525.Az

ABŞ-la müttəfiqlik: Ukrayna, Moldova və Gürcüstan risk sahəsində?


 

ABŞ-la müttəfiqlik: <b style="color:red">Ukrayna, Moldova və Gürcüstan risk sahəsində?</b>

Bu günlərdə ABŞ Konqresi postsovet məkanı ölkələri ilə bağlı yeni qətnamə layihəsi qəbul edib. Bu sənədə əsasən, Ukrayna, Moldova və Gürcüstan Birləşmiş Ştatların müttəfiqləri statusunu alacaqlar.

Bu, NATO-ya üzvlükdən yan keçmək şərti ilə baş verəcək. Ekspertlər ABŞ-ın bu addımının mümkün geosiyasi və hərbi nəticələri barədə proqnozlar verirlər. Gəlinən qənaətlər müxtəlifdir. Lakin bir şey aydındır ki, bu layihəyə birmənalı qiymət vermək risklidir. Hazırda müxtəlif regionlarda böyük dövlətlərin qarşıdurması müşahidə edilir. İndidən hansısa tərəfin haqlı olduğunu demək də çətindir. Hər bir müstəqil dövlətin öz maraqları vardır. Onların təmin edilməsinin daha uyğun formatı qismində ABŞ-a müttəfiq olmağın düşünülməsi, bizcə, birtərəfli yanaşma olardı.

Qarşıdurma: məkan genişlənir?

İyulun 17-də ABŞ Konqresinin Ukrayna, Gürcüstan və Moldova ilə bağlı qəbul etdiyi bir qərar maraq doğurub. Sənədə əsasən, ABŞ NATO üzvü olmadan adı çəkilən ölkələri müttəfiq kimi qəbul edir. Müttəfiqlik özlüyündə bir çox məqamları əks etdirir ki, bununla da Vaşinqton üzərinə öhdəliklər götürür. Həmin ölkələrə hərbi, iqtisadi və maliyyə yardımı yeni məzmun kəsb edir. Burada, eyni zamanda, Ukrayna, Gürcüstan və Moldovaya sınaq müddəti verilir. Onlar hərbi sahədə islahatları ABŞ-ın istədiyi kimi aparmalıdırlar (bax: Георгий Двали. США заменят постсоветским странам НАТО / "Коммерсантъ", 18 iyul 2014).

Əvvəlcə, onu vurğulayaq ki, həmin qərarda Azərbaycan, Bosniya və Herseqovina, Makedoniya və başqaları ilə də hərbi əməkdaşlığı genişləndirmək, mədəniyyət və təhsil sahələrində sıx əlaqələr qurmaq tövsiyə edilib (bax: Грузия, Украина и Молдова получают статус союзников США без членства в НАТО / "Грузия Online", 17 iyul 2014). Vaşinqton diqqətini daha çox postsovet məkanı ölkələrinə yönəldir.

Bunlardan başqa, sənəddə Ukrayna, Moldova və Gürcüstana çevik surətdə enerji sahəsində yardım etməyi nəzərdə tutan hüquqi mexanizm yer alıb. Belə ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Ticarət və İnkişaf Agentliyi, Özəl Beynəlxalq İnvestisiyalar Korporasiyası (OPİC) və Dünya Bankı Qrupu vasitəsi ilə həmin ölkələrə yardım göstəriləcək.

Belə görünür ki, Birləşmiş Ştatlar dünyada yaranmış geosiyasi vəziyyəti nəzərə alaraq, konkret addımlar atmağa başlayıb. Demək lazımdır ki, Konqresin indi həyata keçirməyə başladığı layihə haqqında "Stratfor" analitik mərkəzinin qurucusu C.Fridman bir neçə ay əvvəl yazmışdı. O vurğulamışdı ki, Vaşinqton təcili olaraq Estoniyadan tutmuş Azərbaycana qədər geniş bir ərazidə yerləşən dövlətlərin müdafiə imkanlarını artırmalıdır, onlara hərbi yardım göstərməlidir (bax: George Friedman. From Estonia to Azerbaijan: American Strategy After Ukraine / "Stratfor", 25 mart 2014).

