525.Az

Jirinovski: “Azərbaycan MDB məkanındakı real müsbət nümunədir”


 

Jirinovski: “Azərbaycan MDB məkanındakı real müsbət nümunədir”<b style="color:red"></b>

“Azərbaycan MDB məkanındakı real müsbət nümunədir. Bu ölkənin bütün kəndləri abadlaşdırılıb, idman obyektləri də daxil olmaqla yeni komplekslər ucaldılır, bütün ölkə tamamilə dəyişilib".

APA-nın xəbərinə görə, bunu Rusiya Liberal-Demokratik Partiyasının (RLDP) lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski “Rossiya 24” telekanalına müsahibəsində deyib. O, Ukraynadakı son hadisələri şərh edərkən, Azərbaycanın MDB ölkələri arasında müsbət nümunə olduğunu bildirib.

Onun sözlərinə görə, ölkənin bu cür sürətli inkişafının səbəb Azərbaycan xalqının İlham Əliyevi dövlət başçısı seçməklə etdiyi düzgün seçimidir: “Mən onun atasını da tanıyırdım, Heydər Əliyev dahi azərbaycanlıdır”.

Jirnovski Azərbaycanın müstəqil siyasət yeritdiyini, heç bir ölkə qarşısında öhdəlik götürmədiyini də vurğulayıb: “İlham Əliyev tab gətirdi, o Rusiyanı, istər təyyarə, istərsə də Ukrayna məsələsində tənqid atəşinə tutmadı, baxmayaraq ki, ona təzyiqlər olunurdu. Qalanları isə - Moldova, Gürcüstan - AB ilə Assosiasiya sazişini imzalamağa qaçdılar. Bunlar fərqli postsovet respublikalarıdır. Güclü lideri olan çiçəklənən Azərbaycan var”.

Onun fikrincə, Rusiya müsəlman ölkəsi olan Azərbaycana diqqət ayırmalıdır: “Bu, həm də Türkiyə və İranla əlaqələrin yaxşılaşmasına gətirib çıxaracaq”.

V. Jirinovski Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini də bildirib: “İlham Əliyev tək Cənubi Qafqazın yox, bütün postsovet məkanın simalarından biridir. Çox təəssüf ki, Rusiya efirində İlham Əliyev, ümumiyyətlə, Azərbaycan barədə çox az danışılır. Rusiyada bu ölkə barədə heç nə bilmirlər. Amma gözəl rəhbəri olan bu respublika nə qədər möhtəşəmdir. Niyə televizyalar bunu göstərmir? Baltik ölkələri rus dilini sıxışdırır, rusları ikinci növ vətəndaş sayır. Azərbaycan isə tam başqadır, orada 400 rus dilli məktəb var, bu Ukraynadan da çoxdur, onların heç biri bağlanmayıb. Bakıda böyük rus teatrı, universitet fəaliyyət göstərir. Budur sizin üçün nümunə! Həmişə pislikdən danışmaq lazım deyil, axı Azərbaycan var!”

Jirnovski rusları Azərbaycanın turizm mərkəzlərindən də istifadə etməyə çağırıb: “Biz həmişə vətəndaşlarımızı xarici ölkələrin kurortlarına getməyi təklif edirik, niyə də onlar Azərbaycan kurortlarına getməsinlər? Lənkərana, Astaraya, subtropik bölgəyə... Biz heç vaxt insanlarımıza Azərbaycana getməyi təklif etməmişik”.
 
Partiya sədri Azərbaycanda ölkəsinə qarşı antisiyasət aparılmadığını da qeyd edib: “Azərbaycanda anti Rusiya partiyası yoxdur. Rusiyadan nəsə qapazlamaq niyyəti yoxdur, əksinə, həmişə, hər yerdə münasibət qurmağa çalışırlar. Biz isə bunun üçün heç nə etmirik”.

 





25.07.2014    çap et  çap et