525.Az

“Artıq alınmış pensiya məbləğinin tutulması dəfn xərcinin azaldılması deyil”


 

Müsahibimiz Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu aparatının Əmək pensiyaları şöbəsinin müdiri Elşən Məmmədəliyevdir

“Artıq alınmış pensiya məbləğinin tutulması dəfn xərcinin azaldılması deyil”<b style="color:red"></b>

- Elşən müəllim, hazırda ölkəmizdə əhalinin pensiya təminatı üzrə əsas göstəricilər barədə məlumat verməyinizi xahiş edirik.

- Ölkəmizdə yeni sığorta-pensiya sisteminin fəaliyyət göstərdiyi 2006-cı ildən hazıradək Azərbaycan Respublikası Prezidenti tərəfindən əmək pensiyalarının baza hissəsinin artırılması ilə bağlı 8, sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 8  sərəncam verilmiş, bununla yanaşı əvvəlki sistemlə əhatə olunmuş şəxslərin yeni şəraitə inteqrasiyasının tamamlanması üçün ardıcıl qərarlar qəbul edilib.

Belə ki, qısa müddət ərzində çox ciddi sosial-iqtisadi islahatların aparılmasının məntiqi nəticəsi kimi yaşa görə əmək pensiyasının baza hissəsinin  2006-cı il aprelin 1-dən  30 manat, oktyabrın 1-dən 35 manat, 2007-ci il yanvarın 1-dən 40 manat, fevralın 1-dən 50 manat, 2008-ci il yanvarın 1-dən 60 manat, sentyabrın 1-dən 75 manat, 2010-cu ilin sentyabrın 1-dən 85 manat, 2013-cü ilin sentyabrın 1-dən 100 manat məbləğində müəyyən edilməsi ilə bütün əmək pensiyaçılarının pensiyalarına eyni vaxtda artımlar tətbiq olunub.

Göstərilənlərlə yanaşı, dövlət başçısının əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncamlarına əsasən, müvafiq şəxslərin əmək pensiyalarının sığorta hissəsinə ölkədə baş vermiş infilyasiyaya uyğun olaraq 2007-ci ilin yanvarın 1-dən 8,3 faizlik, 2008-ci ilin yanvarın 1-dən 16,7 faizlik, 2009-cu ilin yanvarın 1-dən 20,8 faizlik, 2010-cu il yanvarın 1-dən 1,5 faizlik, 2011-ci il yanvarın 1-dən 5,7 faizlik, 2012-ci il yanvarın 1-dən 7,9 faizlik, 2013-cü il yanvarın 1-dən 1,1 faizlik, 2014-cü il yanvarın 1-dən 2,4 faizlik artım tətbiq edilib.

Pensiyaçıların sosial müdafiəsinin xüsusi diqqət mərkəzində saxlanılmasının nəticəsidir ki, pensiyaların orta aylıq məbləği hər il yüksələn dinamika ilə artıb. Belə ki, ölkə üzrə pensiyaların orta aylıq məbləği 1 yanvar 2006-cı il tarixə 29,8 manat olduğu halda, 1 yanvar 2007-ci il tarixə 41,1 manat, 1 yanvar 2008-ci il tarixə 62,9 manat, 1 yanvar 2009-cu il tarixə 95,8 manat, 1 yanvar 2010-cu il tarixə 100,4 manat, 1 yanvar 2011-ci il tarixə 112,9 manat, 1 yanvar 2012-ci il tarixə 145,1 manat, 1 yanvar 2013-cü il tarixə 152,0 manat təşkil etmiş, hazırda isə 172,2 manata çatıb. Nəticədə yeni sistem fəaliyyətə başladığı dövrdən hazıradək əmək pensiyalarının minimum məbləği 4 dəfə, orta aylıq məbləği isə 5,8 dəfə artıb.

Həyata keçirilən davamlı sosial müdafiə tədbirləri nəticəsində pensiyaların orta aylıq məbləği pensiyaçılar üçün yoxsulluq həddini 1,7 faiz üstələyir, halbuki 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunurdu. Bütün bunlar Azərbaycanda yoxsulluq probleminin həllinin mühüm vasitələrindən biri kimi sosial sahədə sürətli islahatların aparılması və pensiyaların davamlı artırılmasına dair ölkə Prezidentinin qəbul etdiyi ardıcıl qərarların real nəticəsidir.

- Qanunvericilikdə sığortaolunanların və əmək pensiyaçılarının vəfatı ilə əlaqədar dəfn müavinəti barədə müddəalar öz əksini tapmışdır. Bəzən müəyyən olunmuş müavinətin məbləği vətəndaşlar arasında müzakirə mövzusuna çevrilir. Bu məsələyə aydınlıq gətirməyinizi istərdik.      

-Hazırda sığortaolunanların vəfatı ilə əlaqədar dəfn xərcinin məbləği 120 manat təşkil edir. Əmək pensiyaçısı vəfat etdikdə isə onun ailəsinə yaşa görə əmək pensiyasının baza hissəsinin üç misli məbləğində dəfn üçün müavinət verilir. Hazırda yaşa görə əmək pensiyasının baza hissəsi 100 manat təşkil etdiyindən, 300 manat məbləğində dəfn üçün müavinət verilir. Bəzən vətəndaşlar tərəfindən dəfn üçün müavinət vəfat edənin əmək pensiyasının tam məbləğinin üç misli başa düşülür. Yeri gəlmişkən qeyd etmək istərdim ki, bəzi hallarda əmək pensiyaçısının vəfatı barədə məlumat onun ailə üzvləri tərəfindən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yerli orqanına vaxtında verilmir və əmək pensiyaçısının plastik kartı vasitəsilə aylıq pensiyalar alınmaqda davam edir.
Bu cür hallarda dəfn üçün müavinətin ödənilməsi üçün müraciət edildikdə artıq ödənilmiş pensiya məbləğinin tutularaq, DSMF-nin hesabına bərpası aparılır. Təəssüf ki, bu hal bəzən vətəndaşlar tərəfindən dəfn müavinətinin az məbləğdə verilməsi kimi başa düşülür. Halbuki burada dəfn müavinəti düzgün hesablanır və DSMF orqanı artıq ödənmiş məbləğin tutulmasına cavabdehdir. Buna görə də ümumi məbləğdən artıq alınmış həmin vəsait tutularaq köçürülür. Artıq alınmış pensiya məbləğinin qanunvericiliyə əsasən tutulması dəfn xərcinin azaldılması kimi şərh olunmamalıdır. Bəzi hallarda vətəndaşlar dəfni kimin yerinə yetirməsi barədə sənəd təqdim olunmasına etiraz edirlər. Praktika göstərir ki, dəfn müavinətinə bəzən bir neçə varis iddia edir.

Müavinət isə yalnız dəfn edənə verilməlidir. Bu isə həmin şəxsin dəfni həyata keçirməsi barədə arayış alınmasını tələb edir.

İsgəndər HƏSƏNOV

 





20.08.2014    çap et  çap et