525.Az

Avropa İttifaqı və Qərbin ayrı-seçkiliyi: səbəblər nədir?


 

Avropa İttifaqı və Qərbin ayrı-seçkiliyi: <b style="color:red">səbəblər nədir?</b>

Dünya siyasətində gərginlik getdikcə artır. Bir tərəfdən, böyük dövlətlər qlobal liderlik uğrunda kəskin mübarizə aparırlar. Digər tərəfdən isə, təhlillər göstərir ki, konkret münaqişələrin ədalətli həlli üçün meyarlar işlənib-hazırlanmır.

Eyni məzmunlu məsələlərə fərqli yanaşmalar müşahidə edilir. Bu cür ziddiyyətlərin mövcud olduğu şəraitdə dünya liderliyi uğrunda mübarizənin məqsədi nədən ibarətdir? Bəşəriyyət bu saxtalığa nə zamana qədər dözəcək?

Geosiyasi nonsens: kiçik dövlətin dünyaya sayğısızlığı

Son vaxtlar Qərb ölkələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsindən narahatlıqlarını tez-tez dilə gətirirlər. O cümlədən, ABŞ və Fransanın ATƏT-in Minsk qrupunda olan həmsədrləri bu barədə fikirlərini bildirirlər. Lakin məsələyə geniş aspektdə və siyasi prizmadan yanaşdıqda sözlə əməl arasında ziddiyyətlərin olduğunu, siyasi məntiqin praqmatik addımları təmin etmədiyini müşahidə edirik.

Çünki münaqişənin hansı səbəblərdən indiyə qədər həll edilmədiyi məlumdur. Hər şeydən əvvəl, Ermənistan daim danışıqları pozur və uzadır. Bunlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin gözü qarşısında baş verir. Birbaşa görüşlərdə Ermənistan rəhbərliyi dedikləri sözləri, real addımlar atmaq lazım gəldikdə, təkzib edirlər. Bunlar siyasi-diplomatik etiketə və prinsiplərə uyğun gəlməyən məqamlardır. Lakin, maraqlıdır ki, zəngin diplomatik ənənələrə malik olan həmsədr dövlətlər İrəvana ciddi surətdə etirazlarını bildirmirlər.

Ermənistan bununla kifayətlənmir. Misal üçün, rəsmi İrəvan BMT TŞ-nin və digər beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymur, həmin təşkilatları saya salmır. Yüksək nüfuzu olan beynəlxalq təşkilatın (bu anda biz BMT-ni nəzərdə tuturuq) qəbul etdiyi qərarlara əməl edilməməsi beynəlxalq hüquqda cəzalandırılası haldır. Çünki digərləri üçün pis nümunə olur, analoji halların yaranmasına əsas verir.

Digər tərəfdən, başqa ölkələrlə bağlı qəbul edilən qərarların dərhal yerinə yetirilməsi fonunda Ermənistanın qanunsuz davranışlarına dözülməsi düşündürücüdür. İraq dərhal bombalandı, Əfqanıstan isə uzun illərdir ki, siyasi ixtilaflardan əziyyət çəkir.

Buna bənzər hallar münaqişənin birbaşa həlli ilə məşğul olanların fəaliyyətində də özünü göstərir. Ermənistan həmsədr dövlətlərin başçılarının status-kvonun qəbul olunmazlığı ilə bağlı tələblərini nəzərə almır. Onlar həmin məsələ ilə əlaqədar bir neçə dəfə bəyanat veriblər. ABŞ, Fransa və Rusiya kimi böyük dövlətlərin başçılarının fikirlərinə Ermənistan kimi kiçik dövlət saymazlıq göstərir. Doğrudanmı, cırtdan bir ölkə dünya liderlərinə müqavimət göstərə bilər? – Əlbəttə, belə deyil. Əsl səbəb həmin böyük dövlətlərin Ermənistana olan münasibəti ilə bağlıdır.

Konkret deyilsə, Aİ və Qərb məlum səbəblər üzündən bu prosesdə Ermənistanı dəstəkləyir. Bunun dəqiq təsdiqini Avropa rəsmilərinin diplomatik dillə ifadə etdikləri fikirlərdə tapa bilərik. Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle Avropa İttifaqının Ermənistanla münasibətlərini ən yüksək səviyyədə qurmaq üçün heç bir şərt qoymadığını bəyan etmişdi. O, Ermənistanın Avrasiya İttifaqına qoşulmasını da anladığını bildirmişdi.

İsveçin xarici işlər naziri Karl Bildt də Ermənistanın Avrasiya İttifaqına daxil olmasını əsaslandırılmış addım hesab etdiyini söyləyir. Bəs onda niyə Ermənistanı o, "Şərq tərəfdaşlığı" proqramında üçüncü sırada yerləşdirmişdi? Burada həm qeyri-obyektiv yanaşma, həm də diplomatik hiyləgərliyin olduğu hiss edilir.

Qərb siyasətçiləri bu cür davranışları ilə bir şeyi unudurlar. Onların belə yanaşmaları təkcə lokal çərçivədə geosiyasi dinamikaya təsir etmir, həm də dünyada ümumi vəziyyəti indi olduğu kimi, mürəkkəbləşdirir. Müxtəlif regionlarda ixtilaflar dərinləşir. Etnik və dini mənsubluq düzgün olmayan siyasi-ideoloji məqsədlərlə əlaqələndirilir. Qlobal siyasi mühit süni parametrlərlə doldurulur. Nəticədə, meydana çıxan münaqişələrin həlli üçün vahid geosiyasi, siyasi və diplomatik meyarların müəyyənləşdirilməsi mümkün olmur.

