525.Az

Tibbi-Sosial Ekspert Komissiyaları müasir tələblərə uyğun iş şəraiti ilə təmin olunur


 

Tibbi-Sosial Ekspert Komissiyaları müasir tələblərə uyğun iş şəraiti ilə təmin olunur<b style="color:red"></b>

Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Tibbi-Sosial Ekspert Komissiyalarının (TSEK) müasir tələblərə uyğun şəraiti tibbi avadanlıqlarla təmin olunmasına başlanılıb. Bu barədə "525-ci qəzet"ə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər. Bu istiqamətdə ilk tədbir kimi, dünən ƏƏSMN-nin (Bakının Binəqədi rayonu üzrə) 6 saylı TSEK-nin əsaslı təmir olunaraq lazımi avadanlıqlarla təchiz edilmiş müasir şəraiti ilə təmin olunmuş binasının açılışı olub. 

Tədbirdə iştirak edən əmək əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov  Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, nazirliyin bütün fəaliyyət sahələrində, o cümlədən tibbi-sosial ekspertiza xidməti sahəsində fəaliyyətin təkmilləşdirilməsi işlərinin aparıldığını vurğulayıb. Hazırda ƏƏSMN-nin bütün bölgələr üzrə TSEK-lərinin fəaliyyət göstərdiyini qeyd edən S.Müslümov bu komissiyaların köhnəlmiş metodlarının müasirləşdirilməsi, əlillik təyinatı mexanizminin müasir tələblərə uyğun olaraq elektron məlumat mübadiləsi sistemi üzərində qurulması işlərinə başlandığını diqqətə çatdırıb. Nazir tezliklə istifadəyə veriləcək yeni sistemin əlilliyi olan şəxslər, onların xəstəlikləri barədə dolğun məlumat bazasını formalaşdıracağını, bu sahəyə birbaşa çevik nəzarət imkanları yaradacağını bildirib: "Hazırlanmış müvafiq proqram təminatı əsasında əlilliyin müəyyən olunması proseduru əlillik təyinatları ilə bağlı aidiyyəti təşkilatlar arasında məlumat mübadiləsi tam avtomatlaşdırılacaq. Bu prosesə başlanması əlillik təyinatları zamanı neqativ hallara şərait yaradan məmur-vətəndaş əlaqəsinin, əlillik təyinatı ilə bağlı kağız formasında arayışların daşınması praktikasının, süründürməçilik hallarının s. aradan qalxmasına səbəb olacaq. Hazırda ölkə üzrə TSEK-lərin müvafiq əməkdaşları üçün keçirilən treninqlərdə tibbi-sosial ekspertiza reabilitasiya xidməti personalına bu sistemdə işləmək bacarıqları aşılanır".  

S.Müslümov eyni zamanda, bütün yerli qurumlar kimi, TSEK-lərdə müasir tələblərə uyğun şəraitinin yaradılmasının diqqətdə saxlanıldığını bildirib: "Nazirliyin bir sıra yerli qurumlarının ümumi şəraiti normaldır. Lakin bununla belə nazirliyin ayrı-ayrı yerli strukturlarının bir çoxunda mövcud şəraiti qənaətbəxş olmadığından həm əməkdaşların normal əmək fəaliyyəti, həm müraciət edən vətəndaşlara  lazımi xidmət göstərilməsi üçün uyğun deyil. Hazırda biz həmin qurumlarda, o cümlədən TSEK-lərdə müasir tələblərə uyğun şəraitinin yaradılması üçün müvafiq işlər aparırıq. Bu ilk addımdır hesab edirəm ki, yaxın vaxtlarda bu proses uğurla başa çatdırılacaq". 

Sonra tədbir iştirakçıları TSEK əməkdaşlarının fəaliyyəti, həmçinin vətəndaşlara tibbi-sosial ekspertiza xidmətinin göstərilməsi, əlillik müayinələrinin aparılması üçün yaradılmış şəraitlə tanış olub, aparılan müayinələrindən bir neçəsini izləyiblər.

SAMİRƏ

 





25.07.2014    çap et  çap et