525.Az

"Məzuniyyət" (hekayə)


 

"Məzuniyyət" <b style="color:red">(hekayə)</b>

Maşının şüşəsinə çırpılan daşlar bizi çox qorxudurdu. Arxada oturub həyəcandan cınqırımızı da çıxara bilmirdik. Qabaqda boynuyoğun polkovnik bizdən cəsarətli görünsə də, sürücüyə “ə, düdük, tez sür” deməsindən hiss olunurdu ki, nədənsə narahatdır. Maşın kəndin yollarıyla atılıb-düşdükcə boş mədəmiz ağzımıza gəlirdi. Arxamızca daş atanlar azalsa da, balaca uşaqlar maşının dalınca qaçaraq əllərinə keçəni bizə tərəf tolazlayırdılar. Bəlkə də bu hərəkətləri onlar üçün əyləncə idi. Yəqin mən də balacaların arasında olsaydım, elə edərdim... Bu kənddə Azərlə çıxmadığımız ağac, aşmadığımız çəpər yox idi. Amma indi doğma, tanış yerlərdə gözlərimi döyə-döyə olanları müşahidə edirdim...

...İndi yanımda oturan əsgər yoldaşım Salmanovun danışmağa heyi yox idi. Dünən səhərdən nə qədər çalışırdım ki, ondan bir kəlmə eşidim, di gəl, elə bil dilini udmuşdu. Bilirdim ki, deməyə sözü var. Bircə danışaydı... Ən yaxın dostumu öldürən hərbi xidmətə davam etmək, əsgərlikdən sonra kəndə qayıdanda Azərin valideynlərinin ittihamlarına cavab verə bilmək, dostumun son anlarını yaddaşıma yazmaq üçün şübhələrimə son qoymalıydım...

...Kəndə meyidi doğmalarına vermək üçün gəlmişdik. Məni və Salmanovu polkovnikə sipər kimi gətirmişdilər, çünki təkcə zabitlər gəlsəydi, camaat maşına daş yox, bəlkə də, qumbara atardı. 

Azər qonşumuz idi, eyni vaxtda universitetə girmişdik. Ayrı - ayrı universitetlərdə oxusaq da, bir evdə qalırdıq. Bakının köhnə küçələrindən birində “stipendiya”nın və evdən göndərilən zənbillərin hesabına pis yaşamırdıq. Dörd il ərzində bir birimizin ən yaxın dostuna, sirdaşına çevrilmişdik. Sonradan da bəxtimiz gətirmişdi; eyni hərbi hissəyə düşmüşdük. Amma indi dəqiq bilirəm ki, ikimizin də bəxti gətirməmişdi. Ona görə yox ki, sərhəd qoşunlarında qulluq etmək çətin idi, havası soyuq, şəraiti pis idi - filan... Azər həyatını itirdi burda, mən isə dostumu...

Səkkiz ay ərzində hələ ki, məzuniyyətə buraxılmamışdıq. Və hərbi hissədən kənardakı on günün hər gününü planlaşdırmışdıq; bir günümüzü Bakıda keçirəcəkdik, istədiyimiz kimi, daha doğrusu, bir əsgərin arzuladığı kimi... Ordan da doğmalarımızı görməyə, rayona gedəcəkdik. Amma Azərin meyidi ilə bura qayıdacağımı, onun valideynlərinin ittiham, qəzəb dolu baxışları, mənim valideynlərimin qorxu və həyəcandan mənə yaxınlaşa bilməyib uzaqdan baxan nigaran baxışlarını heç vaxt ağlıma gətirməzdim... Anam Azərin ölümünə nə qədər ağlayırdısa, bir o qədər də Azərin anasına qoşulub bizim oturduğumuz maşını daşlayırdı. Kəndin bütün anaları maşını daşlayırdılar.

Analarımız nəyə, kimə daş atırdılar? 

Bizmi öldürmüşük Azəri? Bəs mənim günahım nədir? Anam öz əzizinə, ciyərparasına, yeganə oğluna, onun olduğu maşına niyə daş atırdı? Uşaqlıqda “qadan mənə gəlsin, dərdin alım” deyən anam dərdimin üstünə dərd gətirirdi. 

