525.Az

Paris günləri


 

Paris günləri<b style="color:red"></b>

Tarix var, ölüdü, yalnızca olmuş hadisələrin toplusudu. Tarix də var, canlıdı, bu gün də yaşayır. Sahibinə tək mənəvi fəxarət hissi vermir, maddi qazanc da gətirir. Bax elə, Fransatarixi kimi.

Hər ilFransaya 75 milyondan çox adam səfər edir. Ölkənin turizmdən gəliri 33 milyard avroya yaxındı. Paris uzun illərdi, dünyanın ən çox turist cəlb eləyən şəhəri, Eyfel qülləsi isə diqqətçəkən məkanıdı. ŞəhərdəYUNESKO-nun mühafizəsi altında olan üç mindən çox tarixi abidə var. Qısacası, hər tikilisi foroaparatın kadrına düşəsidi Parisin.

Nə qədər şəkil çəkdiyimi bilmədim, bircə, ayırseç edəndə sildiyimi təxmin elədim, 500-dən çox kadr idi.

Parisə kimiinqilablar, kimi də sevgilər şəhəri deyir. XIX əsrin Parisini düşünəndə təsəvvürə barrikadalar gəldiyi kimi XX əsr Parisi göz önündə şanson sədaları altında sevgi dramları canlandırır. Bura gələn ya aşiq olub qalar, ya da inqilabçılıq eşqinə düşər.

Bilmirəm, dərviş Parisi “partlatmasaydı”, Mirzə Fətəli Axundovun Şahbazı Qarabağdan Parisə gəlib hansından olacaqdı: aşiq, yoxsa inqilabçı?! Amma onu bilirəm ki, tanıdığım başqa iki qarabağlıdan biri aşiq olub burda qaldığı halda (rejissor dostum Şahin Sinariya sayaq), o biri vətənə dönüb şüurlarda inqilab eləməyə getmişdi (Əhməd Ağağolu kimi).

Əhməd Ağaoğlunun Sarbonnası

Parisdə gəzəcəyimiz yerləri şəhərin istiqamətləri üzrə qruplaşdırdığımdan hər gün bir tərəfə yön alırdıq. Birinci günün planında ilk dəyiləsi yer Sarbonna universitetiydi. Uşaqlar xəritəylə kəsə yolu asan tapırdı – “Jardin de Luxembourg” bağından keçib sağa burulasıydıq. Onlara bura niyə gəldiyimizi universitetin qarşısındakı “Place de la Sorbonne” parkında əyləşəndə izah eləməyə başladım.

Paris də, Sarbonna universiteti də qaldı bir tərəfdə, Əhməd Ağaoğlu adlı bir şuşalının 120 il əvvəl 20 yaşındaykən Qarabağdan gəlib burda oxumağından, bu divarlar arasında aldığı təhsillə zəmanəsinin ən ünlü zəka sahiblərindən birinə çevrilməyindən, 1905-ci ildə başlayan erməni terroruna qarşı “Difai” adlı gizli silahlı təşkilat yaratmağından, 1919-cu ildə Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətini təmsil edən heyətdə yer almağından, bolşevik işğalından sonra Türkiyəyə köçüb Atatürkün siyasi müşaviri olmağından xeyli söhbət elədim. Durub gedəndə Sabir Rüstəmxanlının “Difai fədailəri” kitabından sitat da gətirdim: “Difai” təşkilatının qorxusundan 1906-1909-cu illərdə Qafqazda bir dənə də erməni terroru olmayıb”. Uşaqların maraqla dinləməyindən anladım ki, ilk ziyarət yeri kimi Sarbonna universitetini seçməkdə və Əhməd Ağaoğlundan söz salmaqda düz iş tutmuşam.

Notrdamda Esmeralda sevdası

Notrdam kilsəsi şəhərin ən çox turist cəlb edən üç-dörd yerindən biridi. Notrdam, bizim dillə desək, Məryəm Ana kilsəsi Sena çayındakı Site adasında yerləşir. 1163-cü ildə özülü qoyulan kilsə iki yüz ilə tikilib.

Səfər öncəsi uşaqlar “Notrdam qozbeli” filminə baxmışdılar deyə,elə hey filmi müzakirə edirdilər. Kvazimododan, Esmeraldadan danışırdılar. Giriş üçün uzun növbəyə durduğumuz vaxt girəvələyib onlara baxdıqları filmlə Hüqonun “Paris Notrdam kilsəsi” romanındakı fərqli yerlərdən danışdım.

