525.Az

Qarabağda istehsal olunan malların satışının qarşısı alınacaq


 

Qarabağda istehsal olunan malların satışının qarşısı alınacaq<b style="color:red"></b>  “Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən hər hansı qeyri-qanuni iqtisadi əməllərin, eləcə də Ermənistan tərəfindən burada istehsal olunan məhsulların Ümumdünya Ticarət Təşkilatının (ÜTT) malların mənşəyi haqqında qaydalarının kobud şəkildə pozulması ilə saxta etiketlərlə MDB ölkələri və Avropa Birliyi bazarında satılması hallarının qarşısının alınması üçün Xarici İşlər Nazirliyi tərəfindən lazımı tədbirlər görülür”.
 
Bunu APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin şöbə müdiri Hikmət Hacıyev Azərbaycan işğal olunmuş ərazilərdə ermənilərin qeyri-qanuni istehsalla məşğul olmaqlarına münasibət bildirərkən deyib.
 
O bildirib ki, bu kimi halların araşdırılması və belə hallar müəyyən olunduğu təqdirdə, akkreditə olunduqları ölkələr və beynəlxalq təşkilatlar qarşısında məsələnin ciddi surətdə qaldırılması, eləcə də önləyici fəaliyyətin aparılması üçün Azərbaycan Respublikasının diplomatik nümayəndələrinə mütəmadi olaraq təlimatlar verilir: “Təəssüflə qeyd etməliyik ki, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliklə yanaşan Ermənistan rejimi xarici iqtisadi-ticarət əlaqələrində də ÜTT çərçivəsində götürdüyü öhdəliklərini və ikitərəfli razılaşmalarını kobudcasına pozur, malların mənşəyi haqqında saxta məlumat verərək, idxal edən dövləti və onun istehlakçılarını aldatmaqdan çəkinmir. Yalan və saxtakarlıq Ermənistan rejiminin xislətidir. Nəzərə alınmalıdır ki, ÜTT qaydalarına və ölkədaxili qanunvericiliyə görə istehlakçıların malların mənşəyi haqqında səhih məlumat almaq hüquqları var.
 
Xarici işlər naziri Elmar Məmmədyarov da bu il iyulun 22-də Brüsseldə keçirilmiş Avropa Birliyi dövlətləri və Şərq Tərəfdaşlığı ölkələrinin Xarici İşlər Nazirlərinin iclasında çıxışı zamanı bir daha diqqəti bu məqama çəkərək vurğulayıb ki, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində istehsal olunmuş məhsulların saxtakarlıq yolu ilə ixrac edilməsi Ermənistan tərəfindən aşkar şəkildə ÜTT qarşısında götürdüyü öhdəliklərinin pozulmasıdır.
 
Ermənistan ÜTT-ə daxil olarkən təşkilata üzvlükdən doğan şərtlər və öhdəliklərin, eləcə də Ermənistanın ÜTT razılaşmaları və bu razılaşmaların müddəalarından irəli gələn təəhhüdlərinin yalnız Ermənistan Respublikasının BMT tərəfindən tanınan ərazilərinə şamil olunduğunu təsdiq edib. Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı regionunda buna bənzər hallarla bağlı bu yaxınlarda qəbul olunmuş tənzimləyici hüquqi çərçivənin olduğunu xatırladaraq, Ermənistan tərəfindən atılan bu kimi mənfur addımların qarşısını almaq məqsədilə bütün lazımi tədbirlərin görülməsinin vacibliyini bildirib”.
 
XİN rəsmisi onu da qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyət, həmin ərazilərdə istehsal olunan məhsulların xarici ölkələrə ixrac-idxal əməliyyatlarının aparılması, qondarma rejimlə bu və ya digər formada əməkdaşlığa yol verilməsi məsələsi Azərbaycan Respublikasının digər ölkələrlə müştərək komissiyalarının iclaslarında mütəmadi şəkildə qaldırılır və bundan sonra da bu istiqamətdə fəaliyyət qəti şəkildə davam etdiriləcək.
 





25.07.2014    çap et  çap et