525.Az

Nazim həkim


 

Nazim həkim<b style="color:red"></b>

Profilaktik müayinə məqsədilə həkim-kardioloqa müraciət etdim. Həkim öncə elektrokardioqramma çıxarmağı məsləhət gördü. Mən elektrokardioqramma çıxarıb həkimə verdim. Həkim elektrokardioqramma lentini götürüb, nədənsə, ayağa qalxdı, onsuz da turş olan sifətinə bir az da turşuluq qatdı, ciddiləşdi lenti barmaqları arasında sürüşdürməyə başladı. Həkimin  qəflətən ucadan  səsləndirdiyi "İNFARKT" diaqnozu məni diksindirdi. Xeyli çəkən pauzadan sonra, yavaşca "yoxdur" -  əlavə etdi lenti barmaqları arasında sürüşdürməyə davam etdi. yenidən ucadan "İNSULT" diaqnozu səsləndirdi pauzadan sonra "yoxdur" - dedi yerinə oturaraq "elə bir ciddi dəyişiklik yoxdur" - yekun diaqnozu qoydu. Həkim ayağa qalxıb getməyə hazırlaşdığımı görüb soruşdu:

-Hara gedirsiz?

-Həkim axtarmağa - deyib kabineti tərk etdim.

Mən xasiyyətcə səbrli, təmkinli adamam, lakin həkimin olmayan dəhşətli infarkt, insult diaqnozlarını asanlıqla, nida ilə elan etməsi məni haldan çıxarmışdı. Yolboyu həkimin bu olmayan dəhşətli  diaqnozları məqsədlə səsləndiməsini anlaya bilmirdim, "həkim"ə müraciət etməyimin peşimançılığını çəkirdim.

Mən həmişə bu fikirdə olmuşam ki, hər adamdan həkim, müəllim olmaz, hər həkim, müəllim diplomu olana həkim, müəllim demək günahdır. Bu ixtisaslar xüsusi təbiətli, insanları qəlbən sevən, xoşxasiyyət, gülərüz, optimist, xeyirxah, qayğıkeş adamlar üçün yaranıb.

Həkimin öz sənətinin professionalı olması azdır. O, hərtərəfli biliyə, geniş dünyagörüşə, yüksək mədəniyyətə malik olmalı, ədəbiyyatı, musiqini sevməli, şair qəlbli olmalıdır, tibb elminin inkişafı ilə irəliləməlidir. Üz-gözündən mərhəmət yağan, optimist, ən ağır məqamlarda da xəstəyə ürək-dirək verən, inamla "hər şey yaxşı olacaq" - deyən həkimin qəbulunda xəstənin xəstəliyi yarıbayarı azalır. Qalan yarısını da həkim sağaldır. Təəssüf ki, elə həkimlər var ki, qoyduğu diaqnozun müalicəsində bircə dəfə pis nəticə alınıbsa, onu misal çəkir, "Allaha təvəkkül, hər şey o kişinin əlindədir" - deyib məsuliyyəti öz üzərindən atır. Təbii ki, belə qarşılanmadan sonra xəstənin vəziyyəti bir az da ağırlaşır.

Xoşbəxtlikdən müqəddəs həkimlik sənətinə layiq olan, Hippokrat andına həyatı boyu sadiq qalan     həkimlərimiz da az deyil. Belə bir Həkimə-Tibb Elmlər doktoru, professor, Nazim Ağazadəyə, sadəcə, Nazim həkimə bu yazımı həsr edirəm.

O dövrlərdə karyera məsələlərində qarışıq kəbinlər mühüm rol oynayırdı. Odur ki, yüksək vəzifə tutmaq arzusunda olan azərbaycanlı kişilər rus, erməni, yəhudi qadınlarla ailə qurmağa həvəsli idilər. Təbiidir ki, belə ailələrdə azərbaycanca danışmırdılar, Oleq Məmmədov, Boris Hüseynov, Ruslan Həşimov, Artyom Həsənov  s. qarışıq ad-familyalar da az deyildi. Hər iki valideyn azərbaycanlı olan ailələrdə azərbaycanca danışmamaq yaxşı əlamət sayılırdı.

Bu ailədə atadan başqa hamı bir-birilə rusca danışırdı. Ata onunla rusca danışana "öz dilini danış" -deyərdi. Maraqlı burası idi ki, bu ailə öz dilini bəyənməyən, bilməyən ailələrdən deyildi, hamı Azərbaycan dilində çox səlis danışırdı. Evə gələn qonaqlarla, mənimlə azərbaycanca danışırdılar.

Növbəti dəfə bu ailədə olanda eşitdiklərimə inana bilmirdim: qardaş bacısı ilə (onlar Tibb İnstitunun tələbələri idilər) azərbaycanca danışırdı.