Hüqonun bu romanda məqsədi fransızlara Parisin arxitekturasını sevdirmək olub. O,məqsədinə çatıb, Paris tək fransızların yox, onun əsərlərini oxuyan hər kəsin sevimli şəhərinə çevrilib.

Bayırdanəzəmətli görünən kilsənin içərisi füsunkar gözəlliklə ilahi hüzurun qovuşduğu andı, elə bilirsən. Ayağının ucunda gedirsən, sanki kilsənin daş döşəməsi deyil, Kvazimodonun titrək ürəyidiyeridiyin yer. Burda dərk edirsən ki, dünyanın ən böyük dərdi qozbel Kvazimodo kimi doğulmaq yox, Esmeralda kimi gözəli sevməkdi.

...Kvazimodo Esmeraldanı sevməyində olsun, bizim turistlər üçün bir məlumatıyazım. Paris bahalı şəhərdi. Bizim ağız dadımıza və cibimizə uyğun türk yeməkləri arzulasanız elə bura gəlin, adanın sağ körpüsünü keçən kimi Petit Pont küçəsində “İstanbul” adlı sərfəli türk restoranı var. Braziliya yığmasının Almaniyaya faciəvi məğlubiyyət oyununa elə burda baxdım. Bayırda qısa yağışdan sonra çıxan günəş altında Notrdam kilsəsi hüznlü görünürdü, elə bil braziliyalı katoliklərin kədərinə yas tuturdu.

İnsanlara ürək açan Hüqonun bağlı qapısı

Viktor Hüqonun ev muzeyinə getmək üçün, yalan olmasın, bəlkə 10 kilometr piyada yol gəzdik. Elə də uzaqda yerləşmir, sadəcə, yolboyu Sarbonna universiteti, Notrdam kilsəsi kimixeyli yerə baş çəkdik, bağlar, parklar dolaşdıq. Uşaqlar əldən düşməsin deyə söhbətə tutsam da, özüm ayaqlarımı güclə sürüyürdüm, elə bil Jan Valjan kimi özümlə sürgün əzabı daşıyırdım. Amma qarşıma yepiskop Miriel çıxmadı – muzeyin qapısı bağlı idi. Sən demə, bazar ertələri muzey işləmirmiş.

“Place des Vosges” bağında dünya ədəbiyyat patriarxının bir vaxtlar əyləşdiyi skamyada oturub onun pəncərəsindən görünə biləcək yanakı evlərin pəncərələrinə baxırdım. Bu pəncərələrin birindən yazıçının yarım əsrlik bir sevgilisi baxarmış. Deyirlər, Hüqo ailəli olmasına rəğmən sevdalısı Cülyetta Drueni də yaxında saxlayırmış. Harda yaşasa qonşuluqda ona ev tuturmuş. Bu o qadındı ki, Hüqoya görə aktrisa karyerasına son qoymuş, onu sürgündə belə tək buraxmamışdı.

Parkdan çıxanda özümə söz verdim ki, bir də gəlmək qismətim olarsa, ilk gedəcəyim iki yerdən biri Hüqonun bu ev muzeyi, o birisə Əlimərdan bəy Topçubaşovun Müqəddəs Kloud qəbiristanlığındakı qəbri olacaq. Sağlıq olsun!

Luvr – muzeylər kralı, krallar evi

Səhəri gün Luvr muzeyinin girişindəki şüşə piramidanı uzaqdan görən kimi Den Braunun “Da Vinçi şifrəsi” romanını xatırladım. Elə bildim, onun qəhrəmanı Robert Lenqdon kimi bu piramidadan keçib müəmmalar dolu bir dünyaya girəcəm. Rəssamlıqdan, heykəltaraşlıqdan mənim kimi üzdən baş çıxaranlar Luvr muzeyini bir günə, lap istəsə yarım günə də dolanıb bitirər. Amma əsl incəsənət xiridarına onun hər bölməsini gəzməyə ən azından bir gün lazımdı. Açığını deyim, məni burda gördüklərim nə qədər heyrətləndirdisə, buncadünya sənət incisinin dəyərini bilib əsrlərlə qoruyan, nəsildən-nəslə ötürən xalqın fədakarlığıbir o qədər vəcdə gətirdi.

