525.Az

Novella Cəfəroğlu: "Monitorinq Qrupu təkcə siyasi xarakterli müraciətləri araşdırmır"


 

Novella Cəfəroğlu: "Monitorinq Qrupu təkcə siyasi xarakterli müraciətləri araşdırmır"<b style="color:red"></b>

O bildirib ki, yalnız siyasi motivli deyil, vətəndaşlardan gələn digər şikayətlər diqqət mərkəzindədir. Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Azərbaycanda insan haqlarının durumu ilə bağlı mətbuat konfransı keçiriblər. Monitorinq Qrupunun üzvü Novella Cəfəroğlu deyib ki, son bir ay ərzində onlara edilən müraciətlər, həbsdə olan bəzi şəxslərlə bağlı çoxsaylı görüşlər keçiriblər: "Biz həm məmurlar, həm deputatlar digər aidiyyatlı şəxslərlə görüşmüşük. Hər bir görüşdə isə son günlərin həbsləri, bəzi məhkəmə işlərindən vətəndaşların narazı qalması kimi halları müzakirə etmişik". O bildirib ki, yalnız siyasi motivli deyil, vətəndaşlardan gələn digər şikayətlər diqqət mərkəzindədir. "Hesab edirik ki, məhkəmələr hökm çıxararkən işə çox diqqətlə yanaşmalıdırlar. Məsələn, Kəlbəcərdən olan məcburi köçkün Şəhla Muxtarova ona təcavüz etmək istəyən şəxsi qətlə yetirdiyi üçün 7 il həbs cəzası alıb. Həmin vaxt isə o, hamilə olub. Bu xanım övladını da həbsxanada dünyaya gətirib. Ona təcavüz etmək istəyən şəxs isə əvvəl bu cür cinayətlər törətdiyi üçün bir neçə dəfə həbsdə olub ailəsinin qarşı tərəfdən heç bir şikayəti olmayıb. Biz hazırda bu cür işlərin üzərində çalışırıq".

Səidə Qocamanlı isə bildirib ki, hələ AŞPA-nın yay  sessiyasında görüşlər zamanı da məhbus məsələsi müzakirə olunub siyahı baş katibə təqdim edilib. Onun sözlərinə görə, həmin vaxt siyahılarında 27 nəfər məhbusun adı olub: "AŞPA-nın yay sessiyasından keçən dövr ərzində siyahıda olan Bəxtiyar Sadıqovun həbs müddəti 1 il azaldılaraq 6 ildən 5 ilə endirilib. Başqa heç bir dəyişiklik baş verməyib. Biz jurnalist Rauf Mirqədirov Gəncədə həbs olunmuş Həsən Hüseynlini ora əlavə edəcəyik. Bununla da siyahıda 29 nəfərin adı olacaq. Hesab edirik ki, məhkəmə orqanlarında, polis sistemində  islahatlar aparılmalıdır. Çünki vətəndaşların narazılığının artması, şikayətlərin çoxalması məhz bu qurumların fəaliyyətindən irəli gəlir".

Səadət Bənənyarlı da vətəndaşlardan aldıqları qeyri-siyasi xarakterli  müraciətlərin sayının çoxaldığını vurğulayıb. Hazırda Monitorinq Qrupunun siyasi işlərlə yanaşı mülki, ailə-məişət xarakterli müraciətlərlə bağlı araşdırmalar apardığını, görüşlər keçirdiyini söyləyib.

PƏRVANƏ 

 





31.07.2014    çap et  çap et