525.Az

Pərdəarxası ömrün gerçəkləri


 

Pərdəarxası ömrün gerçəkləri<b style="color:red"></b>

“Sən heç zülüm görməmisən,
Gözündə yaş görənlər var...”
Zərdüşt Şəfi

Rəşad Məcidin son müsahibələri, çıxışları, baş verən son ictimai-siyasi proseslərə reaksiyaları qarşısında yaddaşımdan qeyri-ixtiyari olaraq həyatdan nakam getmiş şair Zərdüşt Şəfinin bu misraları süzülüb gedir və mən bu axının müqabilində misraların hikmətinə dalaraq, ağrıya qala kimi durub dayanmağın nümunəsini ilk öncə şeir müəllifinin öz simasına yaraşdırıb da özgə ünvanlarda var-gəl edirəm. Bilmirəm, anologiya nə qədər təbiri-caizdi, mənə elə gəlir ki, ortada qırılıb qalan, istedadı parçalanan bir yaradıcılıq var. Ki, bizə bu gün tanıdığımız R.Məcidi qoyub da, əvəzində potensial yaradıcını alıb.  Bəlkə bu üzdən onun fikirlərinin, duyğularının alt qatından bir də sevincə bələnmiş ağrı, yumorla süslənmiş kədər boy verir. Bəzən bu pərdəarxası (gerçək!) ömürdə odu söndürülən şair rübabının avazı sızlayır, yazılmayan neçə şeirin titrəyişi hiss olunur. Yaradıcı insanın dəyəri yalnız yazılanlarlamı ölçülür? Bəlkə ortada olanlar olmayanların, yazılanlar yazılmayanların həsrətini daha çox çəkdirmək üçündür. Rus şairi Mariya Svetayeva “ən yaxşı şair nə qədər yazmağı yox, nə qədər gərilməyi bacarandır” – deyirdi. Bu gün R.Məcidin sakit, hamar, səsdən-küydən uzaq olan etiraflarında sanki özünə bəlli, yəni tam açılmayan potensialın içinə tökdürdüyü göz yaşından hasilə gələn bir təmkin, barış əzmi hiss olunur. Zülümlərdən keçib gəldik, göz yaşına nə hacət...

Üç il öncə “Azadlıq” radiosunun “Oxu zalı” Rəşad Məcidin on beş il sonra yazdığı şeirlərini tədqim etdiyində oxuyub həm fəhm qılmış, həm də istedadına acımışdım. İçindəki potensialın, poetik istedadın cəmiyyət hadisələri, qəzet operativlikləri içrə xərcləndiyi səbəbinə.   

Rəşad Məcidin ilk yazdığı şeirlərə baxıram: dağ, dərə, meşə, çəmən, yaylaq, ümumən yol simvolikasına tutunmuş təbiət mənzərələri, əbədilik axtarışlarında olan insanı torpaq və təbiətin, zaman və tarixin bir parçası kimi görükdürmək əzmi, şairin dünyaya çıxışının, onunla tanışlığının ilk addımları...

Çəmən zirvənin çiynində
Bəzəkli şaldı eləcə.
Gül-çiçəklər yaraşıqdı,
Lalələr xaldı eləcə. 
Könlüm, düş, bu alovda yan,
Gözüm, gözəllikdi hər yan.
Bir daş altda heyran-heyran,
Quruyub qaldım eləcə. 

