Beynəlxalq Azərbaycan – ABŞ arxeoloji ekspedisiyası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Aşağı Yaycı və Dizə kəndlərində apardığı tədqiqatların gedişində erkən dəmir və orta tunc dövrünə aid tarixi abidələr aşkar edilməkdədir. Dizə kəndinin yaxınlığında yerləşən “Qız qala” yaşayış yerində erkən dəmir dövrünə aid müdafiə divarlarının qalıqları tapılıb. Qazıntı sahələrinin birində orta tunc dövrünə aid boyalı keramika və basma naxışlı məmulatlar da aşkarlanıb.
AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin dediyinə görə, tədqiqatlar zamanı məlum olub ki, orta tunc dövrünə aid mədəni təbəqənin qalınlığı 2,5 metrdir. Yaşayış yerinin yaxınlığında yerləşən nekropoldakı kurqanlardan tuncdan hazırlanmış iki qulplu qab və nizə ucluğu aşkar olunub.
Kurqanlarda insan skeletinin tapılması xüsusilə maraqlıdır. Skeletlər yerli Qafqaz tipinə aiddir. Həmin mədəniyyətə aid çoxtəbəqəli yaşayış yerləri Cənubi Qafqazda yalnız Azərbaycanda, xüsusilə Naxçıvanda aşkar olunub. Bu, boyalı qab mədəniyyətinin Naxçıvanda yaşayan yerli tayfalar tərəfindən formalaşdırıldığını göstərir.
AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev qeyd edib ki, əvvəllər Cənubi Qafqazda orta tunc dövrü qəbirlərindən insan skeleti aşkar olunmadığından bəzi tədqiqatçılar bu mədəniyyəti hind-arilərə aid etməyə çalışırdılar. Əldə edilən yeni faktlar bu nəzəriyyənin tərəfdarlarına güclü zərbə olmaqla, Naxçıvanda formalaşan orta tunc dövrü mədəniyyətləri arasındakı varislik əlaqələrini müəyyən etməyə imkan verir.
Tədqiqatlar zamanı yeni aşkar olunan faktlardan biri də indiki Ermənistan ərazisində yayılan “Təzəkənd mədəniyyəti” ilə bağlıdır. Ermənilər özünəməxsus keramika məmulatı ilə fərqlənən bu mədəniyyətin adını əsl adını saxtalaşdıraraq “Karmirberd mədəniyyəti” qoyublar. Lakin Şərur rayonunun Yaycı nekropolundan və bu il tədqiq edilən kurqanlardan tapılan boyalı qablar bu mədəniyyətin Naxçıvanda yaşayan tayfalarla bağlı olduğunu bir daha təsdiq edir.