Fransız krallarının qış sarayı olmuş Luvrun divar və tavanlarına çəkilmiş rəsmlər, salonlarını bəzəyən heykəllər bir vaxtlar burada yaşamış kral ailəsinin zövqündən xəbər verir. Bu qədər gözəllik sənəti yaratmış mədəniyyətə valeh olursan.

Lizanın təbəssümü

“Mona Liza” adlı bir rəsmin mövcudluğundan 7-ci sinifdə oxuyanda xəbər tutmuşdum. Asif müəllim onun dəyərindən danışanda deyirdi ki, dünya ekspertləri yığılıb bu əsərə qiymət qoya bilməyiblər. Sovet vaxtı Leninqraddakı Ermitaj muzeyində sərgilənməyə gətiriləndə hava sərhədini keçərkən dörd sovet qırıcı təyyarəsi onu müşayət edib. Heç dövlət başçılarını belə qorumurlar. O vaxt yuxuma da girməzdi ki, bir gün dörd qırıcının qoruduğu o möhtəşəm “Mona Liza”nı üzbəsurət görəcəm.

Luvrun simvolunuayrıca guşədə, güllə keçirməz şüşə arxasında sərgiləyirlər. Muzeyin ən çox seyrçi yığan rəsmidir, qabağında basabas olur. Onu böyüktablobilirdim, balacaymış, 77 x53 santimetr. Özü də 4-5 metr aralıdan sədd qoyublar deyə, yaxınlaşa bilmirsən.Odur ki, dünya gözəliCakondanın nə təbəssümünü duya, nə də “Da Vinçi şifrəsi”ni aça bildim.

Rənglər allahı Mone

İstəyirəm nə vaxtsa Parisə yolu düşəsi dostlar mənim görmək istədiyim, amma çatdırıb dəyə bilmədiyim yerlərə də getsinlər. Məsələn,Orse muzeyi kimi. Çox sevdiyim fransız rəssamı Klod Monenin rəsmləri əsasən bu muzeydə sərgilənir. Təzəcə bitirdiyim “Çölqala 1992” adlı romanın qəhrəmanı da Moneni sevir. Onun haqqında belə deyir: “Sanki Allah onu Yer üzünə ona görə göndərib ki, vaxt eləyib yarada bilmədiyi rəngləri yaratsın”.

Fransız xalqı adı Fransayla qoşa çəkiləsi yüzlərlə, minlərlər şəxsiyyət yetirib. Moneni tərəddüd etmədən ilk onluğa salardım.

Bu sətirləri yazanda öz Monemizi – Toğrul Nərimanbəyovu xatırladım. Ömrünün son çağlarında Şuşa deyib, xiffət çəkən rəssamın qəbri də Parisdə ziyarət olunacaq məkanlardan biridi.

Eyfeldə Luvr qiymətinə şampan əyləncəsi

Səfərin üçüncü günü uşaqların ən çox can atdığı Eyfelə gəldik. Yayda Eyfel qülləsinə çıxmaq üçün saatlarla növbə gözləməlisən (elə bu növbələrə görə istədiyimiz xeyli yerə gedə bilmədik). Uşaqlar inad eləməsəydilər, bəlkə,saatlarca gözləməyə hövsələm çatmazdı. Həm də özündə canlı tarix yaşadan Paris muzeyləri, kilsələri, park və xiyabanlarından sonra Eyfel adama attraksion kimi gəlir. Bilmirəm, o qədər möhtəşəm tarixi yerlərin əvəzinə buranı niyə şəhərin simvolu sayırlar. Yəqin, hündürlüyü, hər yandan göründüyü üçün. Hər il 7 milyon adam Eyfel qülləsini görməyə gəlir. Adamlar onunla müxtəlif pozalarda şəkil çəkdirirlər, elə bil yanlarındakı “dəmir yığnağı” yox, Sofi Lorendi.

Qüllənin lap yuxarı qatınacan qalxdıq, açığı, əvvəl-əvvəl hündürlükdən hürkdüm, lap Hiçkokun “Başgicəllənmə” filmindəki kimi. Sonra alışdım. Uzun saatların yorğunluğunu Eyfelin zirvəsinə qaldırmaq kimi, elə o zirvədəcəLuvr muzeyinin biletqiymətinə bir qədəh şampan almaq da adama səfehlik kimi görünə bilər, amma elə deyil, sadəcə,xoşəyləncədi.

