525.Az

Qaraçöpdə azərbaycanlılar etiraz aksiyası keçirib


 

Qaraçöpdə azərbaycanlılar etiraz aksiyası keçirib<b style="color:red"></b> Bu gün Gürcüstanın Saqareco (Qaraçöp) rayon mərkəzində azərbaycanlılar etiraz aksiyası keçirib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiyaya səbəb azərbaycanlılar yaşayan Ləmbəli və Düzəyrəm kəndlərinə icra hakimiyyəti nümayəndələrinin təyinatı olub. Səhər saatlarında başlayan etiraz aksiyasında 200 nəfərə qədər azərbaycanlı iştirak edib. Aksiya iştirakçıları kənd icra nümayəndələrinin təyinatı ilə razılaşmadıqlarını bildiriblər və onların dəyişdirilməsi tələbini irəli sürüblər.
 
Ləmbəli kənd sakini, sabiq kənd icra nümayəndəsi Mübariz Məmmədov APA-ya açıqlamasında Saqarecoda “Gürcü Arzusu” koalisiyasının qələbə çalmasında Qaraçöpdə yaşayan azərbaycanlıların böyük rol oynadığını, buna baxmayaraq, partiya sıralarında fəal olan azərbaycanlı kənd icra nümayəndələrinin vəzifələrindən azad olunduğunu və onların yerinə Vahid Milli Hərəkat partiyasının nümayəndələri təyin edildiyini bildirib. M. Məmmədovun sözlərinə görə, vəzifəyə təyin olunan adamlar Qaraçöpdə daim yaşamayıblar: “Dünən Ləmbəli və Düzəyrəm kəndlərinə Qaraçöpdə yaşamayan Muxtar İsmayılov və Mahmud Əliyev hansı yollasa icra nümayəndəsi təyin edilib. Bu, əhali arasında ciddi narazılığa səbəb olub. Bu narazılıq barədə Saqareco İcra Hakimiyyətinin başçısı Georgi Kvirişvili və yuxarı təşkilatlar məlumatlandırılıb. Lakin icra başçısı bizim tələbimizi eşitmək belə istəmədi və dedi ki, təyinat düzgündür. Biz tələbimizin yerinə yetirilməsində israrlıyıq”.
 
Saqareco rayon İcra Hakimiyyətinin başçısı Georgi Kvirişvili isə APA-ya açıqlamasında tədbirin etiraz aksiyası olmadığını və kənd əhalisinin içindən seçilən nümayəndələrlə görüşdüyünü söyləyib: “Bu, əhali ilə mənim görüşüm idi. Mən bu tədbiri aksiya saymıram. Rayon icra hakimiyyətinin qarşısına gələnlər kənd icra nümayəndəsi vəzifəsinə kimin təyin ediləcəyi  ilə maraqlanıblar və biz məsləhətləşmə apardıqdan sonra bir-birimizi başa düşdük və bu məsələni yenə də müzakirə etmək üçün razılığa gəldik. Dünən kənd icra nümayəndələri təyin etmişik, lakin onlar müvəqqəti təyin olunublar. Bu şəxslərin dövlət qarşısında xidmətləri var, onlar bizə seçkilərdə kömək ediblər. Üç aydan sonra rayonda bütün icra nümayəndələrinin attestasiyası keçiriləcək və kim attestasiyadan keçərsə, icra nümayəndəsi olacaq. Mənim üçün kimin seçilməsi maraqlı deyil”.
 





20.08.2014    çap et  çap et