525.Az

Yenilik ABŞ azərbaycanlılarına təsir edirmi?


 

Yenilik ABŞ azərbaycanlılarına təsir edirmi?<b style="color:red"></b>

“ABŞ-da yaşayan azərbaycanlılar Azərbaycanda vətəndaşlıqla bağlı qanuna edilən dəyişiklikdən narahatdır. Onların bəziləri həm də ABŞ vətəndaşlığını alıb axı”.

Bunu “Media forum” saytına ABŞ-da yaşayan azərbaycanlı hüquqşünas İsmayil Şahtaxtinski deyib.

Vəkil, Amerika Birləşmiş Ştatları hüquq doktoru İsmayıl Şahtaxtinski “I.S. LawFirm, PLLC” hüquq firmasının təsisçisi və rəhbəridir.

Bu ilin mayında Milli Məclis “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əlavə və dəyişikliklər edib. İyun ayında prezident İlham Əliyev dəyişikliklərin tətbiqi haqqında fərman imzalayıb.

Əlavə və dəyişikliklərə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı müvafiq icra hakimiyyəti orqanına 1 ay müddətində bu barədə yazılı məlumat verməsə Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaq.

Qanunun yeni redaksiyasında, 10-cu maddədə göstərilir ki, Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.

10-cu maddənin ikinci hissəsinə görə xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə 1 ay müddətində bu barədə yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Qanunun 18-ci - “Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi” maddəsinin mətni də dəyişdirilib. Maddənin yeni mətninə əsasən, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir:

1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi;

2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi;

3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı;

4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi.

Qanunun 10-cu maddəsinin ikinci hissəsi və 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndi ilə müəyyən olunmuş müddəalar bu qanun qüvvəyə minənədək digər ölkənin vətəndaşlığını əldə etmiş şəxslərə - yəni bu hüquqi akt qüvvəyə minənə qədər xarici ölkə vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşlarına şamil olunmur.

İsmayıl Şahtaxtinski “Media forum”a deyib ki, qanuna dəyişiklik ediləndən sonra ABŞ-da yaşayan azərbaycanlılardan çoxlu müraciət alıblar: “Qanuna edilən dəyişikliyin ikili vətəndaşlığı olanlara potensial neqativ təsiri ola bilər. Amma iş bundadır ki, bu qanunun tətbiqi yolu hələ müəyyən olunmayıb və dünya təcrübəsi göstərir ki, belə qanunların real, həm də kütləvi tətbiqi çox müşkül bir məsələdir. Misal üçün, ABŞ o ölkələrlə ikili vətəndaşlığa nəzəri cəhətdən icazə verir ki, həmin ölkələr də ABŞ-la ikili vətəndaşlığı dəstəkləsin. Yəni əgər Azərbaycan ikili vətəndaşlığa icazə vermirsə, onda ABŞ da Azərbaycanla ikili vətəndaşlığa icazə vermir. Bu həmişə belə olub. Amma ABŞ reallıqda bunu tətbiq etmir, çünki Amerika öz vətəndaşlığını çox yüksək dəyərləndirir və ABŞ-ın vətəndaşlığını itirmək həddindən artıq çətin və böyük cəza sayılır. Hesab edilir ki, vətəndaşlığı sağa-sola verib-almaq, alıb-itirmək vətəndaşlığın dəyərini və əzizliyini azaldır. Ona görə də ABŞ vətəndaşlıqla belə oyunlar oynamır. O ki qaldı başqa ölkədən vətəndaşlıq aldığını gizlədən azərbaycanlının cinayət məsuliyyətinə cəlb olunmasına, deyim ki, Azərbaycanda hökuməti nə zaman istəsə, kimi desən cinayət məsuliyyətinə cəlb edir. Ona görə də nəzəri dəyişiklik olsa da, reallıqda bu, heç nəyi dəyişməyəcək”.

ABŞ qanunvericiliyinə görə, Amerikada yaşadığı-işlədiyi müddətdə əcnəbi vətəndaşların, deməli, həm də Azərbaycan vətəndaşlarının ailəsində doğulan uşaq Amerika vətəndaşı sayılır. Bəs həmin ailə Azərbaycana qayıdandan sonra o uşağın taleyi necə olacaq?

İsmayıl Şahtaxtinski “Media forum”un sualına belə cavab verib: “Bu, çıxılmaz vəziyyət  yaradır. Yenə də ABŞ vətəndaşı olanlar vətəndaşlığını itirmir. Onların Azərbaycanda talelərinin necə olacağı isə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna edilən əlavə və dəyişikliklərin tətbiqindən asılıdır. Uşaq ABŞ-da doğulduğuna görə avtomatik olaraq ABŞ vətəndaşı sayılır. Ancaq ona hər hansı vətəndaşlıq sənədi verilmir. Sadəcə, doğum şəhadətnaməsi onu göstərir ki, bu şəxs ABŞ-da doğulub, vəssalam. Amma bu artıq o deməkdir ki, bu şəxs həm də ABŞ-ın vətəndaşıdır. Uşağın valideyinlərinin ikisi də Azərbaycan vətəndaşı olduğuna gorə isə uşaq həm də Azərbaycanın vətəndaşı olur. Bu, ABŞ-ın vecinə deyil. Yəni ABŞ deyir ki, bu uşaq bizim vətəndaşdır və əgər başqa ölkələr də onu öz vətəndaşı saymaq istəyirsə, bu onların öz işidir, biz buna görə o uşağı ABŞ vətəndaşlığından məhrum etməyəcəyik, onun vətəndaşlığıın əlindən almayacağıq”.

İsmayıl Şahtaxtinski qeyd edib ki, ABŞ-da ikili vətəndaşlıq haqda qanun yoxdur: “Qanuna çevrilməmiş qayda var – ikili vətəndaşlıq qəbul olunur, amma yalnız ikili razılaşması olan ölkələrlə. Bütün bunlarsa nəzəri cəhətdəndir. Kimsə ABŞ-la qarşılıqlı razılığı olmayan ölkənin vətəndaşıdırsa, Amerika bu şəxsi hər hansı cinayət məsuliyyətinə cəlb etmir və ya vətəndaşlığını əlindən almır”.

 





24.07.2014    çap et  çap et