Parisin “yeddinci qatı”nda – 324 metrlik hündürlükdə 12 avroya fransız şampanı...  Heç Hitlerə də nəsib olmayıb bu əyləncə. Fransada belə deyim var: “Hitler Parisi tutsa da, Eyfeli fəth edə bilmədi”.  Şəhərin işğalından sonra bura səfər edən Hitler qülləyə qalxmaq istəyib. Qalxa bilməyib! Lift xarab imiş. Bəlkə də hansısa fransız vətənpərvəri onu qəsdən sıradan çıxarıbmış.

Senaya açılan “andeqraud” qapılar

Düz deyirmişlər, Parisin gözəllikdə tayı yoxdu. Düzdü, korpüləri qəşənglikdə Praqa körpülərinə çatmaz, amma tarixə şahidlik edən Paris körpülərinin altında “andeqraund” bir həyat var: pivələyən dostların yığnağı, öpüşən sevgililər, çaxır süfrəsi açan tələbələr, qaçışan idmansevərlər, mahnı çalan musiqiçilər və sair.

Bir körpünün altındarus, fransız və amerikan rəssamlar 30 avroya istəyənin portretini çəkir. Qabağa Nərgiz durdu, onun portreti çəkilincə rus rəssamları söhbətə tutdum. Məşhur sovet rejissorları Alov və Naumovun “Qaçış” filmində general Çarnotanın elə məhz bu körpünün altında dediyi tükürpədən monoloqunu xatırlatdım. Gənc rusun bu filmdən xəbəri yox idi. Saqqallı qoca rəssam isə sözümü göydə qapdı: “ Я опять богат, но почему мне грустно?Мне никогда не было так грустно, даже когда мне расстреляли”. Vətən həsrəti haqda eşitdiyim ən təsirli sözlərdən biridi.

Yəqin Çarnotanın monoloqunu bu rus rəssamlara görə xatırladım. Əslində isə bütün günü fikrimdə məşhur Bakı milyonçuları Şəmsi Əsədullayevlə Musa Nağıyevin nəvəsi Ümmülbanu idi. Bir vaxtlar vətəndən dərbədər düşən milyonlarla insan içində o da olub. 15 yaşlı qızcığaz Parisin bu gözəl küçələrində yaşamaq, ayaqda qalmaq, həyatın dibinə yuvarlanmamaq üçün məşəqqətli günlər yaşayıb, çabalar verib. Onun “Qafqaz günləri”, “Paris günləri” əsərlərini oxumayanlara tapıb oxumağı məsləhət görürəm.

Körpülərin altından yol alan qayıqların birinə elə Baninə köklənmiş ovqatla mindim. Körpüləri, məhlə və küçələri keçdikcə elə bilirdim, gözüm indicə o 15 yaşlı bakılı Ümmülbanuya sataşacaq.

Çay qırağı kilsə və evlərə tarixi vərəqləyirmiş kimi baxıb keçirsən. Qayıq da zaman kimidi, dayanmır. Sena boyu o baş-bu baş üzən qayıqlar elə bil fransız film və romanlarının qəhrəmanlarıdılar, Paris xiyabanlarında seyrəngaha çıxıblar, gəzişirlər. Ağappaq balaca qayıq gözəllikdə sanki məşhur “Emmanuel” erotik filminin qəhrəmanıdı, ətrafa naz satır. Uşaqlıq illərimin cazibədar müğənnisi Mirey Matyönünqayıqda səslənən füsünkar “Paris valsı” mahnısı ovqatıma bir başqa rəng qatır, qəribə duyğular yaşadır.

Eh Paris, Paris, sən nə qədər adamı sehrinə salıb sevdalı duyğular yaşatmısan!?

Napoleon türbəsi

Növbəti günə Fransa hərb tarixinə şahidlik edən “Des İnvalides”, bizim dildə “Əlillər Evi”nə baxmaqla başladıq. Burada ordunun müxtəlif əsrləri əhatə edən döyüş ləvazimatı, hərbi geyimlər və silah-sursat sərgilənir. Kompleksin turistləri cəlb edən cəhəti Napoleonun burada basdırılmasıdı. Müqəddəs Yelena adasında dəfn olunan imperatorun qalıqlarını sonradan gətirib burda basdırıblar. Mərmər döşəmə və divarlar, rəsmlər çəkilmiş hündür tavan əzəmətli memarlıq abidəsinə incə gözəllik qatır.