İkili standart: ayrı-seçkilik siyasətinin ziddiyyətləri

Hazırda dünyanın aparıcı analitikləri yeni qlobal geosiyasi nizamın yaranması üçün nəzəri təkliflərini irəli sürürlər. Reallıqda isə prosesin getmədiyini etiraf edirlər. Bəs bu ziddiyyətin səbəbi nədir? Bu sualın cavabını yuxarıda vurğuladığımız ikili standartlarda axtarmaq lazımdır. Qərb siyasətçiləri yüksək tribunalardan demokratiyadan, ədalətdən, "yumşaq güc"dən, dialoqdan danışırlar, reallıqda isə ermənilərə havadarlıq edirlər.

Bununla beynəlxalq münasibətləri tənzimləmə mexanizmlərinin səmərəliliyinə ciddi zərbə vururlar. Həmin kontekstdə Qərbin tez-tez təkrar etdiyi "etimad tədbirləri"nin xüsusi məqsədlərə xidmət edəcəyi ilə bağlı fikir formalaşır. Çünki həmin təklifdə işğal altında olan ərazilərin azad edilməsindən çox, mövcud vəziyyəti saxlamaq şərti ilə barışmaq öz əksini tapıb. Real surətdə qarşılıqlı etimad Ermənistanın qoşunlarını Azərbaycan ərazisindən çıxardıqdan sonra yarana bilər. Bütün başqa hallarda ədalət prinsipi pozulur.

Burada vacib bir məqamı vurğulamağa ehtiyac görürük. Siyasi-diplomatik fəaliyyətdə ikili standarta tutarlı cavab verilməyəndə, qarşı tərəf özünün haqlı olduğunu qəbul etdirməyə çalışır. Bu səbəbdən Azərbaycan XİN Dağlıq Qarabağ məsələsində Qərbdən öz ədalətli, beynəlxalq hüquqa uyğun mövqeyini bildirməsini tələb etməlidir. Ölkənin Xarici İşlər Nazirliyi öz mövqeyini qətiyyətlə ortaya qoymalıdır. Hələlik, təəssüf ki, belə bir addımın atıldığını görə bilmirik.

Dünya praktikası göstərir ki, XİN-in mövqeyi proseslərə ciddi təsir edə bilir. Diplomatik kanalların fəallığı ölkə başçısının müəyyən məsələ üzrə mövqeyinin, fikir və prinsiplərinin qarşı tərəfə çatdırılmasında optimal üsuldur. Hazırda dünyanın müxtəlif regionlarında baş verən geosiyasi proseslərə aidiyyəti ölkənin xarici siyasət idarəsi dərhal reaksiya verir, mövqe bildirir. Azərbaycan XİN də tutarlı və praqmatik səmərəli addımları ilə dünya siyasi dairələrinin Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi və ədalətli yanaşmalarını təmin edə bilər.

Etiraf etmək lazımdır ki, Qərb dövlətləri və beynəlxalq təşkilatların ikili standarta üstünlük verməkdə davam etməsi beynəlxalq miqyasda ağır geosiyasi vəziyyət yaradıb. Son zamanlar bu, o qədər açıq və aydın özünü göstərir ki, adi gözlə belə müşahidə etmək olur. Nümunə kimi eyni məzmunlu münaqişələrə fərqli yanaşıldığını göstərə bilərik. Ukrayna, Moldova və Gürcüstandakı münaqişələrə Qərbin siyasi dairələri çox həssaslıqla yanaşırlar. 2008-ci ildə Qərbin böyük dövlətlərinin başçıları, yüksək vəzifəli diplomatları dərhal Gürcüstana dəstək verdilər. Onlardan bəziləri Tbilisiyə səfər etdi. Beynəlxalq təşkilatlar Gürcüstanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan edib, Moskva ilə aktiv dialoqa girərək təcavüzü dayandırdılar.

Ukraynada hadisələr başlayan kimi, başda ABŞ olmaqla Qərb yüksək fəallıq göstərdi. Krımla əlaqədar çevik qərar qəbul edildi, Ukraynanın ərazi bütövlüyünün təmin edilməsi şərti qətiyyətlə qoyuldu. Hazırda Qərb rəsmi Kiyevə separatçılara və terrorçulara qarşı mübarizədə aktiv dəstək verir, ona hərbi yardım göstərir.

Amma dünyaya liderlik etmək istəyən, bunun üçün amansız mübarizə aparan dövlətlərin liderləri və məsul şəxsləri bilməlidir ki, beynəlxalq aləmdə bu gün yaranan və getdikcə daha da güclənən və mürəkkəbləşən gərginlik məhz ona görə bu səviyyəyə gəlib çıxıb ki, eyni proseslərə müxtəlif, qərəzli, qeyri-obyektiv yanaşma, məsuliyyətsizlik səbəbindən adi hal hesab edilir. Beynəlxalq münasibətlərdə bütün indiki vəziyyət, onun daha da gərginləşməsi perspektivi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətin nəticəsidir.

Newtimes.az

 





30.07.2014    çap et  çap et