525.Az

"Sovetski" sakinləri kompensasiya ödənişi üçün minnətdardırlar"


 

"Sovetski" sakinləri kompensasiya ödənişi üçün minnətdardırlar"<b style="color:red"></b> “Bakı şəhərinin Yasamal rayonunda “Sovetski” adlanan ərazidə yenidənqurma işləri ilə əlaqədar sökülən evlərin sahiblərinə lazımi kompensasiyanın ödənilməsi barədə də xeyli minnətdarlıq məktubları alınıb. Söküntü ərəfəsində həqiqətə uyğun olmayan informasiyalar yayan bəzi mətbuat orqanlarına yerli sakinlərin məktubları ən yaxşı cavabdır”.

Lent.az-ın məlumatına görə, bunu  Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib.
 
S.İsmayılov qeyd edib ki, əhalinin sağlamlığının qorunması və onların keyfiyyətli tibbi xidmətlə təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. “Tibb sahəsində infrastrukturun yaxşılaşdırılması və yüksək səviyyəli tibbi personalın hazırlanması üçün son illər ərzində böyük işlər görülmüş, 500-dən çox tibb müəssisəsi tikilib və təmir edilib. Bu da vətəndaşlar tərəfindən razılıqla qarşılanır”.
 
 
Şöbə müdirinin sözlərinə görə, vətəndaşların müraciətlərinə artan diqqətdən danışarkən Azərbaycan  pezidentinin bilavasitə tapşırıq və tövsiyəsi ilə 2013-cü ilin aprel ayından başlayaraq respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının və digər qurumlarının rəhbərlərinin təsdiq olunmuş qrafik üzrə respublikanın bölgələrində keçirdikləri qəbulların rolunu qeyd etməmək olmaz.

”2013-cü ilin aprelindən dekabrınadək respublikanın 48 şəhər və rayonunda 24 mərkəzi icra hakimiyyəti orqanının rəhbərləri tərəfindən keçirilmiş qəbullarda 64 şəhər və rayondan 10 minə yaxın vətəndaş iştirak etmiş, onları maraqlandıran məsələlər barədə 9500-dən artıq müraciətə baxılıb. Qeyd etmək lazımdır ki, bu qəbullarda edilən müraciətlərin 81 faizi bilavasitə həmin qəbulları keçirən mərkəzi icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid olmuş və əsaslı hesab edilən müraciətlər həllini tapmış, digərlərinə isə əsaslandırılmış cavablar verilib.
 
2013-cü ildə vətəndaşların bu qəbullarda etdikləri müraciətlərin 32 faizi müsbət həll edilib, 32,5 faizinə müvafiq izahatlar verilib, bu müraciətlərin 6,4 faizində qaldırılan məsələlər əsassız hesab edilib.

Vətəndaşların daha çox müraciət etdikləri və qəbul edildikləri dövlət hakimiyyəti orqanlarından Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, İqtisadiyyat və Sənaye, Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirliklərini, həmçinin Respublika Baş Prokurorluğunu, Əmlak Məsələləri Dövlət Komitəsini, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsini, Dövlət Sosial Müdafiə Fondunu göstərmək olar. Baxılan müraciətlərin müsbət həlli Fövqəladə Hallar, Vergilər, Mədəniyyət və Turizm, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirliklərində daha çox olmuşdur. Təhlil göstərir ki, izahat verilən və əsassız sayılan müraciətlər 40 faizə yaxın olub.

Mərkəzi dövlət hakimiyyəti orqanlarının rəhbərləri ilə yanaşı, yerli icra hakimiyyəti başçıları da hər həftə rəhbərlik etdikləri rayonların kənd və qəsəbələrində səyyar qəbullar keçirir, hər bir kəndin və qəsəbənin vətəndaşlarının problemləri ilə yaxından maraqlanırlar. Əlbəttə, bu, vətəndaşların qayğı və istəklərinin, hər bir yaşayış məntəqəsinin problemlərinin daha yaxından öyrənilməsinə imkan verir. Lakin bizi narahat edən cəhət odur ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, o cümlədən yerli icra hakimiyyəti başçılarının keçirdikləri qəbulların və burada iştirak edənlərin sayı kifayət qədər yüksək olsa da, bilavasitə Prezident Administrasiyasının struktur bölmələri rəhbərlərinin qəbulunda olmaqla əlaqədar müraciətlər hələ də daxil olmaqdadır”.

PA rəsmisi onu da vurğulayıb ki, ümumiyyətlə, qəbulla əlaqədar müraciətlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 11,1 faiz azalsa da, 2014-cü ilin birinci yarısında qəbulla əlaqədar Prezident Administrasiyasına Lənkəran, Ağcabədi, Ağdam, Balakən, Bərdə, Biləsuvar, Binəqədi, Cəlilabad, İmişli, Qaradağ, Laçın, Sabunçu, Suraxanı, Yasamal şəhər və rayonlarından daha çox müraciət daxil olub.

