525.Az

“Elçibəy oranın daimi müştərisi idi”


 

“Elçibəy oranın daimi müştərisi idi”<b style="color:red"></b>

Yazarların, şairlərin gənclik illərində hansı məkanlarda oturub söhbətləşməsi, ədəbi müzakirələr aparması ilə bağlı sorğu keçirdik. Onlar maraqlı xatirələrini, məşhur yazarlarla görüşlərini bizimlə bölüşdülər:

Fikrət Qoca: "O vaxt çox mehriban idik. Hər kitabxananın nəzdində bir kitab dərnəyi var idi. Bunlardan ən populyarı Sabir və Lenin adına kitabxanalar idi. Demək olar ki, həmişə ora yığışırdıq. Bütün yaradıcı gənclərin əksəriyyəti bu dərnəyə gəlib-gedirdilər. Bir-birimizi tanıyırdıq. Yadımdadır ki, orada 100-dən çox şair var idi. Onların hərəsindən bir şeir seçib kitab çap etmişdilər. “Tər çiçəkləri” adlı kitab idi. Ötən günlərdə kitabı vərəqlədim, çox az imza qalıb ədəbiyyatda. Səhv etmirəmsə, mən o kitabda 111-ci idim. Orada məndən də çox tanınan, məndən də istedadlı hesab olunan yazarlar var idi. Amma zaman keçdikcə bu 100-lük yonulmağa başladı, üzdə üç-dörd imza qaldı. Sanki yazıb bitirdilər yazacaqlarını. Ömür elə bir qələmdir ki, onu bitirəndə insanın yaradıcı mahiyyəti bitir. Biz qardaş kimi idik. İndiki ədəbi nəsil arasında düşmənçilik var. Hamısı eyni vətənin övladıdır, ancaq bir-birinə düşmən münasibət bəsləyirlər. İstəyirsən çayxanada otur, istəyirsən kitabxanada, əgər mehribanlıq yoxdursa, ədəbi söhbətlərin heç bir marağı olmayacaq. Fikrət Sadıq, Məmməd Araz, Nəriman Həsənzadə, İlyas Tapdıq kimi şairlər də bu dərnəklərə gəlib bizimlə ədəbi söhbətlər edirdilər".
 
Vaqif Nəsib: "Xeyli ədəbi dərnəklər var idi. Ən məşhuru da Sabir və Lenin kitabxanalarda yerləşirdi. Birini Tofiq Mütəllibov aparırdı, o birini Kələntər Kələntərli. Bazar günləri orada çox adam olurdu. O qədər həvəsli idik ki, bir saat əvvəldən yığışırdıq. Bir saat müddətində qızğın ədəbi söhbətlər gedirdi. Hələ çıxandan sonra da davam edirdi. Sonralar Yazıçılar Birliyində də dərnək fəaliyyət göstərməyə başladı. Bu dərnəyi də Mehdi Hüseyn aparırdı.  Təhsil aldığım universitetin özünün ədəbiyyat dərnəyi var idi. Biz orada oxuyanda o dərnəyi Bəxtiyar Vahabzadə aparırdı. Ora da çox maraqlı idi. Hər yerdə ədəbi müzakirələr aparmaq üçün şərait yaradılmışdı. Abbas Abdulla, Fikrət Qoca kimi üzdə olan yazarlar da bizimlə bu dərnəklərdə olurdular".

Azər Abdulla: "Biz "Azneft"in çayxanasında, Filarmoniya bağında qala divarına bitişik çayxanada yığışırdıq. Ən çox da Malakan bağında yerləşən çayxanada görüşürdük. O görüşlərdə maraqlı ədəbi söhbətlər, müzakirələr olurdu. Rəhmətlik söz adamlarından Aydın Məmmədov, Tofiq Abdin, Vidadi Məmmədov, Şahmar Hüseynov, sağ olanlardan Kamil Vəli, Vaqif Bayatlı, Ramiz Rövşən, Əli Həsənli, Elman Mustafa kimi qələm dostlarımız iştirak edirdilər".