R.Məcidin şeirlərində ən mühüm cəhət fikirlərini cilalaya bilmək, poeziya ritminə köklənmək səriştəsidi. Əgər predmet vətən gözəlliklərinin vəsfidirsə, bu təsvir son məqamlarına, təsvirlərinə, mənalarına qədər sərgilənmiş olur. Amma ağla gələn hər şeyin kor-koranə ifadəsi ilə deyil, ilhamı zorlamadan, fikrin misra-misra bir-birindən doğması, əl-ələ verib uçunması mənasında. Bəlkə ona görə ki, R.Məcidin şeirlərindəki obrazlar bədii söz sənətimizin ilkin qatlarından, şifahi xalq ədəbiyyatımızdan ayrılıb gəlir və bu ilkinlik deyilən nəsnə nə əcayib bir duyğudursa – təzə-tər yaşamı, əl dəyilməmiş bakirəliyi ilə - oxucuya həm də özü boyda təmiz yaşam stixiyası təlqin eləyir. Şeirdəki saflığa fikir verirsinizmi?! Necə ki, müəllifini dünya mənzərələri önündə ilahi lallıqda saxlayır, oxucunu da eləcə, həmin saflıq önündə sükut içində buraxır. “Heyran-heyran quruyub qalmaq...” Portuqal şairi Fernando Pessoa məqalələrinin birində yazırdı ki, “Poeziya mənim üçün heyrətə layiq bir möcüzədir – elə bil ki, bax, indicə göydən yerə düşmüsən və özünə gələr-gəlməz gözlərini açıb... yerin, torpağın cazibəsindən məst olursan.” Bütün şairlərin şeirlə birinci görüşü belə başlayır. İçinin saflıq pəncərəsindən dünyaya boylanır, ona elə gəlir ki, hər nə varsa burda, həmin saflığın – təbiət və torpaq, insan və zaman əxlaqının içindədi. Sonra başa düşür ki, əslində belə deyilmiş, bu dünyanın həm  də boz rəngləri, boz insanları, boz duyğuları varmış. Onda fərdi özünüdərk başlayır, şair içinin dərinliyinə enir, daha çox özünün mənəvi durumunu sərgiləməyə can atır. Dünya ilə dialoq sükutun monoloquna çevrilir. Hər şey bu sükuta, onun gətirdiyi tənhalığa tərk edilir. Gördüyü hər nəsnədə bu tənhalığın havasını duyur, onun yaşamına köklənir şair: 

Bir qərib axşamın səssiz küçəsi,
Dolmuşdu ətrinlə iydə ağacı.
Tənha duruşunla çıxdın qarşıma,
Tənhalar çox vədə qəribdi axı.
Qarışıb ətrinə yumdum gözümü,
Şehli budağına sürtdüm üzümü.
Talemi yolladı, göydənmi gəldin?
Bu uzaq torpaqda necə dikəldin? 

Hər dövrün öz şeir “dili”, pafosu var. Heç bir iddia ehtiva etməyən, süni fəlsəfəçilikdən, zahiri təmtəraqdan uzaq, birbaşa təbiət estetikasından çıxış edən poetik düşüncələr... Bilmirəm, hər açılan səhəri qanla qızaran 90-cı illər reallığında özünə nə qədər yer eləyə bilərdi... Torpağı əlindən alınmış, yurdu yağmalanmış şair vətənə ərklə necə şeir yaza bilərdi ki?  Zaman başqa zaman idi və bu cür şeirlər artıq periferiyadan mərkəzə sıxışdırılırdı. Şair bütün hallarda içini təqdim edir, onun diktə etdiklərini yazanda qüvvətli olur. Diqqət edək: 90-cı illər daha çox tribun səciyyəli şeirlər yazan şairlərin zamanıydı. Həmin dövrdə bəlkə də hər bir şair zamanın ritminə köklənməyə çalışdı, amma bu hər şairdə nə qədər alındı, hansı poetik istedadda üzə çıxdı, bu ayrı məsələdi. Deyək ki, B.Vahabzadənin, M.Arazın, X.Rzanın, Qabilin odlu misralarına müvafiq M.Yaqub şeiri təbiət aşinalığına sadiq qalarkən, M.İsmayıl şeiri meditativ düşüncə sərgiləyərkən, R.Rövşən, V.Səmədoğlu şeiri ruhsal-mənəvi duyumlarını qoruyurkən var-varlığında görünə bilirdilər. Kim nə deyir desin, bu gün 90-cı illərin psixoloji-mənəvi yaşamları ən real, ən ağrılı cizgilərini elə 90-cıların, həmin ağrıların içindən keçib gələn, müstəqillik dövrü poeziyasını yaradanların şeirlərində tapır. Bütün bunları niyə deyirik, onun üçün ki, hər şair öz zamanının qəhrəmanıdır və içi “özgə” havalar, daha doğrusu öz havası üstə köklənən şairlər şəraitin imkan vermədiyi vaxtlarda ya inzivaya çəkilib başqa ünvanlar arayır, ya da eləcə, əvvəlki bədii ovqatda yazmaqda davam edirlər. R.Məcid bəlli ki, başqa ədəbi müstəvilərdə qərarlaşan kəslərdən oldu. Çünki keçid dövrünün problemləri, gərginlikləri, eləcə də üzləşdiyi Qarabağ dərdi ilə baş-başa qalan ədəbiyyat adamları üçün həmin dönəmdə fəaliyyət göstərmək çox çətin idi. Akif Səmədin aşağıdakı misralarında deyildiyi kimi, ədəbiyyat, sənət keçid dövrünün məşəqqətləri önündə əzəli gücünü saxlaya bilmir, zamana məğlub görünürdü:

