525.Az

"Separatçı rejimə etdiyi yardım Vaşinqtonun elan etdiyi prinsipə uyğun gəlmir"


 

"Separatçı rejimə etdiyi yardım Vaşinqtonun elan etdiyi prinsipə uyğun gəlmir"<b style="color:red"></b>

"Bir neçə gün əvvəl Rusiyanın RBK telekanalı "tanınmamış dövlətlərin iqtisadiyyatı" mövzusunda veriliş yayımlayıb. Bu verilişə isə Dağlıq Qarabağdakı qondarma separatçı rejimin "xarici işlər nazirliyinin məsləhətçisi" qismində təqdim olunan Arsen Melik Şaxnazarov dəvət olunub". Bunu Milli Məclisin (MM) deputatı Fuad Muradov mətbuata açıqlamasında dilə gətirib. Onun dediyinə görə, Rusiyanın RBK telekanalında Dağlıq Qarabağın separatçı rejiminin "müstəqil ölkə" olaraq təqdim olunması münaqişənin həlli üçün vasitəçilik missiyasını üzərinə götürmüş Moskvanın prinsipləri ilə daban-dabana ziddir. Deputat qeyd edib ki, Minsk qrupunun həmsədri olan Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün beynəlxaq təşkilatların apardığı səyləri dəstəklədiyini bəyan edib bu sülh danışıqlarında isə Dağlıq Qarabağın müstəqil olması barədə heç bir bənd yoxdur.

F.Muradovun sözlərinə görə, həmin verilişdə Dağlıq Qarabağı iqtisadi artım tempinə görə "Cənubi Qafqazın pələngi" adlandırılması isə anlaşılmaz gülüncdür: "Bu necə "pələngdir" ki, bütün külli- ixtiyari Ermənistandadır?!. O hansı "iqtisadi möcüzə"dir ki, bütün beynəlxalq layihələrdən tam təcrid olunmuş Ermənistan Dağlıq Qarabağa "uğur" gətirir? Yeri gəlmişkən, elə verilişə çağırılmış separatçı rejimin nümayəndəsi Arsen Melik Şaxnazarov da etiraf etdi ki, Dağlıq Qarabağ bütün iqtisadi əlaqələrini Ermənistanın köməyi ilə həyata keçirir iqtisadiyyatlarını müstəqil şəkildə qurmaq imkanı yoxdur. Digər tərəfdən Ermənistanın iqtisadiyyatının özü bankrot vəziyyətindədir. Blokada şəraitində yaşayan bu ölkənin iqtisadiyyatının ağır vəziyyətdə olmasını elə erməni analitikləri etiraf edirlər". O, hesab edir ki, separatçı rejimin nümayəndəsinin ABŞ-dan aldıqları yardımı xüsusi olaraq vurğulamasını rəsmi Vaşinqtonu "qondarma quruma kömək edən yeganə dövlət" adlandırılmasına da birmənalı qiymət vermək mümkün deyil: "ABŞ-ın bu yardımı ilə özünün separatizmə qarşı apardığı mübarizə şüarına kölgə salır. Amerika Ukraynada separatizmə qarşı olduğunu bildirir bunun üçün hətta sanksiyalar tətbiq edir. Odur ki, Dağlıq Qarabağın separatçı rejiminə etdiyi yardım Vaşinqtonun elan etdiyi prinsipə uyğun gəlmir. Rusiya TV-lərinin belə addımları heç bir halda təqdir oluna bilməz. Fikrimcə, bu proqramda deyilənlər Rusiyanın rəsmi mövqeyini əks etdirmir. Dağlıq Qarabağın iqtisadi "yüksəlişi" haqqında belə nağılları yalnız müəyyən sifarişlərin nəticəsi kimi qiymətləndirmək mümkündür. Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır Ermənistan tərəfindən işğal olunub. Hazırda ATƏT-in Minsk Qrupu tərəfindən aparılan sülh danışıqları rəsmi Bakının iştirakı ilə aparılır. Azərbaycan Prezidenti İlham Əliyev isə ikinci erməni dövlətinin yaradılmasına heç vaxt yol verilməyəcəyini bəyan edib. Düşünürəm ki, ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirən RBK telekanalı Azərbaycanda yayımlanan kabel televiziyasının yayımından çıxarılmalıdır".

Kamil HƏMZƏOĞLU

 





25.07.2014    çap et  çap et