Azəri itirmək mənim üçün ayaqlarımı, qollarımı itirməyə bərabər idi, bəlkə daha ağır idi. Yol boyu heç olmasa anamın qollarında ağlamağı, sakitləşməyi fikirləşirdim. İki gün idi gözümdən bir damla yaş çıxmamışdı. Boğazımdan daş asılmışdı, udquna bilmirdim, Azərin meyidini maşında deyil, sanki çiynimdə gətirmişdim bu qədər yolu... Kəndə girənə qədər bütün bunların bir yuxu olduğuna inanırdım... Amma həqiqət ayrı idi... Əsgər ölümlərindən bir pay da bizim kəndə düşmüşdü... Bundan sonra kəndin analarının bir qorxusu da artacaqdı: “Əsgərlik mənim balamı da öldürə bilər”...

...Onlar bizi tam sevmişdilər, ikimiz bir tam idik onlar üçün. Nə Azərin anası, nə mənim anam bizi ayırmazdı. İradlarını da ikimizə bildirərdilər. “Qardaşından muğayat ol”-hər ikimizə deyilən söz bu idi. Heç vaxt ayrıseçkilik hiss etməmişdik, heç vaxt bir-birimizi qısqanmamışdıq...

...Kəndə bir də qayıtmayacağam. Maşın uzaqlaşdıqca həyəcanım, qorxum azalır, incikliyim artır, nigarançılığım ürəyimdən qopan ağrılarla birgə gözlərimi doldururdu. Qəflətən qibtə və paxıllıq hissi bürüdü məni, “onlar Azəri məndən çox istəyirlər...”. Hardan gəldi bu qara fikir beynimə, bu hiss tanış deyildi, “mənim” deyildi. Amma...

Kaş Azər mənim meyidimi qollarında gətirəydi, onun olduğu maşını daşlayaydılar, analarımızın o baxışlarına o dözəydi, o ağlamaq istəyib, doğmalarından istilik əvəzinə laqeydlik görəydi... 

Yox... yanımda olsan, sənə danışsam, ağlasam. Ruhlara inanmamışıq heç vaxt, heç birimiz mövhumatçı deyildik. Amma indi inanmaq istəyirəm. Kinolarda, kitablarda olduğu kimi, ruhun mənə təskinlik versə, ətrafdakıların təəcüblü baxışları altında boşluğa baxsam və səni görürmüş kimi gülümsəsəm, mənə əl edib sonra getsən...Heç vaxt filmlərdə güldüyüm klişelərə bu qədər ehtiyacım olacağını bilməzdim... 

İndi hiss edirəm ki, şüşəyə çırpılan daşlar səngidikcə gözümdən yaş axır, sanki həyatımın ən çətin, ən ağır işini görüb qurtarmışdım. Ürəyimdən asılan daş gözümdan axan yaşdan ağır oldu. O, yerini bərkitdikcə ağrını, sənin itkini indi daha aydın beyinlə dərk edirəm. Başqa şəraitdə təsəlli tapıb ölümünü qəbul edərdim, çünki göz yaşlarını sevmirdin. İdealımız nə olursa olsun irəli getmək idi, ağlamaq, acı çəkmək bizə yad hiss idi. Amma indi analarımızın ömür boyu unutmayacağım baxışları, atalarımızın bizim maşından düşdüyümüzü görüb arxaya çəkilib siqaret yandırmaqları, tappıltısını yaddaşımdan silə bilməyəcəyim daşlar ürəyimi sıxırdı, canlı deyildim, elə bil mən də meyid idim. Ağladıqca hirsim soyuyurdu.

Qəflətən polkovnikin “- Ə, düdük, ulama day, arvad deyilsən”- deməsi dondurdu məni. Cavab verməsəm ağrıya qatılan təhqirin dozası məni öldürə bilərdi və dalbadal bildiyim söyüşləri yağdırdım. Maşın dayandı. Polkovnik düşüb arxa qapını açdı, yaxamdan tutub maşından çıxartdı. Özümü o qədər zəif hiss edirdim ki, yaxamı onun əlində saxlayıb yerə atılmaq istəyirdim. Hələ də ağlayır, ünvansız söyüşlərimi davam etdirirdim. Birdən ildırım çaxdı. Sifətimin alışdığını yenicə hiss edirdim ki, bir ildırım da əks tərəfdə çaxdı. Və yaxam buraxıldığı an bayaqdan etmək istədiyim halı aldım, yerə çökdüm. Daha uca səslə ağlamağa başladım, qışqırırdım, amma söyüşləri dayandırmışdım. Sadəcə “bağışla” deyirdim. Amma kimə dediyimi bilmirdim. Azərə deyirdim yoxsa, analarımıza verdiyimiz sözə əməl etmədiyimiz üçün onlara deyirdim? Yoxsa bayaq bütün sülaləsini söydüyüm polkovnikə?