Könül,  dünya gərdişləri
Bizlik deyil, çıxaq gedək.
Söz qanan qəhətə çıxıb
Sözlük deyil, çıxıb gedək... 

Sözün məğlubiyyətinə işarə R.Məcidin öz şeirlərində də yer alıb: “Heç onu bu qədər günahkar, aciz, / İşıqsız görmədim, saxta görmədim” - deyir. Bu, ayrılıqda fərdin, sənətkarın, bütünlükdə xalqın üzləşdiyi tragik situasiyaların sözə, ədəbi fikrə, axtarışlara mənfi təsirinin nəticəsi idi ki, formalaşmaqda olan  böyük bir yaradıcı nəsli haçalanmağa məruz qoydu. Dövrün polifonik üslub axtarışlarında artıq poetik fərdiyyətlər kimi sabitləşməkdə olan imzaların bədii düşüncə ilə təbii münasibətlərinin qanunauyğunluğu pozuldu. Professor Nizami Cəfərovun bir fikri o illərin mənzərəsini dəqiq xarakterizə edir. “90-cı illərdə yazarların ixtiyarına verilən ədəbi tribunalar demək olar ki, sahibsiz qaldı, ədəbiyyat məkanı büsbütün boşalmağa başladı: – kimi siyasətə, kimi cəmiyyətə və hətta iqtisadiyyata üz aldı”. Həmin  ictimai gərginliyin şərtləndirdiyi “ayrılıq məqamı” Rəşad Məcidin şeirində belə sərgilənir: 

Gəl öldür bu axşam, sındır bu axşam
Yaşımın yaşıllı çağına baxma.
Şerin söz qoxulu səltənətinə
Ey ilham pərisi, məni buraxma!..

Bu gün bizlər üçün istinad edə biləcəyimiz ədəbiyyat müstəvisi, ədəbi ünvanlar müxtəlif, çap imkanı genişdir. Amma ədəbi aləmə daxil olduğum yeni minilliyin əvvəllərində biz gənclər qaynar yaradıcı prosesi “Ədalət” qəzetinin müxtəlif ədəbi nəsillərə və mövqelərin sərgilənməsinə ayrılmış səhifələrdən izləyirdik. Belə ədəbi müstəvi olmaq prioritetlərindən biri də “525-ci qəzet” idi. Bu gün də Azərbaycan ədəbi palitrasının yaranmasında Rəşad Məcidin təsis etdiyi “525-ci qəzet”in müstəsna rolu var. Burada mühüm bir amili də vurğulamamaq mümkün deyil. Başqa qəzet və portallar öz səhifəsində yer ayırdığı siyasi-ictimai, şou xarakterli yazılara necə baxırdılarsa, ədəbi mətnlərə də münasibətdə eyni mövqedə bulunurdular. “525-ci qəzet”in isə ədəbiyyatın təəssübünü çəkmək baxımından dürüst mövqeyi vardı və bu mövqe öz funksionallığını çağımızadək qoruyub saxlamaqdadır. Bu təəssübkeşliyin nədən zəminləndiyini, oxucudan daha çox baş redaktorun – R.Məcidin özünə lazım olması gerçəkliyini isə yenə içdünyanın oyunları faş eləyir. “Qəzet siyasi proseslərin içində olur, siyasət də insanı bir az bulandıran, bir az qurulaşdıran peşədir. Mən bundan çıxış yolu kimi elə qəzetdə ədəbiyyat, şeir çap etməkdə gördüm. Beləcə, sanki bir işıq tapmış oldum qəzetdə. Siyasətin bulanıq, qaranlıq, qarışıq dünyasında balaca bir baca tapıb hava almağa çıxdım.” Bu mənada R.Məcidin uzun illərin sükutundan sonra özünə “Xilaskar” aramağı həmin mənəvi çevrilmənin nəticəsi idi. 