Lakin burada müəyyən fərqlər də vardır. ABŞ daha çox Ukrayna, Moldova və Gürcüstana diqqət ayırır. Bunun səbəbi aydındır. Çünki məhz bu ölkələr Avropa İttifaqı ilə assosiativ üzvlük haqqında saziş imzalayıblar. Belə çıxır ki, Vaşinqton Qərblə daha yaxın inteqrasiyaya gedən ölkələrə yardım göstərmək fikrindədir. Özü də bunu NATO-dan yan keçməklə edir. Demək lazımdır ki, bəzi Avropa dövlətləri Ukrayna, Gürcüstan və Moldovanın NATO-ya üzv qəbul edilmələrinə qarşı çıxırlar (bax: Георгий Двали. Göstərilən məqaləsi).

Gürcüstan prezidenti bu cür vəziyyətdən şikayət edib. O, "Acariya" telekanalında çıxışı zamanı deyib ki, "Gürcüstan NATO-dan real və təsirli addımlar gözləyir" (bax: "Грузия ожидает от НАТО реальных и действенных шагов" – президент / "Грузия Online", 19 iyul 2014). Georgi Marqvelaşvili bunun səbəbi olaraq Gürcüstanın regionda mühüm geosiyasi rol oynadığını və NATO ilə eyni dəyərləri paylaşdığını göstərib. Lakin təəssüf ki, NATO hələlik daha çox şüarlarla çıxış edir. Bu təşkilat Gürcüstanın hərbi müdafiə imkanlarının artması üçün ciddi işlər görmür.

G.Marqvelaşvilinin Ukrayna məsələsinə görə narahat olduğu aydındır. Rəsmi Tbilisi ehtiyat edir ki, Moskva onun ərazisinə də "yaşıl adamcıqları" göndərər. Yerli KİV-də artıq belə bir informasiya verilib. Lakin bu, rəsmi təsdiqini tapmayıb. Hər bir halda, Gürcüstan rəhbərliyi yaranmış vəziyyətdən narahatdır və Qərbin himayəsini arzulayır. Özlüyündə bu, xarici siyasətin qüsurlarından xəbər verir. Dövlət özünə qarşı təhlükəli vəziyyət yaradıbsa, deməli, hansısa məqamda səhvə yol verib.

Geosiyasi təhlükəsizlik: uğurlu model axtarışı

Maraqlıdır ki, ABŞ Konqresinin qərarını Gürcüstan sevinclə qarşılayıb. Əksər ekspertlər ölkənin təhlükəsizliyinin təmin edilməsində vacib addım atıldığını deyir. Məsələn, İrakli Kikiani hesab edir ki, ABŞ Gürcüstanın təhlükəsizliyinin təmini ilə bağlı vacib addım atıb. Hər bir halda, bu, Moskvaya "müəyyən siqnaldır". Hərbi şərhçi Georgi İnauri də eyni fikirdədir (bax: Грузия становится главным союзником США / "Грузия Online", 18 iyul 2014).

Bununla yanaşı, məsələyə ehtiyatlı yanaşanlar da vardır. Gürcüstanın keçmiş müdafiə nazirinin müavini Nodar Xarşiladzenin fikrinə görə, Konqresin nəzərdə tutduqlarını reallaşdırmaq üçün əlavə hüquqi mexanizmlər lazımdır (bax: Георгий Двали. Göstərilən məqaləsi). Hələlik isə yalnız ABŞ parlamentinin Prezident Administrasiyasına təklifi vardır.

Yuxarıda deyilənlər ABŞ Konqresinin qəbul etdiyi qərarın ciddi geosiyasi əks-sədasının olduğunu göstərir. Vaşinqton postsovet məkanı ölkələrinin bir neçəsinə əsaslı şəkildə dəstək göstərməyə hazırlaşır. Bu, həmçinin Cənubi Qafqazda vəziyyətin sürətlə dəyişə biləcəyinə işarədir. Konqresin mədəniyyət və təhsil sahəsinə ayrıca yer ayırması da təsadüfi deyil. Rusiya bu yaxınlarda "rus dünyası" formalaşdırmaq, rus dili və mədəniyyətini bütün dünyaya daha geniş yaymaqla bağlı proqram hazırlayıb. Bunu Rusiyanın Xarici İşlər Nazirliyi təklif edib. Gözlənilir ki, həmin proqram çərçivəsində müxtəlif ölkələrdə rus mədəniyyəti və dilini təbliğ edən mərkəzlər fəaliyyətə başlasın.

