525.Az

21 yaşlı Rəşad Məcidin şeiri


 

21 yaşlı Rəşad Məcidin <b style="color:red">şeiri</b> 21 yaşımın ayrılıq günü,
Qoyma öləziyim, qıyma ki, sönüm!
 
İlhamı şam kimi yanıb tükənir,
Bir zaman şerini əzbərlədiyim,
Odlu misrasını əzbər dediyim
İşıqlı şairlər, cavan şairlər.
 
Sönür ekranlarda, gen kürsülərdə
şeiri özlərindən tez qocalanlar,
Odları tükənən – yavan şairlər.
Təzə söz adına
Köhnə bayatını təkrarlayırlar.
Elə bir yerdəcə sayır, sayırlar,
Şöhrətin ardınca çapan şairlər.
 
Yanaqdan süzülən bir cüt yaş kimi
Sürüşüb gözümdən düşür gümanım.
Sirli yaddaşımın sınır tilsimi:
«Nehrəsi çalxanır qoca zamanın».
 
21 yaşımın son gecəsində
Özümün özümlə davam başlayır.
Sevgimin atəşi dinir səsimdə,
Şerimlə, sözümlə davam başlayır…
 
…Otuz beş yaşımda qalxıb kürsüyə
İyirmi bir yaşımda yazdığım şeiri
Əgər soyuq-soyuq, hissiz-ürəksiz
Təzə söz adına oxuyacamsa,
Gəncliyin yarımçıq misralarını
Yamayıb, közəyib toxuyacamsa,
Baxıb görəcəmsə
İyirmi bir çıxıbdı iyirmi birimə!
İyirmi bir yaşında bir təzə qardaş
Baxıb güləcəksə boyat şerimə,
Candərdi alqışlar, yalan şöhrətlər,
Çiçək yağışları,
                gül yağışları
Salondan yollanan «bol səxavətlər»
Söndürəcəkdirsə olan odumu,
Başımın altına tük yastıq qoyub
«Dostlar» öyəcəksə
istedadımı.
 
Gəl öldür bu axşam,
        sındır bu axşam.
Yaşımın yaşılı çağına baxma.
Şerin od qoxulu səltənətinə
Ey ilham pərisi, məni buraxma!..
 
1985

Kulis.az
 





12.08.2014    çap et  çap et