525.Az

İlham Əliyev – "böyük dördbucaq"da strateji əməkdaşlıq şəbəkəsinin memarı


 

İlham Əliyev – "böyük dördbucaq"da strateji əməkdaşlıq şəbəkəsinin memarı<b style="color:red"></b>

Prezident İlham Əliyevin Yunanıstana səfəri ilə əlaqədar yunan mətbuatında bir neçə məqalə dərc olunub. Məqalələrdə böyük bir ərazini – Mərkəzi Asiya-Qafqaz-Yaxın Şərq-Avropanı əhatə edən geosiyasi məkanda strateji əməkdaşlıq şəbəkəsinin formalaşması tezisi irəli sürülür və bu prosesin təməlində Azərbaycanın xarici siyasətinin durduğu vurğulanır.

Cənubi Qafqaz: xarici siyasətdə uğurlu model axtarışı

Müasir beynəlxalq aləmdə yalnız strateji təfəkkürə və diplomatik istedada malik olan liderlər uğurlu xarici siyasət yeridə bilərlər. SSRİ dağılanda, Cənubi Qafqaz məkanında yerləşən ölkələrin hamısı üçün başlanğıc şərtlər təqribən eyni idi. Hətta bir sıra dövlətlər digərlərini, məsələn, Azərbaycanı münaqişələr vasitəsi ilə daha ağır vəziyyətə salmışdı. Ermənistanın Azərbaycan ərazilərinə xarici dəstəklə təcavüzü, dalbadal terror aktlarının törədilməsi ölkədə ciddi siyasi, iqtisadi, mədəni problemlər yaratmışdı. Dövlətin təhlükəsizliyinə böyük təhdidlər vardı. Buna görə də digər postsovet məkanı ölkələrindən fərqli olaraq, Azərbaycan müstəqil xarici siyasət kursunu bir qədər gec formalaşdırmaq məcburiyyətində idi.

Amma bu gün, Azərbaycan postsovet məkanının ən uğurlu dövlətidir! Bu, məhz xarici siyasətin mükəmməlliyi nəticəsində mümkün oldu. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu kurs ölkəni bütün keşməkeşlərdən uğurla keçirdi. Prezident İlham Əliyev isə onu yeni səviyyəyə yüksəltdi. Bu kontekstdə Cənubi Qafqaz ölkələrinin hazırkı geosiyasi vəziyyətinə nəzər salsaq, çox məqamlar aydın olar.

Ermənistan tamamilə qeyri-müəyyən geosiyasi mövqedədir. Bu ölkənin hələ də təcavüzkarlıqdan başqa, xarici siyasətdə bir fəaliyyəti yoxdur. Ötən müddətə diqqət yetirdikdə görürük ki, rəsmi İrəvan bir dənə də olsun, konseptual xarakterli layihə təklif etməyib, regionun geosiyasi dinamikasını müsbətə doğru dəyişən addım atmayıb. Onun "arqumentləri" belədir: "Ermənistan qədim dövlətçilik ənənəsinə malikdir, bütün qonşuları ona torpaq verməlidir, regionda mədəniyyətin beşiyi ermənilərdir, dünyanın bütün böyük dövlətləri Ermənistanı qorumalı, "soyqırımı"nı hamı etiraf etməlidir" və s. Sovet İttifaqı dağılandan bu yana rəsmi İrəvan bunlardan fərqli heç bir siyasi və ya geosiyasi tezis irəli sürməyib.

Bu səbəbdəndir ki, heç bir regional layihədə ermənilərin imzası yoxdur, bu günə qədər onlarla strateji əhəmiyyətli müqavilə imzalanmayıb. Yalnız Rusiya və İran himayəçilik xarakteri daşıyan sazişlərə qol qoyublar. S.Sarkisyanın bu yaxınlarda Latın Amerikası ölkələrinə səfəri bir daha göstərdi ki, havadarlarından başqa, kimsə İrəvanla real əməkdaşlıq etmək niyyətində deyil.