Napoleonun qəbrinə baxa-baxa Səmərqənddə Əmir Teymurun, İstanbulda Sultan Süleymanıntürbələrini xatırlayıram. Tarixin özünü yaradan nəhəng şəxslərin aurası özlərindən sonra da qalır. Böyük fatehlərin əzəmətli məqbərəsində qəribə hisslər keçirir, suallar düşünüb cavablar axtarırsan: insanlar bunca qanlar tökmüş adamları niyə sevir, adını yaşadır, qəbri üstə türbə, mavzoley tikir, ziyarət edirlər? Minlərlə adamın ölümünə bais olan bu insanları yaratmaqla Allah insanlara hansı mesajları ötürmək istəyir?

Onu da deyim ki, gördüyüm bu üç məqbərənin ən sadəsi Əmir Teymurundu, orada özünü elə Teymurun zamanında duyursan. Onun türbəsində yaşadığım ətürpədici qorxu duyğusunu Napoleonun məqbərəsində hiss eləmədim. Bəlkə Qarabağacan gələn Teymurdan genetik qorxu qalıb canımda, nə biləsən!

Zəfər tağı

Napoleon Avstriya üzərində qələbə münasibətiylə Zəfər tağı tikmək əmri verəndə simvolik anlam daşısın deyə əvvəl onu daşı daş üstündə qalmayan Bastiliya qalasının yerində ucaltmaq istəyiblər, sonra şəhərin dörd bir tərəfinə yol gedən mərkəzi bir yer seçiblər. On iki küçənin yol adlığı Şarl de Qoll meydanında yerləşən əzəmətli Zəfər tağına axşam çağı çıxdıq. Günəş batabatdaydı. Qürub edən günəşin şüaları Parisə bir başqa gözəllik verirdi.

 

Tikintisi təxminən 30 il sonra bərpa edilən Zəfər tağı dahi sərkərdənin qələbə salnaməsidi. Abidə haqqında vikipediyadan ətraflı məlumat almaq olar deyə geniş yazmağa lüzum görmürəm. Sadəcə bir şeyi qeyd edim ki, Avropanın bir çox ölkəsində türklərlə döyüşü xatırladan abidəyə rast gəlmişəm.

 

Bir vaxt Varşavanın Lazienki parkındatürkləri Vyana darvazası ağzında durduran Polşa kralı III Yan Sobolskinin at belində heykəli diqqətimiçəkmişdi. Atın ayaqları altında kraldan imdad diləyən iki nəfərin biri Atillanın hun döyüşçüsü, o birisə Osmanlı ordusunun əsgəriydi. O heykəl haqda hələ 10 il əvvəl “Bəyaz rusun qara taleyi” essesində yazmışdım. İndi burada da türklərin Napoleona məğlub olduğu Əbu-Kir döyüşünü əks etdirən barelyef vardı.

 

Tarix təsadüflərlə doludu. 1785-ci ildə dünya səyahətinə çıxan fransız səyyahı Laperuz o vaxt Paris Hərbi Məktəbində oxuyan Napoleonu heyətə daxil eləmir. Ərizəsinə rədd cavabı verən səyyah onun yerinə astronomiyadan başı çıxan birini götürür. Tale elə gətirir ki, tarixə “Laperuz ekspedisiyası” adı ilə düşən bu heyət itkin düşür və geri qayıtmır. Napoleon da onlarla gedib itkin düşsəydi, Avropanın sonrakı tarixi necə olardı? Yalnız güman eləmək olar.  

Yelisey çölləri

Zəfər tağından düşüb məşhur Şanzelize bulvarıyla, bizim dillə desək, Yelisey çölləriylə gəzəndə əvvəl adam özünü əsl kübarlar sayaq ədalı görkəmdə hiss edir. Amma fransız sadəliyi tezliklə adama hakim kəsilir. Küçə boyu uşaqlara elə bundan bəhs edirəm. Koko Şanelin moda dünyasında inqilabından söz açıram. Dəbdəbəli, amma narahat qadın geyimləri yerinə müasir dövrün sadə və rahat dəbini gətirdiyindən danışıram.