-Nazim, xeyir ola, bu işdir? - soruşdum.

- Ə, birdən dərk elədim ki, biz, gül kimi dilimizi qoyub niyə rusca danışmalıyıq. Ailədə rusca danışmağı, sadəcə olaraq, qadağan etdim. Maraqlı burası idi ki, çoxları (elə mən özüm ) azərbaycanca danışanda çoxlu rus sözləri işlədirlər. Lakin Nazim rus sözlərsiz Azərbaycan dilində danışırdı.

Yenə Nazimgildə idim. Bu dəfə başqa bir yenilik gördüm. Yazı stolunun üstündə Üzeyir Hacıbəyovun iki cildlik "Azərbaycan musiqisinin əsasları" kitabını gördüm. Nazim isə Fatma Mehralıyevanın plastinkasına qulaq asırdı. Stolun üstündə Bülbülün, Şövkət Ələkbərovanın, Rəşid  Behbudovun plastinkaları vardı. Təəccüblənib soruşdum:

- Ay Nazim, xeyirdirmi?

- Yadda saxla, bir dili mükkəməl bilmək istəyirsənsə, o dildə danışan xalqın musiqisini bilməlisən. Dili musiqidən ayırmaq olmaz.

Bu ailəyə hər dəfə gələndə Nazim məni yeniliklərlə sevindirirdi. O, bu dəfə məni öz təklifi ilə qarşıladı:

- Xəlil, Elmlər Akademiyasında dörd aylıq ingilis dili kursu var. Kursu öz metodikası ilə bir istedadlı müəllim aparır. Yeddi nəfər dostlar qərara gəldik ki, o kursa yazılaq. Təklifim budur ki, sən yazılasan.

- Nazim, təklif üçün çox sağ ol, amma əvvəlcə siz yazılın görək, alınır, sonra mən yazılaram (Nazimin təklifi ilə razılaşmadığım üçün ömrüm boyu peşimanlıq keçirmişəm).

Növbəti dəfə Nazimgilə gələndə gördüklərim məni heyrətə gətirdi. Nazim ingilis dilində plastinkalara, maqnitofon lentlərinə qulaq asır. Hər sözü ucadan təkrarlayırdı. Bu, saatlarla davam edirdi. Sözün düzü, bu mənə çox əzablı bir kimi görünürdü məni qorxutmuşdu, həvəsdən salmışdı. Bu "əzaba" yalnız Nazim dözə bilərdi. O, başladığı hər bir işə ciddi məsuliyyətlə yanaşırdı. Onun zəhmətsevərliyi insanda yaxşı mənada həsəd yaradırdı. O, artıq xaricdən gətirdiyi sənətinə uyğun ingilis dilində yazılmış kitablar üzərində sərbəst işləyirdi.

Yeri gəlmişkən onu da deyim ki, Nazim o yeddi dostların məşğul olduğu ingilis dili kursunu iki aya başa vurmuşdu. Müəllim: "mən sənə daha yeni bir şey verə bimərəm, özün müstəqil məşğul ol" - demişdi. Yoldaşları isə kursda axıra qədər - 4 ay oxumuş, ingilis dilində sərbəst danışmağa  başlamışdılar. Lakin onlar Nazimin səviyyəsini özləri üçün əlçatmaz hesab edirdilər, ona müəllim kimi baxırdılar.

Həmin altı dost hal-hazırda xarici şirkətlərdə yüksək vəzifələrdə işləyirlər, yüksək məvacib alırlar Nazimin onlara vaxtilə etdiyi yaxşılığı unutmurlar. 

O dövrlərdə xarici  ölkələrə getmək çox çətin idi. Xaricilərlə hətta öz ölkəmizdə görüşmək, söhbət etmək müşkül idi. Lakin bir dəfə qəflətən xarici turist qrupu qarşımıza çıxdı. Nazim onların ingiliscə danışdığını görüb onlara yaxınlaşdı ingiliscə danışmağa başladı. Məlum oldu ki, kanadalı turistlərdir. Nazimin ingiliscə danışığı, tələffüzü onları heyran etmişdi. Təəssüf ki, bizimkilər turistlərdən ayrılmağı məsləhət gördülər.

Nazim mənə deyirdi ki, turistlər inanmırdılar ki, mən azərbaycanlıyam. Deyirdilər sənin ingilis qarışığın var.

Nazim istənilən həkimlik ixtisası üzrə məşhurlaşa bilərdi. O, psixiatriyanı seçdi. Həkimlik diplomunu alıb, elmi yolu seçdi. Moskvanın məşhur Psixiatriya İnstitutunun direktoru akademik Morozovun rəhbərliyi altında aspiranturada elmi tədqiqatlara başladı. Onun istedadı, zəhmətsevərliyi, tibb elmləri namizədi, ardınca tibb elmləri doktoru elmi dərəcələrini aldı.