Gürcüstan bir qədər fərqli vəziyyətdədir. Onun Qərblə, xüsusilə ABŞ-la müəyyən isti münasibətləri vardır. Bu aspektdə Tbilisinin xarici siyasətini Vaşinqton və Brüssel dəstəkləyir. Lakin bütövlükdə bu model müasir tələblərə cavab verə bilməz. Reallıq da bunu sübut edir.

Çünki bu model, əvvəla, birtərəflidir. Burada Rusiya kimi böyük dövlətlə Gürcüstanın münasibətləri qeyri-müəyyən olaraq qalır; ikincisi, Gürcüstan ciddi geosiyasi əhəmiyyəti olan layihələr təklif etmək potensialına malik deyil. Rəsmi Tbilisinin yürütdüyü xarici siyasət zərərsizdir, qonşulara ziyanı dəymir, lakin müasir dövrün tələbləri çərçivəsində yaradıcı və məhsuldar ola bilmir.

Onun xarici siyasəti hələlik özünün mövcudluğunu bu və ya digər şəkildə qoruyub saxlamaqla məhdudlaşır. Təsadüfi deyil ki, Ukrayna hadisələrindən sonra rəsmi Tbilisi təhlükəsizliyinin təmini üçün Qərbə bir neçə dəfə müraciət edib, ona qarşı tələblər irəli sürüb. Məlum olur ki, öz təhlükəsizliyini təmin etmək üçün Gürcüstanın daxili potensialı və real imkanları çox zəifdir.

Yeni əməkdaşlıq formatları: Azərbaycanın təşəbbüslərinin strateji əhəmiyyəti

Bunların fonunda Azərbaycanın xarici siyasəti çox uğurlu görünür. Hər şeydən əvvəl, ölkədə tam daxili sabitlik hökm sürür. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan üçün daxildən heç bir təhlükə yoxdur. Digər tərəfdən, Azərbaycan bütün qonşuları ilə münasibətlərini qarşılıqlı və bərabərhüquqlu faydalılıq prinsipi əsasında qura bilib. Bunlardan başqa, rəsmi Bakı enerji siyasəti ilə regionda və dünyada təhlükəsizliyin təmini üçün ciddi töhfələr verib. Bunu ölkə rəhbərliyinin irəli sürdüyü konkret təkliflər sübut edir.

Məsələn, Prezident İlham Əliyev ikitərəfli və üçtərəfli əməkdaşlıq modellərinin təşəbbüskarıdır. Bu, regional miqyasda müxtəlif geosiyasi konfiqurasiyalar formalaşdırmağa imkan yaradıb. Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatları kimi əməkdaşlıq formatlarının perspektivləri etiraf olunur.

Başqa bir misal rəsmi Bakının Avropa İttifaqı ilə əməkdaşlığına strateji tərəfdaşlıq statusunun verilməsini təklif etməsidir. Bu, assosiativ üzvlükdən fərqli geniş imkanlara malik əməkdaşlıq formatıdır. Brüssel təklifə münasibət bildirib və həmin istiqamətdə işlər görülür.

Nəhayət, Azərbaycan böyük geosiyasi əhəmiyyəti olan iri enerji layihələrinin təşəbbüskarı və müəllifidir. Onların sırasında dünyanın aparıcı analitiklərinin də diqqətini çəkən TAP və TANAP layihələri xüsusi yer tutur. Bu layihələrin aşağıdakı iki aspekti var: birincisi, onlar iqtisadi baxımdan olduqca səmərəlidirlər; ikincisi, geosiyasi kontekstdə qlobal enerji təhlükəsizlik sisteminin formalaşmasında həlledici rol oynaya bilərlər.

