “qarğa yuvası”ndan, “kollaj”ından, “ölüm növbəsi”ndən, “atvyorka”sından danışmaq istəmədim. Həm də bunların hamısı ayrıca, ciddi yazı mövzularıdı. İnanıram ki, İlqar Fəhmi yaradıcılığı tezliklə tədqiqatçıların da diqqətini cəlb edəcək, əsərləri peşəkar təhlil olunacaq.  Mənsə, sadəcə uğurlarına sevindiyim həmkarımı, ailəmin sevimlisini növbəti uğuru, katib seçilməsi münasibətiylə təbrik etmək istədim. Bir də axı ənənəmiz var!!! İki il öncə “Qar yağacaq” kitabımın təqdimatından bir gün sonra İlqar Fəhmi gözəl, xeyirxah bir məqalə yazıb “525-ci qəzet”ə göndərmişdi. O zaman, ilk kitabdan sonra gözüm zövqünə inandığım adamların üzündə idi və onlardan rəy gözlədiyim bir vaxtda İlqarın yazısı böyük stimul, güc vermişdi mənə. Essenin əvvəlində unutmadığım bir fikir vardı: “Həm də mənim Pərvinə bir yazı və bir müsahibə borcum var. Ötən il  ssenari müəllifi olduğum “Ölüm növbəsi” bədii filminin təqdimatından sonra Pərvin Abşeron həyatından bəhs edən bu film haqqında yalnız əsl bakılı qələmindən çıxa biləcək çox gözəl bir yazı yazıb dərc elətdirmişdi... İndi mən də yazı borcunu verirəm...”

... Əlbəttə, burda İlqar Fəhminin Bakı kəndlərində çox müşahidə etdiyimiz  səmimi, incə zarafatı  aydındı.

Hansı borcdan söhbət gedə bilərdi ki? Bəyəndiyim film haqqında tamaşaçı qeydlərimi yazmışdım sadəcə.

Amma dünya gör, götür dünyasıdısa, niyə yaxşını görüb götürməyək ki? Həm də axı heç mənim də borclu qalmaqla aram yoxdu... 

Yazımın sonunda arzu edirəm ki, uğurlarımız bol olsun və İlqarla elə “525-ci qəzet”in səhiflərindən bir-birimizin “borc”undan çıxaq.    

 

 

 





29.08.2014    çap et  çap et