525.Az

Qadın yazıçılarımızın əsərləri ingilis dilində çapa hazırlanır


 

Qadın yazıçılarımızın əsərləri ingilis dilində çapa hazırlanır<b style="color:red"></b>

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi ən qədim dövrlərdən bu günə qədər yazıb-yaratmış Azərbaycan qadın yazıçılarının seçilmiş əsərlərini ingilis dilinə tərcümə edərək kitab şəklində nəşr etdirməyi planlaşdırır.

525.az-ın verdiyi məlumata görə, İctimai Birlik bu işi Azərbaycan qadın yazıçılarının poeziya antologiyası layihəsi çərçivəsində reallaşdırır.

Antologiyaya Məhsəti Gəncəvi, Heyran xanım, Xurşudbanu Natəvan və s. kimi onlarla klassik şairlərin, eləcə də sovet dövründə yazıb-yaratmış qadın şairlərin  şeir və qəzəlləri daxil ediləcək. Antologiya kitab halında nəşr edilərək ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərə, eləcə də səfirliklərə hədiyyə olunacaq, kitabın elektron versiyası internet resurslarında yerləşdiriləcəkdir.

Layihənin məqsədi ingilisdilli oxucuları Azərbaycan qadın yazıçılarının yaradıcılığı ilə tanış etmək, Azərbaycan qadınının intellektini və yaradıcılıq potensialını göstərməkdir.

Şeirləri ingilis dilinə Azərbaycanlı tərcüməçilər çevirir, sonradan bu şeirlər Amerika Birləşmiş Ştatlarının Lüter Universitetinin müəllimi, şair və tərcüməçi Əlison Məndəvil tərəfindən redaktə olunaraq işlənir.

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin Xarici Ölkələr Ədəbiyyatı kafedrasının professoru Şəhla Nağıyeva bildirib ki, Əlison Məndəvil Azərbaycan ədəbiyyatının dostu və vurğunu olduğu üçün bu işi böyük məsuliyyət və sevgi ilə yerinə yetirir. O, 2007-2008-ci illərdə Fulbrayt Proqramının təqaüdçüsü kimi Azərbaycan Dillər Universitetində   Azərbaycan ədəbiyyatı və gender məsələləri üzrə tədqiqat aparıb, ədəbiyyatımızla bağlı bir neçə layihənin reallaşmasında da yaxından iştirak edib. 

UNESKO-nun maliyyə yardımı ilə reallaşdırılan layihəyə UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Daimi Katibliyi yaxından dəstək verir.

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi hələ 2007-2008-ci illərdə UNESKO-nun maliyyə dəstəyi ilə  «Azərbaycan dilinin xəzinəsi: Azərbaycan dilinin inkişafı və kodlaşdırılması məqsədilə məlumat bazasının yaradılması» layihəsini həyata keçirib. Layihə çərçivəsində son 30 ildə Azərbaycan dilindən xarici dillərə (rus, ingilis, alman, fransız, ərəb və fars), eləcə də xarici dillərdən Azərbaycan dilinə edilmiş tərcümə əsərlərinin biblioqrafik məlumat kataloqu, son illərin tərcümə əsərlərinin  elektron mətnlərindən ibarət kiçik kitabxana yaradılaraq www.translit.az saytına yerləşdirilib.

İctimai Birlik həmçinin “Qadınlar, Ədəbiyyat və Cəmiyyət” layihəsi çərçivəsində Azərbaycanın müasir qadın yazıçılarının əsərlərindən ibarət  “Buta- 1” və “Buta-2” qadın ədəbiyyatı antologiyasını ingilis dilində nəşr edib.

 





31.07.2014    çap et  çap et