525.Az

Nazirlikdə BMT-nin İşçi Qrupu ilə görüş keçirilib


 

Nazirlikdə BMT-nin İşçi Qrupu ilə görüş keçirilib<b style="color:red"></b> Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) BMT-nin Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupu ilə görüş olub.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən 525.az-a verilən məlumata görə, Azərbaycan Hökumətinin dəvəti əsasında İşçi Qrupunun ölkəmizə səfərinin məqsədi BMT-nin Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplərinin icrası sahəsində respublikamızda mövcud iş təcrübəsini, həyata keçirilən cari təşəbbüsləri, imkan və yeni çağırışları nəzərdən keçirməkdir.
 
Görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası və onun uğurlu nəticələri, qeyri-neft sektorunun və regionların inkişafı, yeni yaradılan çoxsaylı iş yerləri barədə məlumat verib.
 
Nazir müavini tətbiqinə başlanılan əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi, onun önəmli cəhətləri haqqında dolğun məlumat verib, bu islahat tədbirinin ilk növbədə vətəndaşların əmək və gələcək sosial təminat hüquqlarının müdafiəsi mexanizminin qurulmasına, qeyri-leqal məşğulluğun qarşısının alınmasına xidmət etdiyini diqqətə çatdırıb.  Azərbaycanın 2008-ci ilin oktyabr ayında BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasına və həmin Konvensiyanın Fakültativ Protokoluna qoşulduğunu və bu sənədlərdən irəli gələn öhdəlikləri uğurla icra etdiyini qeyd edən İ.İsayev əlilliyi olan şəxslərin hüquqlarının təminatı, o cümlədən onların əmək bazarına çıxış imkanlarına yiyələnmələri üçün aparılan məqsədyönlü işlərdən bəhs edib. O, nazirliyin ayrı-ayrı fəaliyyət sahələrində də vətəndaşların sosial hüquqlarının təminatı sahəsində görülən tədbirlər barədə məlumat verib.
 
İşçi Qrupunun üzvləri və  BMT-nin xüsusi məruzəçiləri Puvan Selvanathan və Pavel Sulyandziga sürətli iqtisadi tərəqqi dövrünü yaşayan Azərbaycanda sosial hüquqlar sisteminin qabaqcıl dünya təcrübəsi əsasında təkmilləşdirilməsinin, insan kapitalının inkişafına xüsusi önəm verilməsinin təqdirəlayiq olduğunu vurğulayıblar.

Onlar xüsusən əmək hüquqlarının müdafiəsində təsirli vasitələrdən istifadə olunması üçün nazirlik tərəfindən aparılan islahatların maraq və rəğbətlə qarşılandığını vurğulayıblar. Görüşdə ölkəmizdə əmək və sosial hüquqların daha dolğun şəkildə reallaşdırılması sahəsində görülən işlər və bu sahədə yeni təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.
 





21.08.2014    çap et  çap et