525.Az

Rəşad Məcidə Ərəb Əmirliklərindən yubiley təbriki


 

Rəşad Məcidə Ərəb Əmirliklərindən yubiley təbriki<b style="color:red"></b>

Dəlicəsinə  istək!
Dəlicəsinə  qalib  gəlmək  əzmi!
Allah dəlicəsinə istəyənlərin yanındadır!
İnsan  bir  şeyi  dəlicəsinə  istəyirsə, ona  çatır!

Bu yaxınlarda Bakıdan mənə hədiyyə gətirilən "Dəlicəsinə" kitabından oxuduğum bu fəlsəfi fikirlərin müəllifi - yazıçı, publisist, şair, jurnalist Rəşad Məcidin daxili dünyası ilə tanışlıq məndə çox xoş təəssürat yaratdı.

Təbiət vurğunu olduğumdan kitabın üz qabığında verilmiş gözəl dəniz mənzərəsini görəndə şair Rəşad Məcidin "Məğrur qaya" şeiri yadıma düşdü:

Bu  qayanın  duruşundan  əzəmət  yağır,
Bu  sahilin  güvənc  yeri, ümüd  yeridir.
Bu  qayanın  qarşısında  dalğalar  fağır,
Yüz  dalğanı  sinəsində  ovub, əridir. 

Bu  qayanın  kökü  dərin, qaməti  uca,
Tufanlar  da  vüqarını  sarsıda  bilmir.
Yağışların  gur  yerində  çimir doyunca,
Şimşəklərin  hədəsindən  qorxub  əyilmir. 

İnsanın hisslərinə, arzularına, duyğularına qarşı durmuş olan dünyanın özü ilə üzbəüz danışmaq gücü və qüdrəti vardır bu poetik misralarda.

Sadəlik, aydınlıq, səmimilik, həyata, оnun tələblərinə dərindən bağlılıq, poetik üslubun təkrarsızlığı və bənzərsizliyi, fikir və məntiqin aydınlığı, sözün zərgər dəqiqliyi ilə işlənilməsi, ahəngdarlığı  Rəşad Məcid poeziyasını  bir şair kimi fərqləndirən xüsusiyyətlərdir.

Kitabın içindəki publisistik yazılar, səfər təəssüratları, portret məqalələr, şair-yazıçı Rəşad Məciddən alınan müsahibələr öz sadəliyi və orijinallığı  ilə seçilir. Kitabda tanıdığım və tanımadığım insanlar haqqındakı yazılar o insanları mənə bir daha tanıtdırdı və sevdirdi. Rəşad müəllimin səfər təəssüratlarını oxuduqca sanki mən də qiyabi olaraq o yerlərə getdim, gəzdim, gördüm, görüşlərdə oldum, müxtəlif insanlarla tanış olaraq, onların söhbətlərini dinlədim.

...Bütün  uğursuzluqların  arxasında sevgisizlik durur!

"Sevəndə də dəlicəsinə sevin" - deyən Rəşad Məcid oxucusuna həyatın çətinlikləri və məşəqqətləri qarşısında qalib olmaq üçün həyat eşqi, əzmkarlıq, arzularına çatmaq, istəklərinə nail olmaq yolunda "dəlicəsinə" inadkarlıq etməyi tövsiyə edir.

...Biz- arzuladığımız  torpağa  ona  görə  çatmırıq  ki, dəlicəsinə  istəmirik.

...Dəlicəsinə  mübarizə  edin! Catacaqsınız!

Bu, yazıçı Rəşad Məcidin "dəlicəsinə" hayqırtısı, çağırışıdır.Torpağı işğal altında olan bir millətə,vətənə olan sonsuz sevgisindən doğan ürək sözləridir.Torpağı dəlicəsinə sevək ki, azadlığına da nail olaq.

Açıb qollarımı qucaqlayaram,
Sıxaram köksümə genişliyini.
Çən kimi çökərəm, su tək hoparam
Bu yurd sinəsində bitirər məni.

Rəşad Məcid qələmindən süzülüb gələn bu kövrək misralar şairin vətənə, el-obaya, torpağa sevgisindən, məhəbbətindəndir.

Həzin, qəmli bir melodiya kimi insanın ruhunu oxşayan bu misralarda isə sevən qəlbin hissləri dolğun şəkildə ifadə olunub:

Hələ çoxdur səndən məndə qalanlar,
Hələ nələr yazmalıyam mən, nələr...
Ağrı dolu, əzab dolu romanlar,
İnildəyən, sızıldayan nəğmələr.

Rəşad Məcid  çağdaş ədəbi aləmdə özünəməxsus dəsti-xətti ilə seçilən, danışdığı kimi yazan, yazdığı kimi danışan qələm sahibidir.

Rəşad müəllimi mənə sevdirən onun məşhur "10 sentyabr" hekayəsi olub. Bu hekayədə sadə, ürəyi təmiz, sözünə sadiq, gözütox, vicdanlı bir azərbaycanlı və tipik bir amerikalı obrazı ustalıqla təsvir edilib. 10 sentyabrda taksi kimi işlətdiyi "Jiquli"sində qalan çantanı amerikalıların qaldığı yerə aparıb öz əli ilə versə də, amerikalı onun gətirdiyi pula it alacaqlarını bildirir və ona bir qara sent də vermir. Bir sadə azərbaycanlı düşüncəsi ilə balalarının boğazından kəsib dar gün üçün yığdığı pulu qızının saglamlığına qıymayan ata dostlarına söz verdiyi qonaqlığa xərcləyir. Amma o qızın, anasının ahı yerdə qalmır və son: 11 sentyabr.

Rəşad Məcidin ən çox sevdiyim şeirlərindən biri də böyük fəlsəfi mənası olan "Uzağı bir ay" şeiridir.

Unuda bilmirəm: uşaqkən  qumdan
Qurduğum  qalanı  sular  apardı.
O  itki  heç  zaman  çıxmır  yadımdan
Çığırdım, qışqırdım, şivən qopardım. 

Mənim  çox  qalama  o  vaxtdan  bəri
İldırım şaxıyıb, dolu  tökülüb.
Doğma  şəhərlərim  viranə  qalıb,
Uşaqlıq  evlərim  daş-daş  tökülüb.

İndi    sarsılıb, nə    yanaram
Taleyin  növbəti  sərt  sınağına
Uzağı  bircə  ay  qubarlanaram
Qurduğum  qalanın  uçurulmağına.

Heyfsilənməyin, Rəşad Məcid! Çünki "dəlicəsinə" istəyə  görə o qala  yenidən qurulacaq!

Yenə dünya yaşıllaşır,
Payızın düz ortasında.
Yenə uşağa dönürəm
Ömrümün günortasında.

Taledən ən dadlı töhfə,
Ən ləzzətli bar qayıdır.
Tanrı, insafına şükür,
Yenə də bahar qayıdır.

Ad gününüz mübarək, Rəşad müəllim. Sizi 50 illik yubileyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edir, uzun ömür, cansağlığı, ailə səadəti, yaradıcılıq uğurları arzulayıram. Uğurlarınızın daim davamlı olması diləyi ilə hər şey könlünüzcə olsun!

 





20.08.2014    çap et  çap et