Təsadüfi deyil ki, bütün bunlara əsaslanaraq Avropada mütəxəssislər əmindirlər ki, Azərbaycan böyük bir geosiyasi məkanda – Qafqaz-Mərkəzi Asiya-Yaxın Şərq-Avropa dördbucağında strateji əməkdaşlıq şəbəkəsinin qurulmasına nail olub.

Müstəqilliyini əldə etmiş bir müsəlman dövlət üçün bu, böyük dəyərdir. Mərkəzi Asiya, Qafqaz, Yaxın Şərq, Avropa məkanı müasir dünya siyasətinin əsas diqqət mərkəzində yerləşir. Burada strateji əməkdaşlıq şəbəkəsini qurmaq siyasi ustalıq, bacarıq və uzaqgörənliklə yanaşı, iradə, qətiyyət tələb edir. Siyasətçi özünə əmin olduqda, buna nail ola bilir. Deməli, Prezident İlham Əliyev həyata keçirdiyi xarici siyasət kursuna tam əmindir və yüksək qətiyyətlə onu reallaşdırır.

Məsələnin geosiyasi aspekti xüsusi əhəmiyyət kəsb edir. Yunanıstan mətbuatı bunun konkret nümunələri kimi iki ölkə arasında aparılan danışıqların məzmununu və imzalanan sazişləri göstərir (bax: məs., President Papoulias meets with Azeri counterpart, Ilham Aliyev / "Protothemanews.com", 16 iyun 2014). Dövlət başçısı Yunanıstan Prezidenti ilə görüşdə enerji layihələrinin geosiyasi və strateji əhəmiyyətini dəqiq ifadə edən fikirlər söyləyib. Yunan mətbuatı onlara istinadən Azərbaycanın qlobal geosiyasətə və enerji təhlükəsizliyinə verdiyi töhfələri xüsusi vurğulayıb. Prezident İlham Əliyev deyib: "Enerji təhlükəsizliyi strateji əhəmiyyət daşıyır. TAP boru xətti təkcə enerji layihəsi deyil, həm də Azərbaycanla Yunanıstan arasındakı münasibətlərin modernləşməsidir… TAP-ın çəkilməsi və "Şahdəniz" yatağının istifadə verilməsi Avropa üçün əhəmiyyətlidir".

Azərbaycan Prezidentinin bu maraqlı fikirlərinin əhəmiyyətini, onun Yunanıstana səfəri ərəfəsi KİV-də dərc edilən bir yazıda ifadə olunan məqamların fonunda daha dərindən dərk etmək olar. Yunanıstanın "The TOC" nəşri iyunun 12-də vurğulayırdı ki, ölkə hökumətinin rəhbəri Antonis Samaras müxtəlif sahələrə qoyulacaq sərmayələrlə bağlı əhəmiyyətli görüşlər keçirəcək. O cümlədən, yunan lider Küveytin baş naziri, Azərbaycan Prezidenti, Portuqaliya, Finlandiya, Macarıstan rəhbərliyi ilə görüşəcək. Nəhayət, Afina Çinin baş nazirini qəbul edəcək (bax: Samaras' sprint of foreign investment meetings / "The TOC", 12 iyun 2014).

Göründüyü kimi, Azərbaycan Avropa üçün ciddi mənada sərmayə yatıran dövlətdir. İlham Əliyevin yuxarıda gətirdiyimiz fikrində də Bakının strateji mahiyyət daşıyan layihələrə qatıldığı və bu istiqamətdə fəaliyyətini müasir qlobal geosiyasətin tələblərinə uyğun qurduğu vurğulanıb.

Bunlar Azərbaycanın xarici siyasətdə yeni bir mərhələyə yüksəldiyini və onun geosiyasi nüfuzunun artdığını göstərir. Artıq onun fəaliyyəti Mərkəzi Asiya-Qafqaz-Yaxın Şərq-Avropa geosiyasi məkanı miqyasında qiymətləndirilir.

Newtimes.az

 





31.07.2014    çap et  çap et