Nazim aspirant olan vaxtı Moskvaya gələcəyimi ona bildirdim. O, "başqa yerdə qalma, gəl bizim yataqxanaya, sənin üçün maraqlı olar" - dedi. Mən aspirantların yataqxanasına gəldim. Yataqxana şəhərin lap mərkəzində idi. Nazimin aspirant dostları mənim şərəfimə süfrə açmışdılar. Yemək-içməkdən qabaq rus qızları deyəsən mənim üçün konsertə hazırlaşırdılar. Konsert    ilə başlasa  yaxşıdır?  Konsert "Pəncərədən daş gəlir "Azərbaycan xalq mahnısı  ilə başladi. Qizlar çox  məharətlə çalır, oxuyurdular, sözləri  çox düzgün  tələffüz  edirdilər. Görünür, Nazim qızlara çox vaxt   sərf  etmişdi. Ardınca "Küçələrə su  səpmişəm..." , "Girdim yarın bağçasına..." s. mahnılar səsləndi.

Mən, Nazimin elmi tədqiqatlarının qızğın vaxtında rus qızlarına Azərbaycan musiqisini sevdirə bilməsinə təəccübləndim, belə bir vətənpərvər, elini, yurdunu, xalqını sevən bir alimin, ziyalının yetişməsindən qürur hissi duyurdum.

Nazim, tibb elmləri doktoru elmi dərəcəsi alandan sonra ustadı Morozovdan rəhbərlik etdiyi institutda qalmaq təklifi aldı. Lakin Nazim, Vətənə qayıtmağı, öz bilik bacarığını millətinə sərf etməyi üstün tutdu. O, Bakıya qayıtdı.

Moskvanın dünya  şöhrətli psixiatriya institutunda qazandığı bilik bacarığını praktik  həyata  tətbiq    etməyə  başladı.  Bayıldakı Maştağadakı  psixiatriya xəstəxanalarında  işə  başladı. Xəstənin etibarını, inamını qazanmaq  asan məsələ deyil,  xüsusilə, psixiatriyada. Nazim   həkim   buna  nail   olmuşdu.

Dağlıq Qarabağ müharibəsi yüzminlərlə insanı yurd-yuvasından didərgin salmış, psixoloji durumu pozulmuşdu. Onlarla təcili hərtərəfli, o cümlədən psixoloji yardım tələb olunurdu. Xarici xeyriyyəçi təşkilatlar bu işə  qoşulmuşdular.  Nazim həkimin bilik bacarığı, təşkilatçılıq qabiliyyəti xarici xeyriyyəçi təşkilatların diqqətindən yayınmadı. Onu böyük layihələrin rəhbərliyinə dəvət etdilər. Daha sonra Birləşmiş Millətlər Təşkilatının Bakı Nümyandəliyində işləməli oldu. Ən nəhayət Nazim həkim Birləşmiş Millətlər Təşkilatında, Nyu-Yorkda işləmək üçün kontrakt bağladı. O, dünyanın konfliktli ölkələri üzrə BMT-nin Baş Psixiatrı vəzifəsini tutdu. O dəfələrlə konflikt yaşayan, milyonlarla qaçqını, köçkünü olan ölkələrə getməli oldu, psixi durumu pozulmuş insanlara yardım göstərdi. Kontraktın vaxtı bir neçə dəfə uzadıldı. Lakin növbəti dəfə Nazim həkim kontraktın vaxtının uzadılmasına razılıq vermədi, artıq Vətənə dönmək həsrəti ilə yaşayırdı. O, Nazim həkim kimi işləmək üçün yüksək məvacibli işi qoyub Bakıya qayıtdı. O, Nyu-Yorkda işlədiyi illərdə qohum-əqrabası, dostları, tanışları ilə əlaqəsini heç vaxt kəsməmişdi. Xəstələr əvvəlki kimi yenə Nazim həkimin mülayim səsini eşidir, hər şeyin yaxşı olacağına inamları artır, çünki  onlar həkimlərinə inanırdılar.

Nazim həkimin bu yazıdan xəbəri yoxdur. Əgər bu barədə ona desəydim, "Yazmağa mövzu tapmadın?" - deyəcəkdi.

Allahdan gizli deyil, sizdən gizlədim: Nazim həkim mənim doğmaca dayım oğludur. Amma bu yazını dayım oğlu olduğu üçün yazmadım, Nazim həkim olduğu üçün yazdım.

E-mail: khalil_majid@mail.ru

 





31.07.2014    çap et  çap et