Polkovnik bir qədər kənarda daşın üstündə oturub siqaret çəkirdi. Yəqin xəyalı onu Qarabağ döyüşlərinə aparmışdı. “O vaxt müharibə vardı, ölüm daha təbii qəbul olunurdu, indi isə...”... Hərbi hissədə zəhmindən yanında ağzımızı aça bilmədiyimiz polkovnik də bizimlə birgə ağrını hiss edirdi, bizdən biri idi...

Sürücü isə fürsət buymuş kimi, kepkasını burnuna kimi çəkib yuxulayırdı. Salmanov gəlib yanımda əyləşdi. Cibindən qırılmış bir siqaret çıxarıb filtrini kəsdi, qırıldığı yerdən bir az aşağı hissəsini filtrə keçirib damağına qoydu. Əlləri əsdiyindən kibriti çətinliklə yandırdı. Bir qullabdan sonra öskürməyə başlayınca siqareti mənə uzatdı... 

İndi acını daha dərindən hiss edirdim. Azər ölmüşdü, analar məni yox, Azərin getdiyi yolu, meyidinin gəldiyi yolu daşlayırdılar. Ən ağır itki nədir, görəsən? Övlad yoxsa dost? Onlar övlad, mənsə dost itirmişdim...

Azər bəlkə də əsgər getməyəcəkdi.Xəstəliyindən heç vaxt əziyyət çəkməsə də, özəl klinikaların fikirləri birmənalı idi. Valideynləri də ürəyindəki probleminə görə Azərin əsgər getməsini istəmirdilər. Ancaq mən sağlam idim. Azər isə heç vaxt məni tək qoymaq istəməzdi. “ola bilsin, eyni hərbi hissəyə düşməyək, amma bir il sən xidmətdə ola-ola mən burda şellənə bilmərəm”. Fikrini dəyişdirməyə çalışmışdım, amma ürəyimin dərinliyində istəyirdim ki, o da əsgər olsun. Başa düşmürdüm. Mənim həqiqətim sadəcə bu idi- “biz dostuq, eyni vaxtda gedib-eyni vaxtda gəlməliydik”. Amma indi burdan, kəndimizin yanından baxanda günahı özümdə görürdüm. Hərbi komissarlıq isə, bəlkə də yeganə yer idi ki, Azərə “tamamilə sağlamsan” dedi. Əgər Azər hərbi xidmət arzusunda olmasaydı elə ordaca həmin həkimin ağzının payını verər, şikayət edər, bir əncam çəkilməyincə, qalib olduğunu hiss etməyincə əl çəkməzdi. Amma mənə baxıb gülümsədi... Həmin axşam Azərgilin və bizim evimizdə sanki yas idi. Səbəb mənim əsgər getməyim deyildi, Azərin xəstəliyinin hərbi komissarlıqda üzə çıxmaması idi. Analar son ana kimi inanırdılar ki, komissarlıq Azəri “yararsız” sözüylə pərişan edib geri qaytaracaq...

Bizi yola salanda, onlar nə qədər kədərlənsələr də, üzlərində qürur vardı, “bircə sağ salamat gedib gəlsinlər”...

...Azər mənim sözümü salmazdı, gərək israr edəydim... Amma indi “gərək”lərə, “kaş ki”lərə yer yox idi...

İndi isə lazımsız inadcıllığım hadisələrin necə baş verdiyini bilmək istəyirdi.