Amerikanın buna reaksiya verməsi prosesin ciddi olduğunu göstərir. Görünür, Qərb müstəqilliyini əldə etmiş ölkələrdə hərbi güc tətbiq etmək, silah satmaqla deyil, mədəniyyətlə güclənmək qənaətinə gəlib. Həmin aspektdə Cənubi Qafqazda da "yumşaq güclər"in mübarizəsinin yeni səviyyəyə qalxacağını gözləmək olar.

Digər tərəfdən, Ukrayna, Moldova və Gürcüstana hərbi yardımın genişləndirilməsi silahlı toqquşmaların meydana gəlməsi ehtimalını da artırır. Deyək ki, Gürcüstanın hərbi potensialının bir pillə də genişlənməsinə Ermənistan dərhal reaksiya verəcək. İrəvan Moskvadan yeni silahlar tələb etməklə regiondakı hərbi balansı pozacaq. Eyni zamanda, onun təxribatlara əl atması istisna edilmir. Silahlanma yolunun Cənubi Qafqazı xilas edə biləcəyinə inanmaq çətindir.

Problemin başqa aspekti geniş geosiyasi məkanda bir neçə müstəqil dövləti Rusiya ilə qarşı-qarşıya qoymaq təhlükəsinin meydana çıxması ilə əlaqəli ola bilər. Özlüyündə aydındır ki, Rusiya bu məkanda hərbi cəhətdən ən güclüdür. Onun maraqlarını qorumaq üçün ciddi mübarizə apardığı da məlumdur. Bu səbəbdən ABŞ-ın bir sıra dövlətə hərbi yardımı gücləndirməsi sonu bəlli olmayan proseslərə rəvac verə bilər.

Burada böyük dövlətlərin əsasən öz geosiyasi maraqlarını güddüyü aydındır. Söhbət faktiki olaraq savaş məkanını genişləndirməkdən gedir. Rusiya sərhədi boyu min kilometrlərlə ərazidə hərbi qüvvələrin qarşıdurması yarana bilər. Bunun təhlükələrini təsəvvür etmək çətin deyil. Həmin səbəbdən ukraynalıların, moldovanların və gürcülərin nəyə sevindikləri tam aydın olmur. İstənilən an bu üç ölkə qanlı hərbi toqquşmalarım meydanına çevrilə bilərlər. Ukraynada bu hal artıq mövcuddur. Moldovaya qarşı Moskvanın müəyyən tədbirlərə əl atdığı da məlumdur. Rəsmi Tbilisinin Kremldən qorxusu barədə siyasətçilər danışıblar. Belə çıxır ki, reallıqda Ukrayna ilə yanaşı, Moldova və Gürcüstanın da Rusiya ilə münasibətlərində böhranlı məqamlar mövcuddur və onlar aktiv fazaya keçə bilər.

Bunlar göstərir ki, ABŞ Konqresinin gəldiyi qərar postsovet məkanında vəziyyəti sabitləşdirmək əvəzinə kəskinləşdirə bilər. Böyük dövlətlərin nüfuz uğrunda savaşı yeni səviyyəyə yüksəlsə, Cənubi Qafqaz dövlətləri də ciddi problemlərlə üzləşə bilərlər. C.Fridman yuxarıda adı çəkilən məqaləsində yazır ki, "Moskva riskə gedəcək". Bunun nə demək olduğunu anlamaq lazımdır. Həmin kontekstdə düşünmək olar ki, Ukrayna, Moldova və Gürcüstan NATO-dan yan keçərək ABŞ-la müttəfiq olurlarsa, haradasa dövlətçiliklərinin taleyində riskə gedirlər. Risklərin dominantlıq etdiyi proseslərin sonunu proqnozlaşdırmaq isə çox çətindir.

Newtimes.az

 





25.07.2014    çap et  çap et