Əlisəmid Kür: "Şəhərin mərkəzi hissəsindəki çayxanalardan tutmuş, bulvardakı “Buratino” adlı çayxanaya kimi bir çox yerdə yığışırdıq. Şəxsən mən şəhərə gələndə ədəbi nəsil elə orada toplaşırdı. Aydın Məmmədov, Ramiz Rövşən, Vaqif Bayatlı, Saday Budaqlı, Tofiq Qaraqaya kimi yazarlarımızla orada tanış olmuşam. Mənim evim İçərişəhərə yaxın idi deyə,  demək olar ki, hər gün ora gedirdim. Qələm dostlarımız gələndə pəncərədən məni çağırırdılar, onlara qoşulub gəlirdim. Ora böyük bir ədəbi nəsil toplaşırdı. Çox dəyərli, qızğın söhbətlər olurdu. İndi o nəsildən sağ qalanlar da var, həyatdan gedənlər də. Çox qəribə və maraqlı ortam idi".

Rəşad Məcid: "Bizim vaxtımızda “Azneft” çayxanası çox məşhur idi. Məni ilk dəfə Aqil Abbas apardı o çayxanaya.  Cavan oğlan idim, 19-20 yaşım olardı. Oraya gedib-gələndən sonra çayxana haqqında təsəvvürlərim dəyişdi. Çünki orada elə dəyərli söhbətlər olurdu ki, oturub maraqla dinləyirdik, müzakirələrə qoşulurduq.  Orada alimlər, yazıçılar, şairlər yığışırdılar. Onlarla ünsiyyətdə olurduq, məsləhət alırdıq. Bu mühit mənim dünyagörüşümə böyük təsir göstərdi. Keçmiş prezident Əbülfəz Elçibəy də oranın daimi müştərilərində idi. Vaqif Cəbrayılzadə, Aydın Məmmədov, Vidadi Məmmədov, Kamil Vəliyev kimi sənətkarlar da həmin çayxanaya gəlib-gedirdilər".

Aqşin Yenisey: "Camaat elə bilirdi ki, ədəbi mühit deyilən naməlum bir yer var, ora gedib çıxmaq elə ədəbiyyata gəlmək kimi bir şeydir. O vaxt samovarların qaynadığı, nərdtaxtalarının şaqqıldadığı müəyyən yerlər olurdu, biz orada otururduq. Amma ədəbi mühitin elitası bahalı restoranlarda yığışırdı. Bizim elə imkanımız yox olmadığına görə həmişə Sovet nostaljisi ilə yaşayan ucuz kafelərə üz tuturduq. Mən, Zahir Əzəmət, Xalid Şürük, Elsevər “Ulduz”  metrosunun yaxınlığındakı həmin kafedə oturub hanısa şeiri, bədii mətni müzakirə edirdik, yeyib-içirdik. İndiki pulla beş-altı manat xərcimiz çıxırdı. Yəni adama bir manatla ədəbiyyatla məşğul olurduq orda. Sonra “Şirzad” kafeyə yığışdıq. Orada nüfuzlu yazarlar da, qocaman rəssamlar da, bəstəkarlar da gəlirdilər. O qocamanlar bizim seçdiyimiz kafelərə gəlmirdilər, guya uşaq-muşağın oturduğu yerə getməyi  özlərinə yaraşdırmırdılar. Amma mənim o kafelərə getməyimlə oradan əl çəkməyim bir oldu. Çünki mən gördüm ki, orada şeirdən sonra qeybətə keçdilər, bir-birlərini söyməyə başladılar. Mən gördüm ki, o “ədəbi mühit”də ədəbiyyatdan başqa hər şey var. Amma çox maraqlı günlər yaşanıb o kafelərdə. Bir dəfə “Ulduz”dakı kafedə yeyib-içdik, bir də ayıldıq ki, saat üçdür. Metro bağlanıb, üstümüzdə də bir qəpik yoxdur. Zahir yenə müdrikliyini göstərib dedi ki, gəl burda çəmənlikdə yataq. Nə isə, uşaqlarla bir-birimizin qoynuna girib yatdıq çəmənlikdə. Səhər tezdən polis gəlib bizi oyatdı, çəmənliyi suvaran kişi şlanqı gətirdi əl-üzümüzü yuduq, təzədən qayıtdıq həmin yerə, yenə yeyib-içməyə.

1937.az

 





12.08.2014    çap et  çap et