Sən – dərdin qənimi!
Sən – qüssənin cəlladı!
Sən – ağrıların keyidicisi!
Sən gerçək – yalan
artan çoxalan
yüzə – minə vurulan
bəd xəbərlərin qovucusu!
Valerianım!
Korvalolum!
Validolum!

Şeirdə simvolik olaraq, xilaskar obrazında görünən həm də poeziyanın özü idi ki, ziddiyyətlərdən keçib gələn insan düşüncəsinin sözdə vücud kəsb etmək ehtiyacından rişələnirdi. Bir də uzun illərin sükut buzunu qırmaq, sındırmaq meylindən. O zaman müxbirin “Bu yaxınlarda bir neçə yeni şeiriniz çap olundu - kövrək, duyğusal şeirlər idi. Və bəzi insanlar bir qədər təəccüblənməyə başladılar. Niyə belə olur? Yəni Rəşad Məcid duyğusal ola bilməzmi?” sualına R.Məcid belə cavab vermişdi: “Mən təbiət etibarı ilə əslində  şairəm. Amma şairlik bir həyat tərzidir, sadəcə, mənimki elə gətirdi ki, o həyat tərzini yaşamağım mümkünsüz oldu.”  Mümkün olmasa da, hərdən hisslərin inqilabı baş verir, yaşanılan gerçəklər sırası insanı “şeir dilində” danışmağa vadar eləyir. Daha çox o zaman ki, keçmişin səni rahat buraxmır, xarabalıqlar altında darmadağın olmuş xatirələrin, “qab kimi əlindən saldığın ömrün” (R.Rövşən) ağrıdan, göynədən səsini daha batıra bilmirsən... “Google proqramı ilə axtarıb Laçının Ağoğlan kəndində baba evimi tapıram. Görürəm, doğulduğum, uşaqlığımın müəyyən hissəsini keçirdiyim evin üstü erməni işğalı zamanı dağılıb. O kəndin evləri virandır, orada hal-hazırda yadlar yaşayır və biz ondi ora gedə bilmirik.” Bu şeir həmin nisgilin düşüncədə davamıdır, ağrının misralarda əyaniləşən şəklidir:

Unuda bilmirəm: uşaqkən qumdan
Qurduğum qalanı sular apardı.
O itki heç zaman çıxmır yadımdan –
Çığırdım, qışqırdım, şivən qopardım.

Mənim çox qalama o vaxtdan bəri
İldırım şaxıyıb, dolu tökülüb.
Doğma şəhərlərim viranə qalıb,
Uşaqlıq evlərim daş-daş sökülüb.

İndi nə sarsılıb, nə də yanaram
Taleyin növbəti sərt sınağına.
Uzağı bircə ay qubarlanaram
Qurduğum qalanın uçulmağına.

İndi Rəşad Məcid əlli yaşını qutlayır, nəfəs dərib artıq “öz içimdə gəzən dövrümdü” qənaətində bulunur. Fəqət pərdəarxasının gerçəkləri onun öz (iç) dünyasına mütəmadi həssas olmasını sərgiləmədə... Növbəti “dönüş”dən hasilə gələcək mətnlər isə əl-əlbət keçib gedilən, yaşanılan ömrü bir baxışla diriltmək çabasından yaranacaqdır.

 





20.08.2014    çap et  çap et