Bura dünyanın ən bahalı prospektlərindəndi. Dünyaca məşhur “Lido” kabaresi (Cabaret Le Lido) önündən keçəndə Bakının “Lido” restoranı yada düşür. Bir dəfə olmuşdum o restoranda. Amma buranın “Lido”sunu Nadir Qafarzadə, Xumar Qədimova ilə təsəvvür eləmək olmur.

Ümumiyyətlə, dünyanın hər şəhəri Parisdən çox şey “oğur”layıb. Eyfel qülləsi, Zafər tağı kimi məşhur abidələri demirəm, arxitektura, moda bənzətmələrinə hər yanda rast gələrsən.Məsələn, Bakının yeni qəzet köşkləri formaca Paris köşklərinin eynidir. Təəssüf ki, yalnız formaca... Bizimkindən fərqli olaraq burada köşk öz təyinatı üzrə fəaliyyət göstərir, yəni qəzet satır. Kaş, Bakı Parisi təkcə zahirən imitasiya eləməyəydi, məzmunca da ona oxşayaydı, bütün azadlıqları ilə birgə.

Azadlıq dedim, Parisin bu milyonçular küçəsində dilənməyin orijinal formasını tapan bir uşaqdan da danışım. Avropalılar bizim kimi hər dilənçiyə pul verən deyillər. Dilənçi gərək dilənməyin də kreativ yollarını tapa. Bax bu oğlan kimi. O, pul qabını iki mert uzunluğunda bir qarmağa keçirərək səkiyə uzadıb, sanki balıq tutacaqmış. Ötən hər üç adamın biri o qaba qəpikatmağı xoş əyləncə sayır.

Versal

Fransız krallarının qış sarayı Versal Parisdən 30 kilometr aralıdı. Səfərimizin son günü bura gəldik. Giriş üçünbeş uzun cərgədənövbə vardı. Dünyanın dörd bir tərəfindən gəlmiş turistlərə baxa-baxa, uşaqlara1919-1920-ci illərdə Versalda Azərbaycan nümayəndə heyətinin ölkənin müstəqilliyini tanıtmaq üçün etdiyi ağlasığmaz fədakarlıqdan danışa-danışa vaxtın necə keçdiyindən xəbərim olmadı.

Sarayın zal və otaqları, dəhliz və pilləkənləri Luvr sarayı kimi gözəl olsa da, onun təkrarı deyil. Mənisə divarlardakı şəkillər yox, əsrlər boyu bu divarlar arasında baş vermiş hadisələr daha çox düşündürürdü. Bu divarlar ABŞ kimi Azərbaycanın da istiqlalının tanınmasına, sonralar bütün dünya azadlıqsevərlərinin mayakına çevriləcək Böyük Fransa İnqilabının baş sənədi – İnsan və Vətəndaş Hüquqları Bəyannaməsinin qollanmasına şahidlik edib. 1871-ci ildə fransızları məğlub edən almanlar öz imperiyalarını burda elan etdiklər kimi, 1919-cu ildə alçaldıcı məğlubiyyət müqaviləsini də elə burda imzalamağa məcbur olublar.

Sarayın park və bağlarının isə dünyada bənzəri yoxdu. Çox imperatorlar belə saray və bağa sahib olmaq istəsələr də təkrarınıyarada bilməyiblər. 900 hektarlıq ərazidə ağac, kol və güllərdən, hovuz və fontanlardan, heykəl və fiqurlardan möcüzələr yaradıblar. Uzun-uzadı yazmıram, internetdən Versal haqda ətraflı məlumat oxuyub şəkillərinə baxmaq yetər ki, insanın yaratdığı gözəlliyə heyran qalasan.

***

Paris beş günə gəzilib qurtarası şəhər deyil. Həftələr, aylar gərəkdi. Elə bu beş gündə gəzib gördüklərim də bir məqaləlik deyil, silsilə yazılar istər.

Bu yazını yazmaqda da məqsədim oxucuya Parisi tanıtmaqyox, sadəcə, bunu deməkdi: “Mən də Parisə aşiq oldum!”

Vahid Qazi

İyul, 2014

vahidqazi.wordpress.com

 





04.08.2014    çap et  çap et