-Salmanov, bircə kəlmə de, bircə kəlmə nəsə de; necə oldu, nə baş verdi axı...
- ...
Çiyinlərindən tutub qışqırırdım, o isə matdım-matdım sifətimə baxırdı. Bayaq məni ayıldan ildırıma onun da ehtiyacı olduğunu fikirləşib tərs bir sillə çəkdim. Qəfildən üstümə cumdu... Sonra da kənara çəkilib əvvəlki yerinə oturdu:

-Sabah bir yerdə məzuniyətə getməliydiz,-cümlənin sonunu sanki pıçıldayırdı.

...
İndi də mən susurdum.

-Bunu səndən gizlədirdi ki, surpriz olsun... Son günlər xəstəliyinin onu zəiflətdiyini bilirdik.

Həkimə getmirdi ki, birdən “sançastda” yatızdırarlar onu, səninlə bir yerdə məzuniyyətə gedə bilməz. Bakıya gedəcəydiz, planlarınızdan mənə danışmışdı...

-Hə, hə... sonra rayona gedəcəkdik... Bu da məzuniyyət... İkimiz də gəlmişik, amma...

Salmanov isə elə bil qara bayquş kimi üzümə ulayırdı.

-Gecə ağrıları çoxaldı, səni çağırmağa qoymadı, dedi, indi keçər, həmişə olur. İstəmirdi sizin bölük komandirinizdən icazə almalı olaq.

-O istəmirdi, sən gələydin, ay axmaq. Niyə, Salmanov, niyə gəlmədin? Gizlin gələydin, həkimə deyəydiz. Həkimi gizlicə çağıraydız, ay başıboşlar!

-Həkim gələndə gec idi...

... indi için-için ağlayırdım, yana - yana ağlayırdım, ürəyim od tuturdu, gücsüzləşirdim “Yox, Azər, mən güclü olmağı bacarmıram. ”
-Bilmədik elə olar, ürəyini tutub sakit səslə danışırdı, bütün bölük ayılmışdı, heç kimə imkan vermirdi ki, qapıdan çölə çıxsın. Söyüş söyürdü. Bilirdin xasiyyətini...

-Nə söyüş, başınız xarab idi?Dəlisiz siz, adam ölür, siz də onu müşahidə edirdiz? 

Səsimə polkovnik də reaksiya verdi: 

-Keçin maşına, gedirik!

Salmanov da mənə qoşulub səssizcə ağlayırdı.

-Bilmirdik ki, ölür, Allaha and olsun, heç kimin ağlına gəlmirdi. Əlimiz- qolumuz bağlı, gözümüzü döyürdük. Dərman vermişdik, dedik yəqin tədricən sakitləşər! Sonuncu sözlərində hiss etdik ki, vəsiyyət eləyirmiş...

-Nə? Nə dedi?

-Səni dedi. Dedi ki, o mənim dalımca gəlməməlidir.

-Hara?

-Biz də onu soruşduq, dedi biləcək...

Geri çəkildim. Əks istiqamətə, kəndə tərəf gedirdim. Ayaqlarım dolaşırdı, gözlərim qaralırdı. Son duyduğum polkovnikin təşvişli səsi idi. “Onu tək buraxma, saxla onu” sanki quyunun dibindən deyilirdi... 


...Qaranlıq idi, kölgələr vardı, bir də gözümün içinə baxan Azər vardı. Uşaq idik, sürətlə böyüdük... Kəndimizi Bakı əvəz etdi...

...Sonra qaranlıqlarda bir ulduz göründü və ona tərəf getdik. Tələbəliyimiz canlandı gözümün önündə... Azər baxıb gülümsəyir, sonra ulduz axır, Azər onun dalınca qaçır, məni isə kimsə arxaya çəkir. Azər “Sən gəlmə” deyir...


* * *

...Ayılanda kənddən uzaqlaşmışdıq. İçimdəki uşaq ölmüşdü. Sanki yenicə, elə bu yaşda doğulmuş gənc idim. Polkovnikin “iki günə səni məzuniyyətə buraxaram” xəbəri heç vecimə deyildi. Hara gedəcəkdim Azərsiz? 

Onun dediyinə əməl etməliyəm. Azərin dalınca getməyə tələsməməliyəm. 

Onun da həyatını yaşamalı idim. 

Analarımız vardı...

Pərviz SADIQOV (PERO)

Azərbaycan” jurnalı №6 (2014)

 





26.07.2014    çap et  çap et