”Bəzən qəbullarda əsassız tələblər də qoyulur. Əsassız tələblər qoyulan müraciətlərin olmaması üçün ilk növbədə, vətəndaşın müraciət etdiyi birinci instansiyada, yəni yerli bələdiyyə orqanından tutmuş, idarə, müəssisə, təşkilatlarda, şəhər, rayon icra hakimiyyətinə qədər olan bütün pillələrdə vətəndaşa tələbinin nə dərəcədə əsaslı olması barədə qaneedici izahat verilməlidir. Vətəndaşların müraciətlərinin mövzularına gəldikdə isə qeyd etməliyik ki, əvvəlki illərdə olduğu kimi, yenə də ünvanlı sosial yardımlar verilməsi, ümumiyyətlə sosial məsələlər, hüquq mühafizə orqanlarının, məhkəmələrin fəaliyyəti, mənzil, torpaq, şəhərsalma və tikinti, səhiyyə, enerji daşıyıcıları və su təchizatı, şəhər və rayon icra hakimiyyətləri və bələdiyyələrin fəaliyyəti, dövlət qulluğu və kadr, elm və təhsil, nəqliyyat, kənd təsərrüfatı və digər məsələlər üstünlük təşkil edib. Prezident Administrasiyasına daxil olan müraciətlər mütləq həmin gün qeydə alınır, 34 əsas, 135 alt mövzu üzrə sistemləşdirilərək 40-dan artıq parametr üzrə təhlil olunur. Xüsusilə vətəndaşların kollektiv müraciətləri nəzarət qaydasında araşdırılır, hər bir müraciətə vaxtında, obyektiv və əsaslı cavab verilməsi hər bir dövlət orqanından tələb olunur, bu məsələlər vaxtaşırı mərkəzi və yerli icra hakimiyyəti orqanlarında öyrənilir, bunun nəticələri barədə hazırlanmış arayış və icmallar tanış olmaq və icra edilmək üçün müvafiq dövlət qurumlarına, yerli icra hakimiyyəti orqanlarına göndərilir.

Son vaxtlar bu məsələlərə diqqət daha da artırılmış, bilavasitə vətəndaşların müraciətlərinə baxılması, həmçinin sənədlərlə işin təşkili vəziyyəti respublikanın Beyləqan, Lerik, İmişli, Biləsuvar və başqa rayonlarında müvafiq dövlət qurumları nümayəndələrinin iştirakı ilə araşdırılıb. Bu araşdırmalar nəticəsində müəyyən edilən qüsurlar və çatışmazlıqlar hərtərəfli təhlil edilib ümumiləşdirilərək müvafiq məlumatlar bütün şəhər və rayon icra hakimiyyətlərinə göndərilmiş, yol verilən nöqsanların aradan qaldırılması üçün lazımi tədbirlər görülməsi tapşırılıb.

Belə araşdırmaların bundan sonra mütəmadi aparılacağını nəzərə alaraq respublikanın digər şəhər və rayon icra hakimiyyətləri üçün də səciyyəvi olan bəzi nöqsanları qeyd etmək yerinə düşərdi. Adı çəkilən rayonlarda vətəndaşların müraciətlərinin yaranmasına səbəb olan amillər araşdırılarkən, ilk növbədə, vətəndaşlara onların tələbinin haqlı olub-olmaması, nəyə görə icra edilməməsi barədə vaxtında və əsaslandırılmış cavab verilmədiyini qeyd etmək lazımdır. Bəzi hallarda vətəndaşlara cavab verilməsi ümumiyyətlə unudulur. Göstərilən rayonların icra hakimiyyəti orqanlarının fəaliyyətində torpaqayırma, dövlət ehtiyacları üçün istifadə olunan torpaqlara görə ödənişlərin aparılmaması, dövlət meşə fondunda, həmçinin torpaq islahatı zamanı damazlıq və toxumçuluq təsərrüfatları üçün saxlanmış torpaqların digər məqsədlər üçün paylanması və istifadəsi, xüsusilə kənd təsərrüfatı təyinatlı pay torpaqlarında qum, çınqıl karxanaları, istirahət mərkəzləri və digər istehsalat obyektləri tikilməsinə icazə verilməsidir. Təəssüf ki, hələ də bəzi şəhər və rayon icra hakimiyyətlərinin başçıları torpaq qanunvericiliyinin tələblərinə əməl olunmasına lazımınca diqqət yetirmirlər”.
 
S.İsmayılov onu da vurğulayıb ki,  şəhər və rayon icra hakimiyyətlərində vətəndaşların müraciətlərinə baxılmasında kargüzarlıq qaydalarına əməl edilməsində də nöqsanlar nəzərə çarpır. “Çox vaxt yerli icra hakimiyyəti orqanlarının işçiləri, eləcə də onların yerli nümayəndələri, həmçinin mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarının rəhbərləri kargüzarlıq qaydalarını lazımınca öyrənmir, bu işi tənzimləyən normativ hüquqi aktların tələblərinə riayət etmirlər. Belə nöqsanların aradan qaldırılması üçün şəhər və rayon icra hakimiyyətlərində, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarında müraciətlərin müvafiq mövzular və növlər üzrə təhlillərinin aparılması, müraciətlərə nəzarət qaydasında, ayrı-ayrı hallarda bilavasitə yerində baxılması vacib məsələlərdən biridir. Bəzi mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri barədə verilən məlumatların dəqiq olmadığı, hətta yanlış məlumatların verildiyi üzə çıxır ki, bu da yolverilməzdir”.
 





25.07.2014    çap et  çap et